Dastanın yaranma yolu Elxan Məmmədlinin əziz xatirəsinə
Icma.az bildirir, 525.az portalına istinadən.
Muxtar KAZIMOĞLU
2006-cı ildə əziz dostumuz, tanınmış folklorşünas Elxan Məmmədlinin 60 illiyi münasibətilə ayrıca kitab çap olunub. Məqalələr və xatirələrdən ibarət olan o kitabda mənim də yazım var. Vəfatından sonra - Elxan Məmmədli barədə söz deməyə daxili ehtiyac duyulduğu bir vaxtda həmin kitabdakı yazımdan bir parçanı xatırlatmağı və söhbəti o parça üzərində qurmağı vacib sayıram. Təzədən yada salıb diqqətə çatdırmaq istədiyim parça Elxan Məmmədlinin ustad folklorşünas kimi toplayıcılıq fəaliyyəti ilə bağlıdır:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunda işlədiyimiz vaxt - 1986-cı ilin yayında Elxan Məmmədli ilə bir yerdə Göyçəyə folklor nümunələri toplamağa getdik. Elxan Məmmədlinin aşıq yaradıcılığına, müasir aşıq mühitinə çox yaxşı bələd olması mənə qabaqcadan bəlli idi. Bilirdim ki, Elxan Məmmədli radio və televiziyada aşıq sənəti ilə bağlı çıxışlar edir, aşıq yaradıcılığından söhbət gedən mötəbər məclislərə dəvət olunur, Ədəbiyyat İnstitutunda aşıq ədəbiyyatına dair mübahisələrə aydınlıq gətirmək lazım gələndə Elxan Məmmədlinin fikri nəzərə alınır. Onu da bilirdim ki, aşıq ədəbiyyatına aid neçə-neçə elmi yazının müəllifi olan bu adam biz yoldaşlarından fərqli olaraq, elmlər namizədi (fəlsəfə doktoru) olmağa o qədər də həvəs göstərmir. Bu barədə yoldaşlar arasında söz düşəndə mən zarafatla deyirdim: "Savadsız namizədlərin günü-gündən artmağı müdafiə məsələsini Elxanın gözündən salıb". Zarafat zarafat yerində, amma namizədlik məsələsinə Elxan Məmmədlinin adi bir şey kimi baxmağında, bəlkə dünya yola salmış aşıq şeirinin özündən gələn bir fəlsəfə vardı. Hadisələrə yumorla yanaşmağı bacaran Elxan Məmmədli hər xırda şeyi özünə dərd eləmək istəmir, hər xırda uğurla qürrələnməyi uşaq işi sayırdı.
Göyçə səfəri ərəfəsində Elxan Məmmədli barədə təsəvvürüm belə idi və bu təsəvvür səfər müddətində daha da dolğunlaşdı və mən qardaşımla yol yoldaşı olub onu bir az da yaxından tanıdım. Məsələn, bir daha inandım ki, Elxan Məmmədli aşıq aləminə, doğrudan da, çox yaxşı bələddir və bu aləmdə o, özünü çox sərbəst, lap dəryada balıq kimi hiss edir. Bir daha inandım ki, aşıq sənətinə yaxşı bələd olmaqdan əlavə, həm də aşıq "tayfa"sının xasiyyətini yaxşı bilən Elxan Məmmədli kimliyindən asılı olmayaraq, ayrı-ayrı aşıqlarla asanca dil tapa bilir. Aşıqlarla dil tapmağın o qədər də asan olmadığını mən öz təcrübəmdə görmüşdüm: o səfərdən bir-iki il qabaq Gədəbəydə Şair Vəlidən qoşma-gəraylı yazıya almaq uzun xahiş-minnətdən, aşığın oğlu işə qarışandan sonra mümkün olmuşdu.
Göyçədə Elxan Məmmədlinin sayəsində xüsusi mehribanlıqla qarşılandığımız ilk ev Aşıq Ələsgər ocağı oldu. Böyük sənətkarın nəvəsi - Göyçə didərgin düşəndən sonra Folklor İnstitutunda bizim iş yoldaşımız olacaq İslam Ələsgər qardaşı Haqverdi müəllimi və Növrəs İmanın bacısı oğlu İsmixan müəllimi də evinə dəvət elədi və mən aşıq sənətinin bu xiridarları ilə Elxan Məmmədlinin professional söhbətindən sadəcə olaraq ləzzət aldım.
Göyçə səfərində Elxan Məmmədli ilə aşıqlar, yaxud bu sənətə bağlı olan başqa adamlar arasında məhrəmanə münasibət təkcə professionallıq hesabına yaranmırdı. Bu məhrəmanə münasibətin bir səbəbi də Elxan Məmmədlinin istiqanlılığı idi. İstiqanlılıq olmasaydı, ortada səmimi münasibət əmələ gəlməsəydi, Göyçənin İnəkdağı kəndində yarıbükülü şikəst barmaqlarını pərdələr üstdə ağır-ağır gəzdirib böyük bir şövqlə bizə saz çalıb-oxuyan Aşıq Qənbər söhbət zamanı övladlarının xasiyyəti barədə danışmağı artıq bilərdi, yersiz sayardı. Elxan Məmmədlinin dərdə aşina bir adam olmasına əmin olmasaydı, Aşıq Fəzail öz oğlunun ağır xəstələnməsini bütün təfsilatilə bizə danışmaz, başına gələn bu müsibəti "çıraq kimi alışıb yanan" təzə "Niva" alıb bədnəzərə gəlməsi ilə əlaqələndirməyi sadəlövhlük sayardı".
Niyə mən Elxan Məmmədli haqda söhbətə əziz dostumuzun toplayıcılıq fəaliyyəti ilə bağlı xatirələrdən başladım? Ona görə ki, peşəkar toplayıcılıq folklorşünasın səviyyəsini göstərən ən mühüm amillərdən biridir. Folklor daşıyıcıları ilə ünsiyyət qurmağı bacarmayan, bu ünsiyyətə həvəs göstərib can atmayan tədqiqatçının əsl folklorşünas kimi ortaya çıxması müşkül məsələdir. Elxan Məmmədlinin taleyi elə gətirib ki, dünyaya göz açdığı Borçalıda ağlı kəsəndən saz-söz məclislərinin iştirakçısı olub, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı kimi ustad sənətkarlar görüb, onların həmsöhbəti ola bilib. Borçalı folklor mühiti, bu mühiti yaradan və yaşadan sənətkarlar Elxan Məmmədlinin folklorşünas kimi yetişməyində əvəzsiz rol oynayıb. Aşıq sənəti ilə bağlı yaddaqalan məqalələri yazmaqda, "Təcnis sənətkarlığı" adlı qiymətli monoqrafiyanı - fəlsəfə doktorluğu dissertasiyası kimi çox yüksək səviyyədə müdafiə edilən və Azərbaycan folklorşünaslığında xüsusi yer tutan bir əsəri ərsəyə gətirməkdə Elxan Məmmədliyə elmi qaynaqlar nə qədər gərək olubsa, onun ustad aşıqlarla ünsiyyətdən əxz etdikləri də bir o qədər gərək olub.
2011-ci ildə mən AMEA Folklor İnstitutuna direktor təyin olunandan sonra İnstitutda Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi yaratdıq və Akademiyanın o vaxtkı rəhbətliyinin maddi və mənəvi dəstəyi ilə geniş miqyaslı folklor ekspedisiyalarına başladıq, folklorun toplanması ilə bağlı xüsusi layihələr üzərində çalışdıq. Bu çətin işdə Foklor İnstitutunda səsimizə səs verən təcrübəli folklorşünaslardan biri Elxan Məmmədli oldu. Elxan Məmmədli dalbadal Borçalıya səfər etdi, doğma eldə günlərlə toplama işi apardı, Borçalı folklor örnəklərindən ibarət bir neçə kitabı təkbaşına hazırlayıb ortaya qoydu. Foklorumuzun müxtəlif janrlarını əhatə edən o kitabların ikisi başdan-başa dastanlar əsasında tərtib edildi və Elxan Məmmədli bu janrın nəzəri baxımdan öyrənilməsi kimi dünya miqyaslı bir işə öz töhfəsini verdi.
Məlumdur ki, dastan janrının dünyada yenidən araşdırılıb öyrənilməsində Milman Perri və Albert Lord kimi Amerika folklorşünaslarının xüsusi xidmətləri var. Bu xidmətlərdən ən mühümü və bizim folklorşünaslıq üçün də çox aktual olanı şifahi və yazılı epos əlaqələrinə aydınlıq gətirməkdən ibarət idi. "İliada" və "Odisseya" üzərində araşdırma aparan M.Perri bu dastanların yazılı yox, şifahi ənənə əsasında yarandığını əsaslandırmaq üçün mətn boyu təkrarlanan ifadələri, o cümlədən qəhrəmanlara aid epitetləri diqqət mərkəzinə çəkirdi, formullara dastanı yadda saxlayıb məclislərdə söyləməyin və ifa etməyin başlıca vastəsi kimi baxırdı. A.Lord öz müəllimi M.Perrinin "formulyar struktura söykənən şifahi ifaçılıq" konsepsiyasını Balkanlarda el sənətkarlarının canlı ifa prosesini dərindən-dərinə izləməklə inkişaf etdirdi və bütün dünya eposları üçün keçərli olacaq bir qənaət irəli sürdü: şifahi ənənə əsasında ərsəyə gələn epos ustad sənətkarın ifa prosesində yenidən yaranır.
Bəs Azərbaycan eposşünaslığında vəziyyət necədir və Elxan Məmmədlinin bir folklorşünas kimi eposşünaslığa töhfəsi nədən ibarətdir? Azərbaycan eposşünaslığında eposu yazılı sənətə bağlamaq, bu janrın strukturu və poetik sistemini yazılı sənət meyarları ilə qiymətləndirmək meyli 50-60 il əvvəl özünü necə göstərirdisə, bu gün də o cür göstərməkdə davam edir. Adlı-sanlı bir ədəbiyyatşünas 3-4 il əvvəl çap olunmuş monoqrafiyasında "Dədə Qorqud" dastanını Dədə Qorqud adlı müəllifin əsəri sayırsa və bu cür yanaşma ilə Azərbaycan yazılı ədəbiyyatının tarixini qədim çağlara apardığını düşünüb məmnunluq hissi keçirirsə, bu yerdə, el dili ilə desəm, at qaçır, örkəni aparır, yəni dastan janrına məxsus yaranma qanunauyğunluğundan əsər-əlamət qalmır. Bu qanunauyğunluq dastanın məhz şifahi ənənə əsasında yaranması qanunauyğunluğudur. Bu həmin qanunauyğunluqdur ki, Elxan Məmmədlinin dastan toplularından, o toplulardakı tərtib prinsipləri və elmi izahlardan ana xətt kimi keçir. Yaxından tanıyıb illər uzunu sıx ünsiyyətdə olduğu Aşıq Aslan Kosalıdan Borçalıda 10 dastan yazıya alması Elxan Məmmədliyə bu janrın necə yaranıb yayılması barədə inandırıcı söz demək, elmi fikir irəli sürmək imkanı verir. Elxan Məmmədli müxtəlif vaxtlarda, xüsusən 2012-ci il ekspedisiyaları zamanı Aşıq Aslan Kosalıdan lentə aldığı dastanlar içərisində "Koroğlu"nun "Ağcaquzu" qolu üzərində ayrıca dayanır. Məlumdur ki, "Ağcaquzu" qolu ilk dəfə 1935-ci ildə Qobu kəndində Cəlil Murad oğlu adlı bir şəxsin dilindən yazıya alınıb. Kim tərəfindən qeydə alındığı bilinməyən, amma əlyazma şəklində qorunub saxlanan "Ağcaquzu"nun arxiv variantı Elxan Məmmədli üçün çıxış nöqtəsinə çevrilir. "Ağcaquzu" sorağına düşən Elxan Məmmədli Borçalıda və Bakıda Aşıq Aslan Kosalıdan həmin qolu nə az, nə çox, düz 3 dəfə - 1989, 1999 və 2012-ci illərdə lentə alır. Toplanan materiallar imkan verir ki, həm Cəlil Murad oğlu variantı ilə müqayisələr aparılsın, həm də Aşıq Aslan Kosalının müxtəlif vaxtlarda söyləyib ifa etdiyi nüsxələr bir-biri ilə tutuşdurulsun. Hərtərəfli tutuşdurmalar sayəsində Elxan Məmmədli nəinki Cəlil Murad oğlu varianti ilə Aşıq Aslan Kosalı variantları arasında, eləcə də Aşıq Aslan Kosalının dilindən yazıya alınmış mətnlər arasında xeyli miqdarda məzmun və forma fərqləri aşkara çıxarır. Elxan Məmmədli müxtəlif vaxtlarda Aslan Kosalıdan topladığı "Ağcaquzu" mətnləri barədə yazır: "Təqdim etdiyimiz hər üç variantda, eyni aşıqdan yazıya almağımıza baxmayaraq, istər poetik nümunələrdə, istər süjet xəttində, istərsə də təhkiyə üslubunda müəyyən fərqlər mövcuddur". Aslan Kosalıdan topladığı "Ağcaquzu" mətnlərini "variant" adlandırmasından aydın görünür ki, Elxan Məmmədli hər ifanı məhz yenidən yaratma prosesi kimi qiymətləndirir. Elxan Məmmədlinin bu cür mətn incələmələri dünya eposşünaslığının gəldiyi elmi qənaəti bir daha təsdiq etmiş olur: şifahi ənənənin məhsulu olan dastanın sonralar ifa prosesində ustad sənətkar tərəfindən "yeni" dastan kimi yaranması məlum söz, cümlə, epizod, süjet-kompozisiya formulları əsasında mümkün olur.
Elxan Məmmədli yazı mədəniyyətinin dastan yaradıcılığındakı rolunu - dünya folklorşünaslığında mübahisə doğurmaqda olan bir problemi heç də diqqətdən kənarda saxlamır, əksinə, Borçalı toplularından birini müəllifli dastanlara həsr etməklə bu mübahisəli məsələyə aydın münasibət bildirir. Elxan Məmmədlinin müəllifli dastanlara münasibətində iki əsas qənaət özünü göstərir: 1) Şair Nəbi, Ağacan Cabbarlı, Şair Novruz, Aşıq Alxan Qarayazılı, Aşıq Məhəmməd Sadaxlı və başqa sənətkarlar "Mehdi bəy", "Cahangir - Mələksuma", "İsmayıl - Qızyetər", "Səlim bəy", "Pəri - Huri", "Qul Əhməd", "Yetim oğlu Məhəmməd", "Mehralı bəy", "Qaçaq İsaxan", "Qaçaq Mahmud" və s. kimi dastanları bu janra məxsus məlum süjet və kompozisiya qəlibləri əsasında yaradıblar; 2) adları çəkilən müəllifli dastanlar Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah, Aşıq Aslan Kosalı kimi ustad aşıqların ifasında, janrın uzaq keçmişlərdən gələn qayda-qanununa uyğun olaraq, əsaslı dəyişiklikliyə uğrayır və yenidən yaranma prosesinin məhsulu kimi ortaya çıxır. Beləliklə, aydın olur ki, dastan mətninin yazılı şəkildə oxucuya təqdim olunması həmin dastanın ifa prosesində ustad sənətkar improvizatorluğu və nisbi sərbəstliyinin qarşısını heç cür ala bilmir.
İfa prosesində dastanın yenidən yaranması, heç şübhəsiz, sazdan - dastan boyu səslənən aşıq havalarından xeyli dərəcədə asılıdır. Başqa aşıqlar tərəfindən dəfələrlə söylənmiş hər hansı bir dastanın ifası zamanı ustad aşıq müəyyən məqamlarda havacatı dəyişirsə, tutalım, "Qaraçı" yerinə "Naxçıvani" çalmağa qərar verirsə, bu dəyişmə, təbii ki, dastanın mətnində məzmun dəyişməsinə səbəb olur. Elxan Məmmədli sazla sözün bu cür ayrılmazlığını dərindən bilən tək-tük folklorşünaslarımızdan biri idi. Uzun illər radioda "Sarıtel", televiziyada "Ustadnamə" verilişlərinin aparıcısı olmuş Elxan Məmmədli aşıq musiqisi sahəsində də xüsusi söz sahibi idi.
Elxan Məmmədli - tanınmış folklorşünas və unudulmaz dost bu gün cismən aramızda yoxdur. Amma elmi araşdırmaları və toplayıb tərtib etdiyi folklor topluları onu mənəvi cəhətdən yaşatmaqda davam edir. Mənən bizimlə bir yerdə olan Elxan Məmmədli öz əsərləri ilə bu gün də söz sahibi olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















