Icma.az
close
up
RU
Ermənistan strateji seçim qarşısında

Ermənistan strateji seçim qarşısında

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda 7 iyun 2026-cı il tarixinə parlament seçkiləri təyin edilib. Artıq may ayının 8-dən ölkədə rəsmi olaraq təbliğat-təşviqat kampaniyasına start verilib və qanunvericiliyə əsasən təşviqat kampaniyasının son günü iyun ayının 5-i müəyyən edilib.
Mərkəzi seçki komissiyasının qərarına əsasən, ölkə parlamentindəki yerlər uğrunda 17 partiya və 2 blok olmaqla 19 siyasi qüvvə mübarizə aparacaq. Seçicilərin səsi uğrunda mübarizə aparan siyasi qüvvələr arasında həm hakim partiya, həm də müxtəlif müxalifət qüvvələri təmsil olunur. Bunlar sırasında Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” bloku (özündə “Güclü Ermənistan”, “Yeni Era”, “Birləşmiş Ermənilər” partiyalarını birləşdirir), ölkənin ən varlı iş adamlarından olan Qaqik Sarukyan rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası və digər siyasi qüvvələr yer alıb.
Qeyd edilməlidir ki, 7 iyun 2026-cı il parlament seçkiləri 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsindən sonra keçirilən ilk növbəti parlament seçkiləri olacaq və hadisələrin gedişatı belə qənaətə gəlməyə əsas verir ki, bu seçkilər Ermənistan tarixində ən vacib seçkilər olacaq. Belə ki, bu seçkilərə həm regiondankənar güc mərkəzləri olan ABŞ və Aİ, həm də regional güc mərkəzləri olan Rusiya, Türkiyə və İranın maraqları var. Bu səbəbdən bəzi ekspertlər 7 iyun seçkilərini “Ermənistan tarixinin ən geosiyasiləşmiş seçkiləri” adlandırırlar.
Seçki kampaniyasında iştirak edən siyasi qüvvələrin çox olmasına baxmayaraq, əsas mübarizənin Paşinyanın “Mülki müqavilə” partiyası, Köçəryanın “Ermənistan” bloku, Karapetyanın “Güclü Ermənistan” bloku və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası arasında gedəcəyi proqnozlaşdırılır. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu qüvvələr arasında Paşinyanın “Mülki müqavilə” partiyası istisna olmaqla, digər üç siyasi qüvvə açıq şəkildə Rusiya yönümlüdür və mübarizədə xarici siyasət seçkiqabağı kampaniyanın əsas mövzusunu təşkil edir. Bu mövzu çərçivəsində artıq həll edilmiş qondarma Qarabağ probleminin yenidən siyasi gündəliyə gətirilməsi planlaşdırılmış ola bilər
Paşinyanın rəhbərliyi dövründə Ermənistan formal olaraq KTMT, Avrasiya İqtisadi İttifaqının (Aİİ) və MDB üzvü olaraq qalsa da, hökumət Avropa İttifaqına inteqrasiya və Rusiyadan tədricən uzaqlaşma siyasəti həyata keçirir. Seçki kampaniyası ərəfəsində – may ayının 4-5-i tarixində Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin keçirilməsi bu ölkənin müstəqilliyi dövründə belə genişmiqyaslı ilk beynəlxalq tədbir oldu. Bu sammit çərçivəsində Fransa prezidenti Makronla strateji tərəfdaşlığa dair müqavilənin imzalanması diqqətdən yayınmadı. Bəzi ekspertlər bu sammitin və rəsmi Parislə Yerevan arasında strateji tərəfdaşlığa dair müqavilənin imzalanmasının seçkilər ərəfəsində keçirlməsinin təsadüfi olmadığını və Paşinyanın seçkilərdə dividend qazanmaq məqsədi güddüyünü bildirirlər. Əlbəttə, seçki kampaniyasında 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı və şahidliyi ilə Azərbaycanla sülh müqaviləsinin paraflanması, iki ölkə arasında sərhəd boyu silahlı toqquşmalara son qoyulması, qondarma Qarabağ probleminin həll edilməsi, ABŞ-la Ermənistan arasında TRİPP dəhlizi barədə razılaşma əldə edilməsi Paşinyanın əsas arqumentləri sırasındadır. Beləliklə, Avropaya inteqrasiya, ABŞ-la strateji əlaqələrin qurulması, Rusiyanın iqtisadi, siyasi, hərbi təsirindən qurtulmaq və, nəhayət, Azərbaycanla sülh və əməkdaşlığın qurulması, Türkiyə ilə əlaqələrin bərpası, Paşinyanın seçki platformasının ana xəttini təşkil edir.
Lakin Paşinyan hakimiyyətinin Rusiyanın iştirakı olmadan müstəqil siyasət yürütmək cəhdləri, Aİ ilə yaxınlaşma siyasəti, Rusiyanın iştirakı olmadan Azərbaycanla de-fakto sülhə nail olması, ABŞ-ın iştirakı ilə TRİPP dəhlizini reallaşdırmaq barədə razılığa gəlməsi rəsmi Moskva tərəfindən, yumşaq desək, qısqanclıqla qarşılanır.
Ermənistan Baş nazirinin 1 aprel 2026-cı ildə Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti ilə görüşü zamanı Putin Paşinyana açıq şəkildə Ermənistanda Rusiya yönümlü mövqeyə malik bir çox siyasi qüvvələr olduğunu və Rusiya onların seçkilər zamanı bu daxili siyasi tədbirdə iştirak edə bilmələrini istədiyini bildirmişdi. Təbii ki, Putinin bu sözləri Rusiyanın tək xahişi kimi deyil, eyni zamanda tələbi kimi qiymətləndirilməlidir. Eyni zamanda Paşinyanın Moskva səfərindən bir neçə gün sonra Rusiya baş nazirinin müavini Overçukun TRİPP layihəsi ilə bağlı səsləndirdiyi fikir və “TRİPP layihəsinin imzalanması ilə ABŞ 1828-ci il Türkmənçay müqaviləsi imzalandıqdan sonra bölgədə formalaşmış nizamı pozdu” deməsi Rusiya siyasi elitasının hələ də müstəmləkəçilik düşüncəsindən daşınmadığını və Cənubi Qafqazı hələ də öz əraziləri kimi nəzərdən keçirdiyini göstərdi.
Odur ki, böyük ehtimalla Rusiyanın Ermənistanda seçkilər prosesinə müdaxilə edəcəyi gözləniləndir və aydındır ki, Rusiya bu seçkilərdə Robert Koçaryanın, erməni əsilli rusiyalı milliarder Samvel Karapetyanın liderlik etdiyi qüvvələri bütün mümkün vasitələrlə dəstəkləyir və əsas məqsədi Aİ-yə inteqrasiya siyasəti həyata keçirən Paşinyanı devirmək, Ermənistanı yenidən Rusiyanın təsir dairəsinə bağlamaqdır. Paşinyanın rəqibləri olan qüvvələr 44 günlük müharibənin hüquqi və siyasi nəticələrini qəbul etmirlər, yenidən qondarma Qarabağ kartını gündəliyə qaytarmağa çalışırlar və onların seçkiqabağı platformasının əsas tezisi hakimiyyəti “Qarabağa xəyanət” etməkdə günahlandırmaqdan ibarətdir. Bu isə birmənalı şəkildə Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
Eyni zamanda qeyd edilməlidir ki, Samvel Karapetyan 2025-ci ilin iyun ayında vergidən yayınma, çirkli pulların yuyulması, xüsusilə iri məbləğdə əmlakın mənimsənilməsi, eləcə də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittihamilə həbs olunmuşdu və hazırda ev dustaqlığındadır. Buna baxmayaraq, o, hələ seçki kampaniyası rəsmi başlamamışdan əvvəl ev şəraitində aktiv siyasi kampaniya aparır, görüşlər keçirir, media orqanlarına müsahibələr verirdi. Belə görüşlərdən biri tələbələrin iştirakı ilə baş tutmuşdu və Karapetyan görüş zamanı ilk növbədə Paşinyanın vəzifədən uzaqlaşdırılmasını əsas məqsəd kimi müəyyən etmişdi. Beləliklə, konkret olaraq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması əsas məqsəd kimi müəyyən edilməsi göstərir ki, seçki platformasında siyasi və iqtisadi islahatların həyata keçirilməsi və ya hər hansı siyasi alternativ deyil, şəxsi siyasi məqsəd əsas götürülür.
Qeyd edilənlər kontekstində Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro ayıracağın bildirmişdi. Bununla yanaşı Avropa İttifaqı Ermənistanda seçkilərə kənar müdaxilələrlə bağlı 9-14 nəfərlik ekspert qrupundan ibarət xüsusi missiya yaradıb və bu missiyanın bilavasitə Rusiyanın revanş cəhdlərinə qarşı fəaliyyət göstərəcəyi bildirilir. Bu ekspert qrupunun Baş nazirin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur.
Göründüyü kimi, Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasına hər cür dəstək verir. Lakin Avropa İttifaqının institutlarından biri olan Avropa Parlamenti bölgədə sülh prosesini, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və inkişafını dəstəkləmək əvəzinə uzun illər ərzində ilk dəfə yaranmış belə bir imkanlara qarşı çıxır. Belə ki, Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir”, “Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə biri birinin ərazi bütövlüyünü tanıyır”, “Qarabağ problemi Ermənistanın müstəqil dövlət olmasına əngəllik törədib və inkişafına mane olub”, “Biz real Ermənistanı qorumalıyıq” kimi fikirlərinə baxmayaraq, Avropa Parlamenti davamlı olaraq Qarabağ bölgəsində yaşamış və oranı könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması, o cümlədən barələrində məhkəmə hökmü çıxarılmış müharibə cinayətləri, terrorçuluq, təxribatlar da daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş erməni əsilli məhbusları “müharibə əsirləri” kimi təqdim edərək onların azad edilməsi ilə bağlı əsassız çağırışlar edir.
Ümumiyyətlə, Avropa Parlamenti 2021-ci ilin yazından 2026-cı il aprelin 30-a qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və bölgədə sülhün bərqərar olmasına qarşı yönələn 14 qətnamə qəbul edib. Qəribədir ki, bu qətnamələr böyük səs çoxluğu ilə qəbul olunub, Ermənistanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyən ölkələrdən olan deputatlar Avropa Parlamentində fərqli mövqe nümayiş etdirir və de-fakto Aİ-nin anti-Rusiya siyasətinə qarşı çıxırlar. Bununla da AP üzvləri Rusiyanın Cənubi Qafqaz regionunda əvvəlki mövqeyinin bərpa olunmasına dəstək ifadə etmiş və Aİ-nin rəsmi siyasətinin əlehinə çıxış etmiş olurlar. Bu isə dəfələrlə “Qarabağ mövzusu bitib”, “Qarabağ mövzusunu qabartmaq Rusiyanın maraqlarına xidmət etməkdir” və “Azərbaycanla sülhün alternativi yoxdur” söyləyən Paşinyaan hakimiyyətinin siyasətinə qarşı yönləlib. Odur ki, məntiqi sual doğur: Avropa Parlamenti kimin maraqlarına xidmət edir – Rusiyanın yoxsa Avropa İttifaqının?
Nəhayət, böyük ehtimalla qeyd etmək olar ki, seçkilərdə iştirak edən heç bir blok və ya partiya təkbaşına Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasına qalib gələ bilməyəcək. Odur ki, ehtimal etmək olar ki, Köçəryanın “Ermənistan” bloku, Karapetyanın “Güclü Ermənistan” bloku və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” səsvermə nəticəsində birlikdə 50%-dən çox seçici səsi toplamağa və öz aralarında razılığa gələrək Baş nazir postuna vahid namizəd irəli sürməyə nail olmağa çalışacaqlar. Ermənistan qanunlarına əsasən bu namizəd Samvel Karapetyan ola bilməz. Hesab edilə bilər ki, Qaqik Sarukyan da belə olan halda öz namizədliyini irəli sürməyəcək. Beləliklə, qeyd edilən variant reallaşarsa, bu üç siyasi qüvvənin Baş nazir postuna vahid namizədi kimi keçmiş president Robert Köçəryanın namizədliyinin dəstəklənməsi barədə əvvəlcədən razılaşmanın olduğunu istisna etmək olmaz. Robert Köçəryanın namizədliyini nəzərdə tutan ssenari reallaşması Ermənistanda xarici siyasət kursunun yenidən dəyişməsi və Paşinyan hakimiyyətinə qədər olduğu kimi Ermənistanın Rusiyanın təsir sferasına qayıtması, revanşist qüvvələrin baş qaldırması, qondarma Qarabağ kartının yenidən işə salınması, bölgədə yeni müharibə ssenarilərinin reallaşması ehtimalı artacaq.
Beləliklə, 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri Ermənistanın müstəqillik tarixinin ən gərgin mərhələlərindən biri kimi dəyərləndirilməlidir və bu seçkilərdə Ermənistan əhalisi özünün strateji seçimini etmək məcburiyyətindədir. Ermənistan daxilində konsensusun olmaması, siyasi qüvvələr arasında rəqabətin ən yüksək həddə çatması, seçkilərə müxtəlif istiqamətlərdən (Rusiya, Avropa və erməni diaspor təşkilatları) müdaxilə ehtimalının olması vəziyyəti daha da kəskinləşdirir. Belə bir fonda seçkilərin nəticəsi kimi koalisiya hökumətinin formalaşmasını da istisna etmək olmaz. İstənilən halda bu seçkilərdə Ermənistanın gələcəyi, onun qonşularla münasibəti müəyyən edilir.
Maraqlıdır, görəsən Ermənistan əhalisi 2021-ci ildə keçirilmiş nəvbədənkənar parlament seçkilərində olduğu kimi sülhə səs verəcək, yoxsa yenidən müxtəlif güclərin maraqlarına xidmət edərək bölgədə təhlükəsizliyə təhdid mənbəyi olmağa üstünlük verəcək və revanşist iddiaları reallaşdırmağa çalışacaq?

Elxan Süleymanov,
AVCİYA prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 May 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri