Dənizdə faciə mövsümü
Icma.az bildirir, 525.az portalına istinadən.
Çimərlik mövsümü başlayandan "Dənizdə iki nəfər batdı", "Bir ailənin dörd üzvü dənizdə boğuldu", "Yeniyetmələr dənizdə batdı" kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Havaların isti keçməsi səbəbindən insanlarn çoxu sərinləmək üçün dənizə üz tuturlar. Lakin bir anlıq ehtiyatsızlıq və ya riskli davranış bəziləri üçün faciə ilə nəticələnir. Təəssüf ki, sərinləmək məqsədilə dənizə gedənlərdən bəziləri evlərinə bir daha qayıda bilmirlər.
Hər il baş verən faciələr göstərir ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi, nəzarətsiz çimərliklərdən istifadə və ehtiyatsız davranışlar insan həyatını təhlükəyə atır.
Mütəxəssislərin fikrincə, boğulma hadisələrinin artmasının əsas səbəblərindən biri insanların xilasedicisi olmayan ərazilərdə dənizə girməsidir. Bəzi vətəndaşlar qadağanedici nişanlara məhəl qoymur, təhlükəli hava şəraitində və ya dalğalı dənizdə üzməyə çalışırlar. Bundan əlavə, üzmə bacarığını düzgün qiymətləndirməmək, dənizə tək daxil olmaq və uşaqların nəzarətsiz qalması da riskləri artırır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, boğulma hallarının artmasına səbəb insanların əlverişsiz hava şəraitində dənizdə çimməsidir. İnsanlar çimərliyə gedən zaman ilk növbədə hava şəraitini nəzərə almalıdırlar. Yağışlı, dumanlı, küləkli havalarda çimərliyə getmək olmaz. Hətta bu gün hava küləkli olubsa, sabah eyni çimərlikdə suyun dibinin fiziki olaraq, quruluşu dəyişə, yarğanlar əmələ gələ, su axınları yarana bilər. Suyun dibində daş-kəsək parçalarının olması da mümkündür. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü, dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroji faktorların təsiri ucbatından özlərini itirə bilirlər: "Həmçinin çimərlikdə təyin olunmuş hüdudlar var ki, onları keçmək olmaz. Üzmə sərhədlərinin müəyyən olunduğu yerdən daha uzağa getmək təhlükəsizlik cəhətdən yolverilməzdir. Ani məsuliyyətsizlik bədbəxt hadisəyə gətirib çıxara bilər. Çimərliklərdə topları keçən vətəndaşlara xilasedicilər xəbərdarlıq edirlər. Qadağan olunan ərazilərdə batma halları isə sırf təcrübəsizliklə bağlıdır. Dünyanın bir çox ölkəsində çimərliklərdə xüsusi qadağan və xəbərdaredici işarələr var. Məsələn, dəniz çimərliklərində 3 rəngdə top var - yaşıl, sarı və qırmızı. Qırmızı topu keçənlər batma təhlükəsi ilə üz-üzə qala bilərlər. Ona görə də bu xətti keçmək qadağandır. Xilasedicilər çimərliyə nəzarət edirlər, ehtiyac olduğu təqdirdə dərhal müdaxilə edirlər".
Çimərlik mövsümü başlamamışdan öncə müvafiq qurumlar tərəfindən çimərlik olan ərazilərdə sualtı baxışlar keçirilir. Suyun dibinin relyefi, sualtı axınların olub-olmadığı müəyyən edilir və bu yoxlamaların nəticələri mənfi olan çimərliklərdə çimmək qadağan edilir. Ona görə də qanunu fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Çünki bu çimərliklərdə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri fəaliyyət göstərir.
Ekspertin sözlərinə əsasən, çimərliyə gedən zaman bəzi qaydalara ciddi şəkildə əməl etmək mütləqdir. Əks halda bədbəxt hadisə qaçılmazdır: "Dənizdə sahilə paralel üzmək lazımdır. Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulma halı baş verir. Bəzən görürük ki, valideynlər azyaşlı uşaqlarını özləri ilə sahildən çox uzaqlara, dərinliklərə aparır. Bu, doğru deyil. Valideynlər özləri ilə bərabər, uşaqların da həyatını təhlükə qarşısında qoyurlar. Dənizdə boğaza qədər olan hissədə üzmək lazımdır. Daha dərinə getmək olmaz. Bu, çox təhlükəlidir. Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz və xəbərsiz baş verir. İnsanlar qışqırmır, sadəcə suyun altında itir. Hər il baş verən faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir ki, bu düşüncədən qurtulmalıyıq".
Elmar Nurəliyev qeyd edib ki, insanlar boğulma riski ilə üz-üzə qalanda dərhal kömək çağırmalı, panikaya düşməməlidirlər: "Boğulma riski olan zaman təlaşlanıb əlləri suyun üzünə çıxarmaq olmaz, bu, doğru deyil. Əksinə, əlləri suyun üzünə çıxarmadan, başı dik tutub, kömək istənilməlidir. O zaman suyun üzərində qalmaq olur. Təlaşlanmaq, özünü itirmək, suya baş vurmaq olmaz. Boğulma halını yaradan səbəblərin 95 faizi panikadır. İnsan panikaya düşəndə əlavə qüvvə sərf edir, bu zaman əzələləri tez yorulur, qolları və ayaqları boşalır və batmağa başlayır".
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov bildirib ki, son dövrlərdə suda boğulanların sayının artmasını yalnız bir amillə əlaqələndirmək doğru deyil. Burada bir neçə amil var: "Xüsusilə çimərlikdən kənar olan ərazilərdə, adətən, dəniz səviyyəsi normal olanda insanların üzdüyü yerlər sahilə daha yaxın olurdu. İndi o sahil xətti dənizə doğru çəkildiyi üçün artıq əvvəllər suyun altında qalan qeyri-müəyyən sahələr üzə çıxır. Həmin ərazilərdə əvvəllər ancaq üzməyi çox yaxşı bilən insanlar gedib üzürdülər. İndi isə həmin dərin ərazilər sahilə yaxınlaşdığı üçün insanlar üçün təhlükə mənbəyinə çevrilib. Bu, əsasən çimərlik üçün nəzərdə tutulmayan ərazilərə aiddir. İcazə verilən çimərliklərin özlərində də boğulma halları baş verir. Bunun səbəbi şəxsi amillərlə də əlaqədar ola bilər. Belə ki, çimərlikdən istifadə edən insan spirtli içki qəbul etmiş ola bilər və ya çimdiyi zaman qəfildən huşunu itirə bilər. Buna görə də, adətən, küləkli günlərdə çimmək qətiyyən tövsiyə edilmir. Çünki külək dalğaları sahilə doğru gətirir və sahilə yaxın hissədə elə bir relyef forması ola bilər ki, gətirilən suyun bir hissəsi orada yığılıb qalar. İnsan bunu kənardan görmür, çünki suyun altındakı qum buna imkan vermir. Su müəyyən miqdarda yığıldıqdan sonra, birdən-birə haradansa elə bil deşik açılır və toplanan su çox böyük sürətlə geri qayıdır. Elə bilin ki, bir hovuzdur, doldurulub və birdən onun dibindəki tıxacı çıxaranda oradan böyük təzyiqlə su sovrulur. Bu da ona oxşar bir hadisədir, yəni güclü əks-axın (yırtıcı axın) yaranır. Dar və ensiz bir zolaqda güclü əks-axın formalaşır. Heç bəlkə də o sahə çox dərin olmur, suyun səviyyəsi insanın boğazından aşağı olsa belə, adam birdən-birə hiss edir ki, axın onu dənizə doğru çəkir. O, instinktiv olaraq axına qarşı üzməyə çalışır, lakin bunun öhdəsindən gələ bilmədiyi üçün tez yorulur, haldan düşür və suya təslim olur. Əsas səbəblərdən biri budur. Bu hadisə təkcə bizim sahillərdə olmur. Dağıstan ərazisində - Mahaçqalada və Dərbənddə də belə hallarla tez-tez rastlaşırıq".
Mütəxəssis bildirib ki, sahil ərazisində insanların birdən-birə dərinliyə düşməsinin başqa bir səbəbi də var: "Son dövrlərdə internet səhifələrində gördüm ki, haralardasa dəniz dibi müəyyən səbəblərdən qazılır. Oradan dəniz çöküntüləri, tikinti üçün qum kimi materiallar götürürlər. Onun yeri boş qaldığı üçün orada çimən insan irəliləyərkən birdən-birə həmin dərin boşluğa düşə bilər. Bu da gözlənilməz bir hal olduğu üçün xüsusilə üzməyi bacarmayan insanlara böyük təhlükə yaradır. Hətta üzməyi yaxşı bilən adamlar da çaşa bilərlər ki, axı burada, adətən, dərinlik olmamalı idi, niyə birdən-birə batdım?"
Mütəxəssis insanları istənilən halda küləkli hava şəraitində dənizə girməməyə çağırır: Xüsusilə son günlər müşahidə olunan küləkli hava şəraitində insanların dənizdə çimməsi təhlükəsini kəskin artırır. İmkan daxilində belə havalarda dənizdə çimmək məsləhət görülmür. Suda batan insanların acı taleyini görüb digərləri də fikirləşməlidir ki, küləkli havada dənizə girmək son dərəcə təhlükəlidir".
Fövqəladə Hallar Nazirliyi tövsiyə edir ki, vətəndaşlar çimərlik seçimində diqqətli olmalıdırlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin təmin olunmadığı anlamına gəlir: "Son günlər ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər yetirdiyimiz zaman görürük ki, Xəzər dənizində xidmət tərəfindən qeydə alınmış riskli ərazilər sırasında Daçnik, Milqaya və "Şimal QRES" adlanan ərazilər var. Bölgələrdə isə əsas risk suvarma kanalları, çaylar və süni göllərlə bağlıdır. Bu su hövzələri çimərlik məqsədilə nəzərdə tutulmayıb. Təhlillər göstərir ki, insanlar yalnız nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə və su hövzələrində boğulurlar. Vətəndaşlar xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə etməlidirlər. Belə olduqda hər hansı boğulma riski yaranarsa, xilasedicilər dərhal müdaxilə edərək vətəndaşı təhlükədən xilas edə bilərlər. Risk qrupuna həmçinin küləkli havada, dalğalı dənizdə suya girənlər, spirtli içki qəbul etdikdən sonra çimənlər və nəzarətsiz qalan uşaqlar daxildir".
FHN əhalinin nəzərinə çatdırır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qurum əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 31 İyul 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















