Icma.az
close
up
RU
Əsrin vampirləri Nərgizlər kimdir?

Əsrin vampirləri Nərgizlər kimdir?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Alov İnannanın "Əsrin vampirləri – nərgizlər (narsistlər)" adlı yazısını təqdim edir.

I yazı

Narsizm nədir?

Son zamanlar dünyada narsizm haqqında təkcə fərdi-psixoloji fenomen kimi deyil, həm də sosial fenomen kimi, hətta psixo-kulturoloji epidemiya kimi danışılır. Keçən əsrin 80-lərindən başlayaraq arta-arta gələn bu epidemiyaya ən çox yoluxanlar isə “mən nəsli” (Me Generation) kimi xarakterizə edilən yeni nəslin nümayəndələridir. Təhlükə yalnız narsizm virusunun köpürdüb şişirtdiyi “mən”lərlə bağlı deyil, söhbət həm də bu epidemiyanın ortaya çıxartdığı yeni mədəniyyətdən – Christopher Lasch-ın təbiriylə desək, “narsizm mədəniyyəti”ndən gedir. Bu mədəniyyətin təsiri ilə insanlar sahib olduqları hər şeyi şişirtməyə, böyütməyə, gözə soxarcasına nümayiş etdirməyə və mərkəzə qoymağa can atırlar; bədən üzvlərini, evlərini, maşınlarını, uğurlarını və s. Müasir cəmiyyət narsistik cəmiyyətə çevrilir. Yeni şəxsiyyət tipi meydana çıxır: o, başqalarının ehtiyac və duyğularını ciddi qəbul etmir, öz imicinə və həzzlərinə fokuslanır. Onun içi dayaz və boşdur və o, bunu gizlətmək üçün çölünə – zahirinə, yəni, imicinə yönəlir. Ona görə də, görülsün, bəyənilsin deyə, diqqət və təsdiq axtarır. O boşluğunu başqa cür doldura bilmir. O, başqalarının duyğularına qapalıdır, ancaq ən kiçik tənqid belə, onda böyük narahatlıq yaradır: birdən çölündə yaratdığı imici yırtılar və içindəki boşluq görünər. O, “özünü axtar”, “özünü gör”, “özünü yarat”, “özün ol” prinsipinin yerinə “saxta “öz” düzəlt və onu göstər” prinsipi, başqa sözlə, “görülmək üçün var olmaq” düşüncəsi ilə “like mədəniyyəti”nə uyğun hərəkət edir. Ən çox internet və sosial media “narsistik şəxsiyyət tipi” virusunun yayılması, inkişaf etməsi, dərinləşməsi üçün münbit şərait yaradır. Bu virusun təsirinə məruz qalanlar iki yerə bölünür:

1. Narsizm dərəcəsinə görə fərqlənən qabarıq narsistik elementləri daşıyanlar, patoloji narsistlər, narsistik şəxsiyyət pozuntusuna düçar olanlar.

2. Qurbanlar. Yəni, narsistlərin xəstə hala gətirdikləri yaxınları və onlarla daim ünsiyyətdə olan ərtrafdakılar.

Problem ondadır ki, adi virusdan fərqli olaraq bu “virus”a yoluxanların dünya vecinə deyil, əziyyət çəkən onlarla təmasda olanlardır. Necə ki, “dəli utanmaz, yiyəsi utanar”. Narsistlər toksik atmosfer yaradırlar, ətraf mühiti zəhərləyirlər. Fizioloji və psixiatrik xəstəliklərdə xəstənin fiziki və psixi həyatı zədələnir, narsistik şəxsiyyət pozuntusuna məruz qalanlar isə başqalarının həyatını pozur.
Mövzunun dərinliklərinə enməmişdən qabaq, narsizm haqqında bir neçə sətir yazmağa gərək var.

Narsist sözünü eşitməyən, bilməyən kimlərsə ola bilər, ancaq elə bir adam yoxdur ki, narsistlərlə yaxından-uzaqdan qarşılaşmasın, toqquşmasın, ünsiyyətdə olmasın, haçansa onların qurbanına çevrilməsin. Narsist – qədim yunanca Νάρκισσος (Narkissos, Narkiss) sözündən gəlir, bizdəki nərgiz sözünün orijinalıdır. Qədim yunan mifinə görə bir vaxtlar kimsəni bəyənməyib bütün aşiqlərini rədd edən ovçu Nərgiz (orijinalı Narkissos) bir gün suda öz əksini görüb, ordakı xəyali varlığa dəli kimi aşiq olur. Günlərlə yemədən, içmədən sudakı əksinə baxır, axırda öz dərdindən ölür. Allahların ona yazığı gəlir, onu boynu bükük nərgiz çiçəyinə döndərirlər. “Boynubükük nərgiz çiçəyi” metaforası burada poetik səslənsə də, əslində son dərəcədə dramatik məzmuna malikdir. Söhbət özünə xəstəlik dərəcəsində heyran olan, gözü ancaq özünə dikilən, özünü dünyanın mərkəzinə qoyan, başqalarını görməyən, eşitməyən, anlamayan, ailə, dostluq, iş münasibətlərində insanların həyatını cəhənnəmə döndərən “nərgiz”lərdən – narsistlərdən gedir. Bu məqamda deyim ki, narsizmi (narsisizmi) – nərgizlik kimi təqdim etmək mərhum filosof Niyazi Mehdiyə məxsusdur.

Narsizmin dövrləri

Birinci dövr narsizm (primärer Narzissmus)

Psixologiya termini kimi 19-cu əsrin sonlarından başlayaraq işlədilən narsizm sözü əvvəllər seksual pozuntu ilə əlaqələndirilirdi. İlk dəfə S. Freud psixoanalitik müstəvidə narsizmi araşdırır və onu iki yerə bölür: ilkin narsizm (uşaqlıqda normal hal) və ikinci narsizm (müxtəlif səbəblərdən böyüdükdən sonra da davam edən anormal hal).
Freud bütün insanların uşaqlıqda narsist olduğunu deyir və bu ərəfəni “birinci dövr narsizm (primär)” adlandırır. Bu zaman kəsiyi uşağın inkişaf mərhələsi ilə əlaqəli olub iki yaşından altı yaşına kimi çəkir; uşaq özünü dünyanın mərkəzinə qoyur, başqalarının hisslərini anlamır və onlara adekvat cavab verə bilmir, öz qabiliyyətlərini şişirdilmiş formada görür və belə görülməsini istəyir. Uşağın bütün enerjisi öz eqosuna yönəlib. Freud buna “eqo-libido” adını verir. Ancaq yavaş-yavaş böyüdükcə, o başqalarını da sevməyə, onların da maraqlarını anlamağa başlayır. Freud bunu da “obyekt-libido” adlandırır.

İkinci dövr narsizm (sekundärer Narzissmus)

Uşaqlıq dövrünü travmatik keçirən, daim alçaldılan və gərəyincə sevgi almayan insan, özünü qorumaq üçün enerjisini yenə də yalnız özünə yönəltməkdə davam edir və nəticədə şəxsiyyətində patologiya baş verir. O, zahirən böyüsə də, daxilən eqosunun ətrafında fırlanan uşaq olaraq qalır. Başqalarının (obyektlərin) istəkləri, duyğuları ona maraqlı deyil. İkinci dövr narsizm – “libidinal enerji”ni “özü” və “başqaları” arasında balanslı şəkildə bölə bilməməkdir. Üstəlik, hər kəsin can atdığı “ideal eqo”, patoloji narsistlərdə paranoyak şəkildə qorunur və əksər hallarda onlar bu ideala çatdıqlarını, bu idealın özü olduqlarını düşünürlər.

Narsizm mövzusu artıq çoxdan psixoanaliz çərçivəsindən çıxaraq sosiologiya, kulturologiya, texnologiya və sosial media və s. sahələrində araşdırılır.

Narsizm bölgüsü çoxşaxəlidir. Bu bölgüyə keçmədən qabaq, narsistlə narsist olmayanların fərqinə baxaq.

Sağlam narsizm (healthy narcissism) / pozitiv narsizm və patoloji / neqativ narsizm arasındakı təməl fərqlər.

1. Narsist özü-özünü (self) tanımır, çünku onda ancaq bir öz var.

Hər kəs narsist kimi doğulur. Sağlam və ya pozitiv narsist, yaxud, normal şəxsiyyət – uşaq vaxtı keçirdiyi cılxa narsist dövründən sonra özü-özünü tanımağa və başqalarının varlığını qəbul etməyə başlayır. O, özü-özüylə danışa və özünü dinləyə bilir. O, özünün zəif və güclü tərəflərindən xəbərdardır. Zəif yönlərini görməsi onu öz gözündə dəyərsizləşdirmir, güclü tərəflərini bilməsi də onu başqalarının başına çıxmağa, onlara yuxarıdan aşağı baxmağa vadar etmir.

Neqativ narsist isə yalnız özündən ibarətdir, onda ancaq bir öz var. Ona görə də özü-özünü görməyi bacarmır. O, özü-özü ilə ünsiyyət qura, dialoq yarada, özünə tənqidi və təsdiqi gözlə baxa bilmir. Onun özü ilə ünsiyyəti də monoloq şəklindədir. O, ancaq ağızdan ibarətdir, onda özünü və başqalarını dinləyən qulaq yoxdur. O, güclü tərəflərindən xəbərsizdir, çünki, ümumiyyətlə özünü gücün özü hesab edir. O, zəif tərəflərini bilmir və bilmək istəmir, biləndə də başqalarını adam yerinə qoymadığına və ikinci özü olmadığına görə, bunu nə özü özünə, nə də kiməsə etiraf etməyə gücü çatır. Digər tərəfdən, gücsüz olduğunu etiraf etmək onun üçün güclü olmaq deyil, zəiflikdir. O, zəif tərflərini bildikdə, xüsusilə, bunun başqaları tərəfindən də fərqinə varıldığını gördükdə özünü qaldırıb qoyduğu dağ başından dərənin dibinə düşür. Və o, həmin məqamda belə əmindir ki, kimsə onu zirvədən aşağı itələyib, o özü düşməyib.

Özünə hörmət, özünə sevgi, özünə dəyər vermə

Normal şəxsiyyət özü özünü sevir, özü özünə hörmət edir və dəyər verir. Ona görə də o, başqalarının verdiyi dəyərdən, sevgidən, diqqətdən asılı olmur. Özünə hörmət edən, özünü sevən insan danışığını, davranışını daim tənzimləyir, harda, nə zaman, hansı situasiyada, kimlərlə necə davranacağını yaxşı bilir.

Tipik narsist isə hörməti, sevgini, dəyəri – şiddətli umacaq halında başqalarından gözləyir. O, ancaq alıcı mövqeyində dayanıb. Onun vericiliyi də daha çox almaq üçündür.

Empatiyasızlıq: Zalımlıq və insafsızlığın səbəbi

Normal şəxsiyyət başqasının hisslərini, vəziyyətini anlamağa çalışır, özünü başqasının yerinə qoya bilir. Bu bacarıq empatiya hissi ilə bağlıdır.

Narsist bu bacarıqdan məhrumdur. O, nə başqalarının yaşadığı hissləri, vəziyyəti anlaya bilir, nə də də anlamaq istəyir. Nəticədə o, vicdansız, zalım və insafsız ola bilir.

Hər insan sərhədləri olan dövlət kimidir

Normal şəxsiyyət öz maddi və mənəvi ehtiyaclarını ödəyərkən, başqalarının haqqına girmir, vicdanlıdır, insaflıdır, öz sərhədlərini tanıyır və qoruyur və başqaları ilə münasibətdə də sərhəddi keçmir.
Narsist emosional, zehni, fiziki limitlərini bilmədiyinə görə hər zaman sərhəddi poza bilər. O, sərhəd saxlamaqda ciddi çətinlik çəkir; romantik, ailə, dostluq, kolleqa və s. kimi sosial münasibətlərdə başqalarının məkanına, zamanına və ehtiyaclarına hörmət etməyi bacarmır.

“Mən, daha çox mən, ən çox mən!”

Sağlam və ya pozitiv narsist “mən əhəmiyyətliyəm, mən dəyərliyəm” deyirsə, narsist “yalnız mən əhəmiyyətliyəm, yalnız mən dəyərliəm” diskursu ilə hərəkərt edir. Başqa sözlə, “həm də mən” əvəzinə, “yalnız mən”. Narsistin “mən” təsəvvürünü daha dolğun şəkildə alman narsizm araşdırmaçısı R. Haller belə göstərir: o, “mən” ismini sifətin müqayisə dərəcələrinə uyğun dərəcələndirir: ich, icher, ichste –

Mən, daha çox mən, ən çox mən.

Motivasiya fərqi

Sağlam narsistin, ya da normal şəxsiyyətin motivasiyası: “Mən bu-bu işləri görsəm, bu-bu uğurları qazansam çox xoşbəxt olacağam, məni sevənlər də sevinəcək, özümə də başqalarına da töhfə verəcəyəm”. Tipik narsistin düşüncəsi: “Mən bu-bu işləri görsəm, bu-bu uğurları qazansam, hamının gözü məndə olacaq, hamı məni tərifləyəcək, düşmənlərim yanıb töküləcək, filankəslər paxıllıqdan çatlayacaq, behmankəslər partlayacaq və s.”

“Gözünün üstündə qaşın var”

Narsistlərin normal adamlardan əsas fərqlərindən biri də onların tənqidə münasibətləridir. Narsistə “gözünün üstündə qaşın var” demək olmaz, o, bundan dəhşətli dərəcədə alınacaq, ya içində saxlayıb haçansa bunun intiqamını səndən çıxacaq, ya da buna görə açıq düşmənçiliyə başlayacaq. Narsistin tənqid qapıları hər zaman bağlıdır. Onun inkişaf və dəyişmə ilə bağlı problemlərinin başında ilk növbədə bu məqam dayanır.

Narsistik elementləri olanlarla narsistlərin fərqi

Narsistlərlə narsistik elementləri olan insanları bir-birindən ayırmaq elə də çətin deyil. Doğrudur, hər kəsdə az və ya çox dərəcədə narsistik xüsusiyyətlər olur. Məsələn, birisinin özünü ön planda tutması, tərif gözləməsi, ona edilən tənqidlə razılaşmaması, bəzi hallarda empatiya göstərməməsi və s. onun dərhal narsist damğası ilə damğalanmasına gətirib çıxarmamalıdır. Bu kimi hallar müvəqqəti və situasiyaya uyğun baş verə bilər. Burada əsas məsələ belə davranışların daimi olub olmamasıdır. Yəni, bir narsist – hər zaman narsistik elementləri özündə daşıyan və göstərən adamdır.

İradə İbrahimova: "Bəzən hər şey puldur” Filarmoniyada görkəmli Azərbaycan bəstəkarlarının əsərləri Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see226

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see211

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see160

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see134

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri