Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Dünyanın ölkələrində universitetə qəbul sistemi 10 fərqli model

Dünyanın ölkələrində universitetə qəbul sistemi 10 fərqli model

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dünyada təhsilin keyfiyyətini müəyyənləşdirən əsas meyarlardan biri imtahan və qiymətləndirmə sistemidir. Hər bir ölkə öz təhsil ənənələrinə, sosial-iqtisadi şəraitinə və gələcək inkişaf hədəflərinə uyğun olaraq şagirdlərin bilik və bacarıqlarını fərqli üsullarla qiymətləndirir.

Bəzi ölkələrdə universitetlərə qəbul məktəb qiymətləri və müsahibələr əsasında həyata keçirilir, digərlərində isə vahid milli imtahan həlledici rol oynayır. Ayrı-ayrı dövlətlərdə buraxılış və qəbul imtahanları bir sistemdə birləşdirildiyi halda, bəzilərində bu proses bir neçə mərhələdən ibarətdir.

Modern.az dünyanın müxtəlif ölkələrində tətbiq olunan imtahan və universitetə qəbul sistemlərini araşdırıb.

1. ABŞ

ABŞ-da vahid mərkəzləşdirilmiş buraxılış və ya universitetə qəbul imtahanı sistemi mövcud deyil. Ali məktəblərə qəbul zamanı əsasən məktəbdaxili qiymətləndirmə nəticələri (GPA), standartlaşdırılmış imtahanlar, motivasiya məktubları və digər göstəricilər nəzərə alınır.

Universitetlərə müraciət edən abituriyentlər əsasən iki standartlaşdırılmış imtahandan istifadə edə bilərlər:

SAT – Riyaziyyat, oxu və yazı (Reading and Writing) bölmələrindən ibarətdir. Rəqəmsal formatda keçirilən imtahanın müddəti 2 saat 14 dəqiqə, maksimum nəticəsi isə 1600 baldır.

ACT – İngilis dili, riyaziyyat, oxu və elm (Science) bölmələrini əhatə edir. Maksimum nəticə 36 baldır.

Bununla belə, ABŞ universitetlərinin qəbul siyasəti fərqlidir. Bəzi ali məktəblər SAT və ACT nəticələrini tələb edir, digərləri isə bu imtahanları könüllü edir və ya ümumiyyətlə nəzərə almır.

2. Çin

Çində ali məktəblərə qəbulun əsasını Gaokao adlanan Milli Ali Təhsil Qəbul İmtahanı təşkil edir. Dünyanın ən rəqabətli imtahan sistemlərindən biri hesab olunan Gaokao hər il, əsasən iyun ayında keçirilir və milyonlarla abituriyent bu sınaqda iştirak edir.

İmtahanın proqramına Çin dili, riyaziyyat və xarici dil, əsasən ingilis dili daxildir. Bununla yanaşı, abituriyentlər seçdikləri istiqamətdən asılı olaraq təbiət elmləri – fizika, kimya və biologiya, yaxud humanitar fənlər – tarix, coğrafiya və siyasət üzrə biliklərini nümayiş etdirirlər.

Çin modelinin əsas xüsusiyyəti yüksək rəqabət və imtahan nəticələrinin qəbul prosesində həlledici rol oynamasıdır. Universitetlərə yerləşdirmə əsasən Gaokao balı, universitetin müəyyən etdiyi qəbul meyarları və əyalətlər üzrə kvotalar əsasında aparılır.

3. Finlandiya

Finlandiyada universitetlərə qəbul zamanı həm məktəbi bitirmə nəticələri, həm də qəbul imtahanları əsas götürülür. Yerli abituriyentlərin böyük hissəsi əlavə imtahan vermədən, orta təhsil üzrə yekun imtahanın – Ylioppilastutkinto nəticələrinin əsasında ali məktəblərə qəbul ola bilir.

Bu sistem Todistusvalinta adlanır. Digər yol isə Valintakoe, yəni qəbul imtahanlarıdır. Sertifikat nəticələri ilə qəbul ola bilməyən və ya bu yolu seçən abituriyentlər müvafiq imtahanlarda iştirak edirlər.

2025-ci ildə həyata keçirilən islahatlar çərçivəsində universitetlərin ayrı-ayrılıqda keçirdiyi çoxsaylı qəbul imtahanları vahid imtahan modelləri üzrə birləşdirilib. Beləliklə, qəbul prosesinin sadələşdirilməsi və abituriyentlərin üzərinə düşən imtahan yükünün azaldılması hədəflənib.

Finlandiyada ilk dəfə ali təhsil almaq istəyənlər üçün ayrıca qəbul kvotaları da tətbiq olunur. Bu yanaşma daha əvvəl ali məktəbə qəbul olmayan şəxslərin təhsil imkanlarını genişləndirməyə xidmət edir.

4. Böyük Britaniya

Böyük Britaniyada universitetlərə qəbul üçün vahid milli imtahan yoxdur. Abituriyentlər müraciətlərini əsasən UCAS platforması vasitəsilə təqdim edir və qəbul bir neçə meyar əsasında həyata keçirilir.

İlk növbədə, məktəblər şagirdlərin A-Level və ya Şotlandiyada Higher imtahanları üzrə gözlənilən nəticələrini universitetlərə göndərirlər. Universitetlər həmin göstəricilərə əsasən abituriyentlərə şərti qəbul təklifi (Conditional Offer) verə bilirlər.

Bundan əlavə, motivasiya məktubu (Personal Statement), müəllim tövsiyələri və müsahibələr də qəbul prosesində əhəmiyyət daşıyır. Xüsusilə Oksford və Kembric universitetlərinə, eləcə də tibb ixtisaslarına qəbul zamanı əlavə imtahanlar tətbiq olunur. Məsələn, UCAT və LNAT kimi testlərdən istifadə edilir.

Avqust ayında rəsmi imtahan nəticələri açıqlandıqdan sonra abituriyentin universitetin müəyyən etdiyi tələblərə uyğunluğu yoxlanılır və qəbul rəsmiləşdirilir.

5. Yaponiya

Yaponiyada universitetlərə qəbul prosesi, əsasən, iki mərhələdən ibarətdir.

Birinci mərhələdə ölkə üzrə vahid standartlaşdırılmış imtahan – Kyōtsū Test keçirilir. Yanvar ayında təşkil olunan bu imtahan yapon dili, coğrafiya və tarix, vətəndaşlıq, riyaziyyat, təbiət elmləri, xarici dillər və informatika kimi sahələri əhatə edir.

Abituriyentlər imtahan nəticələrinə uyğun olaraq müraciət edəcəkləri universitetləri müəyyənləşdirirlər.

İkinci mərhələdə isə universitetlərin özlərinin təşkil etdiyi qəbul imtahanları keçirilir. Dövlət universitetlərində bu sınaqlar, əsasən, fevralın sonu və mart ayına təsadüf edir. Özəl universitetlərdə isə qəbul qaydaları daha çevikdir. Bəzi ali məktəblər yalnız daxili imtahanların nəticələrini, digərləri isə ümummilli testin nəticələrini də nəzərə alırlar.

Yaponiyada akademik göstəriciləri yüksək olan, yaxud idman, incəsənət və digər sahələrdə fərqlənən şagirdlər üçün alternativ qəbul imkanları da mövcuddur. Onlar məktəb tövsiyəsi, esse və müsahibə əsasında daha erkən qəbul oluna bilirlər.

İstədiyi universitetə daxil ola bilməyən abituriyentlər isə növbəti il yenidən imtahan vermək üçün hazırlıq kurslarına qatılırlar. Belə şəxslər Yaponiyada "rōnin" adlandırılır.

6. Almaniya

Almaniyada yerli abituriyentlər üçün universitetlərə ayrıca vahid qəbul imtahanı keçirilmir. Ali məktəblərə qəbulun əsasını orta məktəbin sonunda verilən Abitur imtahanının nəticələri təşkil edir.

Əyalətlərdən asılı olaraq 12 və ya 13 illik orta təhsilin son mərhələsində şagirdlər seçdikləri fənlər üzrə daha dərin biliklər əldə edirlər. Bu dövrdə toplanan məktəbdaxili qiymətlər yekun Abitur nəticəsinin əhəmiyyətli hissəsini formalaşdırır.

Təhsilin sonunda məzunlar 4 və ya 5 fənn üzrə yazılı və şifahi imtahan verirlər. İmtahan nəticələri əvvəlki illərin qiymətləri ilə birlikdə hesablanaraq yekun göstəricini müəyyənləşdirir.

Almaniyada qiymətləndirmə 1.0–4.0 şkalası üzrə aparılır. Burada 1.0 ən yüksək, 4.0 isə minimum keçid göstəricisidir.

Yerlərin məhdud olmadığı ixtisaslara Abitur diplomu olan şəxslər birbaşa müraciət edə bilirlər. Tibb, psixologiya və digər rəqabətli ixtisaslarda isə qəbul üçün yüksək akademik nəticələr tələb olunur. Bu istiqamətlərdə Numerus Clausus sistemi tətbiq edilir.

7. Türkiyə

Türkiyədə şagirdlərin təhsil həyatında ilk ciddi seçim mərhələsi 8-ci sinfin sonunda keçirilən LGS (Liselere Geçiş Sistemi) imtahanıdır. Bu imtahan könüllüdür və şagirdlərə Fen, Anadolu və Sosial Elmlər liseyləri kimi seçilmiş orta təhsil müəssisələrinə qəbul olmaq imkanı verir. İmtahanda iştirak etməyənlər isə yaşayış ünvanlarına uyğun məktəblərə yerləşdirilirlər.

Universitetlərə qəbul isə YKS (Yükseköğretim Kurumları Sınavı) vasitəsilə həyata keçirilir. Bu sistem üç əsas sessiyadan ibarətdir:

TYT (Temel Yeterlilik Testi) – Bütün abituriyentlər üçün əsas mərhələdir. 120 sualdan ibarət olan imtahan 2 illik ali təhsil proqramlarına qəbulda əsas götürülür və 4 illik bakalavr proqramları üzrə yekun balın 40 faizini təşkil edir.

AYT (Alan Yeterlilik Testleri) – Dördillik bakalavr proqramlarına qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. İmtahan 160 sualdan ibarətdir və yekun balın 60 faizini formalaşdırır.

YDT (Yabancı Dil Testi) – Xarici dil ixtisasları üzrə təhsil almaq istəyənlər üçün keçirilir və 80 sualdan ibarətdir.

Bundan başqa, abituriyentin orta məktəb üzrə qiymət göstəricisi (OBP) də qəbul balının hesablanmasında nəzərə alınır. İdman elmləri üzrə bəzi proqramlara qəbul üçün isə xüsusi qabiliyyət və fiziki hazırlıq mərhələləri tətbiq edilir.

8. Azərbaycan

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul iki mərhələli imtahan sistemi əsasında həyata keçirilir. Bununla yanaşı, orta təhsil pilləsində şagirdlər üçün 9-cu və 11-ci siniflərin sonunda buraxılış imtahanları təşkil olunur.

9-cu sinfin sonunda keçirilən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlər tədris dili, riyaziyyat və xarici dil fənlərindən biliklərini nümayiş etdirirlər. Bu nəticələr həm ümumi orta təhsil haqqında attestatın qiymətləndirilməsində, həm də 9 illik baza üzrə kolleclərə qəbul prosesində istifadə olunur.

11-ci sinfi bitirən məzunların universitetlərə və 11 illik baza üzrə kolleclərə qəbulu iki mərhələdə aparılır. Birinci mərhələ buraxılış imtahanıdır. Abituriyentlər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq yerinə yetirərək maksimum 300 bal toplaya bilirlər.

İkinci mərhələdə isə abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun olaraq blok imtahanı verirlər. Bu mərhələdə üç fənn üzrə maksimum 400 bal toplamaq mümkündür.

Beləliklə, iki mərhələnin nəticələri birləşdirilərək maksimum 700 ballıq yekun müsabiqə göstəricisi hesablanır.

İxtisas qrupları üzrə bölgü isə belədir: I qrup – texniki və riyaziyyat, II qrup – iqtisadiyyat və idarəetmə, III qrup – humanitar, IV qrup – tibb və təbiət elmləri. V ixtisas qrupunu seçənlər isə buraxılış imtahanının nəticəsi ilə yanaşı, müvafiq xüsusi qabiliyyət imtahanında da iştirak edirlər.

Kollec məzunları – subbakalavrlar da müəyyən şərtlər daxilində, müvafiq ixtisaslar üzrə imtahansız, orta müvəffəqiyyət göstəriciləri əsasında ali məktəblərə qəbul oluna bilirlər.

9. Qazaxıstan

Qazaxıstanda 9-cu sinfi bitirən şagirdlər yekun attestasiya imtahanları verərək əsas orta təhsil haqqında sənəd alırlar. 11-ci sinfin sonunda da məktəbdaxili yekun attestasiya keçirilir və məzunların attestat qiymətləri formalaşdırılır.

Universitetlərə qəbul və dövlət təqaüdü (qrant) müsabiqəsində əsas rol Vahid Milli Testə (ҰБТ/ЕНТ) məxsusdur. Kompüter əsaslı keçirilən imtahan 4 saat davam edir, 120 sualdan ibarətdir və maksimum 140 balla qiymətləndirilir.

İmtahan iki blokdan təşkil olunub. Məcburi blokda Qazaxıstan tarixi, oxu savadlılığı və riyazi savadlılıq yoxlanılır. İxtisas blokunda isə abituriyent seçdiyi istiqamətə uyğun iki profil fənn üzrə imtahan verir.

Universitetlərə qəbul üçün minimal keçid balı ali məktəbin statusundan və seçilən ixtisasdan asılı olaraq dəyişir. Məsələn, adi universitetlər, milli ali məktəblər, tibb və hüquq ixtisasları üzrə fərqli tələblər müəyyənləşdirilir.

Sistemin diqqətçəkən xüsusiyyətlərindən biri abituriyentlərə il ərzində bir neçə dəfə imtahan vermək imkanının yaradılmasıdır.

10. Rusiya

Rusiyada 11-ci sinfi bitirən məzunlar üçün əsas imtahan sistemi EGE (Vahid Dövlət İmtahanı) hesab olunur. Bu imtahan həm orta məktəbi bitirmə, həm də universitetlərə qəbul funksiyasını yerinə yetirir.

EGE-də iştirak etmək üçün şagirdlər əvvəlcə məktəbdə yekun inşa yazaraq məqbul qiymət almalıdırlar.

Attestat əldə etmək istəyən bütün məzunlar rus dili və riyaziyyat fənlərindən imtahan verirlər. Riyaziyyat üzrə baza və profil səviyyələri mövcuddur. Universitetə daxil olmaq istəyən abituriyentlər isə seçdikləri ixtisasdan asılı olaraq əlavə fənlər üzrə də imtahan verməlidirlər.

Bu fənlərə profil riyaziyyat, fizika, kimya, biologiya, tarix, cəmiyyətşünaslıq, informatika və xarici dillər daxildir. Hər bir fənn üzrə nəticə 100 ballıq şkala ilə qiymətləndirilir.

Universitetlərə qəbul zamanı, adətən, üç imtahanın nəticəsi əsas götürülür. Bununla belə, Moskva Dövlət Universiteti və bəzi digər nüfuzlu ali məktəblər EGE nəticələri ilə yanaşı, əlavə daxili qəbul imtahanları da keçirə bilirlər.

Azərbaycan hansı ölkənin modelinə daha yaxındır?

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan qəbul sistemləri göstərir ki, ali təhsilə keçid üçün vahid və universal model mövcud deyil. ABŞ və Böyük Britaniyada məktəbdaxili qiymətlər, əlavə göstəricilər və müsahibələr daha böyük əhəmiyyət daşıdığı halda, Çin, Türkiyə, Qazaxıstan və Rusiyada standartlaşdırılmış imtahanlar qəbul prosesinin əsasını təşkil edir.

Finlandiya və Almaniya modellərində isə məktəb dövründə toplanan akademik nəticələr xüsusi rol oynayır.

Azərbaycanın qəbul sistemi mərhələlilik və imtahanların təşkili baxımından Türkiyə modelinə daha çox bənzəyir. Hər iki ölkədə buraxılış və universitetə qəbul mərhələləri fərqləndirilir, ixtisas istiqamətlərinə uyğun imtahanlar keçirilir və yekun nəticə bir neçə göstərici əsasında hesablanır.

Digər tərəfdən, qəbul prosesində test nəticələrinin həlledici rolu və yüksək rəqabət baxımından Azərbaycan sistemində Çin modelini xatırladan cəhətlər də var. Bununla belə, iki ölkənin qəbul mexanizmləri arasında ciddi fərqlər mövcuddur.

Beləliklə, ölkələr arasındakı əsas fərq yalnız imtahanların çətinliyində deyil, təhsil sisteminin abituriyentdən nəyi tələb etməsindədir: bəzi dövlətlər şagirdin uzunmüddətli akademik göstəricilərini, digərləri isə konkret imtahanda nümayiş etdirdiyi nəticəni əsas meyar hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri