Icma.az
close
up
RU
Ermənistan iqtidarı seçki hazırlığına başlayıb

Ermənistan iqtidarı seçki hazırlığına başlayıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi İrəvan inzibati resurslardan maksimum istifadə etməkdə qərarlıdır

Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil. Bunu ölkənin baş naziri Nikol Paşinyan bir neçə gün öncə İctimai televiziyaya müsahibəsində açıqladı. Qeyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr həmişə olub. “Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq” – deyə o bildirdi.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin ortalarına planlaşdırılıb. Sonuncu parlament seçkilərinin 2021-ci il iyunun 20-də keçirildiyini nəzərə alaraq deyə bilərik ki, növbəti seçkilər də 2026-cı ilin iyununa təsadüf edəcək. Beləliklə, gərgin mübarizə şəraitində keçəcəyi heç kəsdə şübhə doğurmayan parlament seçkilərinə təxminən il yarım vaxt qalıb.

Ancaq Ermənistan hakimiyyətinin 2024-cü ilin ortalarından etibarən seçkiqabağı prosesə başladığını demək mümkündür. Ölkənin daxili ictimai-siyasi həyatında baş verən proseslərin müşahidəsi belə deməyə əsas verir. Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində Paşinyan iqtidarı maksimum dərəcədə inzibati resurslardan istifadə etmək istəyir və görünən odur ki, bunu fəal şəkildə edir. Ümumiyyətlə, hakimiyyətin seçkiqabağı fəaliyyətini bir neçə istiqamətdə apardığını demək mümkündür. Buna misal olaraq hökumətin tərkibində həyata keçirilən kadr islahatlarını, iqtidar partiyasının reytinqinin aşağı olduğu şəhər və rayonlara yeni kadrların təyin olunmasını və hakimiyyətə müxalif mövqedə olan vilayət rəhbərlərinə qarşı həyata keçirilən tədbirləri qeyd etmək olar.

Hakimiyyət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Şörəyel mahalının (haylar bu qədim yurd yerimizi Şirak vilayəti adlandırırlar–S.H.) qubernatoru vəzifəsinə 2023-cü ilin yanvar ayında təyin edilən Muşeq Muradyan iqtidardan olan deputat David Aruşanyanla əvəz edilib. Həmçinin, ölkənin ikinci böyük şəhəri olan Gümrü şəhər rəhbərliyi də hakimiyyətin təqibləri nəticəsində istefa verib və hazırda orada yeni seçkilərin keçirilməsi planlaşdırılıb. Qeyd etmək lazımdır ki, Gümrü şəhər meri vəzifəsinin icrası isə həmin şəhərin icmasının rəhbəri vəzifəsini icra edən Sarik Minasyana həvalə olunub. Maraqlıdır ki, Minasyan bu vəzifəyə təyin olunduqdan sonra iqtidar partiyasının sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib.

Eyni zamanda, Paşinyan xüsusilə zəif elektorata malik olduğu Zəngəzur mahalının Qafan, Gorus və Qacaran şəhərlərinin müxalif icra rəhbərlərini dəyişmək, yaxud öz tərəfinə çəkmək üçün hərəkətə keçib. Əvvəlcə, 2024-cü ilin avqustunda Qacaran şəhərinin rəhbəri Manvel Paramazyanın qanunsuz əldə edilmiş əmlakının müsadirə edilməsi ilə bağlı baş prokurorluğun iddiası Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən icraata qəbul edilib. Sentyabrın 10-da isə Gorus şəhərinin rəhbəri Aruş Aruşanyana qarşı 2022-ci ildə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatdırılıb. Məhkəmənin hökmünə əsasən, A.Aruşanyan 1 il 8 ay azadlıqdan məhrum edilib. Həmçinin, ona 5 il dövlət işində vəzifə tutmamaq cəzası verilib.

Paralel olaraq, Qafan şəhərinin rəhbəri Gevorq Parsyana qarşı da bəzi addımlar atılıb. Parsyanın “Müqəddəs mübarizə” hərəkatına rəhbərlik edən Baqrat Qalstanyanın Qafana səfəri zamanı onunla görüş keçirməsi və onu xoş qarşılaması hakimiyyətin diqqətindən yayınmayıb. Qeyd edək ki, bunu Parsyan özü də təsdiq edib. O ötən ilin sentyabrında verdiyi müsahibə zamanı bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər hakimiyyətin siyasi təqibidir və bu, B.Qalstanyanla görüşdən sonra başlayıb. Sentyabr ayının ortalarında hüquq-mühafizə orqanları əməkdaşları Qafan meriyasına daxil olublar. Onlar şəhərin subsidiyaları ilə bağlı maliyyə sənədlərini, eləcə də bu subsidiyaların müvafiq sahələr üzrə əksəriyyətini icra edən və G.Parsyanın atasına məxsus “Noroqşin” məhdud məsuliyyətli cəmiyyətinun sənədlərini müsadirə ediblər. Daha sonra həmin şirkətin məsul şəxslərinə qarşı cinayət işi qaldırılıb və hazırda istintaq davam edir.

Son bir neçə ay ərzində Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyət nümayəndələrinin regionlara səfərlərinin intensivləşməsi də seçkiqabağı prosesə daxildir. Bunu hakim partiyadan keçmiş deputat Ovik Aqazaryan da təsdiq edib. Aqazaryan bildirib ki, regionlara edilən səfərlər mövcud problemlərin öyrənilməsini və əhaliyə hesabatların verilməsini nəzərdə tutsa da, bu, seçkilərə hazırlıq prosesinin bir hissəsidir. Qeyd edək ki, 2024-cü ilin iyun-oktyabr ayı ərzində Paşinyan regionlara 8 dəfə səfər edib. Bu səfərlər çərçivəsində yerli əhali ilə görüşlər keçirilib, mövcud problemlər və aparılan işlərlə tanışlıq olu. Hətta, Ermənistan mətbuatında yayılan xəbərlərə görə, hakim partiyanın iclasında Nikolun regionlarda iqtidar partiyasının nüfuzunu qaldırma qabiliyyəti olmayan və hökumətin qoyduğu tapşırıqları icra edə bilməyən rəhbər şəxsləri vəzifəsindən uzaqlaşdıracağını bildirilib.

Bunlara paralel olaraq, 2024-cü il oktyabrın 10-da Ermənistan parlamentinə ölkənin Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi daxil olub. Layihə Ermənistan mətbuatında narahatlıqla qarşılanıb və hakimiyyətin seçkidə qalib gəlməsi istiqamətində atdığı addım kimi qiymətləndirilib. Təxminən 80 maddəsinə dəyişiklik və əlavə ediləcək yeni Seçki Məcəlləsinin 2025-ci ildən qüvvəyə minəcəyi bildirilir. Müəyyən edilib ki, Seçki Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişiklik və əlavələr vasitəsilə hakimiyyət maliyyə nəzarətini öz əlində mərkəzləşdirmək, habelə mənşəyi bilinməyən maliyyə vəsaitlərinin seçki proseslərinə daxil olmasının qarşısını almaq üçün imkan əldə etmiş olacaq. Təklif olunan dəyişikliklərə əsasən, seçki fonduna pul köçürmələrini yalnız siyasi partiyalar həyata keçirə biləcək. Əvvəllər isə istənilən fiziki şəxs seçki fonduna ianə verə bilirdi.

Hakimiyyət bununla rəqib, yaxud müxalifət partiyalarının maliyyə resurslarına nəzarət edə, öz maliyyə mənbələrini isə gizlədə bilər. Həmçinin, bildirilir ki, dəyişikliklər seçki pozuntularına qarşı mübarizəni, xüsusən də bununla bağlı şikayətlərin və işlərin araşdırılmasını da müəyyən qədər məhdudlaşdıracaq. Bundan sonra yalnız subyektiv əsası olan şikayətlərə baxılması nəzərdə tutulur və seçki pozuntularından yalnız səsvermə hüququ pozulmuş şəxslər şikayət edə bilərlər. Yəni, vətəndaş sübut etməlidir ki, onun səsvermə hüququ hansı seçki pozuntusu nəticəsində pozulub. Bunu sübut edə bilməsə, şikayətinə baxılmayacaq. Məsələn, media subyektlərinin aşkara çıxardıqları qanun pozuntuları nəzərə alınmaya bilər. Ermənistan əhalisinin əksər hissəsinin öz hüquqlarını bilmədiyini nəzərə alaraq deyə bilərik ki, dəyişikliklər əsasən hazırkı iqtidarın maraqlarına cavab verir və istisna edilmir ki, hakimiyyət tərəfindən məqsədyönlü şəkildə atılmış addımdır.

Ermənistanın Konstitusiya İslahatları Şurasının 2024-cü ilin sentyabrın 19-da verdiyi qərar da seçkiqabağı fəaliyyətə daxildir. Şura həmin iclas zamanı hazırda qüvvədə olan və parlament seçkilərində tətbiq edilən “sabit çoxluq” normasının saxlanması barədə qərar qəbul edib. İslahatlar şurasının bu qərarını da Ermənistan hakimiyyətinin seçkiqabağı fəaliyyəti kontekstində qiymətləndirmək mümkündür. Yəni, “sabit çoxluq” normasının saxlanmasının lehinə şurada hakimiyyəti təmsil edən bütün üzvlər səs verib. İslahatlar şurasının müxalif üzvü David İonnisyan isə bildirib ki, hakimiyyət seçicilərin əksəriyyətinə sahib olmadığı üçün qorxur və süni bonusların köməyi ilə hökuməti formalaşdırmaq istəyir.

Mövcud qanunvericiliyə əsasən, hər hansı partiya parlament seçkilərində mandatların 50 faizdən çoxunu ala və ya digər qüvvələrlə koalisiya yaradaraq hökuməti formalaşdıra bilməsə, seçkilərin ikinci turu keçirilir. İkinci turda qalib gələn siyasi partiya isə seçkilərdə aldığı səslərdən asılı olmayaraq parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər əlavə mandat əldə edir. Yəni seçicilərin 25-30 faizinin səsini toplayan qüvvə təkbaşına hökumət qura bilər.

Eyni zamanda, özünü müxalifət kimi göstərən, lakin hökumətin Qərbyönümlü siyasətinə dəstək verən və demokratik qüvvələrin platformasına daxil olan 4 siyasi partiyanın rəhbərinin Ermənistanın Avropa İttifaqına üzv olması üçün ölkədə referendum keçirilməsi təşəbbüsünü də seçkiqabağı prosesin bir parçası hesab etmək olar. Bu təşəbbüsə Ermənistan hakimiyyətinin heç bir maneə törətməməsi və hətta, müəyyən inzibati dəstək verməsi seçkiqabağı prosesin bir parçası hesab oluna bilər. Ermənistan hökumət nümayəndələri bu təşəbbüsü vaxtından əvvəl atılmış addım kimi qiymətləndirisələr də, ona heç bir bürokratik maneə yaratmayıblar. Hətta, onun uğurlu keçirilməsi üçün müəyyən şərait də yaradılıb. Paşinyan və onun komandası təşəbbüs barədə müəyyən açıqlamalar da verib. Parlamentin Avropaya inteqrasiya üzrə daimi komitəsinin rəhbəri Arman Yeqoyan yaxın 6 ay ərzində Ermənistanın Aİ-yə daxil olmaq üçün müraciət etmək niyyətinin olmadığını, Paşinyan isə Aİ-yə üzv olmaq üçün referendumun keçirilməsinə ehtiyac görmədiyini bildiriblər. Ermənistan hakimiyyətinin bu məsələdə neytral mövqeyi ona hökumətin Qərbyönümlü siyasətinə erməni ictimaiyyətinin münasibətini öyrənmək, Qərbyönümlü platforma ilə seçkilərdə qalib gəlmə ehtimallarını müəyyən etmək və ya Qərbyönümlü platformadan rahatlıqla imtina etmək və digər istiqamətlərə manevr etmək imkanları yaradır.

Bütövlükdə, “Mülki müqavilə” partiyasının reytinqinin aşağı olması səbəbindən hakimiyyət seçkilərə qədər əlində olan inzibati resurslardan istifadə etməyə və vəziyyəti öz xeyrinə dəyişmək üçün tədbirlər görməyə davam edəcək. İqtidarın 2025-ci ilin birinci rübünədək seçki platformasını müəyyən edəcəyi və onu ictimaiyyətə açıqlayacağı da istisna olunmur.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri