Təsəvvüf ədəbiyyatının görkəmli tədqiqatçısı Filologiya elmləri doktoru Nəzakət Məmmədlinin xatirəsinə
525.az saytına istinadən Icma.az xəbər verir.
Nəzakət xanım Məmmədli ilə şəxsi tanışlığım 2003-cü ilə təsadüf edir. İnstitutun kitabxanasında kartotekaya baxırdım, birdən otağa nəcib bir xanım daxil oldu, hamı ilə salamlaşıb hal-əhval tutdu. Sonra nədənsə söz gəlib musiqidən düşdü. Mən qardaşım Natiqin bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında konserti olacağından danışdım. O, bizim söhbətə qoşuldu: "Bizim uşaqların atası Nadir müəllim də vaxtı ilə gözəl musiqiçi olub, gözəl nağara ifaçısı idi, indi də qızıl fondda lent yazıları durur. O, xalq artistlərimiz Sara Qədimovanı, Tükəzban İsmayılovanı... müşayət edib". Mən dedim yəqin mənim qardaşım Natiqi tanıyar. Axşam zəngləşdik. Yoldaşından Natiqi soruşmuşdu. Nadir müəllim: "Ay Nəzakət, o, bizim evin uşağı olub, mənim ifama çox qulaq asıb".
O gündən çox yaxın bir ailə kimi dosluğumuz başladı.
Nəzakət Fəttah qızı Məmmədli "Türdilli əlyazmaların tədqiqi" şöbəsində işləyirdi. Vaxtaşırı görüşürdük, hər zaman əlindən gələn köməyi əsirgəməz, məsləhətlər verərdi. 2014-cü ildə müdafiəmlə bağlı seminarım idi. Nəzakət xanım semnarın üzvlərindən idi. Dissertasiyamı oxuyub müsbət rəy yazmışdı. 23 yanvar 2015-ci ildə fəlsəfə üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiəm olmalı idi. Mənim üçün ən önəmli, unudulmaz və yaddaqalan belə bir gündə məni ilk təbrik edənlərdən biri elə məhz Nəzakət xanım oldu. Həmin gün işə gələndə gördüm ki, stolumun üzərində böyük bir çiçək dəstəsi var. Soruşdum, dedilər Nəzakət xanım gətirib. Deyib ki, bəs mən Rübabənin müdafiəsində burada olmayacağam, dedim onu birinci mən təbrik edim.
Nəzakət xanım çox böyük ürək sahibi idi.
Nəzakət xanım AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının üzvü, "Türk dünyası əlyazmalarının tədqiqi şöbəsi"nin baş elmi işçisi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi.
Elmi simpoziumların və seminarların təşkili, Mövlana, Əttar kimi sufi şair və mütəfəkkirlərin əsərlərinin Azərbaycan türkcəsinə tərcüməsi, təsəvvüf ədəbiyyatının tədqiqi ilə məşğul olan Nəzakət Məmmədli Gənc aspirantların II Ümumrespublika konfransında I yerə və mükafata layiq gorülmüşdü. 2010-cu ildə alimin müəllifi olduğu "Mir Həmzə Seyid Nigari Divan"ının nəşri ilin kitabı elan olundu. O, müxtəlif illərdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Hindistan kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda ədəbiyyatşünaslıq elminin müxtəlif problemləri ilə bağlı məruzələr etmişdi. Elmi fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan Nəzakət Məmmədli 159 elmi əsərin, 9 kitabın və 5 monoqrafiyanın ("Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi", "Füzulinin Leyli və Məcnun əsəri: Poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri", "Seyyid Yəhya Şirvani və xəlvətilik", "Sevdayi və onun "Leyli və Məcnun" əsəri", "Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı") müəllifi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi. Olduğu ölkələrdə türk, fars, ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid Nigarinin farsca divanı və "Həşt behiştnamə"sinin tərcüməsi, Mövlananın "Məsnəvi"sinin farscadan tərcüməsi, Fəridəddin Əttarın farsca "Pəndnamə"sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya və s.

Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə - Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya, Özbəkistan, Qazaxıstan və s. təşkil olunan konfranslarda elmi hazırlığı, gözəl nitqi və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm özünə, həm də ölkəmizə çoxlu dostlar qazandırmışdı. Onlardan biri ilə 26-27 sentyabr 2025-ci il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İslam Sivilizasiyası Mərkəzi Beynəlxalq ekspertlər forumunda iştirak edərkən tanış oldum. Bu mötəbər tədbirdə 40-dan çox ölkədən 200-dən çox mütəxəssislər tanınmış alimlər, muzey direktorları, kitabxanaçıları və mədəni irs mütəxəssislər iştirak edirdi. O cümlədən IRCICA, İslam Dünyası Liqası, TÜRKSOY, milli kitabxanalar və arxivlər, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutu, Oksford Universiteti və digər aparıcı təşkilatların nümayəndələri də vardı. Fasilə vaxtı qazaxıstanlı bir xanım mənə yaxınlaşdı: - Çıxışınızdan bildim ki, siz Azərbaycandan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundansınız, sizin bir əməkdaşınız vardı, Nəzakət xanım Məmmədli, onu tanıyırdınız? Dedi və kövrəldi. Dedim: - bəli. Onun qəfil ölüm xəbəri bizi çox sarsıtdı. Hələ də inana bilmirik ki, elə səmimi, gözəl, xeyirxah bir insan qəfildən dünyasını dəyişə bilər. Biz onun dəvəti ilə 2024-cü il mayın 23-də Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) qonağı olumuşduq. Mənimlə birlikdə Əl-Fərabi Universitetinin Yazma Əsərlər və Mədəni İrs Elmi Araşdırma Mərkəzinin müdiri Prof. Zübeydə Şadkam və həmin mərkəzin elmi işçisi Dr.Nazım Xayranbayov da gəlmişdi. Nəzakət xanım bizi Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) fəaliyyəti ilə tanış etdi. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı ilə də görüşdük.
Əl-Fərabi və Xəzər universitetlərində tədqiqat, nəşrlər barədə fikir mübadiləsi apardıq, birgə tədbirlərin təşkili ilə bağlı razılığa gəldik. Görüşün sonunda Hamlet İsaxanlı və Nəzakət Məmmədli bizə institutun nəşri və özlərinin müəllifləri olduğu kitabları hədiyyə etdilər. Xatirə şəkli çəkdirdik. Onun qonaqpərvərliyini heç vaxt unuda bilmərik. Deyə, öz xoş xatirələrini mənimlə bölüşdü. Mən söhbət əsnasında bildim ki, bu xanım Qazaxıstan Respublikası Milli Kitabxanasının Əlyazmaları bölməsinin müdiri Gülşad Abikovadır. O, sonra mənə xatırlatdı ki, 22 may 2024-cü il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfransında olmuşdular. Gülşad xanım onu da qeyd etdi ki, Əlyazmalar İnstitutunun Ekspozisiya zalında "Ən qədim və ən nadir tibb əlyazmaları" adlı sərgi nümayiş olundu. "Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans çərçivəsində təqdim olunan sərgini sizin əməkdaşınız, "Əlyazmaların elmi ekspozisiyası və təqdimi" şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova və həmin şöbənin baş mütəxəssisi Əsmər Hümbətli hazırlamışdılar. Sərgini AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Əl-Fərabi adına Qazax Milli Universitetinin "Yazılı Abidələr və Mənəvi İrs" Araşdırmalar Mərkəzinin direktoru, professor Zibeydə Şadkam və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin "Qılım Ordası" Dövlət Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, tarix elmləri namizədi Nurlan Seydin açdılar. Açılış mərasimində ölkəmizin və Qazaxıstan Respublikasının aparıcı elmi-tədqiqat müəssisələrinin görkəmli alim və mütəxəssisləri iştirak edirdilər. Burada nümayiş olunan ümumilikdə 60-a yaxın eksponatla tanış oldular. Dosent Nigar Babaxanovanın təqdim etdiyi sərgidə UNESCO-nun "Dünya yaddaşı" beynəlxalq reystrinə daxil edilmiş tibbə dair 3 əlyazma abidəsi - Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi", Əbu Əli İbn Sinanın "Əl qanun fit tibb", Əbülqasim Zəhrəvinin "Əl-məqələtus-səlasin" əsərləri, adı qeyd olunan müəlliflərin rəsmləri, onların əsərlərinə çəkilmiş illüstrasiyalar, Orta əsrlər tibb və farmakologiya tarixinə dair əsərlərin, o cümlədən Məhəmməd Yusif Şirvani, Nəsirəddin Tusi, Nüsrət Əfəndi, Məhəmməd Füzuli və digər İslam Şərqi intibahının görkəmli nümayəndələrinin tibb elminə dair əsərlərinin nadir nüsxələri, o cümlədən XVI əsrdə Qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə alınmış "Dəstur əl-ilac" (Şəfa ənənələri) adlı traktatının əlyazması ilk dəfə geniş elmi ictimaiyyətə təqdim olundu. Sərgidə həmçinin görkəmli maarifçi yazıçı, həkim və dövlət xadimi Nəriman Nərimanovun tibb elminin müxtəlif sahələrinə dair əsərləri: "Tibb və İslam", "İnsan bədəni və onun yemi", "Təbabətə aid risalə" adlı kitablarının ilk çap nüsxələri, Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - həkim, rəssam, şair, tənqidçi, tərcüməçi Əli bəy Hüseynzadənin Balkan müharibəsində Qızıl Hilal cəmiyyətinin üzvü kimi həkimlik fəaliyyətini əks etdirən foto-sənəd və Əlyazmalar İnstitutunun əməkdaşlarının tibbə dair əlyazmalar əsasında apardığı tədqiqatlar, institutun fondunda mühafizə olunan tibb və farmakologiyaya aid əlyazmaların toplu kataloqu və mövzuya dair digər kitablar nümayiş olundu. Sərgi qonaqların çox xoşuna gəldi və böyük maraqla qarşılandı.
Bakı Dövlət Universitetinin, şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun vida mərasimində söylədiyi kimi: "O, öz dəsti-xətti ilə məktəb yaratmış mütəxəssisi idi. Görkəmli tədqiqatçımızın aramızdan getməsi Azərbaycan elminə çox böyük itki oldu".
Nəzakət xanım mehriban rəftarı, mədəni davranışı və güclü xarakteri ilə başqalarından çox seçilirdi, O, milli dəyərlərə, adət-ənənələrimizə bağlı olmaqla yanaşı, həm də gözəl ana idi. Ən böyük arzusu övladlarının xoş gözəl günlərini görmək, onlara toy etmək, onları ev-eşik sahibi görmək idi. Amansız ölüm imkan vermədi.
Əzizimiz Nəzakət xanım! Xeyirxah insan, istedadlı alim, əziz ana kimi əziz xatirəninz daima yaxınlarınızın və Sizi tanıyanların qəlbində daim yaşayacaqdır. Allah sizə rəhmət eləsin! Məzarınız nurla dolsun!
Rübabə ŞİRİNOVA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


