Düşmənçilik ərazisindən dostluq mərkəzinə Misir Mərdanov yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə Zəfər günü kimi əbədi yazılan, öz möhtəşəmliyi ilə bütün dünyaya səs salan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı olan 44 günlük İkinci Qarabağ müharibəsində şərəfli Qələbəmizin beş ili tamam olur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, şanlı ordumuzun igidliyi nəticəsində qazanılan və dünya hərb tarixində bənzəri olmayan bu tarixi Zəfərimiz münasibətilə hamını ürəkdən təbrik edirəm.
Qarabağ... Bu ad yalnız bir coğrafi məkanın, bir bölgənin deyil, bütöv bir xalqın ruhunun, taleyinin, yaddaşının adıdır. Bu torpaq əsrlər boyu Azərbaycan mədəniyyətinin, incəsənətinin, muğamın və qəhrəmanlığın beşiyi olmuş, dünyanın ən qədim tarixə malik olan yaşayış məskənlərindən biri kimi tanınmış, 30 il arzularımızın məkanı, dualarımızın ünvanı, həsrətimizin qalası, ağrılarımızın adı olmuşdur.
Otuz il... Tarix üçün böyük olmasa da, insan ömrü ilə müqayisədə kifayət qədər uzun müddətdir. Hər ilinin yox, hər gününün, hər dəqiqəsinin yaşanması qeyri-mümkün olan acı bir tarixdir. Vaqonlarda, çadırlarda, yağışın, qarın, qızmar günəşin altında otuz il boyunca yaşayan xalqın ürəyində bir yara, bir dərd döyünürdü -
Qarabağ nisgili. Açığını etiraf etmək lazımdır ki, bəzən ümidlər çox nazilirdi, Minsk qrupu üzvlərinin regiona səfərlərindən sonra verilən boş bəyanatlar, hər bayramda deyilən "İnşallah, gələn bayramı yurdumuzda qeyd edərik" kimi təkrarlanan, bununla da adiləşən vədlər və heç bir dəyişikliyin olmaması insanlarda ümidsizlik, laqeydlik formalaşdırırdı. İşğalçılar o cənnəti kriminal ünsürlər məskəninə, düşmənçilik yuvasına, xarabazara, adı çəkiləndə ürəklərdən qara qanlar axan ah-nalə ünvanına çevirdilər. Bu illər ərzində Şuşanın səsi susdu, Cıdır düzündə kimsəsiz küləklər dolaşdı, Ağdamda evlər viranə qaldı, Füzulidə yolları ot basdı, Laçında qəribçilik yaşandı, Kəlbəcər dağlarında yad nəfəs dolaşdı, bu həsrət, bu dözülməz ağrılar minlərlə nakam canlar aldı, ancaq Qarabağ həsrətini ürəklərdən ala bilmədi.
O ağır, sınaqlarla dolu illərdə Ümummilli lider deyirdi: "Azərbaycanın başına gələn bəlalar xalqımızın iradəsini qıra bilməz! Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Belə qaranlıq günlərin işıqlı günləri olur, xoşbəxt günləri olur. Onlar qabaqdadır. Biz o günlərə doğru gedirik və heç vaxt başımızı aşağı salmamalıyıq. Biz qəmlənərik, eyni zamanda, gücümüzü də toplayırıq. Əminəm ki, haqq-ədalət öz yerini tutacaq. Azərbaycan xalqının haqq işi başa çatacaq. Azərbaycan xalqı müstəqilliyini tam bərqərar edəcək, bütün ərazisinin sahibi olacaq, bütün taleyinin sahibi olacaq, ölkəmiz müstəqil dövlət kimi əbədi yaşayacaqdır. Mən buna inanıram və əminəm ki, siz də inanırsınız".
Bir Azərbaycan vətəndaşı kimi qürur duyduğumuz bu qələbənin həsrətini uzun illər boyu gözlədiyimi bildirmək istəyirəm. Şükür olsun ulu Tanrıya ki, bu günləri görmək, vətən torpaqlarının düşmən tapdağından azad olduğunu görmək mənə qismət oldu. Hər zaman düşünürdüm ki, 80-ci illərin sonlarında başlanan iddialarla torpaqlarımızı işğal edən, bir milyona yaxın soydaşımızı doğma yurd-yuvasından didərgin salan ermənilərin bu vəhşiliyi həyata keçirməsində hansısa mənada bizim nəslin günahı var və torpaqlar geri alınmasa, biz dünyadan xəcalətli gedəcəyik. Şükür Allaha ki, elə bizim nəslin yetişdirdiyi oğullar, bu işğalı yaddaşlardan silməyə çalışan müxtəlif qüvvələrin oyunlarına, vaxt uzatmasına, təxribatlarına baxmayaraq, vətən nisgilini unutmadılar, daim ürəklərində yaşatdılar və imkan düşən kimi bu intiqamı aldılar. Uzun müddət təhsil çalışmış bir insan kimi hesab edirəm ki, bütün məktəblərin giriş qapılarında, sinif otaqlarında vurulan "Qarabağı unutma!" plakatlarının, düşmən tapdağında qalan rayonların işğal tarixini göstərən cədvəllərin, müəllimlərimizin bu barədə söhbətlərinin, vaxtaşırı keçirilən tədbirlərin də bu zəfərdə öz payı vardır. Azərbaycan xalqının ötən müddət ərzində işğalla barışmaması və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərməsi isə, əlbəttə, əsas amil idi.
Vətən müharibəsinə qədər və 44 günlük savaşın davam etdiyi dövrdə Azərbaycanın diplomatik mübarizədə də uğurları bir-birini əvəzlədi. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi bazanı möhkəmləndirdi. Həmin müddətdə BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar Ermənistan silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul etdilər. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Əlbəttə, bəzi dünya ölkələrinin ikili standartlara əsaslanan siyasəti də var idi və təəssüf ki, bu yanaşmalar hələ də davam etməkdədir. Qeyd etmək istəyirəm ki, belə maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi münaqişənin həllində 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən əsas amil idi. Əgər verilən vədlər, ali qurumlarda qəbul edilən qərarlar, bəyanatlar yerinə yetirilmiş olsaydı, bu münaqişə ölkəmizin dəfələrlə təklif etdiyi sülh yolu ilə çoxdan həll edilmiş olardı. Ermənistandan öz maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edən bəzi dövlətlər bəyanatlarında münaqişənin həllinə, Azərbaycanın mövqeyinə dəstəklərini ifadə etsələr də, reallıqda işğalçını müdafiə edir, münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin uzanmasına, təcavüzkarın yeni planlar hazırlamasına açıq-aşkar dəstək verirdilər.
Bu azğınlığın qarşısı gec-tez alınmalıydı! Bütün diplomatik təmaslarında düşmənə sülh prosesini təklif edən ölkə rəhbəri eyni zamanda Azərbaycanın öz gücü ilə torpaqları azad etməyə qadir olduğunu da bəyan etmişdir. Arxasında dayanan qüvvələrə güvənən Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ildə etdiyi "Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə" bəyanatı Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu. Ermənistan rəhbərinin milli heysiyyətimizə toxunan bu bəyanatından az sonra, 2019-cu il oktyabrın 3-də dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından danışaraq yekunda dedi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Bu sözlər Ali Baş Komandanına inanan, ordusunun gücünə və rəşadətinə güvənən xalqımızın bir il sonra başlanan milli azadlıq mübarizəsinin rəmzinə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən "Dəmir yumruq" adlanan əks-hücum əməliyyatına - Vətən müharibəsinə başladı. Düşmənin onilliklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti elə müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, sonralar dəqiq məlum olduğu kimi bir nəfərin də fərari olmaması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Həmin günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Ordumuzun bu qələbəsi bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi. Həmin günlərdə yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından azad olundu. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu.
Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət ermənilərin və onların havadarlarının nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşərkən onlar ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alındı, raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törədildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacağına görə komandanlıq buna getmədi, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan Ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu, döyüşün taleyini dəyişə bilmədi. Üçrəngli bayrağımız Cıdır düzündə dalğalananda, o tac yenidən yerinə qayıdanda sanki min illik tariximiz canlandı, bütün xalqın ürəyindən tikan çıxarıldı.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü il sentyabrın 19-da başladılan və Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayiş etdirən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı, milli suverenliyimiz tam bərpa olundu. 44 günlük müharibə Cənubi Qafqazın geosiyasətində ciddi dəyişikliyə səbəb oldu, ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı.
Bu gün Qarabağ təkcə azad deyil - o, yenidən doğulur. Cəhənnəmin içindən keçərək cənnətə çevrilən bu torpaq artıq düşmənçilik meydanı deyil, dostluğun, mədəniyyətin, elmin və insanlıq ruhunun mərkəzinə çevrilməkdədir. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzur adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır.
Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. 30 il xalqımız bu günləri böyük səbirsizliklə gözləyirdi.
Onu da vurğulamaq yerinə düşər ki, ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edərkən səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə qurduğu yeni dövlət-fəlsəfi konsepsiyanın ideoloji ifadəsidir. Prezidentin sözlərində "Böyük Qayıdış" tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəldilməsi və dövlətin sosial məsuliyyət modelinin ən real göstəricisidir: "Bilirsiniz ki, biz "Böyük Qayıdış" Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və orada çox gözəl şərait yaradılmışdır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Ermənilər viran qoymuşdu bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz doğma torpağımızda qurub-yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq".
Uzun illər işğal altında qalan torpaqların azad edilməsi ilə bərabər, Azərbaycan həmin ərazilərdə sosial ədalətin də bərpasını qarşısına məqsəd qoydu. Burada məqsəd sadəcə torpaqları azad etmək deyil, insanı o torpağa, yəni həyatın mənəvi və mədəni məkanına qaytarmaqdır. Prezidentin "hər bir evin açarı - hər bir ailənin gələcəyi deməkdir" fikri bu konsepsiyanın mərkəzində insan amilinin dayandığını göstərir. İkincisi, "Böyük Qayıdış" milli ləyaqət və dövlətin məsuliyyət fəlsəfəsi üzərində qurulub.
Qayıdış prosesi həm sosial-iqtisadi, həm də mənəvi-siyasi ölçülərdə həyata keçirilir. Dövlətin vətəndaşa qayğısı burada ən yüksək səviyyədə təcəssüm olunur: şəhid ailələrinə mənzillərin verilməsi, müasir infrastrukturun yaradılması, təhlükəsizlik və rifahın təmin edilməsi - bütün bunlar sosial məsuliyyətin siyasi legitimliklə birləşdiyi yeni modelin təzahürüdür. Üçüncüsü, bu ideya modern dövlət quruculuğunun laboratoriyası kimi çıxış edir. İşğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə həyata keçirilən "ağıllı kənd" və "yaşıl enerji" layihələri göstərir ki, Azərbaycan bərpa prosesini strateji yenilənmə platforması kimi dəyərləndirir.
Son illərdə ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır. Xüsusilə Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsinin və xalqın ruh yüksəkliyinin göstəricisidir. Burada qısa müddətdə çox böyük işlər görülüb. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Dövlətlər var ki, bizim beş ildə gördüyümüz işləri reallaşdırmaq üçün onilliklər sərf edir.
İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən siyasət ölkənin müstəqil qərarvermə qabiliyyətini, resurslardan rasional istifadə bacarığını və uzunmüddətli planlaşdırma mədəniyyətini nümayiş etdirir. Bütün bunlar Qərbin postmünaqişə idarəetmə təcrübələrindən fərqli, lokal-milli və mərkəzləşdirilmiş dövlət yanaşmasının uğurlu nümunəsidir. Nəhayət, "Böyük Qayıdış" Azərbaycanın dövlət ideologiyasının yeni mərhələsinin fəlsəfi kodu kimi çıxış edir. İdeologiyanın təməlində ədalət, sosial məsuliyyət və yenidənqurma dayanır. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu konsepsiya göstərir ki, Azərbaycan müharibədən sonra "sülh dövləti" mərhələsinə daxil olub - burada güc, humanizm və inkişaf arasında strateji tarazlıq qurulub.
İşğal altında qalan Qarabağ həmin illərdə "qanunsuz dövlətcik" adlandırılan kriminal rejimin qaranlıq mühitinə, xaosun və cinayətlərin yuvasına çevrilmişdi. Bu torpaq - bir vaxtlar milli mədəniyyətin, sənətin, muğamın, poeziyanın beşiyi olan Qarabağ qara bazarların, silah alverinin, narkotik istehsalının məkanı olmuşdu. Təbii sərvətlər talanır, meşələr qırılır, qədim abidələr yerlə-yeksan edilirdi. Düşmən təkcə torpağımıza deyil, mədəniyyətimizə, tariximizə, milli mənliyimizə də qəsd edirdi. Dağıdılmış məscidlərdə donuz və inək saxlanılırdı - bu, sadəcə vandallıq deyildi, milli heysiyyətə, xalqın inamına qarşı yönəlmiş açıq təhqir idi. Qədim qəbiristanlıqlar buldozerlərlə silinir, muzeylərdən minlərlə eksponat oğurlanırdı...
Bizim xoşbəxtliyimiz ondadır ki, nə qədər uzun çəksə də, bu qaranlıq illər ərzində xalqın inam və ümid çırağı sönmədi. O ümid bizi qorudu. Bilirdik ki, o illərdə xarabalığa çevrilsə də, Qarabağ torpağının ruhu sağdır. Hər yandırılmış evin, dağıdılmış məscidin, viran qalmış bağın ruhu bizə "qayıdın!" deyirdi. Hər Azərbaycan vətəndaşının ürəyində gizli bir ümid, əminlik var idi: "Cənnət torpağımızı cəhənnəmdən xilas edəcəyik!"
Və nəhayət, qırx dörd gün ərzində Azərbaycan xalqı təkcə torpağını deyil, həm də öz ləyaqətini, öz tarixi qürurunu geri ala bildi. Amma hələ qarşıda bir böyük sınaq var idi - o torpağı yenidən diriltmək, onu cənnətə çevirmək.
Bu gün Azərbaycanın öz gücü və qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl izləri silindikcə, torpaq təmizlənir və əzəli simasına qayıdır. Sevindirici hal odur ki, Qarabağ torpaqlarının azad olunması, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, eyni vaxtda "Xarıbülbül" musiqi festivalının yenidən qalalar səltənətində, zirvələr kəhkəşanında təşkil edilməsi Qarabağa yeni nəfəs verməkdədir. Qarabağın baş tacı olan Şuşa yenidən gerçək sahiblərini qoynuna alıb, füsunkar təbiət gözəllikləri ilə dünyaya açılmışdır. 2020-ci il Vətən müharibəsindən sonra ölkənin qarşısında iki istiqamət dayanırdı: ya müharibənin dağıdıcı psixoloji və sosial nəticələrini aradan qaldırmaqla məhdudlaşmaq, ya da bu qələbəni yeni inkişaf mərhələsinin başlanğıcına çevirmək. Azərbaycan ikinci yolu seçdi.
İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür. Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır. Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir.
İllərdən bəri həsrətində olduğumuz böyük köç artıq başlanıb. El yurda dönür. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına artıq başlanıb. Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Müharibə bitən kimi Füzuli və Zəngilan "ağıllı şəhər", Ağalı kəndi "ağıllı kənd" konsepsiyasının ilk nümunəsi, Laçında, Füzulidə və Zəngilanda tikilən hava limanları Qarabağın dünyaya açılan qapısı oldu. Şuşa yenidən mədəniyyət paytaxtına çevrildi. Xarıbülbül festivalı bərpa olundu, Natəvanın, Üzeyir bəyin, Bülbülün abidələri ilə birlikdə ruhları doğma torpaqlara qayıtdı. Şuşa küçələrində yenidən muğam səslənməyə, Cıdır düzündə atlar kişnəməyə, "Qarabağ şikəstəsi" oxunmağa başladı.
Ağalı kəndində ailələr ocaqlarını yandırdı, uşaqlar yenidən məktəblərinə qayıtdı. Füzulidə yollar salındı, Ağdamda texnoparklar tikildi, Zəngilanda aqrotexnologiya mərkəzləri quruldu. Bir zaman tankların vəhşi şırımlar açdığı torpaqlarda indi əkin sahələrinə bərəkət toxumları səpən traktorların izi var, səngərlərin qazıldığı yerlərdə indi çiçəklər bitir, ölümün dolaşdığı dağ yollarında indi həyat qaynayır.
Bu möhtəşəm Zəfərin ən böyük qələbəsi insanların daxilində baş verdi - otuz illik həsrətdən sonra o torpağa ayaq basan insanlar dünyanın ən böyük xoşbəxtliyini yaşadılar. Uşaqlığını qaçqın düşərgələrində keçirənlər indi Qarabağda məktəblər açır, torpağa həyat gətirir, binalar tikir, parklar, bağlar salır. Füzulidə dərs deyən müəllim, Zəngilanda torpağı becərən fermer, Laçında hava proqnozunu hazırlayan mühəndis, Kəlbəcərdə "İstisu" şirkətində çalışan fəhlə, Ağdamda ilk pasiyentlərini qəbul edən həkim, Şuşada səhnəyə çıxan gənc Qarabağda dirçəlişin simvolu, həm də bu torpaqların insan ayağı dəyməklə cənnətə çevrilməsinin göstəricisidir. Babaların min illər ərzində sınaqlardan çıxardığı həqiqətlərin təsdiqidir: "Torpağa düşmənçilik toxumu səpərsən, kin, küdurət, nifrət, qəzəb yığarsan, sevgi, məhəbbət toxumu səpərsən xoşbəxtlik, səadət, firavanlıq görərsən!" Burada qurulan hər ev, tikilən hər məktəb, salınan hər yol həm də gələcəyə verilən bir mesajdır: "Bu torpaq cənnətə çevrilməyə daha çox layiqdir, buralar daha müharibə görməməlidir, bu cənnət yaşamaq üçündür!"
Bütün bunlarla Qarabağdakı, Şərqi Zəngəzurdakı əzəli-əbədi yurdlarımızın özünün də həyatında yeni bir tarix başlanıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, ordumuzun gücü ilə düşməndən azad edilmiş yurdlarımız məhz Zəfərimizlə bağlı olan, bu möhtəşəmliyi xatırladan, milli qürur nişanəsi kimi nəsillərdən-nəsillərə ötürülən yeni dəyərlər qazanıb. Dövlət rəhbərimizin 31 iyul 2023-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu dəyərlərdəndir.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə hər il bu günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. 26 avqust - Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam, 25 Noyabr - Kəlbəcər şəhəri günləri keçirilir.
Bu gün Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, bərpa tədbirləri ilə ermənilərə də, onların beynəlxalq aləmdəki havadarlarına da ibrət dərsi verir. Göstərir ki, inkişaf da, xoşbəxt gələcək də Azərbaycandadır.
Bir vaxtlar qara niyyətli iblislərin toplaşaraq Azərbaycan torpaqlarını işğal etmək barədə məkrli planlar cızdığı, silahların qan tökdüyü yerlərdə indi beynəlxalq dostluq forumları, elmi simpoziumlar, mədəni tədbirlər, muğam ifaçılarının beynəlxalq müsabiqələri, idman yarışları keçirilir. Qarabağ indi sənətin səsi, barışın dili, insanlığın nəfəsi, dostluğun mücəssəməsidir, buralar ədalət və yenidənqurma torpağına, cənnətin rəmzinə çevrilmişdir.
Qarşı tərəf etiraf etməlidir ki, əgər vaxtında Azərbaycanın sülh haqqında təklifləri qəbul edilsəydi, bu cənnət 20-30 il bundan əvvəl də yaradıla bilərdi və tökülən qanlar, anaların göz yaşları, müharibə iştirakçıları üçün salınan qəbiristanlıqlar xeyli az olardı. Bu gün də bizim sülh sazişinin imzalanması, vətəndaş münasibətlərinin bərpa edilməsi, iqtisadi kommunikasiyanın yaradılması, Zəngəzur dəhlizinin açılması kimi təkliflərimiz müsbət cavab gözləməkdədir. Bunu da etiraf etmək lazımdır ki, Azərbaycanın böyük inkişafı, dünyada mövqelərini daha da gücləndirməsi, ölkəmizin lider dövlətlər arasında söz sahibi olması, beynəlxalq müstəvidə islahatçı, regionun lideri, güclü iqtisadiyyata malik dövlət kimi tanınması, qarşısına qoyduğu məqsədlərə gec, ya tez çatması bir həqiqətdir, çünki bizim "Sözümüz imzamızdır!"
Qarabağı cənnətə çevirən və bu işi uğurla davam edən ölkəmizin qarşısında indi daha böyük məqsədlər dayanır - Zəngəzur dəhlizi layihəsini reallaşdırmaqla regionu cənnətə, dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək! Ağ Evin də imzasını atdığı üçtərəfli bəyannamə Zəngəzur dəhlizi layihəsinə diplomatik təsdiq vermişdir və regionda sülh prosesini gücləndirmişdir. Eyni zamanda, Avropa İttifaqı, Türkiyə və beynəlxalq təşkilatlar layihənin nəzarət mexanizmlərinin tətbiqinə dəstək verərək tərəflər arasında etimadın formalaşmasını təmin edir. Təbii ki, bu aktorların iştirakı yalnız siyasi təzyiq və diplomatik təsir yaratmır, həm də layihənin uzunmüddətli həyata keçirilməsi üçün vacib koordinasiya rolunu oynayır.
Enerji və iqtisadi inteqrasiya layihənin sülh perspektivini daha da möhkəmləndirir. Qarşılıqlı asılılıq yaratmaqla, tərəflər arasında həm də münaqişə riskləri azaldılır, regional maraqlar uzlaşdırılır. Buna görə də, Zəngəzur dəhlizi həm iqtisadi, həm siyasi, həm də strateji bir vasitə kimi çıxış edir. Regional inteqrasiya və qarşılıqlı fayda prinsipləri uğurla tətbiq edildikdə, siyasi gərginliklərin yumşaldılması və sabit gələcək mümkün olur.
Böyük Zəfərdən başlayan yol abadlığa, firavanlığa, xalqın xoşbəxtliyinə doğru uğurla davam edir, inanıram ki, bu yol bizi hələ çox zirvələrə apara biləcəkdir!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















