Ermənistan nə haqla COP17 yə sədrlik edir?
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya Qarabağ meşələrini qara günə qoymuş vandalları ittiham etməlidir
Ermənistanın baş naziri Nikol Paşinyan COP17-yə ev sahibliyini ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, turizmin inkişafı, investisiyaların cəlbi və əhalinin gəlirlərinin artırılması baxımından mühüm nailiyyət kimi qiymətləndirib. O, Ermənistanın gələcəkdə daha çox beynəlxalq tədbirə ev sahibliyi etmək iddiasındadır.
Lakin bu əsassız xəyallar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğal dövründə məruz qaldığı ekoloji dağıntılar fonunda ciddi suallar doğurur. “Environmental Protection First” koalisiyası COP17 ilə əlaqədar ünvanladığı müraciətdə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində ətraf mühitin çirkləndirilməsi, meşələrin sistemli şəkildə qırılması və təbii sərvətlərin qanunsuz istismarı məsələlərinə diqqət çəkib.
Bir tərəfdə ekoloji məsuliyyət və davamlı inkişaf prinsiplərini önə çəkən Ermənistan, digər tərəfdə isə işğal dövründə zərər görmüş meşələr, talan edilmiş təbii sərvətlər və pozulmuş ekosistemlər dayanır. Bu ziddiyyət Ermənistanın formalaşdırmağa çalışdığı beynəlxalq imiclə işğal dövründə törədildiyi ekoloji cinayətlər arasında ciddi uyğunsuzluq yaradır. Başqa sözlə, Ermənistanın beynəlxalq nüfuzu yalnız İrəvanda keçirilən tədbirlərin miqyası ilə deyil, təbiətin qorunması prinsiplərinə nə dərəcədə sadiq qalması və keçmişlə bağlı suallara necə cavab verməsi ilə də qiymətləndirilməlidir.
Topxana meşəsinin qırılması “yaşıl” soyqırımı idi
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın yaxınlığında yerləşən Topxana meşəsi xalqımızın tarixində və milli yaddaşında xüsusi yer tutur. Bu meşə təkcə təbiətin nadir gözəlliyi, zəngin bitki örtüyü və heyvanat aləmi ilə deyil, Azərbaycanın milli azadlıq hərəkatının başlanğıcında oynadığı mühüm rolla da yadda qalıb.
1988-ci ilin payızında Topxana meşəsində ağacların qırılması və Ermənistanın Kanaker alüminium zavodu ilə əlaqəli tikinti planları barədə məlumatlar Azərbaycanda böyük narazılıq yaratdı. Noyabrın 17-də Bakının Azadlıq meydanına yüz minlərlə insan toplaşaraq bu hadisəyə etirazını bildirdi. Sonradan milli azadlıq hərəkatına çevrilən həmin etirazlar Azərbaycan xalqının milli oyanış tarixində mühüm mərhələ oldu.
Şuşanın işğalından sonra isə Topxana meşəsinin vəziyyəti daha da ağırlaşdı. Meşədən 2 mindən çox palıd və digər qiymətli ağac kəsilərək aparılıb. Haça Yal adlanan meşə sahəsindən palıd ağacları qırılaraq Xankəndiyə daşınıb. Onlardan mebel istehsalında və yanacaq kimi istifadə edilib. Ağacların kəsilməsi ilə yanaşı, meşənin bitki örtüyünə, heyvanat aləminə və təbii landşaftına da ciddi ziyan dəyib.
Bunlar sadəcə ağacların kəsilməsi ilə bağlı rəqəmlər deyil. Hər bir qədim palıdın məhv edilməsi təbiətin uzun illər ərzində formalaşdırdığı canlı sərvətin itirilməsi deməkdir. Meşələr torpağı eroziyadan qoruyur, su ehtiyatlarının saxlanmasında iştirak edir, karbon qazını udur və yüzlərlə canlı növü üçün yaşayış mühiti yaradır. Meşə örtüyünün məhv edilməsi isə bütün bu təbii əlaqələrin pozulmasına səbəb olur.
Belə bir tarixi keçmişi olan Ermənistanın bu gün beynəlxalq nüfuzdan danışması ciddi ziddiyyət yaradır. Əgər ölkənin rəhbərliyi beynəlxalq tədbirlərin təşkilini mühüm nailiyyət sayırsa, onda təbiətə vurulmuş zərər, talan edilmiş sərvətlər və məhv edilmiş meşələr barədə də açıq danışmalıdır.
Ermənistan Qarabağda 54 min hektar meşəni məhv edib
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri zəngin təbii sərvətləri, meşələri, nadir bitki növləri və biomüxtəlifliyi ilə seçilir. İşğaldan əvvəl bu ərazilərdə geniş meşə massivləri, qədim ağaclar və müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli təbii şərait mövcud idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altındakı ərazilərdə 260,3 min hektar meşə fondu sahəsi olub, bunun təxminən 228 min hektarı meşə ilə örtülüb. Regionda bitən 460-dan artıq yabanı və kol bitkilərinin 70-i endemikdir. Yəni dünyanın başqa heç bir yerində təbii mühitdə bitmir. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib.
Bu rəqəmin miqyasını anlamaq üçün onu belə təsəvvür etmək kifayətdir: söhbət ayrı-ayrı ağacların və ya bir neçə kiçik meşə sahəsinin itirilməsindən deyil, on minlərlə hektar ərazidə təbii örtüyün məhv edilməsindən gedir. Belə bir itkinin nəticələri uzun illər davam edir. Meşələrin təbii şəkildə bərpası, torpağın münbitliyinin qorunması və heyvanların yaşayış mühitinin yenidən formalaşması üçün uzunmüddətli və ardıcıl tədbirlər tələb olunur.
2012–2016-cı illərdə Qarabağda meşələrin qırılması göstəricisi Ermənistandakı göstəricidən 2,3 dəfə yüksək olub. 2014–2018-ci illərdə bölgədə 404 min 800 kubmetr meşə qırıldığı, eyni dövrdə Ermənistanda bu göstərici 175 min 300 kubmetr təşkil edib. Təkcə 2017-ci ildə Qarabağda 102 min 488 kubmetr meşə doğranıb. Qiymətli ağac növləri olan qoz, palıd, Eldar şamı, xurma və digər ağaclar odun tədarükü üçün kəsilib. Materiallarda bu ağacların mebel, çəllək və tüfəng qundağı istehsalında istifadə edilmək üçün Ermənistana aparıldığı qeyd olunub. Nəticədə, meşələr seyrəkləşib, təbii örtüyün quruluşu dəyişib və bir sıra ərazilərdə ekoloji tarazlıq pozulub. Bu rəqəmlər işğal dövründə meşə ehtiyatlarının hansı miqyasda istismara məruz qaldığını göstərən mühüm göstəricilərdir.
Belə bir vəziyyətdə Ermənistanın COP17 kimi beynəlxalq tədbirlərdən əldə olunan iqtisadi gəlirlər və investisiyalar barədə danışması ciddi suallar doğurur. Bir ölkənin beynəlxalq nüfuzunu artırmaq istəyi başadüşüləndi amma bu məsuliyyət məsələsini arxa plana keçirməməlidir.
COP17 kimi biomüxtəlifliyin qorunmasına həsr olunmuş beynəlxalq tədbirin məhz bu baxımdan xüsusi əhəmiyyəti var. Konfransda təbii sərvətlərin qorunması və ekosistemlərin bərpası müzakirə edilirsə, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə üzləşdiyi ekoloji zərər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Ağdamdan Füzuliyə uzanan ekoloji dağıntılar
İşğal dövründə Qarabağın müxtəlif rayonlarında meşələrin qırılması, qədim ağacların məhv edilməsi və təbii ərazilərin yandırılması ilə bağlı çoxsaylı məlumatlar qeydə alınıb. Bu faktlar problemin yalnız Topxana meşəsi ilə məhdudlaşmadığını, geniş coğrafiyanı əhatə etdiyini göstərir.
Ağdam rayonunun təbii sərvətləri də bu talandan kənarda qalmayıb. Rayon ərazisində təbiət abidəsi kimi qeydə alınmış 85 Şərq çinarı doğranaraq aparılıb.
Ağdamda ümumi sahəsi 732 hektar olan qiymətli püstə meşələri mövcud olub. Bu meşələrdəki ağacların yaşının 370–400 il olduğu bildirilir. Yusifcanlı və Novruzlu kəndləri ətrafındakı meşə, bağ və yaşıllıq sahələrinin ciddi şəkildə məhv edilib, Ağdam şəhərində və ətraf kəndlərdə yaşı yüzillərlə ölçülən Şərq çinarları kəsilib.
Bundan başqa, rayonun Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı–Kəngərlisi, Göytəpə və Gülçülük kəndlərində, eləcə də Uzundərə, Yedixırman və Şahbulaq dağ massivlərində ümumilikdə 17 min 457 hektar otlaq sahəsi yandırılıb. Bu yanğınlar nəticəsində bitki örtüyü ilə yanaşı, müxtəlif heyvan növlərinin yaşayış mühiti də zədələnib.
Xocavənd rayonunda da meşə ehtiyatları ağır zərər görüb. İşğaldan əvvəl rayonun meşə fondunun ümumi sahəsi 22 min 428 hektar, meşə ilə örtülü sahəsi isə 20 min 403 hektar təşkil edib. Ərazidə təbiət abidəsi statusu daşıyan 12 qədim ağac olub. Rayonda işğal dövründə 3 min 537 hektardan artıq meşə sahəsinin məhv edilib.
Füzuli rayonunda isə işğaldan əvvəl meşə fondunun ümumi sahəsi 124 hektar, meşə ilə örtülü sahə 108 hektar olub. Təqdim olunan məlumatlara görə, işğal dövründə 57 hektar meşə sahəsi məhv edilib. Rayon ərazisində təbiət abidəsi statusuna malik 11 Şərq çinarının hamısı kəsilib, bəzi ağacların kötükləri də yandırılıb.
Göstərilən rəqəmlər bir həqiqəti aydın şəkildə ortaya qoyur: Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətləri işğal illərində ciddi itkilərlə üzləşib. Bütün bunlar Ermənistanın COP17-yə ev sahibliyi etdiyi bir vaxtda xüsusi aktuallıq kəsb edir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin biomüxtəlifliyin qorunması, təbii yaşayış mühitinin bərpası və ekoloji məsuliyyət məsələlərini müzakirə etdiyi bir şəraitdə Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə məhv edilmiş meşələrin taleyi də diqqətdən kənarda qalmamalıdır.
Əgər təbiətin qorunması ümumbəşəri məsələdirsə, bu prinsip bütün ölkələrə eyni şəkildə tətbiq edilməli, ətraf mühitə vurulmuş zərər siyasi yanaşmalardan asılı olmayaraq araşdırılmalıdır.
Biomüxtəlifliyin qorunmasına həsr olunmuş COP17 kimi beynəlxalq tədbir isə bu məsələlərin yenidən gündəmə gətirilməsi, ekoloji zərərin miqyasının diqqətlə araşdırılması və təbiətin mühafizəsi ilə bağlı beynəlxalq prinsiplərin ardıcıl tətbiqinin vacibliyini vurğulamaq üçün mühüm fürsətdir. Təbiətin qorunmasından danışan hər bir dövlət öz bəyanatlarını konkret addımlarla, şəffaflıqla və məsuliyyətli mövqe ilə təsdiqləməlidir.
Qarabağ və Şərqi Zəngəzurda məhv edilmiş on minlərlə hektar meşə sahəsi, kəsilmiş qədim ağaclar və bərpası uzun illər tələb edən ekosistemlər, xarabalığa çevrilmiş kəndlər Ermənistanın ekoloji cinayətlərinin acı və ağrılı silsiləsidir.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2026 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















