Ev sahibi kirayəçini hansı hallarda evdən çıxara bilər? EKSPERT İZAH ETDİ
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kirayə evlərdə yaşayan insanların qarşılaşdığı problemlərdən biri də ev sahibinin mənzili boşaltmaq tələbi ilə bağlıdır. Bəzən ev sahibləri kirayəçidən evi qısa müddətdə tərk etməsini istəyirlər.
Bəs ev sahibi kirayəçini istədiyi vaxt evdən çıxara bilərmi?
Mövzu ilə bağlı Gununesi.info -ya danışan əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, ev sahibinin mənzil üzərində mülkiyyət hüququnun olması ona kirayəçini istənilən vaxt və istənilən səbəbdən evdən çıxarmaq hüququ vermir:
“Bu məsələdə həm ev sahibinin, həm də kirayəçinin hüquqları qanunla qorunur. Mülki Məcəllənin 692.1-ci maddəsinə əsasən, ev sahibi kirayə müqaviləsinə yalnız bunun üçün əsaslı səbəb olduqda xitam verə bilər. Belə səbəblərə kirayəçinin müqavilə üzrə öhdəliklərini pozması, ev sahibinin mənzilə özü və ya ailə üzvlərinin yaşaması üçün real ehtiyacının yaranması və qanunda nəzərdə tutulan digər hallar daxildir. Məsələn, kirayəçi kirayə haqqını ödəmir, mənzilə ciddi ziyan vurur və ya müqavilənin şərtlərinə əməl etmirsə, ev sahibi müqaviləyə xitam verilməsini tələb edə bilər.
Lakin müqaviləyə xitam üçün əsasın olması ev sahibinə özbaşına hərəkət etmək hüququ vermir. Mülki Məcəllənin 690-cı maddəsinə görə, müqavilənin ləğvi barədə bildiriş yazılı şəkildə verilməli və bunun səbəbləri göstərilməlidir. Qanunla müəyyən edilmiş xəbərdarlıq müddətinə də əməl olunmalıdır. Ev sahibinin kirayəçiyə sadəcə şifahi şəkildə mənzili boşaltmasını deməsi müqaviləyə avtomatik xitam verilməsi demək deyil. Həmçinin ev sahibi mənzili daha yüksək qiymətə başqasına kirayə vermək və ya satmaq istədiyinə görə müqaviləni ləğv edə bilməz. Mənzilin mülkiyyətçisi dəyişdikdə də mövcud kirayə müqaviləsi yeni sahib üçün qüvvədə qalır”.
Fərid Cəfərli əlavə edib ki, ev sahibi qapının kilidini özbaşına dəyişə, kirayəçinin əşyalarını mənzildən çıxara, kommunal xidmətləri dayandıra və onun evə daxil olmasına mane ola bilməz:
“Əgər kirayə müqaviləsinə qanuni əsaslarla xitam verilib, lakin kirayəçi mənzili boşaltmırsa, ev sahibi hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidir. Mülki Məcəllənin 696-cı maddəsi isə müəyyən hallarda kirayəçinin də hüquqlarını qoruyur. Belə ki, müqaviləyə xitam verilməsi kirayəçi və ailəsi üçün ağır nəticələrə səbəb olarsa və ev sahibinin maraqları nəzərə alınmaqla belə buna haqq qazandırmaq mümkün deyilsə, kirayəçi müqavilənin davam etdirilməsini tələb edə bilər.
Hesab edirəm ki, kirayə münasibətlərinə yalnız gəlir əldə etmək vasitəsi kimi yanaşmaq düzgün deyil. Burada insanların yaşayış şəraiti, ailə həyatı və hüquqları da nəzərə alınmalıdır. Ev sahibi öz əmlakından istifadə etmək və qanun çərçivəsində sərəncam vermək hüququna malikdir. Kirayəçi də müqavilə əsasında yaşadığı mənzildə hüquqlarına hörmət edilməsini tələb edə bilər. Mənzilin sahibi olmaq qanundan üstün olmaq demək deyil. Eyni zamanda, kirayəçi də müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir. Buna görə də hər iki tərəf öz hüquq və vəzifələrini bilməli, qarşılıqlı hörmət və qanunçuluq prinsiplərinə əməl etməlidir”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















