Icma.az
close
up
RU
Dünyanın ən böyük cinayəti eşqsiz yaşamaqdır

Dünyanın ən böyük cinayəti eşqsiz yaşamaqdır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru Amid Qasımov ilə aktyor sənəti, çalışdığı teatr və son günlərdə yayımlanıb müsbət rezonans doğuran, baş rollardan birini canlandırdığı "Tilov" serialı haqqında söhbət etdik.

- Amid bəy, aktyorluq təhsillə qazanılan sənətdir, yoxsa insanla birgə doğulan istedad?

- Əlbəttə, hər ikisi istənilən peşədə olduğu kimi, aktyorluq peşəsində də çox vacibdir. Amma əvvəlcə gərək bu iki məsələnin nə olduğunu, nəyə xidmət elədiyini aydınlaşdıraq. Ümumiyyətlə, aktyor sənəti nədir, aktyor kimdir, o, necə olmalıdır, necə davranmalıdır və sair. Hər bir peşəni seçən insan onu öyrənib inkişaf etdirir ki, onunla yaşamını təmin edə bilsin. Bu peşəyə yanaşanda anlayırsan ki, istedad, qabiliyyət - bunlar ölçüyə, tərəziyə gəlməyən şeylərdir. Bunun miqdarını təyin etmək mümkün deyil. Yəni bunlar heç cür bir araya gəlmir. Amma bir araya gələn məsələlərlə üzərində əməliyyat apara biləcək, ölçülüb-biçilə biləcək bir yöndə gərək aktyor öz münasibətini, işini qursun. Bu mənada birinci növbədə nə lazımdır? Hər bir sahədə peşəkarlıq deyilən məsələ varsa, deməli, burda da peşəkarlıq məsələsi olmalıdır. Bunun üçün gərək peşəkarlığın nə olduğunu da aydınlaşdıraq. İşinin bütün meyarlarını bilən, onu idarə etməyi, işlətməyi bilən, bacaran bir insandır peşəkar. Biz də aktyorluq peşəsi ilə məşğuluqsa, öncə bu peşəmizə lazım olan nələr varsa, onları birinci növbədə özümüz üçün müəyyənləşdirməli, aydınlaşdırmalıyıq. Sonra görməliyik ki, bizim bu qabiliyyətimiz bu peşənin şərtlərinə çatır, ya çatmır. Harda kəsirimiz,  çatışmazlıqlarımız var, nələr bizim üçün problemdir, nələr problem deyil... Bütün bunları saf-çürük etməliyik. Əlbəttə, bu, göründüyündən də mürəkkəb məsələdir. Bunun üçün böyük əmək sərf etməli, gecə-gündüz zəhmət çəkməlisən. Bu mənada təbii ki, təhsilsiz çox çətindir. Təhsil sənin özünü kəşf etməyin, Öz səsini, Öz bədənini, Öz duyğularını tanımağın üçün ən vacib bir işi görür. Beləliklə, peşəsinə aid sirləri öyrəndikcə aktyor öz sirlərini də kəşf edir.

- Aktyor Amid Qasımov səhnədə kim olmaq istəyir?

-  Əlbəttə, həmişəki kimi sadə bir oyunçu, öz işini vicdanla, peşəkarcasına görən bir sənətçi.

- Yuğ Teatrında çalışmaq sizin üçün seçim, təsadüf, ya tale idi?

- Bütün teatrlarımız mənə doğmadır. Hamısını çox sevirəm. Hər birində mənim dostlarım çalışır. Ancaq öz ruhu ilə, sənətə və sənətkara münasibəti ilə "Yuğ" həmişə məni özünə cəlb edib. Tələbəlik illərimdə də bunu hiss edirdim. Arzum gec-tez burada, bu səhnədə olmaq idi. Və buradayam. Bunun üçün ustadım Vidadi Həsənova və bütün yuğçulara minnətdar olacam həmişə. 

- "Yuğ"un özünəxas estetikası aktyordan ilk növbədə nə istəyir?

- Birinci növbədə yüksək səviyyədə peşəkarlıq və nizam-intizam. "Yuğ" mənimçün peşənin üstündə bir anlayışdır. Bu, öz metodikasıyla, poetikasıyla milli-mənəvi soy kökümüzə bağlı əbədi bir teatr düşüncəsidir mənimçün. "Yuğ"u və bu düşüncəni mədəniyyətimiz adına fenomen hesab edirəm. Belə bir teatrın sənətçisi bu düşüncəyə cavab vermək üçün gərəkdir ki, "Yuğ" məktəbinə də dərindən yiyələnsin, bələd olsun. Bu mənada hələ ki özümü bu məktəbin tələbəsi hesab edirəm. Çünki öyrənməli xeyli məsələlər var.

- Səhnədə oynayıb bitirdikdən sonra uzun müddət psixoloji təsirindən çıxa bilmədiyiniz rolunuz olubmu?

- Buna bir cümlə ilə cavab vermək istəyirəm: Teatr, bütövlükdə bədii yaradıcılıqla yalnız və yalnız, sözün böyük mənasında sağlam adamlar məşğul olmalıdırlar.

- "Yuğ" tamaşaçısı ilə digər teatrların tamaşaçıları arasında əsas fərqi nədə görürsünüz?

- Bilirsiniz, bu, sevmək kimidir. Sən buna aşiq olursan və bu aşiqlik səni ona bağlayır. Mən hərdən düşünürəm ki, "Yuğ"a gələn tamaşaçı deyil, aşiqlərdir - Yuğ aşiqləri. Çünki teatr özü həm də Eşqdir. Gərək sən bu eşqə düşəsən. Bu mənada teatra, özəlliklə "Yuğ"a onu yalnız sevənlər gəlir.

- Əgər bir tamaşa ilə xatırlanmalı olsaydınız, sizcə, bu hansı tamaşa olardı və niyə?

- Oynadığım bütün tamaşalar mənim üçün çox dəyərlidir. Amma Gümrah Ömərin hazırladığı "Rindü-Şeyda" tamaşasını deyərdim. Niyəsini deyə bilmərəm, onu görənlər bilir. Məni bağışlasınlar, Azərbaycanda elə bir rejissor "master-klassı" görməmişəm. Bunu Gümrah Ömər etmişdi.

- Gələk son günlər cəmiyyətimizə həqiqi mənada səs salan, "bizdə də serial çəkilir" düşüncəsini yaradan "Tilov" serialına. Siz bu serialda baş rollardan birini canlandırmısınız. Maraqlıdır ki, "Tilov" sizin üçün nə ifadə edir? İlk dəfə ssenari ilə tanış olarkən nələr hiss etdiniz?

- "Tilov" mənə çox şeylər ifadə edə bilər, amma istənilən material sənətçi üçün özünü ifadə baxımından bir bəhanə rolunu oynayır. Bu mənada mənim də orada özümü ifadə edə bilməyim üçün "Tilov" serialı ciddi mövzularla zəngin idi. Xüsusən, məni cəlb edən və serialda çəkilməyimə təkan olan oradakı eşq mövzusu idi. Orada Nazim öz hissləri ilə peşəsi arasında qəribə bir situasiyada tilova düşür. Mənim üçün ondan çıxış yolu çox maraqlı idi. Belə ki, filmdəki bir çox səhnələr gedişatda dəyişdi və gözlədiyimiz sonluq olmadı. Hamının izlədiyi sonluq elə oradaca yaranan bir fikir idi, rejissor Emil Quliyev düşündü ki, bu cür həll etmək lazımdır. Filmin mənim üçün ifadə etdiyindən daha önəmlisi, mənim orada nəyi ifadə etməyim idi.

- Nazimlə Amid arasında hansı uyğunluğu, ortaq xüsusiyyəti kəşf etdiniz?

- Hər bir işdə aktyor ilk növbədə bu sualı qoyur özünə. Bəli, forma etibarilə Nazimlə Amid arasındakı hər şey fərqlidir. Amma məni daha çox maraqlandıran mahiyyətdəki bənzərlikdir. Mənə elə gəlir ki, hər ikimizin eşqə baxışımızda hansısa bənzərlik vardı. Eyni zamanda peşəsinə münasibətdə də özümlə bənzərlik görə bilirəm. Fikrimcə, mən də öz peşəmə bacardığım qədər sadiq biriyəm, hər gün öyrənməklə məşğulam, hələ də heç nə bilmədiyimin fərqindəyəm. Nazimdə də bu xasiyyət vardı.

- Əgər serialın ad seçimi sizə həvalə olunsaydı, siz bu seriala hansı adı uyğun bilərdiniz?

- Serial başlayanda ilk adı adanın adı ilə "Çilov" kimi düşünülmüşdü. Amma montaj prosesindən sonra adla bağlı müəyyən məsələləri düşünəndə "Tilov" adı seçildi ki, məncə, doğru və uğurlu bir addır. Çünki oradakı bütün məsələlər, sujet düzümü elə bu kontekstdə idi. Mahiyyətindəki ardıcıllıq elə tilov kimi mənalana bilirdi. Həqiqətən də oradakı bütün münasibətlərdə birinin digərinə tilov atması, tələ qurması kimi nüanslar özünü göstərirdi. Həmçinin, mahiyyət etibarilə mənim üçün "Nazim və Nigar dastanı" idi bu.

- Çəkiliş prosesində sizi ən çox təsirləndirən və düşünürsünüz ki, hələ uzun illər yaddaşınızdan silinməyəcək hansı məqamlar oldu?

- Hər anı ilə qəlbimdə silinməz izlər buraxıb. İlk gündən son günə qədər, elə bu günün özündə belə məni təsirləndirən və unutmadığım bir məqam var idi. Orada bizimlə 5-6 nəfər qadın işləyirdi. Biz təxminən 1 aya yaxın o adada olduq və gün ərzində 2-3 saatlıq yuxu yataq, ya yatmayaq, səhərə kimi çəkilişlərimiz olurdu. Mən hər dəfə çəkilişdə o qadınların necə yorulmadan, böyük zəhmətlə çalışdıqlarını görürdüm. Onların çəkdiyi əziyyəti görüb həm kədərlənirdim, həm sevinirdim. Düşünürdüm ki, filmin əsas rollarından birini - bir növ qəhrəmanı oynayıram, amma qəhrəmanlıq əslində budur. Mən çox zaman onların o zəhmətlərini gördükcə utanırdım. Mənimçün ən təsirli məqam bu idi ki, indiyə kimi də yaddaşımda ilişib qalıb. Eləcə də orada keçən hər günümüz əyləncəsi ilə, maraqlı anları ilə unudulmazdır.

- Sizcə, "Tilov" tamaşaçıya hansı mesajı verir?

- Bir cümlə ilə desəm, təxminən belə olar ki, dünyanın ən böyük cinayəti eşqsiz yaşamaqdır. Mənim üçün kimisə sevməmək onu öldürməkdən daha dəhşətli cinayətdir, daha pis cəzadır. O serialdakı hadisələrin də kökündə ta ana bətnindən başlayan sevgisizlik dayanır. Bu yaxınlarda Emil Quliyev də belə bir paylaşım etmişdi ki, dünyanı sevgisiz böyüyən uşaqlar talan etdilər. Amma təbii ki, əsər yozumlara çox açıqdır, kim hansı tərəfdən istəsə, o mesajı alacaq.

- "Tilov" çox qısa zamanda böyük bir tamaşaçı sevgisi qazandı. Sizcə, bu sevginin əsas səbəbi nə idi?

- Təbii ki, ilk növbədə Emil Quliyev, onun gecə-gündüz yorulmadan işləyən komandası və aktyorların birgə əməyini vurğulamalıyam. Bütövlükdə hər kəs bu işi böyük bir eşqlə icra etdi, hərə öz üzərinə düşən işin öhdəsindən böyük məsuliyyətlə gəlməyə çalışdı. Filmin hekayəsi, ötürdüyü mesajlar da öz təsirini göstərir.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:431
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri