Əbu Dabidə mühüm görüş: Azərbaycan Ermənistan sülh prosesi yeni mərhələyə keçir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 iyul, AZƏRTAC
Tarixin ən keçmiş dövrlərindən bu günə qədər beynəlxalq münasibətlər daim sülh və münaqişə diskursları ətrafında cərəyan edib. Qədim yunan tarixçisi Fukididdən tutmuş müasir dönəmin fikir adamlarından sayılan Qaltunqa qədər bu iki mövzu ətrafında baş sındıran mütəxəssislərin sayı-hesabı olmasa da, günümüzdə belə, sülhün əldə olunması olduqca mürəkkəb və məşəqqətli prosesdir. Bu gün əvvəlki dönəmlərdən fərqli olaraq beynəlxalq institutlar və beynəlxalq hüquq daha təkmilləşmiş olsa da, təəssüf ki, hazırkı dünyanın geosiyasi mənzərəsi hələ də hərbi toqquşmalar, münaqişə ocaqları və dövlətlərarası ziddiyyətləri özündə ehtiva etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Sultan Zahidovun “Əbu-Dabidə mühüm görüş: Azərbaycan Ermənistan sülh prosesi yeni mərhələyə keçir” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Məlumdur ki, uzun illər boyu Avrasiyanın geostrateji cəhətdən ən əhəmiyyətli regionlarından biri olan Cənubi Qafqazda sülh əlçatmaz hesab olunurdu. Bu regionda sülhün kövrək olmasının əsas səbəbləri sırasında geosiyasi və geoiqtisadi amilləri, xarici kənar müdaxilələri, imperialist maraqları və bəzi güclərin bölgədə ayırıcı xətlər yaratmağa çalışaraq “divide et impera”, yəni “parçala və hökm sür” siyasətini tətbiq etdiyini göstərə bilərik. Məşhur ABŞ-lı tədqiqatçı Çarlz Kinqin “Azadlıq kabusu: Qafqazın tarixi” əsərində qeyd edildiyi kimi, “Qafqaz həmişə coğrafi ifadədən daha çox olub. O, yaddaş, kimlik və imperiya teatrıdır”. Burada əhəmiyyətli məqam ondan ibarətdir ki, bir çox hallarda bölgədəki münaqişələrin həllində maraqlı tərəf kimi görsənməyə çalışan qüvvələr öz geosiyasi ambisiyaları naminə bu münaqişələri daha da qızışdıraraq bölgədə söz sahibi olmağa çalışıblar. Svante Kornelin təbirincə desək, böyük güclər Qafqazdakı münaqişəli vəziyyətləri uzatmaqda maraqlıdırlar, çünki münaqişələr onlara regionda qalıcı olmağa və öz maraqlarını təmin etməyə vəsilə olur. Məhz bu səbəbdən dövlətlərarası ziddiyyətlərin həllində bəzən 3-cü tərəflər yardım etməkdən çox prosesin gedişatının uzadılmasına səy göstərirlər ki, bu da bölgədə sabitlik və təhlükəsizliyə ciddi təhdidlər törədir. Bu baxımdan dövlət üçün xarici siyasətdə ən ümdə və çətin məsələlərdən biri digər dövlətlə olan münaqişəni həll edərək davamlı sülhün əldə olunmasını təmin etməkdir.
Bu gün Cənubi Qafqaz regionunda davamlı sülh üçün ciddi zəminlər yaranmaqdadır. Sovet İttifaqının dağılmasından sonra da, hətta öncə də, tarixi münaqişələr və geosiyasi konfrontasiyalarla zəngin olan bu coğrafiyada sülh şəraitinin formalaşması uzun illər tələb etdi. Bunun üçün ilk növbədə Qafqazın “Qordi düyünü” hesab olunan Ermənistan-Azərbaycan münaqişəsinin həlli gərəkli idi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri sayəsində 200 illik separatçılıq problemini kökündən həll edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonrakı mərhələ isə regionda davamlı sülhün təmin olunması üçün tərəflər arasında etimadın bərpa edilməsi, sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin açılması idi. Bu baxımdan uzun illər ərzində işğala və etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq 2022-ci ildə Prezident İlham Əliyevin Ermənistan tərəfinə gələcək sülh sazişi üçün 5 prinsip təklif etməsi rəsmi Bakının sülh niyyətinin göstəricisi hesab oluna bilər.
Azərbaycan kənar güclərin “nə sülh, nə müharibə” vəziyyətini saxlamaqla bölgədə konfiqurasiyanı daha da gərginləşdirməyə çalışması istəyinin fərqində idi, ona görə də sülhün ikitərəfli danışıqlar yolu ilə əldə olunması dəst-xətinə üstünlük verirdi. Həqiqətən də, əvvəl baş tutan üçtərəfli platformalar çərçivəsindəkı sülh danışıqları nəinki ciddi nəticə hasil etməyib, hətta kənar güclərin toqquşan geosiyasi maraqları səbəbindən proses daha da uzanıb. Danışıqlar prosesinin uzanması səbəblərindən biri də Ermənistan rəhbərliyinin xarici güclərin təsiri altında zaman-zaman destruktiv mövqe sərgiləyərək müxtəlif bəhanələrlə Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquqa əsaslanan tələbləri qəbul etməməsi olub. Bu il martın 13-də ikiillik danışıqlardan sonra nəhayət ki, sülh mətninin maddələri ətrafında tərəflər arasında razılaşma əldə olunsa da, rəsmi İrəvan yekun sazişin imzalanması üçün irəli sürülən konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi tələblərini yerinə yetirməkdə qətiyyətli mövqe nümayiş etdirmirdi.
Hərçənd ki dünyanın və regionun hazırkı geosiyasi konfiqurasiyası və dinamika çevik və qətiyyətli qərarlar tələb etməkdədir. Hazırda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər fonununda Cənubi Qafqaz regionunun strateji əhəmiyyətinin daha da artması bölgə uğrunda güc konfrontasiyasını daha da kəskinləşdirməkdədir. Belə bir təbəddülat dönəmi kənar güclərin regiona müdaxilələrinin daha da intensiv xarakter daşıyacağını şərtləndirir və hazırda Ermənistanda baş verənlər, hakimiyyətə əks qüvvələrin fəallaşması da bunun bariz göstəricidisir. Bu günə qədər öz milli maraqlarına əsaslanan praqmatik, çoxvektorlu və tarazlı siyasət yürüdən Azərbaycan isə postmünaqişə dönəmi Qarabağda quruculuq işləri, qonşu və uzaq regionlarla siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, regional və qlobal problemlərin həlli kimi məsələlərlə məşğul olsa da, Ermənistanla sülh gündəliyini daim diqqətində saxlayıb, prosesin irəliləməsi üçün səylərini əsirgəməyib. Rəsmi Bakının yalnız bir istəyi var idi - danışıqların ikitərəfli əsasda aparılması. Reallıq odur ki, Azərbaycanın təkidi ilə danışıqların ikitərəfli formata keçidindən sonra delimitasiya və demarkasiya məsələlərində, o cümlədən sülh sazişinin razılaşdırılmasında ciddi nəticələr əldə olunub. Geriyə sadəcə, İrəvanın iki ölkə arasında etimad mühitinin möhkəmləndirilməsi və keçmiş münaqişənin qalıqlarının aradan qaldırılması üçün rəsmi Bakının irəli sürdüyü şərtləri qəbul etməsi qalırdı. Bu baxımdan iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycan-Ermənistan sülh prosesində yeni bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu görüş mayda Albaniyada Avropa Siyasi Birliyi çərçivəsində keçirilmiş qısa təmasdan sonra ilk görüş olmaqla yanaşı, uzun zamandan sonra iki dövlət rəhbəri arasında ikitərəfli formatda baş tutan ilk rəsmi danışıqlar idi.
Əbu-Dabi görüşü həm də format və məzmun baxımından fərqli idi. İki ölkə arasında əvvəlcə nümayəndə heyətləri formatında, daha sonra Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında baş tutan təkbətək görüşlə yadda qalan danışıqların gündəliyində sülh müqaviləsinin yekunlaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi məsələsi əsas yer tuturdu. Qeyd olunmalıdır ki, danışıqların baş tutduğu məkan kimi Birləşmiş Ərəb Əmirlikləri kimi neytral və prosesdə maraqlı tərəf olmayan bir ölkənin seçilməsi də məhz Azərbaycanın təklifidir. Bu, həm əvvəlki dönəmlərdə prosesin irəliləməsindən çox yubanmasına zəmin yaradan digər aktorların rolunun minimuma endirilməsi, həm də tərəflər arasında etimad mühitinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Əbu-Dabi görüşünün nəticələri həm də Azərbaycanın bu günə qədər praqmatik mövqedən çıxış etdiyini, əbəs yerə ikitərəfli formata üstünlük vermədiyini, danışıqlarda çoxtəfərliliyin deyil, məhz bilateralizmin daha effektiv olduğunu nümayiş etdirmiş oldu.
Görüşün nəticələrinə gəldikdə isə, beş saat davam edən dialoqdan sonra həm Azərbaycan, həm də Ermənistan tərəfi danışıqları konstruktiv və pozitiv mühitdə baş tutduğunu qiymətləndirən rəsmi bəyanatlar yayımladı. Azərbaycanın Xarici İşlər Nazirliyi təsdiqlədi ki, tərəflər ikitərəfli əsasda nəticəyönümlü danışıqları davam etdirmək barədə razılığa gəliblər və bu formatın ən səmərəli yanaşma olduğunu bir daha vurğulayıblar. Hər iki dövlətin liderləri sərhədlərin delimitasiyası sahəsindəki irəliləyişi də qiymətləndirərək müvafiq komissiyalara texniki işlərin davam etdirilməsi barədə göstəriş veriblər. Eyni zamanda, hər iki tərəf etimad quruculuğuna yönəlmiş əlavə addımlar atmaq öhdəliyini götürüb.
Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi ətrafında razılaşmanın əldə olunması perspektivi xüsusi əhəmiyyət daşıyır. Dəhlizin açılması təkcə Azərbaycanla Naxçıvan arasında birbaşa bağlantını təmin etməyəcək, eyni zamanda, bütün region üçün iqtisadi və geosiyasi faydalar vəd edir. Türkiyə, Çin və Avropa İttifaqı kimi aktorların bu layihəyə maraq göstərməsi onun beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.
Görüşdə gözlənildiyi kimi, sülh müqaviləsinin imzalanması baş tutmasa da, bu görüşü iki ölkə arasında normallaşma prosesində mühüm bir irəliləyiş kimi qiymətləndirməkdə fayda var. Əbu-Dabi görüşü tərəflər arasında gələcək müzakirələr üçün yeni bir cığır açmaqla bərabər, Bakı və İrəvanı uzun zamandır gözlənilən mərhələyə – sülh müqaviləsinin imzalanması, regional nəqliyyat dəhlizlərinin açılması və Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın təmin edilməsinə daha da yaxınlaşdırır. Belə bir gələcək qarşıdurmanı əməkdaşlıqla, təcridi bağlantılarla, qeyri-müəyyənliyi isə birgə inkişafla əvəz edə bilər. Əbu-Dabi görüşü həm də onu göstərdi ki, ölkələr arasında birbaşa təmaslar və siyasi iradə olduğu təqdirdə, sülh mümkündür. Azərbaycan tərəfinin konstruktiv mövqeyi və təşəbbüskarlığı bir daha sübut etdi ki, Bakı bölgədə sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biridir. Bu əsnada, qarşıdakı həftə və ya aylarda baş tutacaq görüşlərin də regionun gələcəyi baxımından həlledici olacağını qeyd edə bilərik. Burada İrəvanın sona qədər siyasi iradə nümayiş etdirməsi və verdiyi vədlərə sadiq qalması da vacibdir. Əgər Ermənistan bu müsbət impulsu qoruyub saxlasa və kənar güclərin təsirlərindən birdəfəlik çıxmağa müyəssər olarsa, o zaman iki dövlət arasında sülhün qısa zamanda əldə olunması mümkündür.


