Icma.az
close
up
RU
Əmir Teymur Bakıda dirildi!

Əmir Teymur Bakıda dirildi!

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Əmir Teymur, Topal Teymur, yoxsa Teymur Ləng… hansı ilə xitab edəcəyimə tərəddüd edirəm.

Əmir Teymur əvvəlcə döyüş səhnələri ilə – qaranlığın və sükutun sinəsini dəlib peyda olur. Döyüşdən döyüşə qılıncının yaddaşında daşıdığı ah-nalələr hər tərəfə yayılır və yayıldıqca qaranlığın içindən onun amiranə bənizi sezilir.

O öz yuxusunun nəqli ilə sözə başlayır:

“Bu gecə gördüyüm röya... Elə bil ki, həqiqətin libasını geyinmişdi...”

Qarşımda dayananın Əmir Teymurun özü, yoxsa kölgəsi, oxşarı, yoxsa əkizi olduğu onun gördüyü röya kimi həqiqət libasına bürünür.

“Niyyət və əməl düzdürsə, ədalət bir axsaq sərkərdənin çiyinlərində də rahətliklə yayılar…”

Əmir Teymurun dilindən bu sözləri eşidəndən sonra, ona necə xitab edəcəyimin bir o qədər fərqi olmadığını başa düşürəm…

***
Əməkdar artist Abbas Qəhrəmanov… Əgər Azərbaycan kinosunda Əmir Teymurun o möhtəşəm obrazını canlandırmaq nəhəng Yusif Vəliyevin taleyinə yazılmışdısa, yüksək səslə demək mümkündür ki, Azərbaycan teatr tarixində Abbas Qəhrəmanova bu möhtəşəm rola görə belə müraciət etmək olar:

Abbas Qəhrəmanovun sayəsində Əmir Teymur Bakıda dirildi!

Abbas Qəhrəmanovun Əmir Teymur libasında sağ ayağını ardınca sürüyərək yerişinə baxdıqca əvəzsiz şairimiz Salam Sarvanın o məşhur misraları dodağımda pıçıldanır:

Dünyanı anlamaqçün bax o Topal Teymurun axsaq ayaqlarıyla möhtəşəm yerişinə…

***

Pərviz Seyidlinin pyesi əsasında Bəhruz Vaqifoğlunun quruluşçu rejissorluğu ilə səhnə həyatı qazanan “Ləng: Zamanla yarışan insan” tamaşasından bəzi epizodları xüsusi vurğulamaq yerinə düşər.

Yaxın adamlarından biri – Xacə Qiyasəddinin xəyanəti nəticəsində sui-qəsdə uğrayan Əmir Teymur hətta o qədər təlatüm keçirir ki, öz kölgəsindən belə vahiməyə düşür. Ucsuz-bucaqsız torpaqları öz hökmünə tabe edən bu axsaq sərkərdə belə insanın daxilində əbədi mövcud olan qorxu hissindən ayrı düşmür. Bu sui-qəsd planın başında Toxtamış xanın dayandığını eşidəndə pəjmürdəliyi daha da artır.

...Və zəhmindən dağ-daş lərzəyə gələn Teymur öz xanımının – Saray xatunun yanında rahatlıqla göz yaşı tökə bilir... Saray xatun onun yalnız axsaq – sağ ayağını ləyənin içinə qoyub Əmir Teymuru növbəti hücumdan çəkindirməyə, böyüklüyünü tərənnüm edib növbəti müharibə fikrindən daşındırmağa çalışır... Maraqlıdır, növbəti səhnələrin birində xain, vaxtilə yaxın münasibətləri olan bu iki şəxs arasında nifaq toxumu səpməklə vəzifələndirilmiş Anna isə Toxtamışın təkəbbür hissini artıraraq onu döyüşə səsləyir, onun qoynuna girərək fikrini ovsunlayır.

Əmir Teymurun o topal ayağını suya qoyub yumaq elə onunla sevişmək demək idi!

Və bu iki qadın obrazının fonunda xeyirlə şərin ziddiyyətinin mənzərəsi necə də aydın görünür.

Əmir Teymur Saray xatuna deyir:

Yanımda ol ki, heç bir xəyanət Teymuru sındıra bilməsin!

Saray xatun Teymurun topal ayağını yuduğu suyu aparıb torpağa tökür:

Ağrın, yükün torpağa qarışıb sənə güc versin, əmirim...

***

Toxtamış xanın niyyəti Əmir Teymuru öz ordusu ilə Qıpçaq çölünə (Dəşt-i Qıpçaq) çəkmək və o yerlərin amansız soyuğu ilə məğlubiyyətə sürükləmək idi. 

Qəribədir, o buz kəsən soyuğun içində boz kürkünə bürünən Əmir Teymur səhnənin dərinliklərindən axsaq ayağı ilə elə əzəmətli göründü ki, sanki Tanrının göndərdiyi bir şəxs gəlirdi. Qıpçaq çölünün buzu onu bir az kəskinləşdirmişdi... Və bundan daha qəribəsi də odur ki, Teymur əlini göylərə açıb Tanrıdan güc istəyəndə ona bu sözləri deyirdi:

...Ordum məni Allah tərəfindən seçilmiş biri kimi görür... Onlar mənə Tanrının əli deyirlər...

O gəlişin ardınca bənna daşı kimi yerinə oturan sözlərdir...

***

Toxtamış xan Əmir Teymura məğlub olur və onlar qarşılaşanda Toxtamış öz təkəbbürünü etiraf edir. Tək böyüklü ehtiraslı, vahid güc arzusu Əməkdar artist Anar Heybətovun ağrı və inad dolu səsi ilə ətrafa yayılır. O bu sözləri də ilan kimi fısıldayan – nitqində “s” səsinin alliterasiyası var idi – Annanın nifaq toxumlarının təsiri, onun səsi və xəyali diktəsi ilə deyir:

– Sən mənim yerimi tutmusan.

– Heç kəs heç kəsin yerini tutmur, Toxtamış – Əmir Teymur cavab verir.

Əsərin finalı isə növbəti günlərdə də tamaşaçını təsirdə saxlayır. Əmir Teymura İldırım Bəyaziddən namə gəlir. Teymur Osmanlı hökmdarından gələn məktubu oxuyanda səhnədə hər iki tərəfdən asılmış zəncir yerə düşür, fonda ay görünür və Teymur deyir:

İlahi, onları əfv eylə! Onlar nə etdiklərini bilmirlər!

Müharibə davam edəcək... Bu anonsun qorxusu ilə yaşamaq çətindir. İndi təsvir olunan hadisənin üstündən neçə əsr keçib, amma dünya yenə hərb təşnəsində silkələnir...

***

Azərbaycan dramaturgiyasını köhnəlik, nimdaşlıq libasından xilas etmək yolunda qollarını çırmalamaqda, ənənəvi repertuarların, çeynənilmiş pyeslərin qarşısını almaqda səy göstərən hər bir yaradıcı şəxs vicdanı qarşısında hesabatda alnı açıq olacaq — elə Əmir Teymur kimi!

Ən yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndəsi Pərviz Seyidlinin belə ağır tarixi yükə malik pyesinin teatr məbədində — Akademik Milli Dram Teatrında oynanılması əlamətdar hadisədir. XIX əsrin sonu, XX əsrin əvvəllərinin maarifçilərinin, Sovet dövrünün romantiklərinin pyeslərinin çevirib-çevirib yenidən didişdirmək, zorən tamaşaçıya sırımaq bu gün teatr sənətimizə başucalığı gətirməz. Yeni pyeslər lazımdır. Və yaxşı ki, indi bu yeni pyesləri yaradan şəxslərdən biri gəncdir. Yuxarıda yazdıqlarım pyesin gücünü müəyyən qədər göstərir, amma daha dəqiq tutmaq üçün izləmək lazımdır. Yeni səhnəyə qoyulan əsər haqqında çox detallı yazmaq düz olmaz. Bəlkə, nə vaxtsa daha dəqiq təhlil etmək münasibdir.

Bəhruz Vaqifoğlu... Teatr sənətinin həqiqi aydınlarından biri, heç kimə bənzəməyən yanaşması ilə yeni məktəb yaradan mərhum Vaqif İbrahimoğlunun isminin yanında Bəhruz özü də çox aydın görünməyi bacarıb. Onun aktyor kimi tanımışam. Bu əsərin quruluşunda isə çox az səhnə dekorundan istifadə ilə şəkillər, səhnələr və pərdələr arasında peşəkar keçidi xüsusi qeyd etmək lazımdır. Xaotik məqamları, ələlxüsus döyüş səhnələrindəki qarışıqlığın öhdəsindən gəlmək tamaşanın müsbətləri sırasındadır.

Bu açıq final isə bəşəriyyətə ünvanlanan nidadır: 

Onlar nə etdiklərini bilmirlər!

***

Teatrdan çıxıb üzü Füzulinin heykəli doğru gedərkən sağ ayağımı bilərəkdən çəkdiyimin fərqinə vardım. Sanki Abbas Qəhrəmanovun canlandırdığı obrazın fiziki olaraq fərqinə varmaq arzusu var idi... Yaxşı əsərlər belədir, yaxşı əsərlər bəzən adamı axsadır...

Nadir Yalçın,

Xüsusi olaraq “Qafqazinfo” üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri