Icma.az
close
up
RU
Ədalət hər kəsə layiq olduğu dəyəri verməkdir…

Ədalət hər kəsə layiq olduğu dəyəri verməkdir…

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Ədalət varlığın əsas prinsipidir” desək, haqsızlıq olmaz. Başınızı qaldırıb sonsuz səmalara tamaşa edin, hər yerdə ədalət var. Kainatdakı nizam ədalətdir və ədalətlə davam edir. Meşələrdə milyonlarla canlının həyatına diqqət edin ədalətdir. Qışın ardınca baharın, gecənin ardınca sabahın gəlişinə nəzər salın ədalətdir. Həyatın davam etdiyi hər yerdə, hər tərəfdə ədalət hakimdir.
Kainatda nöqsan yoxdur. Allahın (c.c.) kainat kitabında nöqsan axtaranlar varsa, nöqsan onların gözündə və beynindədir. Qurani-Kərim dünyanın ilahi ədalət qanunlarına tabe olduğunu bəyan edir: “Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!” (Rəhman, 55/7).
Allah (c.c.) ən böyük dərslik kitabı kimi göndərdiyi Qurani-Kərimdə insan oğluna yüzlərlə dəfə ədalətli olmağı tapşırır. İndi kimlərsə düşünə bilər ki, Allah istəsə, bütün insanlar ədalətli olmazmı? - Əlbəttə olar, amma onda bu dünya həyatının bir mənası, bu dünya imtahanının bir mahiyyəti olmaz. Və onda ədalətə də ehtiyac qalmaz. Allah (c.c.) insana ağıl və iradə verir və bu imkanlarla onu ədalətli olmağa çağırır.
Ədalət - Allahın (c.c.) sifətlərindən, Ədl - Allahın (c.c.) Əsmai-Hüsnasından, yəni Gözəl Adlarından biridir. “Çox ədalətli, əsla zülm etməyən, haqdan başqasını söyləməyən və etməyən” mənasına gəlir. Ədalət hər şeyi lazım olduğu qədər etməkdir, yəni, nə az, nə də çox olmalıdır. Bu haqda Hz. Əli (r.a.) belə buyurur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir”.
Allah Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində belə buyurur: “Hər bir işdə ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər”. Nisa surəsinin 58-ci ayəsində isə belə buyurulur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm edərkən ədalətlə hökm etmənizi əmr edir”. Maidə surəsinin 8-ci ayəsində isə belə buyurulur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməklə) ədalətli şahidlər olun! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır”.
Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Yaradan heç vaxt zülm etmir. “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!” (Nisa, 4/40). Ədalətin mənbəyi Allahdır (c.c.).
Qurani-Kərim bizə əvvəlcə Allahı tanımağı, Ona layiqli bəndə olmağı, ardınca da hər kəsə qarşı ədalətli olmağı əmr edir. Allahı (c.c.) tanımaq, sevmək, Ona itaət və ibadət etmək, əslində, bizim Ona qarşı ədalətli davranışımızdır. Çünki bizi yaradan Odur, hər şeyi bizə verən Odur. Və əvəzində də bizdən istədiyi məlumdur. Bəndənin Allaha qarşı ədalətli olmağı Onun buyurduğu kimi yaşamaqdır.
Başınızı qaldırıb dünyaya baxın, hər cür heyvana, daşa, dağa, ağaca sitayiş edən xalqlar, tayfalar, qövmlər var. Əsl zalım onlardır. Allahı unudan olsa-olsa özünə zülm etmiş olur. Biz bir insan kimi iradə sahibiyik və hər seçimimizə özümüz məsuluq. Allah (c.c.) Qurani-Kərimdə bizə belə müraciət edir: “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Nisa, 4/135).
Ədalətin hakim olduğu cəmiyyət hər zaman gözəl olur, abad olur. Ədalətin olmadığı yerdə zülm olur, insanlar bir-birinə qardaş, arxa kimi yox, düşmən kimi baxırlar. Dövlətin ən mühüm vəzifəsi vətəndaşının haqqını qorumaq, onu hər cür haqsızlıqdan müdafiə etməkdir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, ədalət başına endirilən qılınc da olsa, boynunu uzatmaqdan çəkinmə. Zülmün bərbad etdiyi ədalətlə abad olar. Bütün insanlar Allah qarşısında bir darağın dişləri kimi bərabərdir, insanları bir-birindən fərqləndirən isə onların ədalətidir.
Yuxarıda dediyimiz kimi, ədalət hər kəsin öz vəzifəsini anlaması və onu layiqincə yerinə yetirməsidir. Ədaləti olmayanın mərhəməti də olmaz. Ədalət müstəvidir, hər şey onun üzərində inşa olunur. İnsan öz həddini aşanda başqasının hüququna müdaxilə etmiş olur. Dinimiz buyurur ki, həqiqi mömin odur ki, insanlar onun əlindən, dilindən hər hansı haqsızlıq gəlməyəcəyindən əmindirlər. Doğruluq nədir bilməyən, halal-haram demədən əlinə keçən hər şeyi mənimsəyən, başqalarının haqqını-hüququnu gözləməyən biri nə deyirsə-desin, inanma.
Dini terminologiyada ədalət Allahı (c.c.) düşünərək başqalarının haqqına-hüququna riayət etməkdir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir insan kimi bütün bəşəriyyətə ədalət örnəyidir. Onun həyatında ədalətsizliyə yer yoxdur. İstər cəmiyyət həyatında, istərsə də ailə həyatında O, hər zaman ədalətli idi və ədaləti tövsiyə edirdi.
Ədalət xeyir-bərəkət mənbəyidir. Ədalətin hakim olmadığı cəmiyyətdə xeyir-bərəkət də yoxdur. Həzrət Əlinin (r.a.) çox gözəl bir sözü var: “Dövlətin dini ədalətdir”.
Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin və ya sosial qrupların praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və vəzifəsi, mükafat və cəzası arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin, hüquqi münasibətlərdə iştirak edən hər kəsin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir.
Ədalət - hər kəsə layiq olduğu dəyəri verməkdir; hər kəsi layiq olduğu qədər sevməkdir; hər kəsi layiq olduğu məsafədə tutmaqdır. İslamın istədiyi ədalət nəinki bütün insanlara, hətta bütün varlıqlara qarşı dürüst davranmaqdır. İstər müsəlman olsun, istər qeyri-müsəlman, istərsə də, dinsiz olsun, heç kimin heç kimə qarşı haqsız davranmaq səlahiyyəti yoxdur. İslam dini nəinki insana, hətta heyvana, bitkiyə belə haqsız davranmamağı təlqin edir.
Unutmayaq ki, dinimizin yetişdirmək istədiyi insan modeli ədalətli insandır. Ədalətli insan hər kəsə, ilk növbədə, onu yaradan Allaha (c.c.) qarşı dürüst davranmalıdır. Allahını tanıyan, ona layiqincə ehtiram göstərən insanın öz ətrafına qarşı haqsız davranması qeyri-mümkündür.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri