“DÖVLƏT VƏTƏNDAŞINA HÜCUM EDİR... BİZƏ BELƏ DÖVLƏT LAZIMDIRMI?” Tanınmış rejissor acı həqiqətləri Putinin üzünə söylədi
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış rusiyalı kinorejissor Aleksandr Sokurov Vladimir Putinin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası ilə keçirdiyi onlayn iclasda çıxış edib.
“AzPolitika” xəbər verir ki, rejissorun çıxışı mediada və sosial şəbəkələrdə böyük əks-səda doğurub. Belə ki, Sokurov hazırda Rusiyada demək olar, heç kimin deməyə cəsarət etmədiyi bəzi həqiqətləri Putinin üzünə söyləyib.
Qeyd edək ki, Sokurov sonuncu dəfə 2021-ci ildə eyni şuranın toplantısında çıxış etmişdi və onun Çeçnistan başda olmaqla Şimali Qafqazla bağlı fikirlərinə Putin sərt reaksiya vermişdi. Ondan sonra rejissoru üzvü olduğu bu şurada çıxışa buraxmırdılar.
Əvvəllər də rejissor işi və ictimai çıxışları səbəbindən dəfələrlə təzyiqlə üzləşən Sakurov bu dəfə kameralar qarşısında Rusiyadakı "xarici agentlər" qanunu, Rusiya universitetlərindəki problemlər, bahalaşma və senzura kimi məsələləri qaldırıb. Putin Sokurovun iradlarına cavab verməyə çalışıb, lakin müşahidəçilərin də dediyi kimi, cavablar olduqca səthi, qeyri-adekvat və bəzən yalan məlumatlarla dolu olub. Bir çox suallardan isə Putin ümumiyyətlə yayınıb.
Sokurov çıxışında ilk olaraq Rusiyada təhsil mövzusuna toxunub. Xüsusilə, o, Rusiya universitetlərində dövlət tərəfindən maliyyələşdirilən yerlərin Ukrayna ilə müharibə - “SVO” iştirakçılarının övladları tərəfindən doldurulmasından danışıb. Rejissor qeyd edib ki, bu səbəbdən digər istedadlı gənclər pulsuz təhsildən kənarda qalır və maliyyə imkanları olmadığından ümumiyyətlə, ali təhsildən məhrum edilirlər: “Uşaqları ali təhsil müəssisələrinə daxil olmaq üzrə olan dostlarımın çoxu hərbçilərin uşaqlarının ali təhsil müəssisələrinə daxil olarkən bütün üstünlüklərdən istifadə etməsindən narahatdırlar. Siyasi baxımdan bu addımı yaxşı başa düşürəm. Lakin təhsilin keyfiyyəti və təhsil prosedurları baxımından düşünürəm ki, müəyyən bir tarazlıq yaradılmalıdır. Çünki dövlət tərəfindən maliyyələşdirilən yerlərin sayı kəskin şəkildə azaldılıb… Ölkədəki çətin iqtisadi vəziyyəti və vəziyyətin daha da pisləşməsi ehtimalını nəzərə alsaq, universitetə daxil olmaq istəyən gənclərin vəziyyəti kritikdir və getdikcə də çox çətinləşir. Bəzi universitetlərin tələb etdiyi kimi, təhsil üçün ildə 200.000, 300.000 və ya bəlkə də 400.000 rubl ödəmək sadəcə olaraq qeyri-mümkün hala gəlir”.
Putin cavabında dövlət sifarişli yerlərin “SVO” iştirakçılarının övladlarına verilməsinə haqq qazandırıb: “Mən bunun düzgün qərar olduğuna dərindən əminəm. Dövlət mütləq bu uşaqları dəstəkləməli və onlara dövlət tərəfindən maliyyələşdirilən təhsil almaq hüququ verilməlidir… Sizi əmin edirəm ki, “xüsusi hərbi əməliyyat”da iştirak edən qəhrəmanlarımızın övladları, ali təhsil müəssisəsinə qəbul olmaq üçün bütün digər namizədlərdən heç də geri qalmırlar”.
Qeyd edək ki, bir çox mütəxəssislər pulsuz və qəbulda konkursdan kənar ali təhsilin “SVO” iştirakçılarının övladlarının ixtiyarına veriməsini təsadüfi saymır. Onlar hesab edirlər ki, Kreml bununla digər məqsədlərlə yanaşı, gələcəkdə özünə loyal “ziyalı təbəqəsi” yaratmaq məqsədi güdür.
Sokurov daha sonra Putinə deyib ki, bugünkü Rusiyada siyasi müzakirə mədəniyyəti yoxdur və senzura təzyiqi digərləri ilə yanaşı, yaradıcı insanlara da pis təsir göstərir: “Belə çıxır ki, dövlət öz vətəndaşına hücum edir. Vətəndaş dövlət adlı bir təşkilat qurub. O, təsisçidir, elə deyilmi? Bir müddət sonra dövlət öz təsisçisini əvvəlcə bir tərəfdən, sonra digər tərəfdən sıxışdırmağa başlayır... Gənclərlə işləmə tərzimizi dəyişdirməsək, çox uzağa gedə bilməyəcəyik. Bu, tamamilə çıxılmaz vəziyyət, bütün sistemin, dövlət sisteminin, milli sistemin tamamilə geriləməsi olacaq. Gəncləri sevməliyik, onlarla işləməliyik, onları böyütməliyik, istədikləri hər şeyi reallaşdırmaları üçün bütün lazımi şəraiti yaratmalıyıq... Bir dəfə demişdiniz ki, "Rusiyasız bir dünya bizim nəyimizə lazımdır?” Bəs təhsil almaq imkanı olmayan bir dövlət nəyimizə lazımdır? Biz gənclərlə, orta məktəb şagirdləri və ya universitet tələbələri ilə siyasi müzakirələr apara bilməmişik və hələ də bilmirik. Ölkə bu müzakirələrdən qorxur. Siyasi müzakirələr üçün bir prosesin olmaması, ölkədə baş verən prosesləri açıq şəkildə müzakirə etmək üçün bir prosesin olmaması, ciddi müxalif mövqelərin müzakirə edilməməsi, mənim fikrimcə, bir çox istedadlı insanın həyatına çox ciddi zərbədir".
Sakurov artan kommunal xidmət və kirayə haqlarından da şikayət edib. Putin cavabında deyib: “İnflyasiya səbəbindən tariflər qaçılmaz olaraq artır, amma ən əsası onların orta dərəcədə artmasıdır. Siz tamamilə haqlısınız; bu proses heç bir şəkildə kortəbii olmamalıdır”.
Ardınca Sakurov Rusiyada tətbiq edilən “xarici agent” qanununun vətəndaşı alçaltdığını deyib: “Hər həftə həyəcanla yenidən kiminsə xarici agent elan olunduğunu izləyirik. Bu, dəhşətlidir. Mənim həmvətənlərim birdən birə “xarici agent” elan olunur. Belə bir siyasi kateqoriyanın mövcud olduğunu başa düşürəm. Ancaq belə asanlıqla insanlara bu cür ad qoyulur, hansısa iradlar bildirilir və davamı gəldikcə gəlir. Sonra onların taleyi necə olur? Bununla bağlı nə edəcəyiniz bəlli deyil. Mənim fikrimcə, bu, səhv qərardır, bir insanı, vətəndaşı alçaldan, onun inkişaf etməsinə və mövcudluğunu davam etdirməsinə mane olan bir qərardır. Bu, mənim üçün tamamilə aydındır”.
Bu haqlı təniqdə cavab verməkdə çətinlik çəkən Putin pis vəziyyətə düşüb və bir növ günahı ABŞ-nin üzərinə atıb: “Bu qanunu biz icad etməmişik; bu, 1940-cı illərdə ABŞ-də tətbiq edilib. Biz bunu icad etməmişik; orada bu qanunu pozmaq həbs cəzası ilə nəticələnir, amma bizdə bu yoxdur… Düşünürəm ki, burada xüsusi qorxulu bir şey yoxdur”.
Putinin dediyindən belə çıxıb ki, özünü suveren, müstəqil dünya gücü hesab edən Rusiya ABŞ-dən asılıdır və bu qanunu məhz ABŞ nə vaxtsa qəbul etdiyi üçün özündə qəbul etməli olub. Belə olan halda, ABŞ-də saysız hesabsız digər qanunlar var ki, Rusiya onları qəbul etmir. Nədən onlardan məhz “xarici agent” qanununu seçib? Digər yandan, müşahidəçilərin də qeyd etdiyi kiimi, “xarici agent” haqqında qanuna görə vətəndaşların guya həbs edilmədiyi barədə Putinin dedikləri də ağ yalandır…
Bu çıxışından sonra Sokurov jurnalistlərə deyib ki, çıxışının nəticələrindən ehtiyat edir. Onun fikrincə, çıxışının Birinci Kanalın rəhbəri Konstantin Ernst və Mədəniyyət Nazirliyi də daxil olmaqla, bütövlükdə "bürokratik sistem"i narazı saldığı şübhə doğurmur.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















