Ermənistanın “qütbdəyişmə” məntiqi
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İrəvan Moskvadan qopmaq prosesinə ehtiyatla yanaşır
“Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə, biz münasibətlərimizi inkişaf etdirmək və daha da dərinləşdirmək istəyirik”. Ermənistanın baş naziri bu sözləri iki gün əvvəl Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində deyib. O, nəşrin köşə yazarı ilə söhbətində İrəvanın balanslaşdırılmış siyasət yürütdüyünü və xarici əlaqələrini şaxələndirməyə çalışdığını da vurğulayıb. Bu zaman reallıqdan çıxış etməyin vacibliyini önə çəkən Paşinyanın sözlərinə görə, Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklər baş verməkdədir.
Baş nazir daha sonra bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmazdan əvvəl Rusiya ilə münasibətlər əsasən təhlükəsizlik məsələləri üzərində qurulmuşdu: “Hazırda isə bu münasibətlərin transformasiyaya ehtiyacı var”. Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərin yalnız transformasiyasında deyil, həm də dostluq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu önə çəkib.
Müsahibəsində Ermənistanın balanslı xarici siyasətə üstünlük verdiyini deyən Paşinyan Ermənistan–Rusiya münasibətlərinin Azərbaycan amilinə görə dəyişikliyə məruz qaldığını iddia edib. Paşinyanın sözlərinə görə, regionda yaranan yeni vəziyyət İrəvan–Moskva münasibətlərinin də transformasiyasını zəruri edir: “Ermənistanda sülh atmosferi qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi qala bilməz. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri bir şeydir, sülh şəraitində isə tamamilə başqa şey”.
Baş nazirin ilk baxışda cəsarətli görünən bu açıqlamasında bəzi ziddiyyətli məqamlar da diqqətdən yayınmır. Paşinyanın müsahibədə ortaya qoyduğu məhz bu məntiqi, eləcə də Ermənistanın Rusiya ilə münasibətləri hansı formada transformasiya edəcəyi ilə bağlı fikirlərini XQ ilə bölüşən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə geosiyasi arxitekturanı kökündən dəyişib və İrəvan buna adekvat siyasət yürütməyə məhkumdur: “Yeni reallığın Ermənistanın daxili siyasətinə müəyyən proyeksiyaları oldu. Və bu təsiri hiss edən rəsmi İrəvan məlum proseslərin ardından müxtəlif, bəzən ziddiyyətli bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyan həm Avropanın, həm də Rusiyanın ünvanına gurultulu bəyanatlar verir. Yəni Ermənistan hakimiyyəti yenə də ikibaşlı siyasət aparmaqda davam edir və bu səbəbdən də iki qütb arasında çabalayır. Daha dəqiq desək, Avropa və Rusiya arasında vurnuxur. İndi Paşinyanın dediyi transformasiyanın mahiyyəti ondan ibarətdir ki, o, “qızıl ortanı” saxlamaq istəyir. O, Rusiya ilə münasibətləri normal məcrada saxlamağa, hətta bu ölkənin hərbi bazasının mövcudluğunu qəbul etməyə hazır görünür. Həm də onu bəyan edir ki, Ermənistan Rusiyanın kiçik qardaşı yox, tərəfdaşıdır. Və bu zaman Avropa ilə daha sıx əməkdaşlıq edəcəyini deyir”.
Paşinyanın müsahibəsində başqa bir maraqlı məqam isə onun Ermənistanla əməkdaşlığı yalnız Rusiya üçün əlverişli olan əvvəlki formatda görmək istəyən müəyyən qüvvələrin ola biləcəyini də istisna etməməsini açıq şəkildə bildirməsidir. Ermənistan hökumətinin başçısı Rusiyaya növbəti səfərinə də toxunub. Onun sözlərinə görə, danışıqların gündəliyində Ermənistan-Rusiya münasibətlərinə dair aktual məsələlər, o cümlədən dəmir yolu infrastrukturunun inkişafı və mövcud problemlərin həlli yolları olacaq.
İkitərəfli münasibətlərin bu aspektinə də toxunan politoloq F.Sadıxov Paşinyanın bir çox məsələlərdə ölkəsinin Rusiyadan asılı olduğunu çox gözəl başa düşdüyünə diqqəti çəkdi: “Çox uzun müddət ərzində Rusiyanın Ermənistanda qoyduğu izlərin tez bir zamanda silinməsi o qədər də asan məsələ deyil. Paşinyan onu da yaxşı anlayır ki, Moskva müəyyən məqamda onun üçün “maraqlı sürprizlər” hazırlaya bilər. Həmin sürprizlərin heç də İrəvan isteblişmentinin xeyrinə olmayacağı birmənalıdır. Bu isə nəzərdən qaçırılması mümkün olmayan ehtimaldır”.
***
Bəs müsahibəsində Kremlin ünvanına səsləndirdiyi belə gurultulu bəyanatları ilə Ermənistan baş naziri nəyə nail olmağa çalışır? Sualı cavablandıran F.Sadıxovun qənaətinə görə, baş nazir indi yürütdüyü siyasəti uzatmağa çalışacaq: “Paşinyan Avropadan umacağını təkrar edə-edə ona “hə” deyəcək, Rusiyaya isə tərəfdaşlıq münasibətlərini qırmağa hazırlaşmadığı ilə bağlı mesajlarını davam etdirəcək. Amma bu ikibaşlı siyasətin nə vaxta qədər davam edəcəyi məlum deyil. Çünki Kremldəki son görüşündə Putin onun qarşısında mövqeyini dəqiqləşdirməsi və konkret seçim etməsi tələbini qoydu. “Avrasiya İqtisadi İttifaqında qalırsan, ya qalmırsan?”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxırsan, yoxsa çıxmırsan?” sualları birbaşa üzünə söyləndi. O, gec-tez bu suallara aydın və birmənalı cavab verməklə mövqeyini müəyyənləşdirməlidir. Ona görə ki, Moskva mütəmadi olaraq bu sualları silah kimi Paşinyana tuşlayır. Düşünürəm ki, İrəvanın hansı mövqeyi seçəcəyini yaxın gələcək göstərəcək. Bəlkə də kimdən daha çox qorxursa, onun yanında qalmağa və “patronunun” maraqlarını təmin etməyə üstünlük verəcək. Yox, əgər canında bu qorxu hissi yoxdursa, getsin Avropa İttifaqı ilə dostluğunu davam etdirsin.
Oxuculara xatırladaq ki, yuxarıdakı sualları bu ayın əvvəlində Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana onu Kremldə qəbul edərkən vermişdi. Bundan az sonra Bişkek sammiti çərçivəsində baş tutan mətbuat konfransında Rusiya lideri bəyan etdi ki, o, İrəvanın gələcək inteqrasiya planları ilə bağlı dialoqu sakit şəkildə aparmaq barədə Paşinyanla razılığa gəlib və bu məqsədlə onu Moskvaya dəvət edib: “Biz dialoqu sakit şəkildə davam etdirmək barədə razılaşdıq. Nikol Vovayeviç bütün sahələrdə birgə fəaliyyətimizi təhlil etmək təşəbbüsünü irəli sürdü. Mən də bununla razıyam. Mən onu Moskvaya dəvət etdim ki, əyləşib – həm özümüz, həm də müvafiq mütəxəssislərimizlə birlikdə – tələsmədən hər bir məqamı nəzərdən keçirə bilək”. Müzakirənin konkret məsələlərlə bağlı olduğunu vurğulayan Vladimir Putin, həmçinin ikitərəfli münasibətlərdə sual doğuran daha vacib bir məsələyə də toxunmağı unutmadı və bildirdi ki, Gümrüdəki Rusiya hərbi bazası məsələsini Ermənistan tərəfi həll etməlidir. “Biz heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Əgər Ermənistan xalqı Rusiya hərbi infrastrukturunun orada qalmasını istəyirsə, biz qalacaq, fəaliyyət göstərəcək və əməkdaşlıq edəcəyik”, - deyə Putin bildirib. Amma Rusiya lideri məsələnin tamamilə fərqli variantda həllini də istisna etmədiyini açıq şəkildə söyləyib: “Əgər Ermənistan Rusiya hərbi bazasına ehtiyacı olmadığına qərar verərsə, biz çıxıb gedəcəyik – hətta günü sabah”.
Sonda onu da qeyd edək ki, Paşinyan bundan əvvəl də Ermənistan-Rusiya münasibətlərinin regiondakı dəyişikliklər fonunda transformasiya olunduğunu bildirmişdi. O, cari il sentyabrın 1-də Kremldə Vladimir Putinlə görüşündə İrəvanın Moskva ilə münasibətlərin hərtərəfli inkişafında, hətta dərinləşdirilməsində maraqlı olduğunu bildirmiş, amma dərhal hazırda regionda vəziyyətin dəyişdiyini və əməkdaşlığın yeni şərtlər daxilində davam etdirilməsinin vacibliyini də vurğulamışdı. İntəhası, bu halda Paşinyan hakimiyyətinin aqibətinin necə olacağı sualı havadan asılmış vəziyyətdə qala bilər. Ən azı, Rusiyanın qollarını boşaldıb, Ermənistanı rahatlıqla buraxacağı, Avropa ilə sıx əməkdaşlıq etməsinə imkan verəcəyi inandırıcı görünmür. Bunu isə reallıq və məntiq deyir.
İmran BƏDİRXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Sentyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















