Icma.az
close
up
RU
“Çingizi bir gün tək buraxdıq, şəhid oldu” Şakir Eminbəyli ilə MÜSAHİBƏ

“Çingizi bir gün tək buraxdıq, şəhid oldu” Şakir Eminbəyli ilə MÜSAHİBƏ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jurnalist Şakir Eminbəyli 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. O, Lent.az-a müsahibəsində jurnalistikadan ekoturizmə uzanan yolundan, xarici media ilə təcrübəsindən, Çingiz Mustafayevlə bağlı xatirələrindən və Qarabağda gördüyü ağır mənzərələrdən danışıb. Şakir Eminbəyli müsahibədə Vladimir Zelenski ilə tanışlığını, Vəndamda Jan-Klod Van Dammın heykəlinin yaradılmasını və jurnalistlər üçün nəzərdə tutulan mənzilini şəhid ailəsinə bağışlamaq qərarını da bölüşüb.

- Sizi jurnalist fəaliyyətinizlə tanımışıq. Bəs nəyə görə hazırda ekoturizmlə daha aktiv məşğulsunuz?

- Jurnalistika sahəsində işləmək üçün əvvəla, ciddi platformanın tərkibində olmaq lazımdır. Mən, artıq 2020-ci ildə Rusiya Dövlət Televiziyası ilə əməkdaşlığı bitirəndən sonra nə öz resurslarımdan istifadə edirəm, nə də kiminləsə əməkdaşlıq etmək fikrim var. Çünki illərlə çalışdığımız ən vacib iş - Qarabağ məsələsi həll olundu. O vaxta qədər hamılıqda bütün gücümüzü daha çox  Qarabağa yönəldirdik. Bu missiya 2020-ci ildə öz həllini tapdı. Mənim təcrübəmə, bilik və bacarığıma ehtiyac olarsa, həmişə hazıram. Növbədənkənar prezident seçkilərində həmin ehtiyac yaranmışdı. Mən də öz öhdəmə düşəni etdim, kanalları cəlb etdim. Baxmayaraq ki, Rusiya mediasından ayrılmışdım, ancaq şəxsi münasibətlərdən dolayı televiziya nümayəndələrini, eləcə də, digər ölkələrin bəzi mətbuat qurumlarını da seçkilərə dəvət etdik.

2023-cü ildə isə tamamilə mediadan uzaqlaşdım. Düşündüm ki, artıq mənlik iş yoxdur. Həmçinin 2019-cu ildən başlayaraq daha çox “Art” sahəsində rəssamlar və sənət adamları ilə layihələrdə işləyirik.

Ekoturizmə gəlincə, doqquz il əvvəl Bakıdan Qəbələyə köçmüşəm. Qəbələ Azərbaycanın sürətlə inkişaf edən turizm bölgələrindən biridir, mənə görə, birincisidir. Orada yaradılan infrastruktur, şərait tamamilə başqadır.

Məni bu işə bir dostum – Samir Babazadə (Dübəndi) sövq edib.

- Xarici media orqanlarında da çalışmısınız. Mütləq ki, medialar arasındakı fərqləri və bənzərlikləri müşahidə etmisiniz. Sizcə, Azərbaycan mediası ilə xarici media orqanları arasında hansı fərqlər var?

- İlk növbədə pul vəsaiti. Ən böyük fərq bundan ibarətdir. Gənc vaxtlarımızda “BBC“ni, “Reuters“i dünyanın ən demokratik, azad mətbuatı hesab edirdik. Lakin, onda belə, hiss edirdik ki, bu, heç də bu cür deyil. Nə qədər insan sadəlövh olmalıdır ki, düşünsün “BBC”nin gəlir mənbəyi haradandır? Gəlir yeri dövlətdən olsa belə, həmin qurum dövlətin siyasəti ilə oturub-durmağa məcburdur. Çünki rusların da dediyi kimi “Кто платит, тот и заказывает музыку”. Pulu kim ödəyirsə, musiqini də o sifariş edir.

Ona görə də bu suala dərhal fərqin yalnız maliyyə olduğunu söylədim.

Ümumiyyətlə, biznesin formulu bütün sahələri əhatə edir. Medianı digər biznes sahələrindən ayırmaq istəməzdim. Kimsə medianın biznes olmadığını düşünəndə, bu, mənə gülünc gəlir. Mediadan ayrılmağımın bəlkə də birinci səbəbi qazancla bağlı idi. Mən nə qazanacam? Vaxtımı sərf edirəmsə, bunun qarşılığında nə əldə edəcəm?

Bu, peşəkar yanaşmadır.

- Təbii ki, insan işə zamanını sərf edirsə, onun qarşılığını da almaq istəyir.

- Tamamilə doğrudur. Həmin müddət ərzində mən başqa sahədə çalışacaqdımsa, gəlir əldə edəcəkdimsə, uğur qazana bilirəmsə, nəyə görə həmin sahəyə getməyib, olduğum yerdə ilişib qalmalıyam?

Burada yaş da öz sözünü deyir. On beş-iyirmi il əvvəl bizim fikirlərimiz tamamilə başqa idi. İndi isə zaman qısalır. İnsan bilir ki, onun effektiv yaşayacaq bir gücü var. O gücün üzərində dayanmaq lazımdır.

- “ANS” telekanalında işləyən zaman Çingiz Mustafayevlə eyni komandanın daxilində idiniz. Xocalı faciəsini ictimaiyyətə çatdıranlardan biri siz olmusunuz. 34 il keçib, indi xatırlayanda ağlınıza ilk nə gəlir? Orada nələr görmüşdünüz?

- Biz Çingizlə bir çox yerdə olmuşuq. Çox təəssüf ki, Ağdamda Çingiz həlak oldu. Sözün həqiqi mənasında bir gün Çingizi tək buraxdıq, həmin gün də dünyasını dəyişdi.

Çingizlə birlikdə daha məşəqqətli və təsirli fəaliyyətimiz Laçında olub. Oradakı kadrlar, görüntülər hamının yaddaşında qaldı.

Mən həmin ağrı-acılı görüntüləri xatırlayanda psixoloji olaraq əziyyət çəkirəm. O illərdə çəkdiklərimin əksəriyyəti bizim məğlubiyyətimizi əks etdirirdi. Çalışıram ki, son zamanlar həmin anları yaddaşıma gətirməyim.

- Bəs kadrarxasında qalan nələrsə olub, bizim görmədiyimiz, amma sizin xatirinizdə qalan?

- Bəli. Çingiz epilepsiya xəstəsi idi. Onun tutmaları olurdu. Mən də o vaxt epilepsiyanın nə olduğunu bilmirdim, iyirmi-iyirmi iki yaşım olardı. Laçında biz ikimiz bir evdə qalırdıq. Gecə gördüm ki, Çingizin epilepsiyası tutub. Özümü itirdim. Onu uzandırdım. Əlimə keçən ilk şey darağım oldu, onunla Çingizin ağzını açdım ki, dili boğazına getməsin. Daha sonra maykasını cırıb, üzünə su çilədim ki, ayılsın. Epilepsiya xəstələri də oyandıqdan sonra nə baş verdiyini bilmirlər, bir an özlərini itirirlər. Mən Bakıya gələndən sonra Çingizin yoldaşından eşitdim ki, o epilepsiyadan əziyyət çəkirmiş.

- Qələbədən sonra Qarabağa gedəndə necə hiss edirdiniz?

- 44 günlük müharibədə mən oradaydım. Qələbədən sonrakı dövrdə də orada qaldım. Həmin vaxt bir təşəbbüsüm oldu, çox gözəl bir layihəni həyata keçirdik. Bunu bir tərəfdən Hikmət Hacıyev, bir yandan da Qurban Qurbanov dəstəklədi. “Qarabağ” Futbol Klubunun Ağdama getməsinin təşəbbüskarı mən olmuşam. Ən acınacaqlısı odur ki, orada Qurban Qurbanov iştirak edə bilmədi. Həmin vaxt test vermişdi, COVID olduğu məlum olmuşdu. Buna görə də, iştirak etmədi.

Biz komanda ilə Ağdama getdik. Orada mənzərə çox acınacaqlı idi. Özümüzü saxlaya bilmirdik, hamı hönkür-hönkür ağlayırdı, ələlxüsus da Qara Qarayev.

Mən Qarabağa gedəndə çalışıram ki, Ağdamdan keçməyim. Çünki Xocalıdakı bütün yaralıları, meyitləri Ağdamdakı məscidə aparmışdılar. O məscidin yanından keçəndə ağlıma, ancaq o xatirələr düşür.

- Karyeranızda nə zamansa sizə haqsızlıq edildiyini düşünmüsünüz?

- Hamımıza qarşı haqsızlıq olur. Lakin haqsızlıq adlanan məfhumun iki tərəfi var: Sənə haqsızlıq edən insan da düşünür ki, o, haqlıdır. Hər şey mənim gördüyüm qədər deyil, onun o biri tərəfi də var. Mən, ümumiyyətlə, özümə qarşı olan hərhansısa neqativ münasibəti çalışıram dərhal unudum. Çünki hər hadisənin altında bir səbəbi var.

Biz nəyisə istəyirik, onu bizə vermirlər, düşünürük ki, haqsızlıq etdilər. Bəs düşünürükmü, onu niyə bizə versinlər axı?

- Bəlkə həqiqətən də layiq idik.

- Məsələ budur ki, yəqin o, bizim nəzərimizdə elədir. Həyatı özümüz qəlizləşdiririk. Haqqımız tapdalanırsa, oradan uzaqlaşmaq və unutmaq lazımdır. Mənim üçün stəkan həmişə doludur.

- Sizə jurnalist kimi təqdim olunan mənzili şəhid anasına bağışlamaq qərarını necə verdiniz? Ailənizin, yaxınlarınızın reaksiyası necə oldu?

- Bizə deyilmişdi ki, jurnalistlər üçün tikilmiş üçüncü bina şəhid ailə üzvlərinə verilsin. Bunun üçün petisiya hazırlanmışdı və imzalanmalıydı. Mən görürdüm ki, həmin binadan mənzil gözləyən digər jurnalistlər də var. Onların gözləntiləri necə olacaq? Onların haqqı var desinlər ki, Şakir, sənin mənzilin var, biz isə ev gözləyirik. Sən imzalayırsan ki, həmin bina şəhid ailələrinə verilsin, bəs biz necə olacağıq?

O binadan gözləntisi olan şəxslər petisiyanı imzalayacaq insanları qınayırdılar. Mən imzanı da atdım, öz mənzilimi də sevə-sevə şəhid ailəsinə verdim. Bunu kiminsə yanında yaxşı görünmək üçün etmədim. Doğrusu bu idi. Həmin an əlimdən gələn o idi. Səbail İcra Hakimiyyətindən yeganə xahişim oldu ki, rayon ərazisindəki ən imkansız, evə ehtiyac duyan ailəyə verilsin bu ev. Sonunda həqiqətən də bu ailə tapıldı və ev onlara qismət oldu.

- Volodimir Zelenski ilə münasibətləriniz var. Hələ Prezident olmamışdan əvvəl Azərbaycana gələndə onunla görüşmüşdünüz. Bəs indi necə, əlaqələriniz var? Danışırsınız?

- Zelenski ilk dəfə Azərbaycana, hava limanına enəndə biz gecə ilə Qəbələyə getdik. O vaxt Zelenskini tanımırdım. Turizm sektorunda çalışan Rüfət adlı dostum var. Zelenskinin Azərbaycanda konsert verməsinə Rüfət təşəbbüs göstərirdi. Mən həmin dövrdə Qəbələdə “entertainment” məsələləri üzrə məsul şəxs idim.

Mənə zəng edib dedilər ki, Zelenski Qəbələyə gəlir. Maraqlısı budur ki, Zelenski soyadlı Rusiya Dövlət Televiziyasında çalışan tanınmış jurnalist var idi, onunla yaxın idik, qonağımız olmuşdu, yaxın dostuq. İndi o mənə özü niyə xəbər etmədən gəlir? Görüşəndə gördüm ki, bu Zelenski o Zelenski deyil (gülümsəyir).

Həmin dövrə qədər Volodimir Zelenskinin fəaliyyəti ilə tanışlığım yox idi.

Prezidentliyi dövründə də görüşümüz oldu. Prezidentliyi elan olunanda onunla eyni ərazidəydik. Zelenski Bakıya Prezident qismində gələndə, 2019-cu ildə Cənab Prezident İlham Əliyev məni də həmin şam yeməyinə dəvət etdi. Həmin dəvətdən öncə Hikmət Hacıyevdən xahiş etmişdim ki, olarmı həmin görüşdə mən də iştirak edim? O da bildirmişdi ki, heç bir problem yoxdur, mən, cənab Prezidentə məruzə edərəm.

Mən ondan sonra Hikmət müəllimdən xəbər gözləyirdim. Xəbər gəlmədiyi üçün Prezidentdən müsahibə alacağımız gün, artıq özünə deməyi düşünürdüm. Müsahibə bitəndə hazırlaşırdım ki, deyim. İlham Əliyev özü mənə dedi ki, “bilirsən, dostun gəlir Azərbaycana”. Sən demə, Hikmət müəllim Prezidentə deyibmiş.

Zelenskini dostum Rüfətin vasitəsilə tanıdığım üçün həmin yeməkdə onun da olmasını xahiş etdim. Dedilər ki, heç bir problem yoxdur.

Maraqlısı budur ki, həmin görüşdə çox az adam var idi. Şam yeməyi bitdikdən sonra, Prezidentlər durub gedəndə məni də dəvət etdilər, ayaqüstə söhbət etdik. Biz sizi Qəbələdə gözləyirik, dedim. Sonuncu dəfə Zelenskinin Qəbələdə olması da düşünürəm ki, təsadüfi deyildi.

2020-ci ildə Davosda görüşdük. Mən də o zaman Ukrayna nümayəndə heyətinin arxa sırasında oturmuşdum. Zelenski çıxışından sonra dəhlizdən keçirdi. Onda görüşdük, qucaqlaşdıq.

Mənə görə Zelenski çox sadə və doğru-dürüst insandır.

- Qəbələnin Vəndam qəsəbəsində Van Dammın heykəli var. Heykəlin qoyulduğu ərazinin də sizə məxsus olduğu söylənilir. Necə oldu bu heykəl yaradıldı? Qəsəbənin adına görəmi, yoxsa, necə? Van Dammın özü ilə əlaqələriniz var?

- Vəndam qəsəbəsinin adına görə Van Dammın heykəlini yaratdıq. Bu amil həm də turizm üçün böyük üstünlük idi. O vaxt bunu layihə formasında Tale Heydərova təqdim edəndə o, bunu dəstəklədi.

Vəndamdan keçəndə adamın ilk ağlına Van Damm gəlir. Jan Klod Van Dammın Azərbaycanda çox sayda pərəstişkarı var. İlk fikir bu idi ki, bəs Van Damm özü buna necə reaksiya verəcək? Mən də düşündüm ki, burada neqativ reaksiya verilməli hadisə yoxdur. Mən özüm də idmançı olmuşam, aktyorları sevirəm, sənət adamıyam. Öz torpağımda sevdiyim aktyora abidə qoymağımın nəyi pis olsun ki? Reaksiyası pis olsa belə, o, məni məhkəməyə verər. Bu da istənilən halda piar nöqteyi-nəzərindən çox gözəl addım olar.

Dəstəklər nəticəsində bu işə başladım. Abidənin memarı Azad Əliyevdir. Heykəl qoyulandan sonra aləm bir-birinə dəydi. Hətta Van Dammın özü də iki gün sonra öz “Instagram” səhifəsində təşəkkürünü bildirdi. Bir çox tanınmış agentliklər bu hadisəni işıqlandırdılar.

Van Dammın oğlu da azərbaycanlı xanımla ailə qurdu. Onlar bizim qonağımız oldular. Mən onlara Van Dammın heykəlinin kiçik formasını – suvenir hədiyyə etdim.

Van Dammın özüylə yox, oğlu ilə ailəvi münasibətimiz var. Bildiyim qədərilə onlara da xoş oldu bu heykəl.

- Şakir bəy, bu gün media sahəsinə yeni gələn gənclərin hansı səhvi sizi daha çox narahat edir? Həmçinin, son zamanlar jurnalistlərin şiddətə məruz qalması faktı da var. Nəyə görə artıq “jurnalist” sözü bəzi insanlarda qıcıq doğurur? Bəlkə bu, özümüzlə bağlı məsələdir?

- Məncə, bu, özümüzlə bağlı məsələdir. Əvvəla səhvsiz insan olmur. Gənc yaşlarında insan səhv etməlidir. Ümumiyyətlə, kim deyə bilər ki, təcrübəli insan səhvə yol vermir? Həyatda üzləşmədiyimiz hadisələrlə, situasiyalarla anidən qarşılaşa bilərik. Ona görə də həmişə səhv etmək imkanımız var.

Adi sıravi jurnalistdən nə isə gözləmək utopik haldır. Jurnalistin materialı redaktorun, baş redaktorun əlindən keçir. Əslində, jurnalistin yazısında səhv olmamalıdır. Jurnalist həmişə mövqeyini ortaya qoyur. Onu bəyənməyən yüzlərlə-minlərlə insan var. Sən öz mövqeyində haqlısansa, doğru yolu gedirsənsə,  onda insanların nə düşündüyü önəmli deyil.

Mənə görə dünyanın heç bir yerində azad fikir anlayışı yoxdur. Azad fikri, sənin azadlığının nə qədər olduğunu üzərində duran şəxs müəyyən edir. Heç evdə valideynə qarşı da bütün azad fikirlərini söyləyə bilmirsən. Bundan əlavə, azad fikri söyləmək nə dərəcədə düzgündür? Sağalmaz bir xəstəliyi olan şəxsə həkimin birbaşa bunu söyləməsi doğru olar, sizcə?

- Son bir sualım var sizə. Çingizin məzarını ziyarətə gedirsiniz?

- Mən Çingizin məzarını heç vaxt onun doğum və anım günündə ziyarət etməmişəm. İlin 365 günü var. Ziyarət üçün xüsusi gün axtarmıram. Mən Bayılda yaşayıram, şəhəri piyada gəzməyi çox sevirəm. Şəhidlər Xiyabanından yolun keçəndə bütün dostlarımızı – Çingizi, Alberti və digərlərini ziyarət edirəm. Ancaq xüsusi günlərdə kütlə içində olmaq, özünü kimlərəsə göstərmək – bunu sevmirəm. Mən, belə adam deyiləm.

İçimdən gələndə, xüsusi gün olmayanda gedib ziyarət edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri