Dönür sözə, sözdə qalır...
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirli bu gün ədəbiyyatşünaslıq elmində mühacirət dövrü ədəbiyyatı və mətbuatının əsas, aparıcı tədqiqatçılarından biridir. O, Azərbaycan ədəbiyyatşünaslıq elmində bu istiqamət üzrə ixtisaslaşan az sayda alimlərimizdəndir.
Abid Tahirlinin bütün həyat və fəaliyyəti ziyalılıq nümunəsidir. O, yorulmaz tədqiqatçı, istedadlı publisist, tələbələrinin yolunu həyəcanla gözlədiyi, mühazirəsini həvəslə dinlədiyi mahir pedaqoqdur, nümunəvi ailə başçısıdır, halal nəsildən gələn, saf kökdən şaxələnən layiqli övladdır! Yumşaq təbiətinə, həlim xasiyyətinə, təbəssümlü simasına aldanmayın! Yeri gələndə, misal üçün, kiminsə haqqı tapdalananda sərt mövqeyini ortaya qoyandır, sözü şax üzə deyəndir Abid müəllim!
Əgər bu nurlu, işıqlı insanın xarakterini bir sözlə ifadə etmək lazım gələrsə, fikirləşmədən "əməksevərliyi" seçərdim. Çünki professor Abid Tahirli qibtə ediləcək qədər işgüzar, zəhmətsevərdir. "İstedadın 90 faizi zəhmətdir" - kəlamının hikmətinə, doğruluğuna Abid müəllimin həyat və yaradıcılıq yolunu incələyəndə, izləyəndə bir daha əmin ola bilərsiniz. A.Tahirli gəncliyinin ən gözəl illərini ölkəmizdə və xaricdəki arxiv, kitabxana və muzeylərdə keçirən, istirahətini, əyləncəsini tozlu sənədlərin araşdırmağa dəyişən, əldə etdiyi ən kiçik elmi uğura belə körpə uşaq kimi ürəkdən sevinən elm, düşüncə, əqidə adamıdır. Özü də etiraf edir həyatının mənasını, ömrünün xoşbəxtliyini sözdə axtardığını, sözdə tapdığını: "Mən bütün gün ərzində, hər yerdə-evdə, müxtəlif mərasim və tədbirlərdə, səfərlərdə, işdə, hətta yuxuda... "yazmaqla", imkan tapan kimi düşündüklərimi ağ vərəqə köçürtməklə məşğulam. Qələmim düşüncəmin, əqidəmin, ruhumun, təxəyyülümün aynasıdır, eynən onlar kimidir, sədd-sərhəd tanımır, xoş məramlıdır, milli, dini dəyərlərdən qidalanır. Elmi-publisistik yazılarımın mövzusu, toxunduğum problemlərin əhatə dairəsi zəngin və genişdir, böyük əksəriyyətinin qarşısında "ilk dəfə" sözünü cəsarətlə, əminliklə dilə gətirməyi oxucunun ixtiyarına buraxıram".
Abid müəllimin "Əvvəl qəlbim, sonra qələmim susacaq" məqaləsini oxumusunuzmu? Mütləq oxuyun! İçdən gələn bu yazı ədibin iç dünyasının tanıtımıdır, zəngin mənəvi aləminin sözdə əks edilmiş güzgüsüdür, etiraflarından hörülmüş portretidir. Həcmi böyük olmasa da, məna yükü çox ağırdır, təsirlidir, inandırıcıdır.
Sözü ucaldan, sözü ilə də ucalmağı bacaran bu işıqlı ziyalıdan 70 illik yubileyi günlərində söz açmaq təkcə Abid Tahirliyə yox, sözü müqəddəs sayan bütün söz adamlarına, ilahi sözə ehtiramın nişanəsidir.
Alimin publisistik və elmi fəaliyyəti, demək olar ki, bütünlüklə tariximizin mühacirət dövrü ədəbiyyat və mətbuatını araşdırmağa həsr olunub. 1997-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitunda "Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətəqədərki dövr)" mövzusunda namizədlik, 2006-cı ildə BDU-da "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Biri Türkiyədə olmaqla, mühacirət ədəbiyyatının tədqiqinə dair 19 kitabı işıq üzü görüb. Mühacirət tariximizin ünlü siması olan Nağı Şeyxzamanlının həyat və yaradıcılığı haqqında, eləcə də "Mühacir ədiblərin imzaları" adlı yeni monoqrafiyaları bu yaxınlarda oxucuların ixtiyarına veriləcək.
A.Tahirlinin elmi fəaliyyəti haqqında respublika və xarici ölkə nəşrlərində 200-dək məqalənin dərc edilməsi onun mühacirətşünas alim kimi həm ölkəmizdə, həm də xaricdə söz və nüfuz sahibi olmasından xəbər verir.
Xatırladaq ki, ədəbiyyatşünaslığımızda mühacirət dövrü ədəbi irsinin və mətbuatının sistemli, ardıcıl araşdırılmasına 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsi yaradıldıqdan sonra başlanılıb. 2016-cı ildən bəri "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından 10-a yaxın kitab işıq üzü görüb və bu nəşrlərin ərsəyə gəlməsində Abid Tahirlinin də özünəməxsus rolu olub.
Professor A.Tahirlinin Azərbaycan mühacirət ədəbiyyatı və mətbuatının araşdırılması istiqamətindəki elmi fəaliyyətindən bəhs edən alim və jurnalistlərin fikri bir nöqtədə tam üst-üstə düşür ki, o bu mühüm sahənin özülünü qoyanlardan, yorulmadan külüng çalanlarındandır.
Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolunun tədqiqi, Azərbaycan mühacirət probleminin, o cümlədən mühacirət mətbuatı tarixinin araşdırılması, mühacirət mətbuatı biblioqrafiyasının hazırlanması və nəşrində, görkəmli mühacir ədiblərin irsinin tədqiqində A.Tahirlinin böyük zəhməti var.
Mühacirətşünas alimin hələlik nəşr edilmiş son tədqiqat işi olan "Abay Dağlının həyatı və yaradıcılığı" monoqrafiyasını Xalq yazıçısı Elçin alimin yeni yaradıcılıq uğuru adlandıraraq yazırdı: "Abid bu silsiləni belə bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi mühacirətşünaslığımızın mənzərəsi bütövlük, müfəssəllik baxımından qazanmış olar".
Ədəbiyyatşünas alimlərin fikrincə, A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmalarında, məqalə və monoqrafiyalarında qələm sahiblərinə hörmət, ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət tədqiq və təhlil obyektinə ciddi və obyektiv münasibətdən gedir.
Tədqiqatçı mühacirət dövrünün araşdırılmasını ədəbiyyatşünaslığın vacib qolu hesab edərək yazır: "Çağdaş ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdən biri də mühacirət irsinin yaranmasını şərtləndirən amillərin, onun yaradıcılarının həyat və fəaliyyətinin, ədəbi, publisistik nümunələrin ideya, məzmun, sənətkarlıq problemlərinin müasir tələblər səviyyəsində araşdırılması, dəyərləndirilməsidir".
Professor A.Tahirli dövrü mətbuatda, sosial şəbəkələrdə, radio və televiziyada müntəzəm olaraq mühacirət ədəbiyyatının, mətbuatının araşdırılması ilə bağlı məqalələr yazır, çıxışlar, paylaşımlar edir. Akademik İsa Həbibbəyli "Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq ideyalarına ləyaqətlə və uğurla xidmət edən vətəndaş ziyalıdır", professor Rüstəm Kamal "Abid Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki detalla portreti canlandıra bilir" deyir, professor Məhərrəm Qasımlı onun elmi fəaliyyətini "bir mücadilə" adlandırır.
Mühacirətşünas alimin "Azərbaycan mühacirət mətbuatı" - I hissə (2002), "Azərbaycan mühacirət mətbuatı" - II hissə (2003) və Azərbaycan mühacirət mətbuatında publisistika" (2005) kitabları mühacirət tariximizlə bağlı boşluğu dolduran maraqlı tədqiqat əsərləridir və ədəbiyytımızın həmin istiqamətdə qızıl fondunu təşkil edir. Bu əsərlər günümüzdə Azərbaycan mühacirətinin həyat tərzi, təşəkkül tarixi, sosial tərkibi haqqında ən dəyərli mənbə rolunu oynayır.
Ceyhun Hacıbəyli "Xalq xadiminin xatirəsi" məqaləsində yazır: "Cəmiyyətdə bir qisim adamlar var ki, onlar hay-küysüz, səsiz-səmirsiz iş görməklə, xalqa fayda verməklə məşğuldurlar. Onlar şan-şöhrət naminə yox, xalqın tərəqqisi, maariflənməsi üçün ömür-günlərini şama döndərirlər". Ədibin bu sözlərini professor Abid Tahirliyə də aid etmək olar. "Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla!" İsmayıl bəy Qaspıralının sözləri ilə desək, Abid Tahirlinin mühacirət irsini belə səbirlə, dəqiqliklə araşdırması xalqına ən böyük xidmətidir.
Abid Tahirli bu gün elmi və publisistik yaradıcılığını qoşa qanad kimi paralel aparır. Məqalələrinin birində qələmi, məsləki və idealı haqqında yazır: "Qələmimin əlimdən düşəcəyi gün mən yoxam, başqa sözlə desəm, yaradanımdan ölümümdən sonra qələmimin əlimdən düşməsini təmənna edirəm. 50 il mən qələmdən, qələm mənim əlimdən tutdu, bir-birimizə həyan, dayaq olduq. Bircə dəfə də olsa, bircə sətir, bircə cümlə də olsa əyri, yalan, şər, böhtan, iftira, anonim yazmadım, haqqa göz yumub haqsızı müdafiə etmədim, ləyaqətlinin, layiqlinin ünvanına ən xoş, ən təzə, ən təravətli, ən saf, ən sərrast, ən səmimi sözləri söylədim, məddahlıq etmədim, doğrunu, düzü yazdım. Ən ağır, ən acı, çətin, dar günlərimdə, kədər, qəm, qüssə mənə hücum çəkəndə -
babamı, valideynlərimi, bacımı itirəndə də qələmimə sığındım, onunla ovundum, sakitləşdim, onun köməyi ilə təsəlli, təskinlik tapdım, büdrəmədim, yıxılmadım. Ən xoş, ən sevincli günlərimi onunla bölüşdüm, onunla paylaşdım".
Professor Abid Tahirli ömrünün 70-ci - yubiley payızına bahar ovqatı, gənclik əhval-ruhiyyəsi, ovqatı ilə qədəm qoyur. Maşallah, xarici görünüşü, qıvraqlığı, iş ahəngi 70-i göstərmir. Hələ ardıcıl çap etdirdiyi kitabları demirik. Abid müəllimi bu yaşında da belə gənc saxlayan, şux göstərən bilirsiniz nədir? Simasındakı ilahi nurdur, elmindən, idrakından, iç dünyasının təmizliyindən, qəlbinin paklığından qaynaqlanan işıqdır, fitri istedadla gərgin zəhmətin çarpaşıq harmoniyasıdır, adının taleyinə gətirdiyi ilahi hikmətdir, həyata, insanlara, sevdiyi işinə, qələminə bəslədiyi sonsuz məhəbbətdir!
Şair Məmməd İsmayıl ölməz söz sərrafı M.Şəhriyarın həyat və yaradıcılığını təhlil edərkən tədqiqatını bir fikirlə ümumiləşdirmişdi: "Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə tanınır". A.Tahirli millətinin elə mərd övladlarındandır ki, fəaliyyəti, yaradıcılığı gələcək nəsillərə örnək kimi nümunə göstərilə bilər. Onun elmi-publistik-bədii irsi xalqımızın milli sərvətidir. Abid Tahirlinin 70 illik ömründə qazandığı sərvət bütün ömrü boyu sətir-sətir yazdığı elmi araşdırmalarıdır, min bir zəhmət bahasına ərsəyə gətirdiyi əsərləridir. O əsərləri ki, qəhrəmanlarının həyat və fəaliyyətlərində, həm də özünün fikir və düşüncələrini, duyğu və hisslərini əks etdirərək sözün, zamanın yaddaşına köçürə bilib. Yazdığı hər kitabda özünün də bir alim, publisist, müəllim, yaradıcı insan kimi portretini yaradıb Abid müəllim...
Qələm-Adam, Söz-Adam! Yaradıcılıq həvəsiniz, yazıb-yaratmaq sevginiz dediyiniz kimi: "Dönür sözə, sözdə qalır..." Söz bulağınızın gözü heç vaxt bağlanmasın, ilham çeşməniz axarlı, coşqun olsun! Həmişə belə yorulmadan, bəhrəli çalışın! Şair demişkən:
"Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!"
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















