Diplomatiya ustadı Misir Mərdanov yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
1990-cı illərin əvvəlləri Azərbaycan üçün təkcə siyasi deyil, həm də sosial-iqtisadi baxımdan ağır və mürəkkəb bir dövr idi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan etdi, lakin bu çoxdan gözlənilən azadlıq siyasi qeyri-sabitlik, hərbi münaqişə və iqtisadi inflyasiya ilə müşayiət olunurdu. 1988-1993-cü illərdə ölkədə tez-tez hakimiyyət dəyişikliyi baş vermişdi, qeyri-sabitlik, mənalı-mənasız mitinqlər, populist çıxışlar, “yalançı qəhrəmanlar”, söz “pəhləvanları” az qala ölkənin həyat tərzinə çevrilmişdi. Siyasi qruplar arasında kəskin rəqabət və daxili çəkişmələr, Qarabağ münaqişəsi və xarici təhdidlər ölkəni uçuruma doğru aparırdı.
1993-cü ildə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan dərin böhran yaşayırdı. Ölkə iqtisadi cəhətdən demək olar ki, çökmüş vəziyyətdə idi. Dövlət büdcəsi əvvəlki illərlə müqayisədə 60-70 faiz azalmışdı və 1993-cü ilin statistikasına görə, Azərbaycanın dövlət büdcəsi cəmi 240 milyon manat təşkil edirdi (hazırda bu rəqəm 40 milyard manata yaxındır). Bütün sektorları əhatə edən geriləmə, sənayenin iflic olması, aqrar sektorun dağılması, elm və təhsil sisteminin böhranı, inflyasiyanın 1000%-dən yuxarı qalxması və digər sosial faktorlar günün reallığı idi.
Hesab edirəm ki, sonralar Heydər Əliyevin dəfələrlə təkrar etdiyi və onun dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri məhz həmin illərdə formalaşmışdı. Çünki bu ağır şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev çıxılmaz bir vəziyyətlə üz-üzə qalmışdı, atmaq istədiyi bütün addımların qarşısını ölkədəki zəif iqtisadi durum kəsirdi. Dünyanın qüdrətli dövlətləri ilə sıx diplomatik münasibətlər yaratmadan ölkəni bu vəziyyətdən çıxarmaq mümkün deyildi, onlar üçün isə büdcəsi ortabab bir şirkətin büdcəsinin yarısı qədər də olmayan qeyri-sabit ölkə ilə əməkdaşlıq maraqlı deyildi. Yəni iqtisadi vəziyyəti yaxşılaşdırmaq, siyasi sabitlik yaratmaq üçün nüfuzlu dövlətlərin himayədarlığı lazım idi, ancaq onlar yalnız imkanlı ölkələrə sərmayə yatırırdılar. Məhz bu vəziyyətdə olan ölkəyə qeyri-adi diplomatik bacarıqlar, çevik təfəkkür, siyasi təcrübə, geniş dünyagörüşü və milli maraqların sintezində fəaliyyət göstərmək iqtidarında olan bir rəhbər lazım idi – bu, Heydər Əliyev oldu.
Hörmətli oxucu, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”nə qədərki dövrdə neft kontraktları ilə bağlı hadisələrə kiçik bir ekskurs etmək istəyirəm ki, Heydər Əliyevin xidmətləri haqqında daha aydın təsəvvür yaransın. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə də bu kontraktların imzalanmasına bir neçə dəfə cəhd göstərilmişdi, ancaq həmin təşəbbüslər müxtəlif səbəblərə görə uğursuzluğa düçar olmuşdu. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Ayaz Mütəllibov hökuməti vəziyyətdən çıxış yolunu burada görsə də, onun bu kontraktları hazırlamağa belə vaxtı çatmadı. Mürəkkəb tarixi şəraitdə toqquşan xarici qüvvələrin maraqları onun tezliklə hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi.
AXC-Müsavat hakimiyyəti dövründə də xarici neft şirkətləri ilə danışıqlara başlanıldı. Bu vaxt “Azərbaycan beynəlxalq konsorsiumu” formatında ilk müqavilə layihələri hazırlanmağa başladı. Lakin bu layihələr qeyri-peşəkar hazırlandığı və geosiyasi kontekst nəzərə alınmadığı üçün uğur qazanmadı. 1992-ci ilin ortalarında ARDNŞ-nin o zamankı rəhbərliyi bir neçə Qərb şirkəti ilə ilkin müqavilə layihələri üzrə görüşlər keçirdi. Xüsusilə "Amoco", "BP", "Statoil", "Unocal" və "McDermott" kimi şirkətlərlə danışıqlar aparılırdı. Lakin bu cəhdlərdə müqavilələrin hüquqi bazasının zəif olması, xarici şirkətlərin Azərbaycanın daxili siyasi qeyri-sabitliyinə görə tərəddüd etməsi, Qarabağ münaqişəsinin alovlanması və Gəncədə qiyam təhlükəsinin gözlənilməsi xarici sərmayəni çəkindirməyə başladı. Bununla belə, AXC-Müsavat hakimiyyəti ilk müqaviləni 1993-cü ilin əvvəllərində imzalamaqda israrlı idi. Lakin dövlətin siyasi iradəsinin zəif olması, dağınıq və qeyri-sabit idarəetmə sərmayəçilərə etibar üçün əsas vermirdi.
Bundan başqa, müqavilələrin beynəlxalq hüquqa uyğunlaşdırılmaması, geosiyasi zəmanətin və təhlükəsizlik təminatının olmaması da onların tərəddüd etməsi ilə nəticələnirdi.
Necə deyərlər, hər qəpiyinin qədrini bilən, “yüz dollar qazanacağına əmin olmamış on dollarını belə xərcləməyən” beynəlxalq şirkətlər qeyri-müəyyən siyasi vəziyyətdə olan Azərbaycana investisiya yatırmaqdansa, gözləməyi üstün tuturdular və sonralar proqnozlarının düzgünlüyünü gördülər. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri, Prezident Əbülfəz Elçibəyin Naxçıvana getməsi və hakimiyyətin ümumi böhranı səbəbindən danışıqlar tamamilə dayandırıldı.
İlk baxışda Heydər Əliyevin hakimiyyətə gəlməsi neft müqavilələrinin imzalanması üçün heç bir hüquqi baza yaratmırdı. Əksinə, iki dəfə fiaskoya uğrayan kontraktlar Azərbaycanın beynəlxalq nüfuzunu xeyli aşağı salmışdı, az qala hər il baş verən hakimiyyət dəyişikliyi də xarici investorların diqqətindən yayınmırdı. Yenidən etimad qazanmaq, necə deyərlər, Azərbaycandan əlini üzən böyük şirkətləri geri qaytarmaq ikiqat çətin idi...
Ancaq başqa çıxış yolu da yox idi, neft müqavilələri imzalanmasaydı, Azərbaycanın təhlükəsizliyi beynəlxalq qüvvələrin maraq çərçivəsinə salınmasaydı, onun bir dövlət kimi dünya xəritəsindən silinməsi prosesi qarşısıalınmaz bəlaya çevrilməkdə idi. Heydər Əliyev yalın əllə ağır döyüşə gedən cəsarətli əsgərə bənzəyirdi. Belə vəziyyətdə yalnız regionda marağı olan bütün dövlətlərlə siyasi münasibətlərin qurulması üçün parlaq zəka, gərgin fəaliyyət, polad iradə, diplomatik çeviklik tələb olunurdu.
Azərbaycan neft kontraktlarının imzalanması ərəfəsində Rusiya, Türkiyə, İran kimi qonşu dövlətlərlə yanaşı, Qərb dövlətləri (ABŞ, Böyük Britaniya, Fransa), eləcə də İslam dünyası və Mərkəzi Asiya dövlətləri ilə əlaqələr qurmağa çalışırdı. Bu siyasət, Azərbaycanın geosiyasi cəhətdən mövqeyini yüksəltmək, onu qoruyub saxlamaq üçün zəruri idi. Heydər Əliyev beynəlxalq münasibətlərdə "balanslaşdırılmış siyasət" prinsipini əsas götürürdü.
Bu strategiyanın əsas məqsədi Azərbaycanın həm region ölkələri ilə, həm də Qərb və Şərq gücləri ilə paralel və neytral münasibətlər quraraq ölkənin təhlükəsizliyini və müstəqilliyini qorumaq idi.
Əvvəlcə qonşu dövlətlərlə münasibətlər bərpa edilməli idi. Bu gün üstündən 30 ildən artıq bir müddət keçdikdən sonra olanları daha yaxşı təhlil etmək mümkündür, bu zaman çox aydın görünür ki, Heydər Əliyev nə qədər dəqiqliklə hesablanmış xarici siyasət həyata keçirmişdir.
Azərbaycanın ilk diplomatik əlaqə qurduğu ölkə olan Türkiyə ilə münasibətlər dostluq və qardaşlıq üzərində bərqərar olurdu. Azərbaycanın müstəqilliyini ilk tanıyan və dili bir, dini bir, tarixi bir ölkə ilə münasibətlərin qurulmasında da müəyyən problemlər mövcud idi. Türkiyə hökumətində nüfuzlu mövqeyi və AXC-Müsavat cütlüyünün təəssübkeşi olan müəyyən qüvvələr bu münasibətlərin yaxşılaşmasına hər vəchlə mane olmağa çalışırdılar. Lakin onlar unudurdular ki, qarşı tərəfdə böyük strateq Heydər Əliyev dayanır. Köhnə dostu Süleyman Dəmirəl, Baş nazir Tansu Çillər onun zəkası önündə heyran idilər. 1994-cü il fevralın 9-da imzalanmış “Dostluq və əməkdaşlıq haqqında saziş” nəticəsində indiyədək mövcud olan münasibətlər yeni mərhələyə keçdi. Türkiyə Azərbaycan üçün hərbi və texniki yardım göstərən əsas ölkələrdən biri oldu.
Ermənistanla müharibədə gizli müdaxiləsi, imperiya maraqları, Qafqazı daim tabeliyində saxlamaq istəyi olan, buna görə də Azərbaycanda daimi kəşfiyyat şəbəkəsi quran Rusiyanı neytrallaşdırmaq ən çətin məsələlərdən biri idi. Ölkəmizdə son illərdə baş verən dövlət çevrilişlərinin əsas ssenari müəlliflərindən biri, neft kontraktlarının imzalanmasına açıq və gizli narazılığını bildirən, bu məqsədlə Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsini Qarabağ problemi kimi 30 il uzatmaq iddiasında olan, ABŞ və Avropa ölkələrinin Qafqaza daxil olmasını hər vəchlə dayandırmaq istəyən Rusiyanın siyasi manevrlərini incəliklərinə qədər bilən Ulu öndər bu dövlətlə münasibətləri, özünün dediyi kimi, “nazik ip üzərində yeriməklə” olsa da, qurmaq istəyirdi. Ancaq Yeltsin hökuməti də Heydər Əliyevin Moskvaya səfərini hər vəchlə təxirə salmağa çalışırdı, onlara məlum idi ki, Ulu öndər, Boris Yeltsinlə görüşsə, onu “Əsrin müqaviləsi”nin imzalanmasına razı salacaq. Bir neçə dəfə göstərilən cəhdlər müxtəlif bəhanələrlə başqa vaxta keçirildi, nəhayət, böyük çətinliklərlə də olsa, tarixi gizli saxlanılan həmin müqavilənin imzalanmasına 3-4 gün qalmış Heydər Əliyev Moskvaya gedib Yeltsinlə görüşə bildi. 1994-cü ilin 15-18 sentyabr tarixlərində baş tutmuş həmin görüş 20 sentyabrda imzalanacaq “Əsrin müqaviləsi”nin əsas dönüş nöqtələrindən biri oldu.
Bu səfər, Azərbaycan və Rusiya arasında münasibətlərin yenidən qurulması və sabitləşdirilməsi baxımından çox əhəmiyyətli idi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, daxili siyasi qeyri-sabitlik və enerji siyasəti ilə bağlı mürəkkəb vəziyyət yaşayırdı. Heydər Əliyev Rusiya ilə münasibətləri normallaşdırmaqla beynəlxalq balans yaratmaq istəyirdi. Səfər zamanı Azərbaycan və Rusiya arasında bir neçə mühüm sənəd, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilə, təhlükəsizlik, sərhəd və hərbi sahədə əməkdaşlığa dair razılaşmalar, nəqliyyat və enerji sahələrində əməkdaşlıq protokolları imzalanmışdı.
Bu sənədlər iki ölkə arasında münasibətlərin rəsmi və hüquqi əsaslara söykənərək qurulmasını təmin etdi. Səfərin əsas məqsədləri reallıqları nəzərə ala bilməyən əvvəlki hökumətin bəzi nümayəndələrinin populist çıxışları və əməlləri nəticəsində pozulmuş Rusiya ilə siyasi-iqtisadi münasibətlərin bərpası və sabitləşdirilməsi, Qarabağ münaqişəsi ilə bağlı Moskvanın mövqeyinə təsir göstərmək, neft siyasəti və enerji təhlükəsizliyi məsələlərində koordinasiya, regional təhlükəsizlik məsələlərinin müzakirəsi idi. Heydər Əliyevin bu səfəri Rusiya ilə münasibətləri konstruktiv məcraya salmaq üçün mühüm səhifə oldu. Rusiya rəhbərliyi ilə qarşılıqlı hörmətə əsaslanan münasibət formalaşdırıldı və Azərbaycan-Rusiya əlaqələrinin yeni mərhələsi başlandı. Bu səfər ölkənin balanslı xarici siyasət strategiyasının formalaşmasında da əsas rol oynadı, imzalanan strateji sazişlər Rusiya ilə münasibətlərdə yeni səhifə açdı.
Doğrudur, böyük strateq Heydər Əliyev Azərbaycan neftini ancaq Rusiya vasitəsilə satılması prinsipində inadlı olan prezident Boris Yeltsini müqavilənin imzalanmasına razı sala bildi, lakin proseslər göstərdi ki, heç də hər şey göründüyü qədər sadə deyil. Prezidentlərinin razılıq verməsinə baxmayaraq, Rusiya XİN sözçüsü Qriqori Karasin açıq bəyan etdi ki, Moskva bağlanan müqaviləni tanımayacaq. Ancaq Heydər Əliyevin çoxkombinasiyalı gedişləri, diplomatik məharəti, qərbi texnoloji tərəfdaşlığa cəlb edə bilməklə yanaşı, Rusiya maraqlarını da təmin etməyə çalışması, müqavilədə Rusiya şirkəti “LUKoil”in 10% paya malik olması dövrün reallıqlarını nəzərə alaraq Rusiya təzyiqini azaltmağa yönəlmişdi. Bu siyasi manevrlərin nəticəsində, nəhayət, "Əsrin müqaviləsi" mərasiminə ən təhlükəli və təxribatçı tərəfdaş olan Rusiyanın Yanacaq və
Energetika Nazirliyinin nümayəndəsi Stanislav Puqaçın qatıldı və təbrik çıxışı etdi.
Dünyanın ən qeyri-sabit və iqtisadi cəhətdən zəif ölkələrindən biri olan Azərbaycanla dünyanın super dövləti ABŞ arasında münasibətlərin yaranması da Heydər Əliyev zəkasının təntənəsi hesab edilə bilər. Yeri gəlmişkən, burada müəllifi olduğum “Zəfərə aparan yol” kitabından kiçik bir hissəni vermək istəyirəm:
“Azərbaycan müstəqilliyin ilk illərində ağır iqtisadi böhran yaşayırdı. Heydər Əliyevdən əvvəl iqtidarda olanlar ona ağır miras qoymuşdular. Dövlət xəzinəsi boş idi. Belə vəziyyətdə heç bir iş görmək mümkün deyildi və ümid yalnız dənizin dibindəki neftə qalırdı.
Ulu öndər çox böyük uzaqgörənliklə xarici şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb etməyə çalışırdı. Lakin o vaxt Azərbaycan riskli ölkə sayılırdı.
Qeyd etmək lazımdır ki, Ulu öndərin Vətəni və xalqı qarşısında tarixi xidmətlərindən biri də əcnəbi investorları Azərbaycana sərmayə yatırmağın hədər getməyəcəyinə inandırması olmuşdur.
Danışıqlar isə çətin gedirdi. Tərəflərdən hər biri öz marağından çıxış edirdi. 1994-cü ilin martında Bakıda başlayan danışıqlar sonralar İstanbulda və Hyustonda davam etdirildi. Qarşı tərəf çox ağır şərtlər qoyurdu. Hətta belə bir şərt irəli sürülmüşdü ki, Azərbaycan Rusiya ilə razılaşıb Xəzərin hüquqi statusunu həll etməsə, danışıqlar dayandırılacaq. Status məsələsinin həlli isə bir-iki ilin işi deyildi. Bu barədə məlumat alan Ulu öndər o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevi Vaşinqtona göndərdi. O, okeanın o tayında çox faydalı görüşlər keçirib məsələni yoluna qoydu.
Cənab İlham Əliyev sonralar çıxışlarının birində həmin günləri xatırlayaraq demişdir ki, Amerikanın Hyuston şəhərində bir aydan çox davam edən danışıqlar həlledici rol oynadı: “Dövlət Neft Şirkətinin rəhbərliyi – bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi”.
Danışıqların iştirakçısı olmuş Xoşbəxt Yusifzadə xatırlayır: “Nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi”.
Beləliklə, “Əsrin müqaviləsi” adını almış həmin neft kontraktı Azərbaycanı inkişaf yoluna çıxardı və neft sənayesinin, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynadı”.
Bu mürəkkəb danışıqlar haqda məlumatlı olan prezident Klinton və onun administrasiyası 1994-cü il “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə Azərbaycanın enerji resurslarına böyük maraq göstərirdi və bu müqaviləni ABŞ-ın Xəzər regionunda nüfuzunun artması üçün strateji imkan kimi qiymətləndirirdi. Rəsmi məlumatlara görə, hakimiyyətdə olduğu müddət ərzində (1993-2001) Klintonla Heydər Əliyev arasında 15-16 dəfə görüş olmuşdur – bura həm şəxsi, həm telefon söhbətləri, həm də beynəlxalq çərçivəli toplantılardakı ünsiyyətlər daxildir. Məhz bu səbəbdən ABŞ-ın o dövrdəki səfiri Riçard Kozlariç və digər diplomatlar “Əsrin müqaviləsi”nin imzalanmasına dəstək vermiş və mərasimdə iştirak etmişdilər.
“Əsrin müqaviləsi”ndən bir neçə gün sonra - 1994-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının Nyu-York sessiyası çərçivəsində keçirilən ilk görüş Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və ABŞ-ın bu mövzuya aktiv münasibətini xahiş etmək baxımından çox əhəmiyyətli idi. Xüsusilə enerji sahəsində ABŞ ilə əlaqələr möhkəmləndirildi. 1994-cü ildə NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaqla hərbi əməkdaşlığa başlanıldı. Görüşlər Klinton administrasiyası tərəfindən də yüksək dəyərləndirildi – xüsusilə ABŞ-ın Azərbaycanla energetika, humanitar yardım, investisiya və demokratiya sahələrində əməkdaşlıq perspektivlərinə dair müzakirələr yeni hadisə idi. Görüş həm siyasi, həm də strateji bir mesaj idi: ABŞ Azərbaycanın müstəqilliyini və enerji layihələrini dəstəkləyir, Klinton administrasiyası regionda balanslı siyasətin tərəfdarıdır. Heydər Əliyev CNN kanalına müsahibəsində bildirdi ki, ABŞ Prezidenti və köməkçiləri Azərbaycanın suverenliyi və ərazi toxunulmazlığı məsələlərini ciddi qəbul edir və prezident Klinton bu məsələni Rusiya prezidenti Yeltsinə planlaşdırdığı görüşdə müzakirə edəcəyini bildirib. Dünyanın super gücü olan ABŞ-ın mövqeyindəki bu yenilik bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılansa da, reallıq idi və bunu, ən azı Azərbaycan diplomatiyasının ustalığı hesab etmək lazımdır.
Avropanın Fransa və Almaniya kimi aparıcı ölkələri ilə diplomatik münasibətlər elmi, texnoloji və iqtisadi əməkdaşlıqlarla möhkəmləndirildi.
Fransanın eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etməsi, orada erməni lobbisinin güclü mövqeyi onunla xüsusi diplomatik münasibət tələb edirdi, ona görə də Cənubi Qafqazın kiçik və o dövr üçün bütün parametrləri ilə zəif olan ölkəsi ilə Avropanın ən qüdrətli ölkələrindən biri olan Fransaya Heydər Əliyevin səfəri barədə bir qədər ətraflı yazmaq istəyirəm.
Heydər Əliyev 1993-cü ilin 19-22 dekabr tarixlərində Fransaya rəsmi dövlət səfəri etmişdir. Bu, onun prezident seçilməsindən sonra Fransaya ilk və çox mühüm xarici səfərlərindən biri idi. Səfərin məqsədi Azərbaycan və Fransa arasında diplomatik əlaqələri dərinləşdirmək, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqları institusional əsaslara keçirmək, Ermənistan-Azərbaycan münaqişəsi fonunda Fransanın dəstəyini və mövqeyini yaxından öyrənmək və imkan daxilində dəyişdirmək idi. Həmin günlərdə Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteran ilə rəsmi görüş keçirdi, həmçinin Fransa parlamentinin deputatları, işgüzar dairələrin təmsilçiləri və ictimaiyyət nümayəndələri, UNESCO və digər beynəlxalq təşkilatların nümayəndələri ilə fikir mübadiləsi apardı. Gərgin və üzücü görüşlər nəticəsində iki ölkə arasında uzunmüddətli strateji münasibətlərin qurulmasına zəmin yaradan Azərbaycanla Fransa arasında dostluq və əməkdaşlıq haqqında Bəyannamə, Fransa-Azərbaycan Paris Xartiyası, fransız şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamasına yol açan Ticarət və iqtisadi əməkdaşlıq haqqında razılaşma imzalandı.
Bu səfər Azərbaycan diplomatiyasında Avropa İttifaqına inteqrasiyanın ilkin addımı kimi çox qiymətli uğur kimi dəyərləndirildi. Bu səfərdən sonra Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsində neytral vasitəçi mövqeyi tutması daha da dəqiqləşdi.
İndiyədək bu barədə bir kəlmə də danışmayan Fransa rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıq şəkildə bildirdilər. Azərbaycan-Fransa münasibətlərinin əsası məhz bu səfər zamanı praktiki müstəviyə keçdi.
Neft kontraktlarının bağlanması ərəfəsində Avropanın nəhəng dövləti olan Böyük Britaniya ilə münasibətlər də olduqca önəmli idi. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı Heydər Əliyev Böyük Britaniyanın Baş naziri Con Meycorla, həmçinin, Birləşmiş Krallığın digər dövlət və hökumət nümayəndələri, şirkət rəhbərləri ilə görüşmüşdü. Sözügedən səfər zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında və hava nəqliyyatı haqqında sazişlər, məhdudiyyətsiz hərəkət azadlığı haqqında anlaşma memorandumu imzalanmışdır.
Bu səfər Azərbaycan-Böyük Britaniya əlaqələrində mühüm əhəmiyyətə malik idi. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi, İngiltərənin, BMT və Avropa təşkilatlarının bu məsələdə vasitəçilik səyləri, regionda sülhə dəstək məsələləri çox gərgin şəraitdə müzakirə edilmişdi. Həmçinin Azərbaycanda "Əsrin müqaviləsi"nin hazırlıq mərhələsində “Azəri-Çıraq-Günəşli” yataqlarını işləyən ABƏŞ-in layihəsinin Britaniya şirkətlərinin maraqları müzakirə mövzusu olmuşdu. Azərbaycanın mürəkkəb siyasi-iqtisadi durumuna baxmayaraq, Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırımlarının, o cümlədən bank, infrastruktur və tikinti sahələrində əməkdaşlıq perspektivlərinin müzakirəsi də aparılmışdı.
Bu səfər nəticəsində Azərbaycanın diplomatik mövqeyi gücləndi, Britaniya şirkətlərinin Azərbaycan neft sektoruna investisiya maraqları daha da artdı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda müzakirəsi zamanı Böyük Britaniya Azərbaycanın haqq işini daha ciddi müdafiə etməyə başladı. Bununla da Heydər Əliyev hələ də xaos girdabında çapalayan Azərbaycanın müstəqil xarici siyasət konsepsiyasını təsdiq etdi, eyni zamanda enerji resurslarını “geosiyasi resursa” çevirərək, regionda balanslı beynəlxalq əlaqələrin formalaşmasına şərait yaratdı.
Hər günün öz hökmünün olduğu həmin tarixi mərhələ elə idi ki, burada gecikmək də, tələsmək də olmazdı, xarici qüvvələrin iradəsi ilə, milli hisslərdən uzaq düşən “vəzifə hərisləri”nin icrası ilə həyata keçirilən müxtəlif təxribatlar baş alıb gedirdi.
“Əsrin müqaviləsi”ndən bir neçə gün sonra, Heydər Əliyevin Nyu-Yorkda BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etdiyi günlərdə – 1994-cü il sentyabrın 28-də MTN təcridxanasından naməlum yollarla eks müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, “Talış-Muğan Respublikası”nın “prezidenti” elan olunan Əlikram Hümbətov və digərləri qaçırıldı, sentyabrın 29-da isə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Afiyəddin Cəlilov və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov terror qurbanı oldu.
Bundan 3-4 gün sonra – 1994-cü il oktyabrın 2-də Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd baş tutdu. Bu ekstremal vəziyyətlərdə belə siyasi iradəsini itirməyən Heydər Əliyev, obrazlı desək, Azərbaycan gəmisini fırtınalardan, burulğanlardan, onu gözləyən böyük bəlalardan xilas edərək sahilə yan ala bildi.
Çox çətin iqtisadi vəziyyətdə və xaotik siyasi durumda olan bir ölkə üçün dünyanın böyük güc sahibi olan qüdrətli ölkələri ilə ikitərəfli sazişlərin bağlanılması o dövr üçün qeyri-adi hadisə idi və elə qeyri-adi də zəka, diplomatiya, cəsarət və iradə tələb edirdi. Yeni, şəffaf, hüquqi baxımdan səlis, siyasi cəhətdən zəmanətli danışıqlar platformasının yaradılması nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın xarici siyasətində dönüş nöqtəsi oldu. Bu sazişlə ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Yaponiya, Səudiyyə Ərəbistanı olmaqla 7 ölkə və 13 enerji şirkəti Azərbaycanın neft ehtiyatlarının istismarına sərmayə qoymağa razılaşdı. Layihənin ilkin dəyəri 7.4 milyard dollar idi və zamanla bu rəqəm 60 milyard dolları keçdi. Kiçik tikinti şirkətlərinin Azərbaycana investisiya yatırmaqda tərəddüd etdiyi bir zamanda BP, “Amoco”, “Statoil” kimi nəhəng şirkətlər ölkəmizə cəlb olundu. Bu, Azərbaycanın iqtisadi və geosiyasi tarixində mühüm bir hadisə oldu. Həmin dövrdə Azərbaycan bir sıra beynəlxalq təşkilatlara BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı və MDB kimi qurumlara üzv oldu. Gənc və yenicə ayaq üstdə dayanmağa başlayan müstəqil dövlət üçün daha çox siyasi mahiyyət daşıyan bu qurumlara üzvlük sonralar bir sıra tələblərin həyata keçirilməsinə şərait yaratdı. Məsələn, BMT çərçivəsində Qarabağ münaqişəsinin həlli üçün 822, 853, 874 və 884 saylı qətnamələrin qəbuluna nail olundu, ATƏT-ə üzv olan Azərbaycan bu təşkilat vasitəsilə Ermənistanla münaqişənin diplomatik yolla həllinə çalışdı, İslam Əməkdaşlıq Təşkilatında İslam dünyasının dəstəyini almaq üçün bu təşkilatda aktiv diplomatik fəaliyyət göstərildi və s.
Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməyə başladı. Ulu öndərin həyata keçirdiyi çoxşaxəli diplomatik strategiya nəticəsində Azərbaycan müstəqil xarici siyasət yürüdən, beynəlxalq layihələrdə iştirak edən və regional təhlükəsizlikdə rolu olan bir dövlətə çevrildi.
Heydər Əliyev diplomatiyası ən kritik anlarda gecə-gündüz yorulmadan çalışaraq Azərbaycanı təkcə iqtisadi baxımdan gücləndirmədi, həm də ölkənin geosiyasi rolunu artırdı. Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın enerji resurslarına olan maraqları səbəbilə onun siyasi sabitliyinə və təhlükəsizliyinə daha çox diqqət yetirməyə başladılar, bu da ölkəmizin sonrakı uğurlarının təməli oldu. Bütün bunların nəticəsində, obrazlı desək, Azərbaycan lokomotivi tozlu-torpaqlı, daşlı-kəsəkli, gələcəyi naməlum cığırlardan hamar dəmir yollarının üzərinə çıxa bildi və uzaq, aydın, parlaq səhərlərə doğru məqsədyönlü səfərə başladı.

