Dəyərli tarixi ənənələr və müasir inkişaf strategiyası
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il fəaliyyətinin 95 illiyini qeyd edir. Tarixi ənənələrə və müasir inkişaf strategiyasına əsaslanan UNEC ötən illər ərzində ölkənin iqtisadi, sosial və elmi həyatında mühüm rol oynayıb, yüzlərlə peşəkar kadrın yetişməsinə əvəzsiz töhfə verib, ölkədə iqtisadi inkişafın əsas beyin mərkəzlərindən birinə çevrilib. Universitetin inkişafında və elm-təhsil prosesinin müasir tələblərə uyğun təşkili işində, müasir-informasiya resurs təminatında Kitabxana-İnformasiya Mərkəzinin (KİM) də xüsusi yeri var.
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu dövrdən etibarən onun kitabxanası da olub, zaman-zaman universitetin fəaliyyətində baş verən dəyişikliklər kitabxananın işinə də təsirsiz ötüşməyib, kitabxana fəaliyyətində müəyyən fasilələrə səbəb olub. Bununla belə, 1966-cı ildə Əsaslı kitabxana adı ilə davamlı xidmət göstərməyə başlayıb. Sonrakı dövrlərdə kitabxana daha da inkişaf edib, 2019-cu il aprelin 15-də UNEC Kitabxana-İnformasiya Mərkəzinin yaradılması ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Hazırda Mərkəzin strukturuna 6 kitabxana daxildir.
UNEC KİM ümumilikdə 87 min 961 nüsxə Azərbaycan, ingilis, rus və türk dillərində dərslik, dərs vəsaiti, monoqrafiya, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzin fondunda görkəmli iqtisadçı alimlərin, UNEC professor-müəllim heyətinin nəşrləri ilə yanaşı, dünyanın aparıcı nəşriyyatlarına məxsus iqtisadiyyatın müxtəlif sahələrinə dair kitablar da yer alır: "Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərliyi altında professor-müəllim heyəti mühüm işlər görür, tələbələrə və professor-müəllim heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradır. Bu tərcümə nəşrlərindən "Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili" (Hayek F.A.), "Geoiqtisadiyyat" (İ.P. Çyornaya), "Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının mənimsənilməsi" (E.Q.Koçetov), "Beynəlxalq iqtisadiyyat", "Dördüncü Sənaye İnqilabı" (Klaus Şvab), "İqtisadi inkişaf" (Maykl Todaro və Stefen Smit), "Bazarın hüdudları" (Paul De Qrauv), habelə "Milli iqtisadiyyat", "İnstitusional iqtisadiyyat. Yeni institusional iqtisadi nəzəriyyə", "İdeologiya və siyasət", "Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi" və başqa kitabları sadalamaq olar".
Adilə Abdullayeva bildirib ki, UNEC-in tələbələri və professor-müəllim heyəti şəxsi kabinetlərindən birbaşa elektron kitabxanaya giriş edərək resursları onlayn oxuya bilirlər. Hazırda burada Azərbaycan, rus, türk və ingilis dilində 1800-dən çox resurs toplanıb. Kitabxanaya yeni daxil olan kitab, jurnal, konfrans materialları və dissertasiyaların elektron versiyası müntəzəm olaraq elektron kitabxanaya əlavə edilir. Oxuculara xidmət zamanı bir sıra beynəlxalq məlumat bazalarının rəqəmsal resurslarından istifadə olunur. Mərkəzin abunə olduğu ödənişli bazalardan - EBSCO, "Emerald", "Scopus", "Web of Science" (Incite, Research asistant), PQDT, "ProQuest Ebook Central", açıq bazalardan - İKSAD Beynəlxalq Nəşriyyat Evi, ECONBİZ, SAGE, "Elsevier", Dünya rəqəmsal kitabxanası, "Sciencedirect" və eləcə də qarşılıqlı əməkdaşlıq çərçivəsində ADA Universitetinin abunə olduğu bazalardan da istifadə imkanı mövcuddur.
Tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri UNEC-in rektoru, professor Ədalət Muradovun təşəbbüsü ilə ölkə universitetləri arasında ilk dəfə olaraq 24/7 kitabxanasının yaradılması olub. 2021-ci ildə "İNFONEWS İnformasiya Agentliyi" MMC-nin təsis etdiyi "İlin ən yaxşı universitet kitabxanası" müsabiqəsi üzrə ölkənin qabaqcıl universitet kitabxanaları arasında UNEC-in 24/7 kitabxanası "İlin ən yaxşı universitet kitabxanası" media mükafatına layiq görülüb. Adilə Abdullayevanın dediyinə görə, Kitabxana-İnformasiya Mərkəzi universitetin və kitabxananın nəşrlərini müxtəlif sərgi-yarmarkalarda nümayiş etdirməklə ölkənin elmi-mədəni həyatında və gənclərin mütaliə mədəniyyətinin inkişafında da fəal iştirak edir. 2019-cu ildən etibarən Mərkəz Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC-i təmsil edir. Sərgidə UNEC öz yerli və beynəlxalq nəşrləri, eləcə də UNEC Dizayn Məktəbinin tələbələrinin əl işləri ilə təmsil olunur və UNEC stendi ziyarətçilər tərəfindən hər il böyük marağa səbəb olur: "UNEC-in tarixində mühüm yeniliklə yadda qalmış daha bir hadisə 2019-cu ildə "Universitetlərarası I Kitabxana Forumu"nun təşkil edilməsi olub. Forum çərçivəsində "Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru" mövzusunda respublika elmi-praktik konfransı keçirilib, UNEC KİM-in 1 nömrəli kitabxanasının açılışı olub, geniş kitab sərgisi və endirimli kitab satışı-yarmarkası təşkil edilib, UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb".
Oxuculara virtual kitabxana-informasiya xidməti həm UNEC-in veb-saytı, həm də sosial şəbəkələr vasitəsilə həyata keçirilir.
O qeyd edib ki, müxtəlif illərdə UNEC-də Mərkəz tərəfindən müxtəlif layihələr reallaşdırılıb. Məsələn, 2020-ci ildə "Qarabağ Azərbaycandır" virtual sərgisi işıqlandırılıb, "Qarabağa kitabla gedək" kampaniyasında iştirak, "Qarabağ kitabxanaları", "Qarabağ tarixi sənədlərdə", "Qarabağ mövzusu dünya kitabxanalarında" biblioqrafik və sosial şəbəkə araşdırmaları həyata keçirilib: "UNEC-də oxu mədəniyyətinin formalaşdırılması, gənclər arasında kitaba sevginin artırılması, mütaliənin təbliği məqsədilə 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində "Oxu mədəniyyəti" layihəsinə start verilib. Həmin il UNEC tələbələri, inzibati heyət və müəllimlər arasında informasiya və rəqəmsal mədəniyyətin, mütaliə vərdişlərinin, kitabxana etikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində hibrid formada və sosial media üzərindən müxtəlif istiqamətlər üzrə kitab təqdimatları, ustad dərslər, vebinarlar, vörkşoplar, kitab müzakirələri, yay oxuları, bibliometrik araşdırmalar, konfrans və sərgilər, kitab yarmarkalarının təşkili, sürətli oxu müsabiqəsi daxil olmaqla 101 tədbir (75 tədbir oflayn, 26 tədbir onlayn) həyata keçirilib. Növbəti layihə "UNEC alimlərindən kitab tövsiyələri" adlanır. Layihənin əsas məqsədi universitetin alim və ziyalılarının tövsiyə etdiyi müxtəlif istiqamət və dillər üzrə kitabları tələbələrin diqqətinə çatdırmaqla, onların mütaliə mədəniyyətinin inkişafına təsir göstərmək olub. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə uyğun olaraq, UNEC-də qəbul edilmiş "Yaşıl UNEC" ili çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin xüsusi sərgisi nümayiş etdirilib və virtual sərgi yaradılıb. Eyni zamanda, yaşıl iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsinə aid müxtəlif dillərdə kitablar barədə məlumatlar videoçarx vasitəsilə oxuculara təqdim edilib, müasir ekoloji təmiz, yaşıl kitabxanalar haqqında məlumatlandırma - yaşılkitabxana - sosial şəbəkə layihəsinin 12 sayı işıq üzü görüb. UNEC-in "Yaşıl kolleksiya" adlı posteri IFLA-da nümayiş olunub".
Kitabxana-İnformasiya Mərkəzi beynəlxalq əməkdaşlıq çərçivəsində ötən illərdə Türkiyənin universitet kitabxanaları ilə xüsusi əlaqələr qurub, hər il Antalyada keçirilən ANKOSLink beynəlxalq konfransında kitabxana əməkdaşları iştirak edib. Eyni zamanda, 2022-ci ildə Mərkəzin təşkilatçılığı ilə "Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)" mövzusunda vebinar keçirilib. Vebinarda qabaqcıl Türkiyə universitetlərinin mütəxəssislərinin, kitabxana rəhbərlərinin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsiri, texnoloji innovasiyalar, robot və kibersistemlərin idarə etdiyi smart kitabxanaların formalaşması və digər məsələlər üzrə müzakirələr aparılıb.
UNEC-in Azərbaycanın aparıcı universitetləri olan ADA Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana-informasiya mərkəzləri ilə əməkdaşlığı nəticəsində ölkəmizin kitabxana-informasiya infrastrukturu barədə məlumatlar qlobal platformada yerləşdirilib. Belə ki, dünyanın bir çox ölkəsindən 2,8 mln kitabxana haqqında məlumatların mövcud olduğu IFLA-nın "Dünya kitabxanalarının xəritəsi" layihəsində Azərbaycan kitabxanalarına dair statistik məlumatlar da təqdim edilib: "UNEC-in ADA Universiteti ilə əməkdaşlığı çərçivəsində bir sıra ölkə kitabxanalarının iştirakı ilə COP29 çərçivəsində IFLA - Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının nümayəndəsi "Claire McGuire"ə ilə birgə ali təhsil müəssisələri kitabxanalarının iqlim dəyişikliyinə təsiri, bu istiqamətdə tədqiqatların resurs təminatı barədə müzakirələr aparılıb. UNEC-lə tərəfdaşlıq çərçivəsində ADA Universitetinin təşkilatçılığı ilə Cənubi Qafqazda ilk dəfə keçirilən və iki ildən bir baş tutan IFLA-nın "Kitabxanalararası abonement və sənəd təchizatı" konfransına ADA universiteti ev sahibliyi edib. "Qlobaldan yerliyə: Resurs paylaşımında müxtəliflik və inklüzivlik" mövzusundakı tədbirdə 23 ölkə və 39 qurumdan olan kitabxana mütəxəssisləri, beynəlxalq ekspertlər süni intellekt və rəqəmsal innovasiyaların hansı formada biliyə əlçatanlığı təmin etdiyini, resurs mübadiləsini dəstəklədiyini və inklüziv gələcəyə təsirlərini müzakirə ediblər. Onu da qeyd edim ki, UNEC-in uğurlarından biri də ölkədə ilk dəfə olaraq beynəlxalq RSCVD platformasından istifadə etməsidir. Burada ADA universiteti ilə elektron resurs mübadiləsi həyata keçirilib. Kitabxanalar RSCVD platformasına qoşulmaqla elektron sənəd mübadiləsi xidmətindən ödənişsiz yararlanmaqla qlobal kitabxana əməkdaşlığını gücləndirir, dünyanın 30-a yaxın ölkəsindən 80-dən çox kitabxana resurslarına əlçatanlığı təmin edir, informasiya mübadiləsini və tədqiqat prosesini sürətləndirir. Yuxarıda sadalanan işlərin həyata keçirilməsində təbii ki, kitabxana mütəxəssislərinin rolu xüsusi qeyd edilməlidir. Mərkəzin əməkdaşları hər il Azərbaycanda təhsilin və UNEC-in inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif edilir. Ümumiyyətlə, Kitabxana-İnformasiya Mərkəzi haqda bütün məlumatlar, eləcə də həyata keçirilən layihələr barədə kitabxananın veb-səhifəsində müntəzəm olaraq xəbərlər işıqlandırılır və maraqlananlar Mərkəzin fəaliyyəti barədə daha ətraflı tanış ola bilər".
Sevinc QARAYEVA


