Dövlətçilik: yeni strateji mərhələ
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
I MƏQALƏ
Tarixin imtahanı çətin olur
Azərbaycan mediası kifayət qədər dövlətçi və güclüdür. Bizim mediaməkan hazırda bəlkə də postsovet məkanında ən güclü formada dövlət quruculuğu, tarixə yenidən baxış, qlobal səviyyədə cərəyan edən hadisələrə analitik və təsviri yanaşma aspektlərində həssaslıq göstərən informasiya sahəsidir. Bunlar müstəqil dövlətçilik quruculuğu baxımından çox əhəmiyyətlidir. Azərbaycan mediası, əlbəttə, həmişə “diri” və milli olmalıdır.
Digər tərəfdən, müşahidələr göstərir ki, bir çox hallarda tarixlə müasirliyin nisbətinə baxışlarda ifrat emosional yanaşmaların savaşı meydana gəlir. Özü də son zamanlar müasir Azərbaycanın dövlət və millət quruculuğu məsələlərinə daha çox Səfəvi-Osmanlı dixotomiyası prizmasında yanaşma cəhdləri özünü göstərir. Əlbəttə, bu coğrafiyanın iki nəhəng türk imperiyasının bizim dövlətçilik tariximizdə yeri və rolu həmişə tədqiq edilməlidir. Lakin müasir Azərbaycan dövlətçiliyinin perspektivinə onlardan hər hansı birinin üstünlüyü prizmasında baxmağı doğru saymaq çox çətindir.
Burada məsələ yalnız elmi baxımdan tarixə hansı yanaşmanın adekvat olub-olmamasında deyil. Məsələ ondadır ki, müasir mediaməkan elə çevik və “amansız” formadadır ki, biri “həqiqəti”ni məntiqi, faktiki sübut edənə qədər öncədən qərəzli yanaşmanı seçmiş “mediaqrup” və ya gerçəklikdən xəbərsiz KİV orqanı aralığı “toza-dumana” bürüyə bilər. Mahir yazar bunu elə nəzərə almalıdır ki, özünün gerçək milli dövlətçilik mövqeyinə xələl gətirməsin. Bunun yanaşma və ideya baxımından çıxış yolu mövcuddurmu? Bizcə, mövcuddur!
Dixotomiyadan çıxış
XX əsrin məşhur fransız politoloqu Jan Blondel siyasi liderliyin tədqiqində dixotomik (yalnız iki kriteriyanın qarşılıqlı müqayisəsi) yanaşmanı doğru hesab etmirdi. Bunun kökünü, ümumiyyətlə, politologiyada dixotomik yanaşma ənənəsinin formalaşmasında görürdü. Hesab edirdi ki, insanlar adətən daha sadə izah üsuluna meyillidirlər. Sadələşdirmək mütləq həqiqətə aparan yol kimi görünür. Lakin müasir elmi kriteriyaların işığında tarix, dövlətçilik və liderlik kimi mürəkkəb xarakterli və çoxaspektli fenomenlərə fərqli yanaşmaların faydalı olduğuna J.Blondel də daxil olmaqla bir çox alim, filosof və politoloqlar əmindirlər.
Çünki istənilən halda tarix barədə danışmaq narrativdir. Onun müxtəlif aspektlərdən və çoxlu sayda faktorların qarşılıqılı əlaqədə təhlili “ortaq həqiqəti” konkret dövlət və cəmiyyətin milli maraqları kontekstində aydınlaşdırmağa şans verir.
Niyə mütləq həqiqət deyil, “ortaq həqiqət?” Çünki müasir fəlsəfi-elmi düşüncəyə görə hamının qəbul edə bildiyi “mütləq həqiqət” yoxdur. Ayrıca dövlətçilik tarixinə gəldikdə isə müasir tələblər və çağırışlar fonunda hansı məqamlar milli maraqlara aiddirsə, onların prizmasında “ortaq həqiqət” axtarışını aparmaq lazımdır. Bu faydasız dixotomik məntiqi və faktoloji “didişmədən” kənarda durmağa imkan verir. Həm də elmi, milli, dövlətçi düşərgənin mənəvi-ideoloji və tədqiqi bütövlüyünü saxlamağa imkan yaradır. Məsələnin bu tərəfi bizim üçün indi çox önəmlidir. Səbəblərini bir daha izah etməyə çalışacağıq. Öncə bir məqama da toxunaq.
Dövlətçilikdə milli maraqlar
Kimsəyə nəzəriyyə dərsi keçmək niyyətimiz yoxdur, çünki bu cəmiyyətdə güclü intellekt sahiblərinin dərindən tədqiqatlar apardığına əminik. Sadəcə, mühüm saydığımız bir sıra faktorların kompleks yanaşma əsasında nəzəri müqayisəsinə baş vurmağa çalışacağıq.
Əvvəlcə, onu vurğulayaq ki, “milli maraqlar”la “dövlətçilik” millətlər formalaşandan bu yana bir-biri ilə sıx əlaqəli məzmuna malik olsalar da, fərqli məntiqi, semantik və konseptual vurğuları olan terminlərdir. Bu anlayışlar hazırda politologiya və hüququn təməl anlayışları sırasındadırlar. Onları bir-birindən uzaq tutmaq qədər məhdud “dixotomik təfəkkür” çərçivəsinə yerləşdirməyə çalışmaq da, XXI əsrin geosiyasi və tarixi reallıqları baxımından çox təhlükəlidir. Bu yanaşma prizmasında dövlətçilik institusional müxanizm və təminatdır. Dövlətçilik cəmiyyətin suverenliyi, təhlükəsizliyi və özünəməxsus inkişafının, yəni qövmün həyati əhəmiyyətli tələbatlarının müdafiəsi, saxlanması və reallaşmasının institusional mexanizmi və təminatçısıdır.
Əlbəttə, dövlət və ölkə üçün bu cür əhəmiyyəti və aktuallığı olan məsələlərdə müzakirələr, mövqelərin təqdimatı və öz haqlılığını sübut etmək istəyi yüksək emosionallıqla müşayiət oluna bilər. Bunu başa düşmək lazımdır. Ancaq dövlətçiliyin gələcəyi baxımından peşəkar yanaşma kimi qəbul etmək, qüsura baxmasınlar, mümkün deyildir. Çünki hazırda məhz peşəkar səviyyədə düşünüb nəticələr çıxara bilən intellekt sahibləri bu müstəqil dövlətin gələcək obrazlarını yaratmalıdırlar! Bu, seçim deyildir, zamanənin özəlliyindən yaranmış zərurətdir!
Vurğulanan kontekstdə milli maraqları necə tərif etmək olar? Ümumiyyətlə, milli maraqlar millət-dövlət tandeminin tələbatlarının kompleksidir. Onun başlıca funksiyası ərazi bütövlüyünün, rifahın, mövcud ola bilməyin və mənəvi-ruhi inkişafın təmininə istiqamətlənir. Bu anlamda milli maraqları xalqın uzunmüddətli strateji prioritetlərini ifadə etdiyini tədqiqatçılar xüsusi vurğulayırlar. Belə alınır ki, dövlətçilik–milli maraqlar konteksti dərin, əhatəli və strateji əhəmiyyəti olan faktorlar şəbəkəsini (və ya sistemini) əhatə edir. Həmin sırada mənəvi-ideoloji aspektə aid olan bir incəlik problemin tədqiqini dövlətçiliyin perspektivi baxımından olduqca həssas hala gətirir.
İdentiklik və təhlükəsizlik
Dövlətçiliyin milli maraqlar bağlılığında ən aktual faktorlarından biri identikliyin saxlanması və təhlükəsizliyin (geniş anlamda – milli təhlükəsizliyin) təmini ilə bağlıdır. “İdentiklik” anlayışı isə burada özündə sosial, siyasi, kültürəl, demoqrafik və sair identikliklərlə dövlət identikliyinin qarşılıqlı əlaqədə saxlanmasını ehtiva edir. Ancaq bu da məsələnin tam anlamını vermir.
Çünki cəmiyyətdə elə mexanizmlər müəyyən edilməlidir ki, identikliyin saxlanmasını təhlükəsizliyin təmininə perspektivli proyeksiya edə bilsin. Məhz bu məqamda ölkənin ziyalı kəsimi ilə medianın, hakimiyyət orqanlarının və ümumiyyətlə, sosial şəbəkələrin sıx qarşılıqlı fəaliyyəti (buna “əməkdaşlıq” da demək olar) ön plana çıxır. Fikirlərdə nə qədər yüksək konsensus yaransa, ictimai məsuliyyət və inklüziv legitimlik bir o qədər yüksək olar. Toplumun ideya konsensusu ortaq məsuliyyət faktorunun əhəmiyyətini artırır. Bu baxımdan dövlətçiliklə bağlı hər hansı fundamental məsələnin müzakirəsinin cəmiyyətə necə təqdim olunmasının həssaslığı daha aydın görünür.
Bu məqamda XXI əsrin çağırışları fonunda bir vacib xüsusiyyəti mütləq surətdə nəzərə almaq ehtiyacını qəbul etməliyik.
İnformasiya həssaslığı
“İnformasiya həcmi”nin riyazi anlamı sadədir. O, məlumatın, mətnin və ya faylın yaddaş daşıyıcısında tutumunun kəmiyyət ölçüsüdür. Onu “bit” və “bayt”larla ölçürlər. Bu anlam K.Şennon və ya R.Hartlinin “informasiya” anlayışına klassik yanaşmalarından intişar edir. Ancaq məsələ mürəkkəb sistemlərə, o cümlədən sosiuma, topluma, cəmiyyətə, mədəniyyətə, mənəviyyata, dövlət quruculuğuna, ideoloji konseptuallaşmaya gəldikdə vəziyyət prinsipial olaraq dəyişir.
Bu bağlılıqda tədqiqatçını informasiyanın həcmi ilə məzmunu və onun funksionallığı prizmasında əmələ gətirdiyi sosial-psixoloji və mədəni faktorları müəyyən etmək də maraqlanıdırır. Problemin həmin aspektinin izahı mürəkkəb rasional-məntiqi konstrukt tələb edir və qəliz dərk edilir (oxuculardan üzr istəyirəm, lakin bu cəhətin əhəmiyyətini nəzəriyyə olmadan təqdim etmək imkansızdır). Qısa izah etməyə çalışaq.
Klassik yanaşmada informasiya məlumatın mənanı nəzərə almadan informasiyanın həcmi kimi dərk edilir. Onu qeyri-müəyyənliyin ölçüsü və ya entropiya da adlandırırlar. Əsas məqam ondan ibarətdir ki, bu yanaşma məlumatın mənasını müəyyən etməyə və onu praktiki tətbiq etməyə imkan vermir (söhbət yalnız informasiyanın məna kimi tətbiqindən gedir).
Sinergetikada isə informasiyanın həcmi onun strukturu ilə bağlı dərk edilir və sistemin təkamülü, qeyri-xətti qarşılıqlı təsirlər kompleksi və yeni keyfiyyətlərin meydana gəlməsi faktorlarını aktuallaşdırır. Nəticədə, informasiyanın həcmini “sıxmaq” imkanı yaranır. Bu zaman məna kontekstində “nizamlama parametrləri” yaranır və onlar sistemi idarə edirlər. Əsas cəhət bundan ibarətdir. Sadə dildə ifadə etsək: çoxlu sayda mikroinformasiyanın qarşılıqlı əlaqəsi sinergetik effekt kimi makroparametr əmələ gətirir.
Cəmiyyətə tətbiqdə bunlar onu ifadə edirlər ki, toplumun altsistemləri (siyasət, elm, təhsil, mədəniyyət, ideologiya və s.) qarşılıqlı əlaqə zamanı yaranan informasiyanın toplam həcmi və keyfiyyəti bu altsistemlərin hər birində olan informasiya həcmindən çox (artıq) ola bilir. Sosial sistemlərdə sinergetik effekt bundan ibarətdir. Onun ümumi təzahür forması isə toplumda xaosla nizamlılığın balansıdır.
Buradan sinergetik anlamda “cəmiyyətin inkişafı nə deməkdir?” sualına cavab vermək olar. Cəmiyyət o zaman inkişaf edir ki, ümumi miqyasda daxili informasiya mübadilələri altkəsimlərin hər birində olan informasiyadan artıq həcmdə informasiya mənası yaranır. Yəni müxtəlif xarakterli informasiya mübadilələri cəmiyyətdə xaotikliyi azaldır və bunun fonunda nizamı artırırsa, həmin cəmiyyət inkişaf edir, bu mənada, daha güclü “immun sistemi”nə malik olur.
Ziyalı–hakimiyyət münasibətləri
Belə alınır ki, istənilən cəmiyyətdə əsas hesab edilən parametrlərin (onlar iqtisadi və maddi xarakterli olduqları kimi mənəvi-ideoloji və mədəni mahiyyətli də olurlar) kommunikasiyası tolumsal miqyasda çox həssas mühit yarada bilirlər. Buradan iki ümumi nəticə çıxara bilərik:
Birincisi, müasir cəmiyyətdə fundamental məqamlarla bağlı olan istənilən məsələyə cəmiyyət həssaslıq göstərir. Onu kollektiv səviyyədə ya böhran kimi, ya da inkişaf kimi “qiymətləndirir” və ya “mənalandırır”. Buna görə də hər deyilən söz cəmiyyətin və dövlətin taleyi baxımından konkret məsuliyyət deməkdir.
İkincisi, ziyalı-hakimiyyət münasibətləri aspektində elmi fikirlər və ya ümumi mövqelər bütövlükdə toplumsal mühiti dəyişməyi motivə edir. Alimin adekvat olmayan tezisini hakimiyyət qəbul etsə, bədəli ağır ola bilər. Və ya alimin əsaslı fikri qəbul edilməsə, onun təsiri də çox ziyanlı sosial-psixoloji vəziyyət yarada bilər.
Buradan avtomatik olaraq belə alınır ki, ziyalıların öz aralarında hansı tərzdə, məzmunda və xarakterdə müzakirələr aparması məhdud mahiyyətli kommunikativ hadisə deyildir – nəzərə almaq lazımdır ki, bu müzakirənin geniş toplumsal əks-sədası ola bilər.
Deməli, dövlətçilik tarixi ilə bağlı ciddi məsələlərin müzakirəsi və o əsasda qərarların qəbul edilməsi lokal dairələrə aid məsələ deyildir – onun cəmiyyət miqyasında təsiri qaçılmazdır.
Bunlar onu ifadə edir ki, kimlərinsə hər hansı imperiya keçmişini müasir müstəqil Azərbaycan dövlətçiliyi və milli maraqlarının bünövrəsinə yerləşdirməyə çalışırsa, son dərəcə ehtiyatlı olmalıdır. Hazırkı tarixi mərhələdə müstəqil Azərbaycan dövlətinin və cəmiyyətinin identikliyinin qlobal geosiyasi kontekstini arxa plana atmamalıdır. Bu məqam da informasiya mübarizəsində xarici təsirlərin cəmiyyət tərəfindən qəbul edilib-edilməməsi aspektində də çox aktual və düşündürücüdür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Baxış sayı:33
Bu xəbər 31 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















