“Erkən nikahların qarşısının alınması sırf dini müstəvidə mümkün deyil” Tural İrfan danışdı
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib ki, dini təbliğat erkən nikahların, məişət zorakılığın qarşısının alınmasında müsbət nəticə verə bilər.
Onun sözlərinə görə, müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədir:
“Ailənin inkişafı, insan hüquqlarının qorunması, gələcəyimiz olan uşaqlara milli-mənəvi dəyərlərin ötürülməsi də risk altındadır. Bu məsələlərin aradan qaldırılmasında, bütün cəmiyyətin, o cümlədən din xadimlərinin də üzərinə məsuliyyət düşür. Qadın cəmiyyətdə hörmət edilən fərddir. Cəmiyyətdə qadına dəyəri qorumaq vacibdir. Ona görə də din xadimləri bu məsələdə təbliğat aparmalıdırlar”.
Gununsesi.info-ya danışan dinşünas Tural İrfan deyib ki, erkən nikahların qarşısının alınması sırf dini müstəvidə mümkün deyil və bu yanaşma doğru hesab oluna bilməz:
“Bu problemin həlli üçün kompleks mexanizmlər tələb olunur. Buraya ilk növbədə qanunvericiliyin ciddi şəkildə icrası, ailə tərbiyəsi, təhsil sistemi, sosial mühit və maarifləndirmə daxildir. Dini amil bu vasitələrdən yalnız biri kimi çıxış edə bilər.
Azərbaycan dünyəvi dövlətdir və cəmiyyətin böyük hissəsi dini qaydalarla deyil, hüquqi və sosial normalarla yaşayır. Bu səbəbdən erkən nikahların qarşısının alınmasını yalnız dini təbliğatın üzərinə qoymaq həm real deyil, həm də yanlış yanaşmadır. Dini təbliğat yalnız o halda faydalı ola bilər ki, digər mexanizmlərlə paralel şəkildə aparılsın və dövlətin dünyəvi prinsipləri ilə ziddiyyət təşkil etməsin”.
Tural İrfanın fikrincə, burada mühüm məqam dini təbliğatın mahiyyətidir:
“Bu gün din adı altında aparılan təbliğatın bir hissəsi xurafat, möhumat və cəhalət üzərində qurulub. Bəzən də bu, xarici siyasi təsirlərin din donunda cəmiyyətə yeridilməsidir. Belə yanaşmalar erkən nikahların qarşısını almaq əvəzinə, əksinə, bu halların artmasına zəmin yaradır.
Bunun bariz nümunələri bəzi Yaxın Şərq ölkələrində müşahidə olunur. Məsələn, İraqda azyaşlı qızların qanuni şəkildə ərə verilməsinə imkan yaradan qərarlar qəbul edilib. Bu proseslər dinin deyil, teokratik və siyasi maraqların nəticəsidir. Ona görə də bu cür modelləri din kimi təqdim etmək düzgün deyil.
Nəticə etibarilə erkən nikahlarla mübarizədə əsas yük hüquqi mexanizmlərin, təhsilin və sosial siyasətin üzərinə düşməlidir. Dini amil isə yalnız sağlam, mötədil və maarifləndirici formada, əlavə vasitə kimi istifadə oluna bilər”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















