Icma.az
close
up
RU
Ermənistan iqtidarı “əkdiyini biçmək”dədir

Ermənistan iqtidarı “əkdiyini biçmək”dədir

Ermənistan dövlətinin işğalçılıq siyasəti üzündən baş vermiş Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də antiterror tədbirləri zamanı itkin düşmüş erməni hərbçilərlə bağlı məsələ hazırda rəsmi İrəvan üçün əsas başağrılarından birinə çevrilib. İtkin düşmüş şəxslərin yaxınlarının ötən illər ərzində doğmalarının tapılması ümidi ilə Ermənistan hökumətində, necə deyərlər, döymədikləri qapı qalmayıb. Hökumət üzvləri isə onları hər dəfə yola verir, başlarından edir və müxtəlif bəhanələr uyduraraq canlarını onlardan qurtarırdılar. Ancaq son vaxtlar baş verən proseslər yüksək vəzifəli məmurların “yolavermə variantlarının” artıq işə yaramadığını göstərir. İtkin şəxslərin yaxınları daha geri çəkilmir, verilən vədlərin boş söz yığını olduğunu aydın dərk edirlər. Onlar hökumətin müvafiq orqanlarından doğru-dürüst cavab istəyirlər. Bu baxımdan son günlərdə İrəvanda baş verən hadisələr diqqəti cəlb edir.

Hələ ötən ilin sonlarında – dekabrın 27-də itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyası keçirərək İrəvanın mərkəzindəki və bir çox hökumət binalarının yerləşdiyi marşal İvan Baqramyan adına prospekti bağlamışdılar. Etirazçılar Milli Assambleyanın (parlament) rəhbərliyi, xüsusilə 44 günlük müharibə ilə bağlı yaradılmış parlament təhqiqat komissiyasının, eyni zamanda, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Andranik Koçaryanla görüş tələb etmişdilər. Həmin gün yaxın vaxtlarda belə bir görüşün keçirilməsi ilə bağlı razılıq əldə edilmişdi. Nəhayət, yanvarın 30-da parlamentdə itkin düşmüş hərbçilərin yaxınları ilə qapalı görüş keçirilib. Görüş 5 saata yaxın davam edib.

Ancaq görüşün nəticələri itkinlərin yaxınlarını qane etməyib. Görüşdə gərginlik yaşanıb. “Joxovurd” qəzetinin bununla bağlı öz mənbələrinə istinadən yazdıqları maraq doğurur. Məlumata görə, qapalı iclas zamanı parlamentin sədri Alen Simonyan və A.Koçaryanla gərgin mübahisə nəticəsində itkin düşən hərbçilərin bəzi qohumlarının vəziyyəti pisləşib. Simonyan onları narahat edən suallarına cavab verməyən valideynlərə qışqırmağa başlayıb və bildirib ki, format onları qane etmirsə, gedə bilərlər.

Bundan sonra valideynlər də onun üstünə qışqırmağa başlayıblar. Mübahisəyə A.Koçaryan müdaxilə edib. Nəşr yazır ki, parlamentin tibb məntəqəsinin əməkdaşları halı pisləşənlərin təzyiqini ölçmək və valideynlərə dərman vermək üçün yuxarı qalxmağa məcbur olublar. Görüş parlamentin təxminən 200 nəfər üçün nəzərdə tutulmuş böyük zalında baş tutub, lakin bütün valideynlərə zalda oturmağa icazə verilməyib. Bir neçə nəfər içəridə əyləşib, qalanları isə mətbuat üçün ayrılmış və şüşə ilə örtülmüş yerdə oturdulub. Görüşün məqsədi valideynlərin qaldırdıqları suallara cavab verməli olan güc strukturlarının rəhbərləri ilə müzakirə aparmaq olub. Ancaq Ermənistan istintaq komitəsinin yeni təyin olunmuş rəhbəri, noyabrın 28-dən vəzifəsinin icrasına başlayan Artur Poqosyan iclas zamanı valideynlərə əsaslı cavablar verə bilməyib.

İtkin düşənlərin yaxınları istintaq komitəsinin keçmiş rəhbəri Arqişti Karamyanın 2024-cü il oktyabrın 15-də parlamentin tribunasından istintaq komitəsinin hər bir itkin düşmüş şəxslə bağlı fərdi araşdırma aparıldığını iddia etdiyi bəyanatı ilə bağlı konkret sual veriblər. Həmin vaxt Karamyan bildirmişdi ki, hər bir itkin düşmüş şəxslə bağlı kartoqrafik arayış və digər sübutlarla dəstəklənən hesabat var. Parlamentdə keçirilən iclasda valideynlər İstintaq Komitəsinin yeni rəhbərindən onlara oğulları haqqında fərdi məlumat verməsini tələb etsələr də, Poqosyan buna nail ola bilməyib. O, istintaq komitəsinin İrəvan şəhəri üzrə idarəsinin rəisi, əvvəllər baş hərbi istintaq idarəsinə rəhbərlik etmiş Ovannes Vardanyanı dəvət edib. Lakin Vardanyan danışmaqdan imtina edib ki, bu da valideynlərdə qəzəb doğurub.

Məhz bundan sonra A.Simonyan qışqırmağa başlayıb. Valideynlər, həmçinin, iclasda iştirak edənlər üçün anlaşılmaz olan mürəkkəb hüquqi terminlərdən istifadə edən baş prokuror Anna Vardapetyanın işindən də narazılıqlarını bildiriblər. “Hraparak” qəzeti isə yazır ki, milli təhlükəsizlik xidmətinin direktoru, 2022-ci ildən itkin düşmüş şəxslərin axtarışı komissiyasına rəhbərlik edən Armen Abazyan itkin düşənlərin valideynlərinin genetik ekspertizalarla bağlı suallarına konkret cavab verə bilməyib. Bir çox valideynlər onlara təqdim olunan nəticələrlə razılaşmır və təkrar müstəqil ekspertiza tələb edirlər.
“Hakimiyyət təmsilçiləri, həmişə olduğu kimi, toplaşanların sayıqlığını səngitməyə, onları mümkün olan hər şeyi etdiklərinə inandırmağa çalışdılar ki, bu da orada olanları daha da hiddətləndirdi. Zalda periodik olaraq qışqırıqlar və uca səslər eşidilirdi, bəzi valideynlər əsəbi və həyəcanlı vəziyyətdə ara-sıra çıxıb gedir, sakitləşməyə çalışır, sonra geri qayıdırdılar” – deyə nəşr yazır.

Görüş zamanı valideynlər övladlarının və yaxınlarının tapılması üçün hansı tədbirlərin görüldüyünü, heç bir addım atılmayıbsa, buna nəyin mane olduğunu öyrənməyə çalışıblar. Müdafiə naziri Suren Papikyanın görüşdə iştirak etməməsi də itkinlərin yaxınlarının narazılığına səbəb olub. Əvəzində parlamentdə müdafiə nazirinin müavini Arman Sarkisyan, baş prokuror Anna Vardapetyan, ombudsman Anait Manasyan, polis rəisi Aram Ovannisyan, Ermənistan hökumətinin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan və baş nazirin nümayəndələri iştirak ediblər.

Görüş ərəfəsində parlamentin həyətinə və binasına onlarla dövlət mühafizə işçisi yeridilib, həyətdəki mühafizəçilər silahlanıb. İclasa gələn itkin düşmüş şəxslərin valideynləri hərtərəfli yoxlanıldığı üçün görüş yarım saat gec başlayıb. Onların telefonları da müsadirə edilib. Müzakirə nəticəsində qərara alınıb ki, belə görüşlər mütəmadi olaraq keçirilsin, atılan hər addımla bağlı itkinlərin yaxınlarına məlumat verilsin. Parlamentarilər bir aydan sonra itkin düşənlərin yaxınları ilə yenidən görüşməyə razılaşıblar.

İclasda iştirak edən parlamentdəki müxalif “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan bildirib ki, görüş zamanı emosional vəziyyət hökm sürüb. Dinləmələrdə iştirak edən “Şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan isə deyib ki, hərbi quluqçuların yaxınları və hüquq müdafiəçiləri kifayət qədər əsaslandırılmış məruzələr və suallar hazırlayıblar. Eyni zamanda, onların bir çox şərhləri ilə bağlı dövlət strukturlarının təmsilçiləri ya deməyə söz tapmayıb, ya da cavablar itkinlərin yaxınlarını qane etməyib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ermənistan istintaq komitəsi “Armenia Today”in sorğusuna cavab olaraq Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də lokal xarakterli antitteror tədbirləri zamanı 1016 nəfərin itkin düşdüyünü bəyan etmişdi. Erməni tərəfi daha iki hərbçisinin 2022-ci il sentyabrın 13–14-də baş vermiş sərhəd toqquşması zamanı itkin düşdüyünü iddia edir.

Bu məqamda qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi nəticəsində 267-si qadın olmaqla, 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar da vardır. Ermənistan hökuməti onların taleyi ilə bağlı edilən çoxsaylı müraciətlərə bu günədək baxmayıb. Azərbaycan dövləti və xalqı işğala öz gücü hesabına son qoyduğu kimi, itkin düşmüş hesab edilən şəxslərin bir qisminin nəşini də torpaqlarımız azad edildikdən sonra aparılan qazıntı işləri nəticəsində aşkarlayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev 2024-cü il oktyabrın 2-də keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında demişdir ki, bugünədək dövlət komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

Ümumiyyətlə, itkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb. 44 günlük müharibədən sonra Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilmişdi. Həmin görüşdən sonra qəbul edilən bəyanatda deyilirdi ki, məhz azərbaycanlı itkin düşənlərin də Ermənistan tərəfindən geri qaytarılması müzakirə edilib. Avropa İttifaqının özü də bu məsələni bir reallıq kimi qəbul etmişdi. Bu mənada ilk növbədə bu suala cavab verilməlidir ki, 1990-cı illərin əvvəllərində Qarabağ və Şərqi Zəngəzur ərazilərində müharibə vaxtı itkin düşən azərbaycanlıların aqibəti nə yerdədir? Əgər onlar həyatlarını itiriblərsə, meyitlərinin qalıqları, yaxud sağdırlarsa onların hazırkı fiziki durumu nədən ibarətdir və niyə hələ də qaytarılmırlar? Halbuki, Ermənistanın təslimolma aktını imzalaması ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi qısa vaxt ərzində 1700 erməni hərbçisinin cəsədini toplayıb qarşı tərəfə təhvil vermişdi. Bu baxımdan Ermənistan iqtidarı hazırda vaxtilə yol verdiyi aqressiv əməllərə görə cavab verməkdə, necə deyərələr, əkdiyini biçməkdədir.

“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, baş verənlərlə bağlı Ermənistan hakimiyyətinin heç bir açıqlaması yoxdur. Onun sözlərinə görə, rəsmi İrəvan nə edəcəyini, günahı kimin üstünə atacağını da bilmir: “Bütün bunlar göstərir ki, Ermənistan dövləti öz xalqının qarşısında gözükölgəlidir. Hazırda itkin düşmüş şəxslərin yaxınlarının suallarına cavab verə bilmirlər. Yaranmış vəziyyətin baiskarı onlar özləridirlər. Rəsmi İrəvan itkin düşmüş heab edilən şəxslərə bağlı onların yaxınlarına təzminat ödəməkdən də imtina edir”.

R.Məmmədova qeyd etdi ki, bu az imiş kimi Ermənistan hökuməti baş verənlərdən nəticə çıxarmır, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına mane olan məqamları aradan qaldırmaq istəmir və ölkə regionda dalan vəziyyətində qalmaqda davam edir: “Parlamentin sədri Simonyan itkinlərin yaxınlarına cavab verə bilməyərək qışqırmaq yolunu seçib. Bu, əslində, Ermənistan hökumətinin əsl yanaşmasını ortaya qoyur. Doğru-dürüst, arqumentlə cavab verə bilmədikləri üçün onlar çığır-bağır salır, sənədləri saxtalaşdırır, yanlış məlumatlar verirlər. Beləliklə, canlarını qurtarmağa çalışırlar. Ancaq itkin düşmüş şəxslərin yaxınları da geri çəkilənə oxşamırlar. Ermənistan hökuməti gələcəkdə belə hallarla üzləşməmək üçün sürətlə silahlanmadan, bölgədə təxribatçı əməllər törətməkdən əl çəkməli, reginda baş verən hadisələri ciddi təhlil etməli və ən azı öz xalqının gələcəyi üçün Azərbaycanla sülh müqaviləsi bağlamalıdır”.

Səxavət HƏMİD
XQ

seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri