Hələ çox şəhid ailəsinin qapısını döymək lazımdır MÜSAHİBƏ
2016-cı ilin "Aprel döyüşləri"ndə qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Modern.az-la həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:
- Sevinc xanım, belə bir QHT yaratmaq fikri, istəyi necə yarandı?
- Təşkilatın yaranması ideyası Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş qəhrəman "Aprel şəhidləri"nin şəhadətə ucalmasında sonra ağlımıza gəldi. O acıları yaşamış ailələr olaraq düşündük ki, Azərbaycanın qəhrəman oğullarının işığı ətrafında toplaşmalıyıq. Özləri fiziki olaraq aramızda olmasa da, hamısı eyni yerdə Lələtəpə və Talış istiqamətindəki döyüşlərində şəhid olmuşdular. Onların hamısı sağlığında bir-birlərini tanıyırdılar və son döyüşə qədər də birlikdə olmuşdular. Biz də öz növbəmizdə o birliyi qorumağa çalışırıq.
Eyni zamanda dünyaya bir mesaj vermək istədik ki, biz neçə illərdir məğlubiyyət sindiromunda yaşayan xalq deyilik. Biz şəhidliyin anlamını ucalığa daşımaq istədik. Bizə yazıq kimi baxılmasının tərəfdarı deyildik. Çünki biz qəhrəman komandirlərin ailələri idik.
Raqufla eyni məkanda şəhidlik zirvəsinə ucalmış polkovnik Vüqar Yusifovun xanımı Lalə Əliyeva ilə ilk dəfə qərarlaşdırdıq ki, öz təşkilatımızı təsis edək. Çox düşündük adını nə qoyaq, hətta qeydiyyat zamanı da bu barədə çox müzakirələr getdi. Sonda müəyyənləşdirdik ki, adı “Zəfər” olsun, çünki hələ torpaqlarımızın sadəcə 2 faizi işğaldan azad edilmişdi və biz gələcək zəfərin müjdəsini veriridik. Azərbaycan xalqı artıq o zəfəri hiss etmişdi. "Aprel şəhidləri" zəfərin ilk anını bizə yaşatmışdılar. Məhz o döyüşlər nəticəsində Ordumuz 25 ildən sonra bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı ərazi bütövlüyünün bərpası uğrunda hər an mübarizəyə hazırdır və yeri gələrsə canından da keçər.
O zaman hər bir qəhrəmanımızı xalq alqışlarla dəfn edirdi, hamı sevinirdi ki, torpaq uğrunda mübarizə başlayıb. Buna görə də adını elə "Zəfər" qoyduq. Çox adam narazılıq da edirdi ki, hələ də torpaqlarımızın bir hissəsi işğal altındadır. Mən də deyirdim ki, Pəncəli, Murad Mirzəyev, Şahin, Raquf Orucov kimi oğullar qruban verən xalq məğlub olmayacaq. Onların başladığı bu yolu digər döyüş dostları Şuşaya, Xankəndiyə kimi daşıyacaqlar.
Zamanla da Azərbaycan Ordusu bizi yanıltmadı. Fəaliyyətə başladığımız ilk dövürdən ən böyük məqsədimiz o idi ki, qəhrəmanlarımızın əmanətəri ilə birlikdə şəhidliyin anlamını tanıdaq, Azərbaycanın, vətənin böyüklüyünü və müqəddəsliyini təbliğ edək. İllərdir biz qəhrəmanları bədii əsərlərdən oxumuşuq, amma biz real, müasir dövrün, müstəqil Azərbaycanın qəhrəmanlarını tanıtmalı idik. Bu məqsədlə gənclər arasında dayanmadan silsilə tədbirlər təçkil etdik. “Mən Azərbaycanam”, “Qəhrəmanlar unudulmur” kimi tədbirlər davamlı olaraq universitetlərdə, gənclərin olduğu hər yerdə vətənpərvərliyi, mənəvi ruhu təbliğ etməyə çalışdı. Vətən müharibəsinin elə şəhidləri var ki, mən onları əvvəldən tanıyırdım, onlar bu təşkilatda könüllü kimi fəaliyyət göstərirdilər. Raquf Orucov şəhid olanda bizim həyətdə səhərə qədər növbə çəkmişdilər. Düşündük ki, Azərbaycan qadınları olaraq biz də birləşək, vətənimizə xidmət etməklə yanaşı, qəhrəmanlarımızın ruhuna ehtiramı bu cür bildirək. Çalışdıq ki, vətən üçün nəsə edək.
- Aktiv fəaliyyətlə məşğul olursunuz, biz davamlı olaraq sizi həm Bakıda, həm də Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrinin yanında görürük. I və II Qarabağ müharibəsində ümumilikdə 15 mindən çox şəhidimiz var. Onların hər birinin ailəsinə çatmaq sizin üçün çətin deyilmi?
- Elə bir el-oba yoxdur ki, orada şəhid olmasın. Mən çalışıram ki, daha çox bölgələrdə olum və həmin ailələrlə bacardığım qədər şəxsən görüşüm. Tanımadığım insanları tanıyım, elə olub ki, mən özümdən xəcalət çəkmişəm ki, niyə indiyədək bu ailənin qapısını döyməmişəm, onların problemlərini bilməmişəm... Elə ailələr var ki, həqiqətən səssizdir, problemlərini dilə gətirməyi bacarmır, amma ən çox onun yardıma ehtiyacı var. Belə ailələri tapıb onların yanında olmağa çalışırıq. Bizimlə yanaşı, həm I Qarabağ müharibəsi, həm də Vətən müharibəsi, antitrerror döyüşləri ilə bağlı bir çox ictimai təşkilat, bu sahədə çalışan qurumlar var. Onlar da bacardığını etməyə çalışırlar. Mənim üçün isə ən böyük ziyarət, tanışlıq qəhrəmanlarımızın ailələri ilə olan tanışlıqdır. Bu yaxınlarda hətta biz Naxçıvana da getdik. Naxçıvanda da imkanlarımız daxilində bir çox ailəni ziyarət etməyə çalışdıq, amma düşünürəm ki hələ çox qapıya getmək lazımdır. O ailələrlə, yaxınlarla görüşmək lazımdır.
- Bölgələrdə yaşayan şəhid ailələrinin qarşılaşdığı ən böyük problemlər nələrdir?
- Bir çox səbəbdən insanlar Bakıda yaşamağa üstünlük verirlər. Əsasən də təhsilin inkişafı, övladlarının daha çox bacarıqlara yiyələnməsi üçün Bakı, Sumqayıt, eyni zamanda Gəncəyə üz tutan insanlar var. Amma bu belə olmalı deyil. Hər kəs böyüdüyü, doğulduğu yerə də bağlı olmalıdır. Orada da şərait nə qədər yaxşı olsa, insanlar daha çox həmin ərazilərdə məskunlaşar. Bu gün yerlərdə ən böyük problem şəhid ailələri üçün evlərinin tikintisi ilə bağlıdır. Hazırda bu proses Bakı və ətraf ərazilərdə artan sürətlə davam edir, lakin bölgələrə getdikdə Vətən müharibəsindən 5 il keçməyinə baxmayaraq, növbə gözləyən, evinin tikintisi üçün növbəyə duran ailələr çoxdur. Məsələn, bu yaxınlarda əslən Gədəbəydən olan, övladı da elə orada dəfn olunan, amma özü Şəmkirdə yaşayan ananın evi qəfildən yandı, hər şey alışdı, hətta övladı ilə bağlı bütün xatirələri kül oldu. Ana 1 aya yaxındır o qədər əziyyət çəkir ki, kirayələrdə yaşayır. Biz də öz növbəmizdə çalışırıq ki, həmin ananın səsini müvafiq yerlərə çatdıraq, ona dəstək göstərək. Xanıma Gədəbəydən torpaq sahəsi verilib və orada tikinti işləri aparılmalıdır. Lakin proses ləngiyir.
- Müşahidələr onu deməyə əsas verir ki, şəhid ailələrinin problemlərinin bu qədər uzanmasının əsas səbəblərindən biri icra başçılarının və deputatların həmin ailələrə qarşı olan etinasızlığıdır. Siz necə düşünürsünüz, bu şəxslərin şəhid ailələrəinə qarşı soyuq davranışı nədən qaynaqlanır?
- Davamlı olaraq bu sahədə işləyirəm, vətəndaş cəmiyyətini təmsil edirəm və eyni zamanda da o ailələrdən biriyəm. Bunlarla yanaşı, mən həm də hüquqşünas və vəkiləm. Həmişə hadisələrə bu aspektlərdən yanaşıram. Deməzdim ki, bütün icra başçıları belədir. Əvvəlki illərə baxanda bölgələrimizdə çox böyük irəlləyişlər var. Bu, bizi də sevindiri. Hətta elə olur ki, bəzi bölgələrdən problemlər yaranır və mən əminliklə deyirəm ki, həmin problem tezliklə həll olunacaq, çünki oranın icra başçısı vicdanla iş görür, şəhid ailələri üçün canı yanır. Məmurun da birinci növbədə vicdanı olmalıdır. Sonra savadı, biliyi gəlir. Vicdan və ədalət varsa, qalan hər şey öz yerini tapacaq. Əks halda, istər Harvard, istər Oksford universitetini bitirsin, onun bizə heç bir aidiyyatı yoxdur. O bizdən deyil. Missiyasını yerinə yetirə bilməyəcək, nə xalqa qulluq edəcək, nə də dövlətə. Elə insanların özündən başqa heç kimə faydası yoxdur. Bu gün problemli icra başçıları da var. Vaxtında şəhid ailəsinə diqqət və sayğı göstərməyənlər çoxdur. Müharibədən sonra hər bir icra hakimiyyətində şəhid ailələri ilə iş şöbələri yaradıldı və orada bizlərdən birinin – qazi, şəhid ailəsinin üzvünün təyin olunması qərarı verildi. Mən hər dəfə onlarla görüşəndə deyirəm ki, nə edirsiniz edin, amma məmur kimi davranmayın, əgər siz o ailələrlə məmur kimi davranacaq, onlardan biri olacaqsınızsa, heç nə vaxtında həll olunmayacaq. Bu gün gərək hamı özünü bir şəhid ailəsinin, qazinin yerinə qoysun. Hərdən onlar səbirsiz olur, problemini anlaya bilmir. Amma biz yenə də onları anlamalıyıq, çünki onlar ən əzizini itirib. Hamımızın onlara mənəvi borcu var. Artıq dünya başqa dünyadır. Vətəndaş - məmur arasında uçurum olmamalıdır, əksinə, nə qədər yaxınlaşacaqsan o qədər uğur qazanacaqsan.
- İndi elə bir ailə yoxdur ki, onun yaxını şəhid olmasın. Şəhidlərimizin yadigarları – övladları ilə maraqlanan biri kimi onlarla bağlı planlaşdırdığınız gələcək layihələr haqqında öyrənmək istərdik.
- Hamı üçün əzizini itirmək çətindir. Anaya bir cür çətindir - övladını itirir torpağa verir, həyat yoldaşına daha çətindir, çünki həyatının yarısını itirir, ömrünün gənc çağında həyatına tək davam etməli olur. Amma ən çətini övladlar üçündür. Övlad bir daha “Ata” deyə bilməyəcəyi birini itirir. Valideyn ata və anadan ibarətdir. Körpə yaşından onun birini itirmək çox çətindir, hətta eləsi var ki, heç atasının üzünü görmək ona qismət olmur.
Ölkəmizdə 3000-ə yaxın şəhid övladı var. Gəlin görək Azərbaycan cəmiyyəti olaraq – hər təbəqədən olan insanlar, hər şirkətlər, qurumlar hazırdırmı o əmanətlərə sahib çıxmağa, onların arxasında durmağa? Çünki onların ataları öz şəxsi məqsədləri, hansısa bədbəxt hadisə səbəbi ilə həlak olmayıblar. Onların ataları vətən çağıranda düşünməyiblər ki, arxalarında 1, 5 uşaq var. Hətta evində xəstə uşağını qoyub gediblər müharibəyə. Bu gün sağalmaz xəstəliklə mübarizə aparan şəhid xanımları var. Amma onların ərləri müharibəyə düşünmədən gediblər, çünki vətən çağırırdı. Dünyada yaşayan bütün azərbaycanlıların vəfa borcudur ki, şəhid övladlarına sahib çıxsın.
II Qarabağ müharibəsinin bitməsindən 5 ilə yaxın vaxt keçir, antitrror əməliyyatından isə 2 il. Biz düşünməliyik ki, hələ uzaq zaman deyil, amma onlara münasibət bu qədər səngiməli deyil, laqeyidləşməli deyilik. Nəyisə edənədə də reklam xətrinə etməməliyik. “Tez gedim şəhid ailəsi ilə görüşüm, bunu çəkim, reklam edim ki, bu işləri görmüşəm” deməməliyik. Ən böyük dəstək şəhid övladlarının təhsilləri ilə bağlı dəstəkdir. Onlara doğru təhsil almağı, düzgün hədəflər seçməyi, gələcəkdə öz ayaqları üzərində durmağı biz öyrətməliyik. Çünki təhsilin aça bilməyəcəyi heç bir qapı yoxdur.
Biz təşkilat olaraq artıq 4 ilə yaxındır ki, həm Türkiyənin dövlət, həm də Azərbaycanın özəl və dövlət universitetlərində təhsil alan hər bir şəhid övladına “Azərlotereya” ASC-nin dəstəyi ilə təqaüd təsis etmişik və nəinki təqaüd proqramı, eyni zamanda onların universitet həyatında inkişafı üçün karyera planlamasından tutmuş, İT təlimlərinə qədər bir çox sahəyə ödənişsiz cəlb etməyə çalışırıq, düşərgələr təşkil edirik. Çünki Qanunvericilkdə belə bir yanaşma var ki, şəhid övladının 23 yaşı varsa, ona atasının ölümü üçün verilən pensiya hüququ dayandırılır və bu o deməkdir ki, bu yaşdan sonra şəhid övladı özü öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Bunu necə edə bilər? İlk növbədə doğru təhsillə. Hansı ki, biz onu planlı şəkildə edirik.
Övladımızı doğru təhsili vermişiksə, artıq o həmin pensiya müqabilində işlə təmin olunmalıdır. Daha Məşğulluq xidmətinin təklif etdiyi ictimai əsasla olan iş xidməti müqabili əsasında yox. 400 manatla o ailə dolandıra bilməz. Elə bir işlə təmin olunmalıdır ki, onlar ailə qursunlar, öz ayaqları üzərində durmağı bacarsınlar. Biz buna hədəflənməliyik. Bu gün artıq təqaüd proqramından 150-ə yaxın şəhid övladı yararlanıb və davam edir. Düşünək ki, həmin şəhid övladlarının sayı artacaq. Müharibə başlayanda kiçik övladlarımızın sayı daha çox idi, amma getdikcə böyüyürlər. Bu il biz məzun siyahımıza baxırıq ki, tələbə adını qazanmaq istəyən şəhid övladlarımızın sayı çoxdur və təbii ki, işə düzəlmək istəyən şəhid övladlarının da sayı artacaq.
Biz təşkilat olaraq Nazirlər Kabinetinə də müraciətimizi etmişik. Azərbaycanda dövlət və özəl şirkətlərə, qurumlara tapşırılsın ki, ali təhsil alan şəhid övladları əvvəlcə prestijli dövlət və özəl şirkətlərdə təcrübə keçsin, daha sonra isə davamlı işlə təmin olunmasına dəstək verilsin. Biz qonşu Türkiyə respublikasından çox nümunələr gətiririk və təşkilat olaraq da davamlı olaraq burada layihələr icra edirik. Tələbə şəhid övladlarımız üçün həm Türkiyədə, həm də Şimali Kipr Türk Cümhuriyyətinin böyük universitetlərlə təcrübə mübadiləsi – yay məktəbləri təşkil edirik. Türkiyə ilə davamlı əməkdaşlıqla yanaşı, onların təcrübələri ilə də yararlanırıq. Orada “Ordu evləri” var ki, Türkiyənin hər yerində həm əsgər, zabit, həm də şəhid ailələrini, qaziləri birləşdirən məkanlardır. Tətillərdə həmin yerlərə gedir, istirahət edirlər. Çox maraqlı tendensiyadır. Biz isə hər yay gələndə düşünürük ki, düşərgələrimizi harada edək. Hər bir şəhidin bir övladı üçün dövlət qulluğunu imtahansız təyin edirlər. Bu, ailəyə böyük dəstəkdir, nəinki bizim ona verəcəyimiz ianə, yardım və sair. Şəhid övladları özlərinə güvənlə böyüməlidir. Hər birimiz bunu gözəl anlayırıq. Hər iş uğurlu başlanğıcın əsasıdır.
Hazırda bu məsələ ilə bağlı problemimiz var. Şəhid əmanətlərinin təhsilinə uyğun prestijli yerlərdə iş tapması üçün artıq müraciətlərimizi də etmişik və inanırıq ki, məsələ həll olunacaq. Biz istəyirik ki, artıq 23 yaşındakı həmin şəhid əmanətləri inamla gələcəyə baxsınlar.