Icma.az
close
up
RU
Edisona “ağıldankəm”, Bethovenə “qabiliyyətsiz”, Eynşteynə “axmaq” deyən təhsil sistemi TƏHLİL

Edisona “ağıldankəm”, Bethovenə “qabiliyyətsiz”, Eynşteynə “axmaq” deyən təhsil sistemi TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Uşaq tərbiyəsi və uşaq təhsili bir-biri ilə qarışıq olan anlayışlardır. Uşaq tərbiyəsi gözəl əxlaq, nümunəvi insan və müsbət insani dəyərlərə aparan prosesdir. Müəyyən bir fənn üzrə bilik, bacarıq və təcrübə əldə etmək isə təhsil anlayışına daxildir. Təhsilin tətbiqi mexanizmi yaxşı ola bilər, amma məzmun qaneedici olmaz. Bu gün təbliğ edilən, qabaqcıl metodlara əsaslandığı iddia edilən təhsil proqramları tərbiyə məsələsini vacib saymır. Qısacası, daha məktəb tərbiyə vermir. Nəticədə savadı olan, amma tərbiyəsi olmayan gənclik yetişir.

Məktəbin təhsili vacibdir, ya tərbiyəsi?

Onilliklər boyunca insanlar ümumbəşəri dəyərləri, adət-ənənələri, mədəni və dini dəyərlərə istinad edən təhsil sistemi ilə oxuyublar. Bu sistemdə uşağa təhsil verərkən onun xarakteri, milli mənsubiyyəti, cinsi, böyüdüyü ailə nəzərə alınırdı. Çünki uşaq tərbiyəsində birinci qayda uşağı və böyüdüyü mühiti tanımaqdır.

Təəssüf ki, hazırda bizim təhsil sistemimiz hər şeydən bir az öyrətmə sistemi üzərində qurulub. Bu arada uşaqların xüsusi qabiliyyətləri itir, uşaqlar öz maraqlarına yönəldilmir. İndi uşaqlar durmadan test etməklə, summativ yazmaqla, imtahana hazırlaşmaqla məşğuldur. Musiqi, rəsm, idman dərsləri birmənalı olaraq keçilmir, uşaqların marağı və istəyi nəzərə alınmır. Övladımızın bilmədiyimiz bir bacarığı varsa, bunu məktəb, pedaqoqlar üzə çıxarmalıdır, çünki onlar bunun təhsilini alıb, uşaqları doğru istiqamətləndirmək vəzifə borclarıdır. Amma indi müəllimlər “bu uşaq oxumur” deməklə məsuliyyətdən yaxa qurtarırlar. Sual edirəm, niyə oxumur? Səbəbi naməlumdur.

Axı o müəllimlərin əksəriyyəti bilmir ki, 4 yaşına qədər danışa bilməyən Eynşteynin xasiyyətnaməsinə “çox axmaq və diqqətsizdir” yazaraq məktəbdən qovublar. Yaxud, Edisonu məktəbdən qovan müəllimlər ona “ağıldankəm” damğası vurmuşdular. Onlar necə pedaqoq idilər ki, gələcəyin ən böyük dahisini, ixtiraçısını tanıya bilməmişdilər? Bethoveni öz müəllimi “heç nəyə yaramayan qabiliyyətsiz” adlandırırdı, o “qabiliyyətsiz” milyonların qəlbini fəth edən əsərləri necə yarada bildi? Məktəbdəki kimya dərsindən 3 qiyməti alıb kimyəvi elementlərin dövri cədvəlini yaradan Mendeleyevi necə, müəllimləri niyə kəşf edə bilmirdi?

Hər şeydən bir az

Övladından şikayətlənən valideynlər, adətən, dərslərindən narahat olduqları üçün şikayətlənir. Əksəriyətimiz üçün zəif qiymətlər qırmızı xətdir. Tutaq ki, övladımız riyaziyyatdan zəif qiymət alır, bunun üçün çoxumuz övladımızı fərdi dərslər, əlavə kurslara göndəririk. Amma əla bildiyi ingilis dili üçün narahat olmuruq, çünki “onu bilir” deyə düşünürük. Riyaziyyatı öyrənməsi üçün ödədiyimiz pulları ingilis dili kurslarına, təlimlərinə ödəsəm, bəlkə də övladımız bu sahədə biliyini artıraraq mükəmməl bir dilçi olacaq.

Amma təhsil sistemimi, universitetə qəbul qaydaları bizi məcbur edir ki, övladımızı riyaziyyatı da öyrənməyə məcbur edək. Əks halda imtahanda uğur qazana bilməyəcək, universitet qapıları üzünə bağlı qalacaq. Buna görə də valideynlər övladlarının məktəbdə uğur qazana bilmədiyi fənn biliklərini inkişaf etdirmək məcburiyyətindədirlər. Bunu pulla, fərdi dərslə, repetitor köməyi ilə edir.

Ona dəcəllik etməyə şərait yaradın

Uşağın istedadını üzə çıxarmaq baxımından iki şansı var, biri müəllimi, digəri valideyni. Müəllimlər etinasız olarsa, işin məsuliyyəti valideynin boynuna düşür, valideyn məlumatsız olarsa, onu xəbərdar etmək işi müəllimin öhdəsindədir. Şagirdin psixologiyasını bilən, onunla empatiya qura bilən müəllimlər də, valideynlər də uşağın şansıdır.

İcazə verin uşağınız öz uşaqlığını yaşasın. Ona hərf öyrətmək üçün tələsməyin, sayması üçün məcbur etməyin. Bir küncdə sakit oturan, o yan-bu yana qaçmayan, dəcəllik etməyən uşaq güclü emosional və psixoloji təzyiq altında olur. Uşağın uşaqlığını həddindən artıq qayda və cəzalarla əlindən almayın.

Övladınıza verdiyiniz səhv öyüdlə onu yükləməyin, “səhv etsən, peşman olarsan” yerinə “hər insan səhv edir, amma səhvi düzəltməyi də öyrənmək lazımdır” deyin, oyun oynayarkən evi dağıdan uşağa “sənin ucbatından xəstə olmuşam” yerinə “əminəm ki, məni narahat edəcək hərəkət etməzsən” deyin. Divar kağızlarını yazdığı üçün ona qəzəblənməyin, onunla bərabər siz də şəkil çəkin. Çiyinlərinə ağır yük yüklədiyiniz övladınız sizi narahat etməmək üçün özünü “yaxşı” apara bilər, amma uşaqlığını yaşaya bilmir. Sındırmadığı oyuncaqları, içində qaça bilmədiyi səliqəli ev, üstündə atılıb-düşmədiyi divan, yazmadığı divarlar ömrü boyu ona yük olacaq.

Uşaqlara öyrən deyirik, amma dağıtmağına icazə vermirik. Onlar dağıdılmış evi, qırılmış güldanı faciə bilmirlər, yırtılmış top, təkəri sınmış maşın, qolu qırılmış gəlincik də onların nəyisə öyrənməyinə xidmət edir. Əgər cazibə qüvvəsini öyrənmək istəyirsə, icazə verin oyuncaqlarından bir neçəsini yuxarı atsın, pərdənin onun ağırlığını saxlaya bilməyəcəyini ondan asılaraq öyrənəcəksə icazə verin etsin. Qab şampununa şəkər tozu qarışdırıb plastilin düzəltməyinə acıqlanmayın, “içində nə var” deyə marağında olduğu kompyuteri sökməyinə imkan yaradın. O, hər şeyi əli ilə sökərək təcrübə edir. Unutmayın, yüz fərziyyədən bir təcrübə irəlidir. Ona cəza vermədən əvvəl bu dağıntılardan nə öyrəndiyini fikirləşin.

Valideynlər uşağa öyrənmə və həyatı tanımağa yardım edən təcrübələr yaşamağa imkan verməklə yanaşı, bunu məktəbdən tələb etməlidirlər. Məktəb onlara əməyi öyrətməlidir, dərs cədvəllərindən yoxa çıxan “əmək təlimi” dərsi bunun üçün mükəmməl üsul idi. Hər şeyə qadağa qoyulan uşaq heç nə öyrənməyəcək və əsəbiləşəcək. Uşağın sındıra, boyaya və çirkləndirə biləcəyi təhlükəsiz və zərərsiz mühitlərin yaradılması həm uşağa təcrübə qazandırır, həm də aqressiv impulsların atılmasını təmin edir.

Uşağı məktəb tərbiyə etməlidir, yoxsa ailə?

Buna birmənalı olaraq “məktəb”, ya da “ailə” deyə cavab vermək olmur. Uşaq tərbiyəsi yaşla, təhsillə, savadla, tək ailə və yaxud tək məktəblə olmur. Savadsız valideyn, yaxud da 2 diplomlu, müdafiə etmiş, kitablar yazmış valideynlər də uşaq tərbiyəsində səhvə yol verə bilər ki, bu boşluq məktəbdə doldurula bilər. Yaxud əksinə, bizim nənələrimiz heç ibtidai təhsili belə olmadan nümunəvi, tərbiyəli övladlar yetişdirirdi. Demək ki, tərbiyə vermək üçün təhsil əsas rol oynamır.

Əksəriyyətimiz işləyirik, övladımızla yetərincə məşğul ola bilmirik. Məcburiyyətdən onları nəzarətsiz qoya bilirik. Ona görə də bizim övladlarımızı bizdən çox çevrəmiz tərbiyə edir. Etiraf edək ki, onların tərbiyələrində internet çox böyük rol oynayır. Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir, yönləndirir –oyunlarla, videolarla, fotolarla. Bəzən onları bu mühitdən ayıra bilmirik.

Müşahidə etmisinizsə fərqindəsiniz, uşaqların ad günü tortlarının üzərində təsbeh, bıçaq, tapança, qandal maketləri əks etdirilir, oğru aləminin simvolları əks olunmuş paltarlar geyinirlər. Valideynlərin bəzisi bunu kor-koranə edir, bəzisi isə etinasızlıqdan.

İndi məktəbin də, valideynlərin də üzərinə düşən ən mühüm vəzifə uşağın təlim-tərbiyəsində, təhsilində kontaktda olmalarıdır. Lakin bu kontakt hazırda demək olar ki, yox səviyyəsindədir. Pandemiyadan sonra valideynlərin məktəbə girişi məhdudlaşdırıldı. Valideyn iclasları minimuma endirildi. Məktəbə girə bilməyən, müəllimlərlə real yox, online kontakt yarada bilən valideyn uşağından nigaran qalır.

Tərbiyənin fiziki cəzalar üzərində qurulması düzgündürmü?

Zorakılığı təbliğ edən istənilən tərbiyə üsulu səhvdir, lakin kiçik cəzalar da olmasa tərbiyə etmək olmaz. Uşağı döymək, incitmək, fiziki xətər yetirmək yolverilməzdir, amma cəza sistemi tətbiq etmək mütləqdir. Bu cəza sistemi zorakılıq etməməli, fiziki güc göstərməməlidir. Valideyn övladının xarakterinə uyğun cəza sistemi yarada bilər. Bu, televizora baxma saatını azaltmaq, virtual oyunlar oynamağını məhdudlaşdırmaq, sevdiyi şirniyyatdan bir neçə günlük məhrum qalmaq kimi yollar ola bilər.

Övladımızı tərbiyə edəndə hər mümkün bəlaya, qəfil hadisəyə, pis mühitə qarşı immunitetli böyütməliyik. Uşaq dünyanın hər üzünü bilməli, tanımalıdır. “Yağ içində böyrək” misalı böyüdülən uşaqlar sonra hərbi xidmətdə, iş mühitində, ümumiyyətlə cəmiyyətə adaptasiyada çətinlik çəkir. Vaxtında ona həyatın hər çətinliyini öyrətməli, düşəcəyi çətin situasiyalardan çıxış yolunu anlatmalı, analiz və düşüncə qabiliyyətini inkişaf etdirməli, mümkün müsibətə qarşı dözümlülük aşılamaq lazımdır.

Mental dəyərlərimiz bizə övladımızı həmişə yanımızda görməyi, sərbəst yaşamasına imkan verməməyi aşılayıb. Bununla qismən razılaşıram. Biz avropalı ailələr kimi ola bilmirik, 18 yaşı tamam olan kimi övladımızı sərbəst olmağa göndərə bilmirik. Həm valideynlik qayğılarımız, həm də təhlükəli ola biləcəyini düşündüyümüz vəziyyətlər buna imkan vermir. Onlara sərbəstlik verin, amma nəzarəti əldən verməyin. Unutmayın, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri