Düşməni lərzəyə salan əfsanəvi kəşfiyyatçı
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun doğum günüdür
Müzəffər xalqımızın tarix sahifələrinə adını qızıl hərflərlə yazdıran elə oğullarımız var ki, onların keçdiyi döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik və qəhrəmanlıq məktəbidir. Birinci Qarabağ müharibəsinin əfsanəvi kəşfiyyatçılarından biri, Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynov məhz belə unudulmaz cəsur Vətən övladlarındandır.
Şahlar İsa oğlu Hüseynov 26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur.
1985-ci ildə doğma kəndlərində orta təhsilini rus dilində başa vurmuş və peşə məktəbinə daxil olaraq, sürücülük ixtisasına yiyələnmişdir. O, 1986-88-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Moskva şəhərində keçmişdir.
Qərbi Azərbaycanda yaşayan başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişdir. Ailə bir müddət evsiz-eşiksiz qaldıqdan sonra, nəhayət, Gəncə şəhərində məskunlaşmışdır. Şahlar Hüseynov ordudan tərxis olunaraq Gəncəyə – ailələrinin yanına gəlmişdir. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 saylı texniki-peşə məktəbinə vermişdir. 1991-ci ildə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər işləməyə başlayır. Ş.Hüseynov 1992-ci ilin fevralında erməni quldurlarının Xocalıda törətdikləri faciəyə dözə bilməyib, könüllü olaraq Gəncə batalyonuna daxil olur. Şahlar sıravi döyüşçü kimi bir çox əməliyyatlarda fəal iştirak edir, düşmənin yerinin öyrənilməsində və məhv edilməsində müstəsna fəaliyyət göstərir. O, erməni dilini təmiz bildiyi üçün kəşfıyyata həmişə öndə gedir, təhlükəli anlarında yoldaşlarını xilas edirdi. Düşmənin növbəti hücumu 10 aprel 1992-ci ildə Marquşevan kəndinə olur. Erməni quldurlarının hərbi texnikası və canlı qüvvəsi sayca üstün idi. Buna baxmayaraq, onlar kəndi tuta bilmədilər, xeyli itki verib, geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Şahlar Hüseynov böyük şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Gəncə şəhərində onun adını daşıyan küçə və ucaldılmış xatirə barelyefi Şahlar Hüseynovun əbədiyaşar xatirəsini gələcək nəsillərə ötürür. Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç vaxt unudulmur!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















