Icma.az
close
up
RU
Liderlik xarakterinin ayrılmaz hissəsi Misir Mərdanov yazır

Liderlik xarakterinin ayrılmaz hissəsi Misir Mərdanov yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Müasir dövlətçilik məktəbinin mükəmməl simvolu olan Heydər Əliyev haqqında düşünərkən onun nə qədər hərtərəfli, geniş dünyagörüşünə və yüksək intellektə malik şəxsiyyət olduğuna heyrətlənməmək olmur. Zaman keçdikcə onun nadir zəkası, müdrikliyi, böyüklüyü daha da aydın görünür. Uzaqgörənliklə qurulmuş dövlətçilik fəlsəfəsi ilə Ulu öndər çətin dövrlərin lideri, sabitliyin təminatçısı, gələcəyin yolgöstərəni kimi tariximizə yazılmışdır. O, müxtəlif sahələr üzrə peşəkar və çoxcəhətli təsir bağışlayan lider idi. Onun fəaliyyəti yalnız siyasi rəhbərliklə məhdudlaşmırdı; dövlət idarəçiliyindən mədəniyyətə, iqtisadiyyatdan təhlükəsizliyə qədər bir çox sahələrdə dərin bilik və strateji baxış nümayiş etdirirdi. Ölkənin ucqar əyalətində sadə dəmiryolçu ailəsində dünyaya gəlmiş bir gəncin SSRİ kimi böyük dövlətin ən nüfuzlu qurumu olan "KQB"nin generalı rütbəsinə qədər yüksəlməsi təsadüfi deyildi - bu, fitri istedadın, dərin zəkanın və peşəkar hazırlığın göstəricisi idi.

Azərbaycanın rəhbəri olduğu dövrdə sənayenin inkişafı, xüsusilə neft, enerji və kənd təsərrüfatı sahələrində ciddi islahatlar həyata keçirmişdi. "Əsrin müqaviləsi"nin imzalanması ilə o, Azərbaycanın neft strategiyasının əsasını qoydu, ölkəni beynəlxalq enerji xəritəsinə daxil etdi və göstərdi ki, iqtisadiyyatı və sənayeni çox mükəmməl bilir. Həmçinin xarici siyasət və diplomatiya sahəsində əvəzedilməz bir fenomen olduğunu beynəlxalq arenada balanslaşdırılmış siyasət yürütməklə, Azərbaycanın həm Qərb, həm də Şərq dünyası ilə əlaqələrinin möhkəmləndirməsi ilə sübut etdi.

"Mən dünyada müəllim adından yüksək ad tanımıram!", - deyərək və gənclərin təhsil alması, onların intellektual səviyyənin artırılması üçün çoxşaxəli təşəbbüslər irəli sürərək bu ideyaları həyata keçirib təhsilə, elmə nə qədər önəm verdiyini göstərdi. Azərbaycan mədəniyyətinə və ziyalılarına xüsusi diqqəti, milli dəyərlərə sədaqəti, elm və texnologiyanın inkişafına verdiyi önəm, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün həyata keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər, ölkədə məhkəmə və hüquq-mühafizə sistemini formalaşdırması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor hərəkatının güclənməsi, ölkəmizdə dini və etnik müxtəlifliyə əsaslanan cəmiyyət modelinin qurulması, multikulturalizm və tolerantlığın bərqərar olması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların kütləvi şəkildə elmə və idmana cəlb olunması, milli ordunun qurulması və digər onlarla strateji xətt onun həyat yolunun istiqamətləri sırasında olmuşdur.

Hesab edirəm ki, bu istiqamətlərin hər biri haqqında saatlarla danışmaq, kitab-kitab məqalələr yazmaq olar, bu, qədirbilən xalqımız tərəfindən hər zaman edilmiş və ediləcəkdir. Bu nəhəng və fenomenal şəxsiyyətin milyonlarla insana örnək olan ömrü ərzində ölkəmiz və bütün dünya üçün etdikləri barədə mən də bir neçə kitab, onlarla məqalə yazmışam. Təqdim olunan yazıda onun ali dəyərlərinin nisbətən az öyrənilmiş, hələ tam sistemləşdirilməmiş bir xüsusiyyəti barədə yazmaq istəyirəm - Ulu öndərin dostluq münasibətləri haqqında.

Çox araşdırdıqdan sonra belə qənaətə gəlmişəm ki, xarizmatik liderliyi, praqmatik siyasəti, strateji və çevik düşüncəsi nəticəsində dünyanın tanınmış şəxsiyyətlərində  ona qarşı yaranmış dərin ehtiram və rəğbət hissini olduğu kimi gələcək nəsillərə çatdırmaq lazımdır. Qoy onlar Ümummilli lideri yalnız mürəkkəb siyasi və sosial məsələləri geniş təhlil etməyi və dəqiq strateji qərarlar verməyi bacaran müdrik siyasətçi kimi yox, həm də çox alicənablıq, güvənlik, kübarlıq keyfiyyətlərinə malik, dünya liderləri tərəfindən "dərin düşüncəli, nəcib və nüfuzlu dövlət xadimi" olaraq dəyərləndirilən nəhəng şəxsiyyət olduğunu bir daha görsünlər.

Tarix göstərir ki, çox vaxt bütün enerjilərini və diqqətlərini öz sahələrində irəliləməyə həsr etdikləri üçün əksər liderlər insan kimi kamil olmamış, şəxsi həyatlarında, ətrafdakı insanlara münasibətdə, yaxud etik davranışlarında zəifliklər göstərmişlər. Yaxud, insan psixologiyasına ciddi təsir edən tarixi şərait, liderlik məsuliyyəti və daim ictimai diqqət altında olmaq onların sərt, bir qədər də qeyri-adi, insanlardan uzaq olmasına səbəb olmuşdur. Tarix səhifələri liderliklə kamilliyin üst-üstə düşmədiyi çoxsaylı nümunələrlə zəngindir. Bu şəxslər öz ölkələrinin və ya dünyanın taleyinə ciddi təsir göstərsələr də, onların şəxsi həyatları, etik davranışları, dostları ilə münasibətləri tarixin yaddaşında birmənalı qalmamışdır. Bu siyahıda Uinston Çörçil, Napoleon Bonapart, Mustafa Kamal Atatürk, İosif Stalin, Riçard Nikson, Marqaret Tetçer və onlarla digər şəxsiyyətlərin adları vardır.

Məsələn, "Dəmir ledi" təxəllüslü Marqaret Tetçer tarixə Böyük Britaniyada həyata keçirilən iqtisadi islahatların, liberal iqtisadi sistemə keçidi təmin edən qətiyyətli və prinsipial siyasətçi kimi düşsə də, ətrafında olanlara, o cümlədən ailə üzvlərinə qarşı sərt və kobud rəftarı, insanlarla həddindən artıq böyük məsafə saxlaması, heç kəslə dostluq münasibətində olmaması ilə xarakterizə edilir.

Belə nümunələr göstərir ki, liderlik və kamillik fərqli insani keyfiyyətlərdir. Liderlər cəmiyyətə, tarixə və gələcəyə böyük fayda verə bilərlər, lakin bu, onların şəxsi həyatlarının və davranışlarının ideal olmasına zəmanət vermir. Şəxsi keyfiyyətlərlə, münasibətlərdə dürüstlük və təvazökarlıqla bağlı olan mənəvi kamillik, nəciblik isə insandan həyata keçirdiyi böyük işlərlə paralel ədalətli, səbirli və təmkinli olmaq, empatiya göstərmək, etik davranışları gözləmək kimi çox mürəkkəb xüsusiyyətlər tələb edir. 1990-cı illərin xaosunda Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas edən, həm Qərb, həm də Rusiya və İranla münasibətlər quraraq balanslı siyasət yürütməyi bacaran, "Əsrin müqaviləsi"ni imzalayaraq Azərbaycanın iqtisadi gələcəyinin əsasını qoyan və ölkəni dünya enerji bazarına çıxaran, güclü natiqlik bacarığı ilə insanlarda ümid yaradan Heydər Əliyev isə çoxsaylı dostları, şəxsi münasibətləri, ailə dəyərlərini yüksək qiymətləndirməsi ilə də tarixə düşmüşdür.

Onun dostlarının siyahısı kifayət qədər böyükdür - burada SSRİ kimi nəhəng bir dövlətə 18 il rəhbərlik etmiş Leonid Brejnevdən Bəxtiyar Vahabzadəyə, Qara Qarayevə, Mstislav Rostropoviçdən Fikrət Əmirova, Zeynəb Xanlarovaya, Niyaziyə, Hökumə Qurbanovaya, Süleyman Dəmirəldən Rəşid Behbudova, Müslüm Maqomayevə, SSRİ-nin rəhbəri olmuş Yuri Andropova, ABŞ-ın 41-ci Prezidenti Corc Buşdan İhsan Doğramacıya kimi onlarla müxtəlif insan vardır. Həm də bu insanların hər biri dünya səviyyəsində tanınmış xüsusi şəxsiyyətlərdir. Onların hər birinə diqqət və vaxt ayırmaq, həm də etimadlarını, sevgilərini qazanmaq sadə məsələ deyildir. Belə insanların biri ilə hər hansı münasibətdə olmaq özü böyük bir hadisə hesab edilə bilər, ancaq hamısı ilə səmimi əlaqələr qurmaq üçün Heydər Əliyev olmaq vacib idi.

Yüksək intellekt və siyasi savad, dərin analitik düşüncə və dövlət idarəçiliyi istedadı, diplomatik çeviklik və fikirləri aydın, səlis ifadə etmək bacarığı, cəlbedici zahiri görünüş və zəngin daxili aləm, təvazökarlıqla özünəinamın ideal balansı Ulu öndərə dünyanın bir çox tanınmış şəxsiyyətləri ilə səmimi münasibətlər qurmaq imkanı yaratmışdı. Bugünkü gənclər yəqin ki, bilmirlər, ancaq mən şahidəm ki, SSRİ-nin 1964-cü ildən 1982-ci ilə kimi rəhbəri olmuş Leonid Brejnev o dövrdə olduqca yüksək nüfuza malik siyasi lider idi. Mən müqayisə üçün qeyd edirəm ki, onun həmin illərdəki avtoriteti bugünkü ABŞ Prezidentinin nüfuzundan heç də az deyildi. Həmin insanla nəinki ünsiyyətdə olmaq, bir neçə kilometrdən onu görməyin özü reallıqdan uzaq bir hadisə idi, çünki o, dünyanın ən böyük ölkəsinin simvolu hesab edilirdi. Ancaq Heydər Əliyev həmin əlçatmaz insanla şəxsi münasibətlər qura bilmişdi, Brejnevin ən yaxın ətrafında olan kəslərin belə həsrət çəkdiyi təmaslarda ola bilirdi. Məsələn, o, Brejnevin Krımda yerləşən iqamətgahında keçirilən ailə tədbirlərində bir neçə dəfə həyat yoldaşı ilə birgə iştirak etmişdi. Bu cür qeyri-rəsmi görüşlər qarşılıqlı etimadın və yaxın münasibətlərin dərinliyinin göstəricisidir. Hamıya məlumdur ki, bu cür görüşlər, rəsmi protokollardan kənar, daha səmimi və açıq müzakirələrin aparıldığı məkanlar hesab olunur. Moskvadan kənara çıxmağı çox da xoşlamayan Brejnev üç dəfə Bakıya gəlmişdi, bu faktın özü Heydər Əliyevin Moskvanın siyasi dairələrində nə qədər yüksək nüfuza malik olduğunun daha bir təsdiqidir. Bu səfərlərin sadəcə ekskursiya olmadığı da məlumdur, belə vizitlərdən sonra Azərbaycana mərkəz tərəfindən böyük investisiyalar ayrılır, nəhəng tikintilərə icazə verilirdi. Bakı Məişət Kondisionerləri, Yeni Neftayırma, Bakı Soyuducular, Etilen-polietilen, Sintetik kauçuk, Sumqayıt şüşə, Bakı Dərin Özüllər  və digər onlarla zavod məhz həmin səfərlərin yadigarları kimi ölkəmizdə qalmaqdadır.

Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə, Brejnevdən sonra isə bütün Sovet İttifaqına rəhbərlik etmiş Yuri Andropovla Ulu öndərin şəxsi münasibətləri də çox maraqlı və ibrətamiz hadisədir. Hələ 1950-60-cı illərdə Azərbaycan "KQB"sində çalışan Heydər Əliyev öz fenomenal mühakimə qabiliyyəti, çevik düşüncə tərzi, intizamı və intellekti ilə Andropovun diqqətini cəlb etmiş, onda müsbət təəssürat yaratmışdı. Xarakterindəki stabillik, öz üzərində daim çalışmaq qabiliyyəti, prinsipiallıq və qətiyyət Heydər Əliyevi zaman keçdikcə Kremldə həlledici söz sahiblərindən biri olan Andropova daha çox sevdirmiş, ömrünün sonuna kimi ona yüksək şəxsi rəğbət bəsləmişdir. Bu münasibətlər şəxsi simpatiyaya və qarşılıqlı hörmətə əsaslanırdı. Rusiyanın Praqadakı Mədəniyyət və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin xatirələrində yazır ki, Andropov özünün varisi rolunda məhz Heydər Əliyevi görürdü, Ulu öndərin Siyasi Büroya üzv seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsinə təyin edilməsi də onun gələcəkdə SSRİ rəhbəri postuna hazırlanması ilə bağlı idi. Lakin Andropovun gözlənilmədən dünyasını dəyişməsi, Qorbaçov kimi avantüristlərin hakimiyyətə gəlməsi təkcə Heydər Əliyev fenomeninin kənarlaşdırılması ilə yox, həm də böyük bir dövlətin çökməsi ilə nəticələndi.

Heydər Əliyevin Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəllə münasibətləri fərqli bir müstəvidə, həm şəxsi dostluq, həm də çox incə diplomatik təmaslar səviyyəsində qurulan ünsiyyət idi. Bu dostluq, uzun illər ərzində qarşılıqlı hörmət, ortaq türk dünyası ideyaları və bir-birinin liderlik keyfiyyətlərinə duyulan ehtiram əsasında qurulmuşdu, həm də yalnız siyasi tərəfdaşlıqdan ibarət deyildi, bu, eyni zamanda dərin şəxsi simpatiyanın bəhrəsi idi. Heydər Əliyev və Süleyman Dəmirəl SSRİ dövründən bəri bir-birlərini siyasi liderlər kimi qiyabi tanıyırdılar. Onların münasibətlərinin əsas mərhələsi Heydər Əliyevin Naxçıvan dövründə (1990-1993) başlamışdı, bu, onların dostluğunun formalaşdığı, sınaqdan keçdiyi və möhkəmləndiyi dövr idi. Ermənistanın başladığı müharibə nəticəsində Naxçıvan faktiki olaraq ağır blokada şəraitində yaşayırdı - enerji, ərzaq, dərman qıtlığı mövcud idi. Belə çətin məqamda Heydər Əliyev kimi mahir strateq çıxış yolunu Türkiyə ilə birbaşa əlaqələrin qurulmasında gördü. Bu da məhz Süleyman Dəmirəllə şəxsi kanallar vasitəsilə mümkün ola bilərdi. Bu münasibətlərin yaradılması nəticəsində 1992-ci ildə Türkiyə-Naxçıvan sərhədi (Ümid körpüsü) açıldı. Süleyman Dəmirəlin bilavasitə dəstəyi ilə açılan bu körpü Naxçıvan üçün həyat dəhlizi oldu və onun göstərişi ilə Türkiyə Naxçıvana humanitar yardım, yanacaq və ərzaq göndərməyə başladı. Bu, Azərbaycan-Türkiyə əlaqələrinin mənəvi yönü və Heydər Əliyevə verilən dəstək demək idi. Böyük bir dövlətin başçısının kabinetindən kiçik Azərbaycanın balaca əyalətinin - Naxçıvanın rəhbərinin otağına çəkilən birbaşa telefon xəttinin özü də çox həqiqətləri göstərirdi. Heydər Əliyevin nəhəngliyini bir daha təsdiq edən amillərdən biri də bu idi ki, Süleyman Dəmirəl Naxçıvanı  doğma bir yurd kimi qəbul etmişdi, bütün Türkiyəyə də bu ideyanı təlqin edirdi: "Naxçıvan tək qalmayacaq. Bizim üçün Naxçıvan yalnız coğrafiya deyil, qardaşımızın yurdudur". Heydər Əliyevin Naxçıvan dövründə Süleyman Dəmirəllə münasibəti yalnız siyasi deyil, həm də şəxsi sədaqətə əsaslanırdı. Dəmirəlin bu dövrdə Naxçıvana göstərdiyi yardım, sadəcə rəsmi dövlət jesti yox, dostun dosta uzatdığı təmənnasız əl idi. Bu münasibətlər sonrakı dövrdə iki ölkə arasında "bir millət, iki dövlət" fəlsəfəsinin təməlinə çevrildi.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqda artıq Dəmirəllə sınaqdan çıxmış bir etibar, möhkəm şəxsi əlaqə, beynəlxalq səviyyədə istifadə edilə biləcək siyasi dialoq qurmuşdu. Bu münasibətlər, onun prezidentliyi dövründə və sonralar Azərbaycan-Türkiyə əlaqələrinin sürətlə inkişafında əsas rol oynadı. Belə demək mümkünsə, Naxçıvanda təməli qoyulan münasibətlər, Bakıya daşındı. İki lideri birləşdirən əsas məqamlardan biri də Türk dünyasının birliyi ideyası idi. Hər ikisi türk dəyərlərinin, dilinin, mədəniyyətinin qorunması və siyasi yaxınlaşmanın tərəfdarı idi. Heydər Əliyevlə Süleyman Dəmirəlin dostluğu təkcə iki ölkə arasındakı strateji tərəfdaşlığa deyil, iki şəxsin səmimi və davamlı dostluğuna əsaslanırdı. Onların münasibəti, Azərbaycan-Türkiyə əlaqələrinin təməl daşlarıdır. Dəmirəlin Bakıya səfərləri zamanı, Heydər Əliyev onu yalnız rəsmi şəxs kimi yox, şəxsi qonaq kimi qarşılayırdı. Ulu öndər deyirdi: "Bizim Dəmirəl kimi dostlarımız olduqca, Azərbaycan-Türkiyə münasibətlərini heç kim poza bilməz". Dünyanın bərkini-boşunu görən, siyasi arenada insan sərrafı kimi tanınan Süleyman Dəmirəl isə deyirdi: "Heydər bəy təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının lideridir. O, təkcə bir dövlət başçısı deyil. Dərin zəkaya malik, uzaqgörən, mərd bir insandır".

Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin inkişafında mühüm rol oynamış Heydər Əliyevin ABŞ-nin 41-ci prezidenti Corc Buş (Ata Buş) ilə  münasibətləri də çox böyük maraq doğurur. Dünyanın super dövlətinin başçısı ilə müstəqilliyini yenicə əldə etmiş kiçik bir respublikanın prezidenti arasında səmimi münasibətlərin mövcudluğu yalnız Heydər Əliyev kimi nəhəng zəka sahibinin qüdrəti sayəsində mümkün ola bilmişdir. Buş xatirələrində yazır ki, 2001-ci ilin aprel ayında, ABŞ-da keçirilən Key Vest sülh danışıqlarından sonra, Heydər Əliyevlə Vaşinqtonda görüşdüm. Prezident Əliyevi geniş dünyagörüşünə, yüksək mənəvi keyfiyyətlərinə görə rəsmi ofisdə yox, öz evimdə qəbul etdim,  okeana və mənim iki hobbimə - balıqçılıq və qayıqla gəzintiyə böyük maraq göstərdiyinə görə və şəxsi münasibətlərimizin tərkib hissəsi kimi onu şəxsi qayığımda gəzdirdim. Buş qeyd edir ki, Amerika-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulamaq məqsədi ilə qayıqda Azərbaycan bayrağı da qaldırılmışdı.

Corc Buşun Heydər Əliyevi şəxsi qayığında gəzdirməsi onların yaxın şəxsi münasibətlərinin və ABŞ-Azərbaycan əlaqələrinin dostluq xarakterinin bariz nümunəsi kimi tarixə düşmüşdür. Bu görüş zamanı Corc Buş Heydər Əliyevə olan hörmətini və onun liderlik keyfiyyətlərinə olan heyranlığını ifadə etmişdir. Bu, onların şəxsi münasibətlərinin dərinliyini və qarşılıqlı hörmətini göstərən bir nümunədir. Heydər Əliyev və Corc Buş arasındakı münasibətlər, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın əsasını qoymuşdur. Bu əlaqələr, yalnız siyasi deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafına təkan vermişdir. 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror hücumlarından sonra, Heydər Əliyev Azərbaycanın ABŞ-nin mübarizəsinə dəstək verməyə hazır olduğunu bildirmişdir. Azərbaycan, ABŞ-nin hərbi əməliyyatları üçün öz hava məkanını istifadəyə vermiş və bu, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafına səbəb olmuşdur. Bu münasibətlər ABŞ və Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçlə də  Heydər Əliyevi bir-birinə bağlayan və illərlə davam edən möhkəm dostluq telləri var idi. Bakıda doğulan və uşaqlığının bir hissəsi bu şəhərdə keçən Mstislav Rostropoviçlə Heydər Əliyev arasında şəxsi dostluq çox dərin və səmimi münasibətlərə əsaslanırdı. Bu dostluq sadəcə mədəni və siyasi əlaqələrlə məhdudlaşmır, şəxsi səviyyədə qarşılıqlı hörmət və etimada əsaslanırdı. Moskvada yaşayan Rostropoviç doğulduğu şəhərdən ayrıldıqdan sonra Bakıya 1950-ci illərdə gəlib və bu səfər zamanı Heydər Əliyevlə tanış olub. Sonralar bu tanışlıq sıx dostluğa çevrilib. Mədəniyyətə önəm verən, incəsənəti dərindən duyan Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi vaxtlarda da Rostropoviçin yaradıcılığına və onun nəcib mədəni xidmətlərinə yüksək qiymət verir, onu böyük sənətkar kimi dəyərləndirirdi. SSRİ-də dissident fəaliyyətinə görə təqib olunan Rostropoviç həyatının ən çətin məqamlarında da Heydər Əliyevdən dəstək görmüş, ona görə Qərbə köçdükdən sonra belə onunla şəxsi əlaqələrini qoruyub saxlamışdı. Bu, onların münasibətlərinin səmimiliyini göstərir. Rostropoviç deyirdi: "Heydər Əliyev təkcə böyük siyasətçi deyil, o həm də mənim yaxın dostumdur. Onunla fəxr edirəm". Heydər Əliyev də öz növbəsində onu "dahi sənətkar" adlandırırdı və onun Azərbaycana olan sevgisini yüksək qiymətləndirirdi.

1990-cı illərdə - Heydər Əliyevin Prezident olduğu dövrdə Mstislav Rostropoviç dəfələrlə Bakıya rəsmi səfərlər etmiş, konsertlər vermiş və Azərbaycan xalqına olan sevgi və hörmətini müxtəlif formalarda ifadə etmişdir. 1997-ci ildə Rostropoviçin 70 illik yubileyi münasibətilə Bakıda böyük tədbir keçirilmiş və Heydər Əliyev ona Azərbaycan Respublikasının ən yüksək mükafatı olan "İstiqlal" ordenini təqdim etmişdi. Heydər Əliyevin şəxsində böyük bir azərbaycanlı ilə dostluq etməsindən hər zaman qürur duyan Mstislav Rostropoviç hətta 2007-ci ildə doğulduğu Bakıda, Heydər Əliyevlə bir xiyabanda dəfn olunmasını vəsiyyət etmişdi. Onların arasındakı dostluq və mədəni əlaqələr, Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bu əlaqələrin ən əhəmiyyətli təzahürü, Bakıda keçirilən Beynəlxalq Mstislav Rostropoviç Festivalıdır. Bu festival onun xatirəsini yaşatmaq və klassik musiqini təbliğ etmək məqsədilə hər il Bakıda keçirilir. Festival, dünya səviyyəli musiqiçiləri bir araya gətirərək, Azərbaycanı beynəlxalq musiqi xəritəsində önə çıxarır. Festivalın təşkilatçılığında Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondu mühüm rol oynayır. Həmçinin Bakının mərkəzində 1925-1931-ci illərdə Mstislav Rostropoviçin və atası Leopold Rostropoviçin yaşadığı evdə ev-muzeyi fəaliyyət göstərir. Bu məkan, Rostropoviçin "Bakılı" olmağından qürur duyduğunu və Heydər Əliyevin ona "Vətənini geri qaytardığını" ifadə etdiyi bir yer olaraq xüsusi əhəmiyyət daşıyır.

Türk dünyasının tanınmış alimi, Bilkənt Universitetinin qurucusu, pediatriya üzrə dünya şöhrətli mütəxəssis və pedaqoq,  Almaniyadakı Leopoldina Naturforit Elmlər Akademiyasının, ABŞ-dakı Pediatrlar Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının, İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi üzvü, Paris Milli Akademiyasının müxbir üzvü və Ümumdünya Səhiyyə Təşkilatının fəxri üzvü olmuş İhsan Doğramacı ilə Heydər Əliyev arasındakı dostluq münasibətləri Azərbaycan və Türkiyə arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır.  Türk dünyasının iki böyük ziyalısının Azərbaycan və Türkiyə arasında sağlam mənəvi körpünün əsası kimi mühüm əhəmiyyət kəsb edən bu dostluğun təməlində vahid maraqlar - təhsilə və intellektual potensiala böyük önəm vermək, öz xalqına və türk dünyasına sədaqətlə xidmət etmək kimi həyatlarının əsas məqsədi dayanırdı.

İhsan Doğramacı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu dövrdə Ankarada keçirilən görüşlərində iştirak etmiş, orada yaxından tanış olmuşdular. Azərbaycanla sıx əlaqələri olan İhsan Doğramacı, Azərbaycan tarixi, mədəniyyəti, hətta ləhcələri haqqında dərin biliklərə malik idi. Doğramacının Azərbaycan ləhcələrini bilməsi, xüsusilə Bakı, Naxçıvan və Qarabağ ləhcələrini öyrənməsi, onun Azərbaycan sevgisini və mədəniyyətinə olan hörmətini göstərirdi. Onun bu xüsusiyyətləri Heydər Əliyevin diqqətini çəkmiş və aralarında yaxın dostluq münasibətləri yaranmışdır. Ulu öndər yazırdı: "Bu ilk görüşlərdən sonra İhsan Doğramacıyla aramızda böyük bir dostluq başladı. Sanki yüz illik bir dostluq". Bu münasibətlər nəticəsində, 1995 və 2000-ci illərdə Doğramacının 80 və 85 illik yubileyləri Bakıda böyük təntənə ilə qeyd edilmiş, bu tədbirlərdə Heydər Əliyev şəxsən iştirak etmiş və Doğramacıya yüksək hörmətini ifadə etmişdir. 2005-ci ildə 90 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İhsan Doğramacı "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

İhsan Doğramacı, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəyə yardım edən ilk türk ziyalılarından biri olmuşdur. Onun təşəbbüsü və şəxsi nüfuzu ilə bir çox azərbaycanlı gənc Türkiyədə təhsil ala bilmişdir. Heydər Əliyev bu dəstəyi yüksək qiymətləndirirdi və İhsan Doğramacını "Türk dünyasının böyük oğlu" adlandırırdı. İhsan Doğramacı da Heydər Əliyevə olan böyük sevgisini xoş sözlərlə ifadə edirdi: "Heydər Əliyev zəmanəmizin böyük türküdür. Mən 80-ci illərdə Moskvada bir türk oğlunun sovet rəhbərliyində yüksək post tutması haqqında eşitmişdim və onu görmək istəyirdim. Nəhayət, 90-cı illərdə bu, mənim qismətim oldu. Qeyd edim ki, Heydər Əliyev mənim təsəvvür etdiyimdən də nəhəng şəxsiyyət, dərin zəkalı və yüksək mədəniyyətli bir insan, çox etibarlı və səmimi dost imiş. Mən onunla dostluğumdan qürur duyuram".

Heydər Əliyevin xarici siyasətdə, şəxsi münasibətlərdə, tanınmış insanlarla formalaşdırdığı dostluq və etimad prinsipi yalnız diplomatik ritorika deyildi - bu, onun şəxsiyyətinin, liderlik xarakterinin ayrılmaz hissəsi idi. O, münasibətlərə uzunmüddətli baxır, qarşılıqlı hörmət və etibara əsaslanan əlaqələr qururdu. Ulu öndər təkcə siyasi xadim deyildi - o, həm də zamanının dərin düşüncəli strateqi və insani münasibətlərə xüsusi önəm verən lideri idi. Onun rəhbərliyi dövründə Azərbaycan hələ gənc bir dövlət olaraq dünyada yerini müəyyənləşdirirdi. Bu mərhələdə Heydər Əliyevin qurduğu beynəlxalq münasibətlər bir çox hallarda məhz şəxsi dostluğa, qarşılıqlı hörmətə və diplomatik etibara əsaslanmalı olurdu. Türkiyə, Rusiya, ABŞ, Avropa və İslam dünyasında bir çox liderlərlə Heydər Əliyevin qurduğu əlaqələr, təkcə rəsmi deyil, mənəvi yaxınlıq üzərində qurulmuşdu. Qurulan bu dostluq və qarşılıqlı hörmət prinsipləri, onun təkcə lider kimi yox, həm də dərin insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu nümayiş etdirirdi. O, dövlətlərarası əlaqələri yalnız rəsmi protokollar üzərindən deyil, şəxsi etimad və diplomatik etiket vasitəsilə də möhkəmləndirirdi. Məhz bu yanaşma, həmin çətin və ağır illərdə Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında əsas rol oynamışdı. Heydər Əliyevin dostluğa əsaslanan bu diplomatik yanaşması təkcə onun şəxsi uğuru deyildi - bu, eyni zamanda Azərbaycanın beynəlxalq siyasətə baxışının bünövrəsini təşkil edirdi.

Fikrimcə, bu baxış bucağından yanaşdıqda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün apardığı siyasət də, bir çox hallarda, həmin ənənənin zamana uyğun davamıdır. Əgər Heydər Əliyev dostluqla etibarı birləşdirirdisə, İlham Əliyev bu prinsipləri strateji tərəfdaşlığa və geosiyasi tarazlığa çevirmişdir. Bu gün həmin diplomatik irs cənab  İlham Əliyev tərəfindən həm siyasi, həm də mənəvi baxımdan daha yüksək səviyyədə davam etdirilir. O, atasının dostluq fəlsəfəsini yeni reallıqlara uyğunlaşdıraraq, Azərbaycanı regional və qlobal miqyasda mühüm tərəfdaşlardan birinə çevirmişdir.

Heydər Əliyev yolunun uğurlu davamçısı kimi Prezident İlham Əliyev, dövlətçilik ənənələrinə sadiq, milli maraqları qətiyyətlə müdafiə edən, beynəlxalq nüfuzlu, müasir çağırışlara çevik cavab verə bilən və xalqla bir olan güclü lider kimi səciyyələndirilə bilər. Mən bu barədə düşünərkən gözlərim önündə "ata vəsiyyətini yerinə yetirən", həm də Heydər Əliyevin açıq və ya dolayısı ilə verdiyi "vəsiyyəti" yalnız 44 günlük rəşadətli müharibədə yox, bütün cəbhələr boyu uğurla yerinə yetirən qeyrətli bir oğul canlanır.

İlham Əliyevin xarici siyasəti balanslı və çoxşaxəlidir. Məsələn, son günlərdə Çinə etdiyi səfər bu siyasətin davamlılığını və yenilənmiş formasını aydın göstərir. Əgər Ulu öndər dünyanın siyasi liderləri ilə etibarlı münasibət qururdusa, İlham Əliyev bu münasibətləri dərinləşdirir, rahat danışan tərəfdaşdan daha çox beynəlxalq enerji və nəqliyyat layihələrinin liderinə çevrilir. Çinlə "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsində əlaqələrin qurulması, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı və qarşılıqlı vizasız rejim - bunlar hamısı Prezident İlham Əliyevin atası tərəfindən qoyulmuş "beynəlxalq etimad" modelini bu günün qlobal şərtlərinə uyğun şəkildə davam etdirdiyini göstərir.

Bu günlərdə İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri isə mühüm bir diplomatik hadisə oldu. Bu səfər, İran-Azərbaycan əlaqələrində yeni mərhələnin başlanğıcını simvolizə edirdi. Səfər çərçivəsində cənab İlham Əliyev İranın siyasi rəhbərliyi ilə bir neçə mühüm görüşlər keçirərək bu görüşlərdə İranla Azərbaycanın ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi, regiondakı sabitliyin qorunması, enerji əməkdaşlığının inkişafı və hər iki ölkənin strateji maraqlarına uyğun yeni layihələrin təşviqi məsələlərini müzakirə etmişdir. İran-Azərbaycan münasibətləri ən gərgin dövrlərindən birini yaşadığı vaxtda belə, bu cür diplomatik görüşlər iki ölkə arasında əlaqələrin gücləndirilməsi, regionda siyasi münasibətlərin normallaşdırılması və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edir.

Azərbaycan və İsrail arasında münasibətlər son illərdə daha da möhkəmlənmişdir. 2023-cü ildə Azərbaycan İsraildə səfirlik açmış və bu, iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə təsadüf etmişdir. 2024-cü ilin fevralında Prezident İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə görüşərək ikitərəfli münasibətləri müzakirə etmişdir. Azərbaycan, İsrailin əsas neft tədarükçülərindən biri olmaqla yanaşı, müdafiə və təhlükəsizlik sahələrində də sıx əməkdaşlıq edir. Bu hadisələr bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti son zamanlar keyfiyyətcə yeni mərhələyə yüksəlir.

Biz içəridə olduğumuzdan bunu o qədər də hiss etmirik, əslində, Azərbaycan qlobal Cənubun qlobal Şimalla birləşməsində təkanverici rol oynayır, birləşdirici həlqəyə çevrilir. Belə bir funksiya dünyada artıq qəbul olunmağa başlayıb. Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Azərbaycana gəlirsə, erməni lobbiləri bəyanatlar verirsə, İran Prezidenti Azərbaycana gəlirsə, Çin Azərbaycanla münasibətləri bu cür təşkil edirsə, Türk Dövlətləri Təşkilatının Azərbaycanda yenidən ən yüksək səviyyədə görüşlərinin təşkilini görürüksə, deməli, fərqli mühiti yaşayırıq.

Deməli, Prezident İlham Əliyev "ata vəsiyyətini" yerinə yetirməklə həm də dövlətə və xalqa sədaqətlə xidmət, sabitliyin və təhlükəsizliyin qorunmasına, Azərbaycanın müstəqilliyinin və suverenliyinin əbədi olmasına, milli maraqların hər şeydən üstün tutulmasına böyük önəm verir. Bu baxımdan cənab Prezident ölkədə sabitliyi qoruyur, milli maraqlara uyğun praqmatik xarici siyasət yürüdür, Ulu öndərin siyasi irsini davam etdirir və onun vəsiyyətini həyata keçirmək yolunda xalqla birgə, milli həmrəylik və ədalətli idarəçilik prinsipləri ilə mühüm addımlar atır. Bu şərəfli və tarixi yolda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə daha böyük uğurlar arzu edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see220

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see198

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see198

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see181

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see176

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see174

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see158

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see157

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see147

50 yaşlı kişi alçaya görə öldü KONKRET

12 May 2025 09:41see143

Super Liqa: “Beşiktaş”dan darmadağın

11 May 2025 22:59see141

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see139

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see137

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see132

Pedatr: Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir

12 May 2025 13:36see130

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see130

LukOil dan bezin fırıldağı FOTOFAKT

12 May 2025 04:13see126

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see124

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see119

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri