Çin əllərini yanına salıb dayanmır
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Yeni dünya düzəni anlayışının bilavasitə açıq şəkildə dilə gətirildiyi dövrə qədəm qoyulub. Öncələr bu haqda söyləntilər olsa da, bu barədə sadəcə fərziyyələr irəli sürülürdü. Trampın hakimiyyətə gəlməsi ilə bu anlayış real olaraq gündəmə oturdu. Bütün dünya yeni dövrə qədəm qoyduğunu başa düşdü və artıq dünyanın yenidən bölüşdürülməsi prosesinə start verildiyi anlaşılır. Dünyanın bölüşdürülməsi anlayışı nə qədər də antidemokratik, barbarca səslənsə də, əslində dünya elə həmişə belə bir yer olmuşdu. İkinci dünya müharibəsindən sonra yaranan dünya düzəni elə dünyanın bölüşdürülməsi idi və bu düzən Sovet İttifaqının dağılmasından sonra böyük ölçüdə Şərqi Avropa ölkələrinin, eləcə də Pribaltika ölkələrinin Avropa İttifaqı adı altında Qərbi Avropa ilə birləşməsi və ABŞ-la NATO çətiri altına keçməsi bu düzənə böyük ölçüdə dəyişiklik gətirmişdi. Bununla yanaşı Çinin də yüksəlişi başlamışdır. Çin dünyanın iqtisadi cəhətdən ən güclü ölkələrindən ikincisi olmağı belə bacarmışdı. Artan iqtisadi güc təbii olaraq özü ilə hərbi gücü də gətirmişdi. Çin elə bir gücə çevrilir ki, artıq ABŞ onu özünün bir nömrəli rəqibi yox, düşməni elan edir. ABŞ Çinin ətrafında Sakit Okean və Hind Okeanı hövzəsi ölkələri Yaponiya, Cənubi Koreya, Filippin, İndoneziya, hətta Hindistan, Avstraliya da daxil hərbi güc bloku yaradıb. Çin isə öz iqtisadi gücünü bütün dünyada yaymaq üçün nəqliyyat marşrutları çəkir, gəmi limanları icarəyə götürmək, ətraf Orta Asiya ölkələrində infrastruktur, eləcə də, Cənubi Qafqazda nəqliyyat dəhlizləri yaratmaq üçün istifadə edir. Çin nəqliyyat dəhlizləri Qərbi Avropanın ölkələrində, Trampın gəlişinə kimi Panama kanalının giriş-çıxışlarında belə limanlarda öz idarəçiliyi olan infrastruktura sahib idi.
Çin iqtisadiyyatı – bütün dünyadan sərmayə qoyuluşu cəlb edən özünəməxsus bir möcüzədir. Xarici kampaniyaların Çin iqtisadiyyatına sərmayəsi rekord sürətli templərlə artmaqdadır. Dünyanın Çin iqtisadiyyatına nəzərə çarpan və ardıcıl artan marağı son iyirmi beş ildə davam etməkdədir. XX əsrin 70-ci illərinin ortalarında bunu təsəvvür etmək belə mümkün deyildi. Hazırda isə bir çox əlamətlərə görə, bu ölkənin yaxın perspektivdə artan xətt üzrə inkişaf edəcəyi aydın görünür.
Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR –də ÜDM-un orta illik artım tempi 2010-cu ilə qədər 7,5%, 2020-ci ilə qədər 6,5%, 2030-cu ilə qədər 5,5%, 2040-cı ilə qədər 4,5% və 2050-ci ilə qədər 3,5% təşkil etməlidir.
Son illər ÇXR-də iqtisadi siyasətin işlənib hazırlanmasında ümumi tələbin dəyişməsinə daha çox diqqət ayrılır, bu da ölkənin sosial-iqtisadi inkişaf tendensiyalarının formalaşmasının əsas faktoru olmuşdur. Bu cür yanaşma nəticəsində ÜDM-in orta illik inkişaf tempi 1979-cu ildən 2005-ci ilə kimi müqayisəli qiymətlərdə ildə 9,5%, 2000–2005-ci illərdəki son beş ildə isə — 8,0% təşkil etmişdir, bu da dünya iqtisadiyyatınln orta illik inkişaf templərindən xeyli yüksəkdir – 3,8%.
Beləliklə, Birləşmiş Ştatların ÜDM-in indiki artım tempi – 3,24% saxlanarsa və Çində 2050-ci ilə qədər nəzərdə tutulan ÜDM-in artım templəri yerinə yetirilərsə, XXI əsrin ortalarına Çin ÜDM-in həcminə görə ABŞ ötmək iqtidarında olacaq.
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Çin və Azərbaycan strateji tərəfdaş kimi bir-birilərini öz planlarına daxil edirlər.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində 2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dolları təşkil edib. Habelə 2024-cü ilin yanvar-sentyabr aylarının rəsmi statistikasına əsasən, Azərbaycan ilə Çin arasında xarici birbaşa investisiya dövriyyəsi 85,9% artaraq 14 milyon ABŞ dolları səviyyəsinə çatıb. Çin investorları tərəfindən qeyd edilən dövrdə Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmi ötən ilə nəzərən 92,8% artaraq 11,4 milyon ABŞ dolları təşkil edib.
hər iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusu “Orta Dəhliz” layihəsi olub. Çinin “Bir Kəmər, Bir Yol Təşəbbüsünə” ilk qoşulan və dəstəkləyən Azərbaycan “Orta Dəhliz” layihəsinə dəstək verməklə yalnız regional tranzit imkanlarını gücləndirməyi planlamır, həmçinin müəssisələrin yaradılmasını hədəfləyir. Prezident İlham Əliyev müsahibəsində qeyd edilən məsələyə toxunaraq Azərbaycanda investisiya cəlbi üçün institusional şəratinin formalaşmasına diqqəti cəlb edib. Çünki Azərbaycan həm qərb, həm şərq müəssisələri üçün unikal coğrafiyada yerləşir. Bir sıra hallarda Çində ixrac məqsədli məhsulların istehsalına ehtiyac yoxdur. Həmin müəssisələr “Ələt Azad İqtisadi Zonası”sının ərazisində əsas kapitala sərmayə qoyaraq Çin mənşəli məhsulları qərb bazarlarına çıxara bilərlər. Habelə qərb müəssisələrinin istehsalını azad iqtisadi zonalarda quraraq Çin bazarlarına çıxış əldə etmək imkanları var.
“Transxəzər Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa), eləcə də Süveyş Kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Azərbaycan “Orta Dəhliz”in önəmini və cəlbediciliyini artırmaq məqsədilə ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib. Habelə Şərqi Zəngəzur iqtisadi rayonu vasitəsilə Naxçıvana birləşəcək Zəngəzur dəhlizi layihəsi “Orta Dəhliz”in imkanlarını daha da artıracaq.
2024-cü ildə 3,7 milyard ABŞ dolları ilə Çin Xalq Respublikası Rusiya Federasiyasını qabaqlayaraq Azərbaycanın əsas idxal tərəfdaşına çevrilib. Habelə Azərbaycan Çinə neft və neft məhsulları, kimya və plastik sənaye məhsulları, spirtli və spirtsiz içkilər ixrac edir. Beynəlxalq Ticarət Mərkəzinin hesablamalarına görə, Azərbaycanın Çin bazarına əlvan və qiymətli metallar, ərzaq sənayesi məhsulları göndərmək imkanları var.
Prezident İlham Əliyev ÇXR mətbuatına müsahibəsində qeyd edib ki, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Bu həm praktiki, həm də empirik olaraq sübut edilib. Çin xam neft və neft məhsulları istehlakı üzrə dünyanın lider ölkələri arasındadır. Eyni zamanda, Çin iqtisadiyyatında baş verən dəyişikliklər neft qiymətlərində öz əksini tapır.
Azərbaycan Çin bazalarında genişlənmək məqsədilə ticarət nümayəndiliyi və ticarət evləri açıb. Dünyanın ən böyük məhsul sərgiləri Çində keçirilir. Bu baxımdan, Azərbaycan Çin bazarlarına ixracı şaxələndirərək ticarət şərtlərini daha da yaxşılaşdıra bilər.
Amma Trampın Çinə qarşı tətbiq etdiyi 135 faizlik gömrük vergiləri ÇİN-ABŞ münasibətlərini qarşıdurma həddinə çatdırıb.
Çin də ABŞ-a qarşı eyni vergi faizini tətbiq etməklə ABŞ qarşısında dik durmağa çalışır. Heç bir danışığa getmir. Lakin ABŞ Çinin dünyada ən böyük bazarı olduğu üçün hazırda ABŞ sifarişçiləri üçün istehsal edilən mallar Çində yığılıb qalıb. Çin bu malları satmaq üçün bazarlar axtarsa da ABŞ bazarı kimi bazar tapa bilmir. Çin 2024-cü ildə Avropaya 515 milyard dollarlıq mal satıb. Amma əlavə 450 milyardlıq bazar tapmaq çətin məsələdir. Avropanın özündə də vəziyyət çətindir. ABŞ Çindən aldığının dörddə biri qədər Çinə mal satır. Odur ki, onun üçün vəziyyət Çindən rahatdır. Çinin Afrikaya mak ixracı artsa da, ümumi payda Afrikanın payı kiçik həcm təşkil edir. Regionun bir çox ölkəsində iqtisadiyyat zəifdir, əhalinin gəlirləri zəifdir və müasir infrastruktur çatışmır. Gələcəkdə vəziyyət yaxşılaşsa belə Afrika Çinin mal ixracında ABŞ-ın yerini tuta bilməyəcək. Heç bir digər bazar miqyasına görə ABŞ-la müqayisə edilə bilməz. Dünyada hər xərclənən üçüncü dollar ABŞ-ın cibindəndir. Avropa İttifaqında 450 milyon insan olsa da onların alıcılıq qabiliyyəti Amerikalılarla heç yan-yana gəlmir. Çində milyard yarım insan olsa da onlar ABŞ-dan beş dəfə az vəsait xərcləyirlər. Odur ki, Çinin asanlıqla özünə yeni bazarlar tapa biləcəyi fikirləri təhlükəli yanılmadır.
Təbii ki, Çin əllərini yanına salıb dayanmır. Çin özünün "Bir qurşaq bir yol" layihəsinə aktiv şəkildə Asiya, Afrika, Latın Amerikasında vəsait qoyur. Bunların nəticə alması üçün illər lazımdır. Göründüyü kimi Çində vəziyyət elə də ürək açan deyil. Çin hakimiyyəti bunu gizlətmək üçün müxtəlif tədbir görür. Daxili bazarı nəzarətdə saxlamaq üçün inzibati üsulları artırır. Daxili narazılıqların qarşısını almaq üçün sosial media nəzarətdə saxlanılır.
Azərbaycan dövləti ilə Çin arasında münasibətlərin səviyyəsini nəzərə alaraq iki ölkə arasında əlaqələrin indiki məqamda nisbətən gələcəyə yönəlik proqnoz edilən şəkildə yürüdülməsinin tərəfdarıyam. Məsələ ondadır ki, ABŞ-Çin qarşıdurması fonunda, həm də qarşıdurmanın gərgin anında Çinlə münasibətlərin daha da dərinləşdirilməsi siyasətini nisbətən ehtiyatla aparmaq daha doğru ola bilər deyə düşünürəm. Azərbaycan ilə ABŞ arasında indiki adminstrasiyanın münasibətlərinin konturları da qəti şəkildə müəyyən edilməmiş Çinlə münasibətlərdə intensivlik ABŞ-la münasibətlərə zərbə vura bilər. Bu baxımdan hesab edirəm ki, bir müddət gözləmə mövqeyi seçmək daha doğru siyasət olar. İki nəhəng ölkənin qarşıdurması zamanı ortalıqda görünməmək daha məsləhətlidir. Azərbaycanın coğrafi mövqeyi kimsələrə yaxınlaşmadan belə onları Azərbaycana yaxınlaşmağa məcbur edir. Nəhənglər öz aralarındakı məsələləri özləri həll etdikdən və vəziyyət aydınlaşdıqdan sonra Azərbaycanın onlarla əlaqələrdə aktivlik göstərməsi doğru ola bilər. Azərbaycan onsuz da Çinlə öz iqtisadi əlaqələrini əvvəlki kimi davam etdirir. Fikrimcə, hansısa bir hay-küylü addımlara indiki məqamda ehtiyac yoxdur.
Azər Qasımov
ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq


