Icma.az
close
up
RU
Ev telefonları tarix olur?

Ev telefonları tarix olur?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Elə bilirəm evdə telefon olmayanda ev tam olmur". Bu cümləyə sosial şəbəkədə rast gəlmişdim. Doğrudan da, bir dövrün insanları üçün ev telefonu sadəcə rabitə vasitəsi deyil, evin bir üzvü idi. Hətta evin ən dəyərli əşyalarından idi. Əksəriyyətinin evində dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi. Amma ev telefonları da zamanla dəyişdi, inkişaf yolu keçdi. 

Əvvəlcə fırlanan nömrə diski ilə evlərimizə təşrif buyurdu. Onun səsi hələ də o dövrün insanlarının qulaqlarındadır. Sonra düyməli modellər, bir az da inkişaf edib gələn zəngdə nömrəni göstərənlər, ardınca simsiz, otaqlar arasında daşınan telefonlar gündəmə gəldi. İndi isə "səssiz”dir... Demək olar ki, heç işlənməyən, amma yenə də evin bir küncündə yerini qoruyan...

"Ev telefonu ilə danışmaq üçün çox darıxmışam. Telefonun yanında bir də telefon kitabçamız vardı. Hər kəsin adı və qarşısında nömrəsi olurdu. İndi o telefonla danışmasam da, onu ləğv etməyə qıymıram. Yanında kitabçası ilə səssiz, sakit evimin bir küncündə dayanır”.

Bu fikirlər ev telefonundan imtina etməyə qıymayan Gülşənə məxsusdur. Ülkər də Gülşən kimi ev telefonundan istifadə etməsə də, onu ləğv etməyə qıymayan istifadəçilərdəndir: "İllərdir o telefonla heç kimlə danışmıram. Zəng də gəlmir, səsini belə unutmuşam. Hər ay boş-boşuna aylığını ödəyirəm, amma ləğv etməyə əlim gəlmir. Deyirəm, bəlkə nə vaxtsa lazım olar?!”

Təkcə Gülşən və Ülkər deyil, bir çox insan üçün ev telefonu artıq istifadə olunmayan, amma imtina edilə bilinməyən bir əşya kimi evin küncündə, kimisinin də şkafında qalıb. Emosional bağ, keçmişin xatirələri, bir zamanlar onun vasitəsilə alınan vacib zənglər, danışılan söhbətlər bu cihazı evdən tam çıxarmağa imkan vermir. Hər nə qədər texnologiya dəyişsə də, bəzən insanlar bəzi əşyaları yalnız funksiyasına görə deyil, simvolik mənasına görə də saxlayırlar. Bir çoxumuz üçün ev telefonu dedikdə uşaqlığımız, ailəvi söhbətlər, ilk sevgilər, təsadüfi zənglər və ya gözlənilməz xəbərdarlıqlar yada düşür. Texnologiyanın sürətli inkişafı və mobil rabitənin genişlənməsi nəticəsində stasionar telefonlar həyatımızda get-gedə kölgədə qalan bir simvola çevrilib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyasının qərarına əsasən, hazırda ev telefonu çəkdirmək 30 manata başa gəlir. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir. Aylıq abunə haqqı isə əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

Maraqlıdır, hazırda Azərbaycanda stasionar telefonların sayı nə qədərdir və daha çox hansı bölgədə istifadə olunur? Bu suallarla Dövlət Statistika Komitəsinə müraciət edilib.

Komitədən "Kaspi” qəzetinə verilən məlumata görə, 2023-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1 milyon 308 min 965, 2024-cü ildə isə 1 milyon 095 min 234 olub. Bir il ərzində 213 min 731 nəfər stasionar telefonlardan imtina edib. 1990-cı ildən 2014-cü ilə qədər isə bu say artan xətlə davam edib. 

2024-cü ilin statistikasına əsasən, Bakı şəhərində 493 min 733, Naxçıvanda 64 min 634, Abşeron-Xızı iqtisadi rayonunda 42 min 621, Dağlıq Şirvan iqtisadi rayonunda 42 min 151, Gəncə-Daşkəsən iqtisadi rayonunda 82 min 003, Qarabağ iqtisadi rayonunda 26 min 122, Qazax-Tovuz iqtisadi rayonunda 28 min 523, Quba-Xaçmaz iqtisadi rayonunda 62 min 168, Lənkəran-Astara iqtisadi rayonu 50 min 104, Mərkəzi Aran iqtisadi rayonunda 44 min 245, Mil-Muğan iqtisadi rayonunda 32 min 151, Şəki-Zaqatala iqtisadi rayonunda 104 min 284, Şərqi Zəngəzur iqtisadi rayonu 1146, Şirvan-Salyan iqtisadi rayonunda isə 21 min 349 sabit şəbəkə telefonları var.

Hələlik Qarabağ bölgəsində məskunlaşma tam həyata keçirilmədiyindən, stasionar telefonların sayı statistikada az görünür. Qarabağdan əlavə, 2024-cü ildə sabit şəbəkə telefonlarının ən az olduğu rayonlar sırasında Şəmkir (651 ədəd) və Ağcabədi (646 ədəd) yer alır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, xüsusilə gənc nəsil və texnologiyadan aktiv istifadə edən şəhər sakinləri arasında stasionar telefonlara ehtiyac minimuma enib: "Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə olunur. Bu prosesin əsas səbəbi mobil rabitənin, internet üzərindən səsli və video zəng xidmətlərinin (VoIP, messencer tətbiqləri və s.) sürətli inkişafıdır”.

Onun sözlərinə görə, stasionar telefonlardan ən çox yaşlı əhali, kənd və qəsəbə sakinləri, həmçinin bəzi dövlət qurumları və müəssisələr istifadə edir: "Bununla belə, bəzi sosial və yaş qruplarında stasionar telefon istifadəsi hələ də qalmaqdadır. Səbəblər arasında texniki sabitlik, mobil əlaqənin zəif olduğu ərazilərdə rabitənin təminatı, uzun illərin vərdişləri və müəyyən hallarda daha ucuz tarif imkanları var. Abunəlik sayında azalma tendensiyası, əsasən, mobil şəbəkələrin geniş əhatə dairəsi, internet paketlərinin əlçatan olması və yeni nəsil ünsiyyət vasitələrinin populyarlaşması ilə bağlıdır”. 

Mütəxəssis bildirir ki, stasionar telefon "etibarlılıq” və "ənənə” rəmzi olaraq qalır: "Telekom operatorları qısa müddətdə tam ləğv planı elan etməsələr də, xidmətin mərhələli şəkildə azalacağı gözlənilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur. Xüsusilə ailə tarixində, köhnə evlərdə və müəyyən peşəkar mühitlərdə stasionar telefon "etibarlılıq” və "ənənə” rəmzi olaraq qalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri