Icma.az
close
up
RU
Düşünən heykəltaraşlığa akademik yanaşma

Düşünən heykəltaraşlığa akademik yanaşma

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Akademik İsa Həbibbəylinin korifey heykəltaraş Ömər Eldarova həsr etdiyi kitabı haqqında düşüncələr

Əsl sənətkar ömrü həm də əsl sənət nailiyyətidir. Həqiqi sənətkar adı o yaradıcı şəxsiyyətə nəsib olur ki, sənətini sevsin, özünü ondan ayrı təsəvvür edə bilməsin. Belə sənətkarı xoşbəxt adlandırmaq olar. Onlardan biri də Azərbaycan heykəltaraşlıq sənətinin korifey təmsilçisi, Xalq rəssamı, akademik Ömər Eldarovdur. Qocaman tişə ustasının yaradıcılıq nailiyyətləri ilə zəngin həyat yolu sənətə məhəbbətlə keçir. Bu yaxınlarda "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilmiş "Xalq rəssamı Ömər Eldarov. Heykəltaraşlıq sənətinin canlı əfsanəsi" kitabı bu böyük sənətkarın yaradıcılığına həsr edilib. Kitabın müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Tədqiqat işinin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur. Kitaba böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən çoxlu sayda fotolar daxil edilmişdir. Bu, Ömər Eldarovun çoxcəhətli yaradıcılığını daha dərindən qavramaqda oxucuya kömək edir. Kitab AMEA-nın 80 illiyi çərçivəsində işıq üzü görmüşdür.

Haqqında bəhs etdiyimiz elmi araşdırma orijinal quruluş xüsusiyyətlərinə malikdir. Müəllif görkəmli sənətkarın yaradıcılığını ənənəvi formada deyil, unikal sənətkarlıq, dövlətçilik, fəlsəfi düşüncə, lirik ahəng mövqeyindən işıqlandırmış, bununla da Ömər Eldarovun yaradıcılığına yeni, çoxcəhətli baxış formatının əsasını qoymuşdur. Kitabın strukturu, bölmələrin adı, məzmunu ilə tanış olduqca müəllif yanaşmasının unikallığı, bənzərsizliyi bir daha gözlərimiz önündə canlanır.

"Qranitdə əbədiləşən dövlətçilik" - akademik İsa Həbibbəylinin bu yeni tədqiqat işi məhz bu bölmə ilə başlanır. Bu, çox düzgün yanaşmadır, çünki görkəmli tişə ustasının müstəqillik dövrü yaradıcılığının çoxcəhətli xarakterini həm lakonik, həm də dəqiq şəkildə əks etdirir. Ulu öndər Heydər Əliyevin möhtəşəm monumental obrazının yaradılması ilk növbədə məhz Ömər Eldarovun adı ilə bağlıdır. Maraqlı olan cəhət heykəltaraşın Ulu öndərin obrazına orijinallıqla yanaşması, fərqli detallar düşünüb tapmasıdır. Müəllif yazır: "Ömər Eldarovun heykəltaraşlıq Heydər Əliyevnaməsində xalqımızın və ölkəmizin xilaskarı, müstəqil dövlətimizin banisi və böyük qurucusu olan görkəmli dövlət xadiminin möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyi, xalqa ürəkdən bağlı olması düşünülmüş xarakterik cizgilər vasitəsilə hər dəfə orijinal şəkildə əks etdirilmişdir" (s. 8). Müəllifin bu sözlərində böyük həqiqət vardır. Ömər Eldarov Ulu öndər şəxsiyyətinə hər zaman orijinal tərzdə yanaşmış, onun xarakterinin, simasının, duruşunun, hərəkətlərinin xarakterik və bənzərsiz cəhətlərini tunc, mərmər üzərində məharətlə canlandırmışdır. Ömər Eldarovun yaratdığı Ulu öndərin heykəlləri ümumi ikonoqrafik oxşarlığa malik olmaqla yanaşı, özünəməxsus cəhətləri ilə seçilirlər. Onların duruşu, jestləri, mimikası fərqlidir. Böyük tişə ustası çox sevdiyi bu obraza hər dəfə yeni ştrixlər, məna çalarları daxil etmişdir. Bu, həm onun istedadının geniş imkanlarından, həm də Heydər Əliyev şəxsiyyətinə olan hörmət və məhəbbətindən irəli gəlir.

Kitabda qeyd olunur ki, Ömər Eldarov Ulu öndərin obrazını hələ müstəqillikdən əvvəl yaratmışdır. Burada söhbət Heydər Əliyevin 1987-ci ildə Naxçıvan şəhərində ucaldılmış büstündən gedir. Bildiyimiz kimi, həmin büstün yaradıcısı məhz Ömər Eldarov olmuşdur. Maraqlıdır ki, Ömər Eldarovun bu işə cəlb edilməsi Heydər Əliyevin öz seçimi idi. Bu, Heydər Əliyevin Ömər Eldarov sənətinə verdiyi dəyərin bariz təzahürüdür. 

Kitabın ikinci bölməsi "Xalq rəssamı Ömər Eldarovun tərcümeyi-halı" adlanır. Bu bölmədə müəllif görkəmli heykəltaraşın ömür yoluna nəzər salmış, onun həyət və yaradıcılığının əsas inkişaf mərhələlərinin mənzərəsini yaratmışdır. İsa Həbibbəyli böyük tişə ustasının gənclik illərini işıqlandırmış, onu oxuculara qabiliyyətli tələbə, istedadlı heykəltaraş, fəal ictimaiyyətçi kimi təqdim etmişdir. Bölmədə Ömər Eldarovun bir çox əsərlərinin adı çəkilmiş, onlar ətraflı təhlil edilmişdir. Bu sırada Xurşidbanu Natəvanın, Sədrəddin Ayninin, İbn-Sinanın, Mahatma Qandinin, Robindranat Taqorun, Hüseyn Cavidin, İhsan Doğramacının və bir çox başqalarının fərqli obrazları yer alır. Həmin heykəllər böyük sənətkarın yaradıcılıqla zəngin ömrünün ötüb keçən illərinin sanki canlı bələdçiləridir. Onların hər biri Ömər Eldarovun böyük sənətinin bir hissəsini, ömrünün bir parçasını özündə ehtiva edərək yaşadır.

Növbəti bölmə "Süjetli heykəllərin hekayəti" adını almışdır. Burada tişə ustasının yaradıcılığında əks olunan süjetli, bir çox hallarda çoxfiqurlu, sanki nəqledicilik xüsusiyyətlərinə malik dəzgah əsərləri təhlil edilib. Süjetli heykəl nümunələri daha çox müəllifin yaradıcılığının erkən və orta dövrlərinə aiddir. Lakin mükəmməl kompozisiya həllinə, estetik dəyərinə görə onlar bu gün də diqqəti cəlb edir. İsa Həbibbəyli Ömər Eldarovun yaradıcılığının geniş təhlilini vermiş, müxtəlif kompozisiyaların zəngin ekspressiyasını, daşıdığı məna yükünü, müəllif yanaşmasını peşəkarlıqla açıb göstərmişdir. O, əsərlərin təhlilinə fərqli yanaşmış, hər bir əsərin xarakterik ideya-bədii xüsusiyyətlərini şərh etmişdir. Aşağıdakı nümunə bu fikri təsdiq edir: "İdeya cəhətdən fərqli olmasına baxmayaraq, mövzunun bədii həlli baxımından "Gənc qvardiya" ilə "Güllələnmə" qorelyefi arasında möhkəm bir daxili bağlılıq vardır. Burada obrazların daxili-mənəvi gərginliyi təkcə həyəcanı deyil, həm də etirazı ifadə edir. Ömər Eldarov təqdim etdiyi obrazların daxili aləmini ifadə edəndə rəssam, portretlərin fiqurunu quranda heykəltaraş, onların ümidsizlik və ya etirazlarını əks etdirəndə vətəndaş-filosof kimi çıxış edir" (s. 43).

Maraqlı tədqiqat əsərinin dördüncü bölməsi müəllif tərəfindən maraqlı bir adla - "Düşünən heykəltaraşlıq məktəbi" adı ilə adlandırılıb. Bu, İsa Həbibbəylinin Ömər Eldarov yaradıcılığına novatorcasına yanaşmasının daha bir təzahürüdür. Hələ yazının əvvəlində qeyd etmişdik ki, müəllif öz yanaşmalarında unikal formalardan məharətlə istifadə etmiş, bununla da bir sənətkar kimi Ömər Eldarovun ilk baxışda "görünməyən" cəhətlərinə sənətşünaslıqda ilk dəfə olaraq aydınlıq gətirmişdir. İsa Həbibbəyli Ömər Eldarovu düşünən sənətkar kimi təqdim edir və tamamilə düzgün yanaşma tərzi nümayiş etdirir. Çünki böyük tişə ustası təkcə psixoloji, yaxud emosional obrazlar, dinamik kompozisiyalar üzərində çalışmır. Onun yaradıcılığı üçün həm də fəlsəfi məzmun, asketik təmkin səciyyəvidir. Bu cəhəti İsa Həbibbəyli düzgün müəyyən etmiş və onu kifayət qədər əsslandırmışdır.

Fəlsəfi, düşündürücü məzmun Ömər Eldarovun yaradıcılığına hələ gənclik illərindən xas olmuşdur. Gənc heykəltaraşın bu sahədəki ilk nailiyyəti artıq Xurşidbanu Natəvanın obrazında özünü büruzə verir. Sonralar o, "düşünən" tipin daha mükəmməl nümunələrini yaratdı. İsa Həbibbəyli fəlsəfi, yaxud düşünən tipi xarakterizə etmək üçün heykəltaraşın yaradıcılıq üslubuna xas olan "aşağı baxış" duruşunu, eləcə də əl-qol hərəkətlərini önə çəkmişdir. O, yazır: "Ömər Eldarov düşünən heykəltaraşlıq nümunələri yaradarkən nəzərləri aşağıya zillənmiş baxış detalı ilə yanaşı, əl-qol detallarından da yaradıcı şəkildə istifadə etmişdir. Ustad sənətkarın bir çox heykəllərində düşünən heykəl modeli baş ilə yanaşı, düşünülüb tapılmış əl-qil detalı ilə canlandırılmışdır". (s. 63). Buna misal olaraq kitab müəllifi Hüseyn Cavidin heykəl-kompleksinə diqqət yetirmiş, böyük ədibin aşağıya doğru olan baxışları ilə əllərinin qoynunda olmasını kompozisiyanın uğurlu, bir-biri ilə əlaqələndirilmiş və tamamlayıcı cəhəti kimi xarakterizə etmişdir.

Tədqiqat işinin növbəti, sayca beşinci bölməsi "Heykəltaraşlıqda lirizm" adlanır. Bu bölmədə böyük tişə ustasının çoxcəhətli yaradıcılığının mühüm xüsusiyyətlərindən biri - lirik-romantik məzmun ön plana çəkilir. İsa Həbibbəyli bölmədən-bölməyə keçid aldıqca korifey sənətkarın yaradıcılığına xas olan fərqli cəhətlərə sanki hissə-hissə işıq salmış, oxucunun diqqətini hər dəfə yeni cəhətə yönəltmişdir. Hər bir hissə, hər bir keçid tişə ustasının yaradıcılığının bir səhifəsidir. Onlar birlikdə böyük yaradıcılıq yolunun tamlaşmış, əhatəli mənzərəsini yaradırlar.

Əlbəttə, lirik məzmun Ömər Eldarov yaradıcılığının səciyyələndirən əsas bədii komponentlərdən biridir və İsa Həbibbəylinin bu xüsusiyyətə diqqət yetirməsi təbiidir. Alim göstərmişdir ki, düşüncə kimi lirika da heykəltaraşın yaradıcılığında hələ erkən dövrdən mövcuddur və bu gün də özünü aydın şəkildə büruzə verir. Bu baxımdan Zərifə xanım Əliyevaya həsr edilmiş "Elegiya" abidəsi diqqəti xüsusilə cəlb edir. Müəllif haqlı olaraq vurğulayır ki, "...bu nadir sənət əsərinin "Elegiya" adlandırılması da təsadüfi olmayıb, həm də abidənin ruhundakı mehri, insanpərvərliyi, lirizmi mənalandırır" (s. 80). Müəllifin göstərdiyi kimi, lirik-romantik məzmun Ömər Eldarovun akademik üslubunu və onun realizm metodunu fərdi çalarlarla zənginləşdirməklə ona xüsusi bədii-estetik ovqat, ruh, əhvali-ruhiyyə bəxş edir.

Tədqiqatın altıncı bölməsi "Heykəltaraşlıq sənətinin axırıncı mogikanı" adlanır. Müəllif haqlı olaraq qeyd edir ki, böyük sənətkarın leksikonunda yorulmaq sözü yoxdur. Bəs bu güc, qüvvə, həvəs ona haradan gəlir? Şübhəsiz ki, sənətinə olan məhəbbətdən. Ömər müəllim uzun illər bundan əvvəl olduğu kimi, bu gün də böyük həvəslə, tükənməz sənət ehtirası ilə sevdiyi işlə məşğul olur, yeni-yeni sənət əsərləri yaradır. O, cansız daşa böyük məhəbbətlə həyat verir, özü də ondan məhəbbətlə dolu yaradıcı həyat alır. "Axırıncı mogikan"ın mənalı, uzun həyat və sənətə məhəbbət sirri də elə bundadır.

Müəllif Ömər Eldarovun yaratdığı xatirə tipli heykəllərdən geniş bəhs etmiş və vurğulamışdır ki, onların böyük əksəriyyəti Azərbaycanın dünyasını dəyişmiş böyük simalarının - tanınmış elm, ədəbiyyat, mədəniyyət, ictimai, siyasi xadimlərinin məzarlarının yerləşdiyi Fəxri xiyabandadır. Qeyd olunur ki, buradakı xatirə abidələrinin böyük əksəriyyətini məhz Ömər Eldarov hazırlamışdır. Müəllif obrazlı olaraq Fəxri xiyabanı Xalq rəssamı Ömər Eldarovun xatirə heykəllərinin açıq səma altındakı sərgisi, muzeyi adlandırır. Bu sözlərdə mübaliğə yoxdur; bütün bunlar böyük sənətkarın uzun illər ərzində xalqına göstərdiyi yorulmaz xidmətin xatirə nümunələrinə əbədiləşən obrazlar silsiləsidir.

Kitabın son bölməsi - "Böyük sənətə yüksək qiymət" - sənətkarın aldığı mükafatlardan bəhs edir. Müəllif göstərir ki, Ömər Eldarov hələ gənclik illərindən öz sənəti ilə diqqət mərkəzində olmuş və layiqincə dəyərləndirilmişdir.

Ulu öndər Heydər Əliyev hər zaman Ömər Eldarovun sənətini, əməyini yüksək tutmuş, onu yubileylərində təbrik etmiş, yüksək Dövlət mükafatları ilə mükafatlandırmışdır. Bu gün həmin ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bu, əsl sənətə verilən qiymətin bariz təzahürüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Xalq rəssamı Ömər Eldarovu anadan olmasının 95 illiyi münasibəti ilə təbrik etmiş, onun ümumxalq ehtiramını qazanmış böyük sənətkar kimi xidmətlərini daim uca tutduğunu diqqətə çatdırmışdır. Bütün bunlar kitabın son bölməsində öz əksini tapır.

Kitabın sonunda onun məzmununu qısa şəkildə əks etdirən Azərbaycan, ingilis və rus dillərində xülasələr təqdim edilmişdir. Sonda həmçinin akademik İsa Həbibbəylinin görkəmli sənətkar haqqında yazdığı əsərlərin siyahısı da verilmişdir. Bu, Ömər Eldarov mövzusunun akademik İsa Həbibbəylinin tədqiqatlarında xeyli geniş təmsil olunmasının özünəməxsus göstəricisidir. Əsas göstərici isə, şübhəsiz ki, haqqında bəhs etdiyimiz, oxuculara yeni təqdim olunan bu kitabdır. Kitabın elm və mədəniyyət tariximizdə layiqli yer tutacağı şübhəsizdir. Müəllifə - hörmətli akademik İsa Həbibbəyliyə sənətə və sənətkara həsr olunmuş daha böyük tədqiqatlar ərsəyə gətirməyi arzu edirik.

Ərtegin SALAMZADƏ

AMEA-nın müxbir üzvü, professor

Xəzər ZEYNALOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent                 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri