Icma.az
close
up
RU
Böyük jurnalistikada qalan silinməz izlər

Böyük jurnalistikada qalan silinməz izlər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Aslan Aslanov – 75

İnsan həyatı yola və ilin fəsillərinə bənzəyir: enişli-yoxuşlu, günəşli-çiskinli. Bu yolda nələr olmur?.. Taleyin hökmü səni haralara, hansı ağlagəlməz yerlərə aparıb çıxarır. Qələm əhlinə gəlincə, burada yol və tale söz və imza ilə birləşir, yaxşı mənada bir-biri ilə kəsişir. Karyera, vəzifə gəldi-gedərdi. Yaşayan da, yaşadan da söz və imzadır.

Jurnalist dostumuz Aslan Aslanovun keçdiyi həyat və yaradıcılıq yolu, bu mənada, özəlliyi ilə fərqlənir. Bəlkə də çağdaş dövrümüzdə bənzəri olmayan yoldur. Niyə? Çünki başlanğıcını Cəbrayıl rayonunun kiçik bir kəndindən götürən bu yol çox uzaqlara – dünya informasiya məkanına qədər gedib çıxdı. Bu barədə bir qədər sonra.

Əvvəlcə ötən əsrin 70-ci illərinin mətbuat aləminə ötəri nəzər salaq. O vaxt respublika miqyaslı 3-4 qəzet çıxırdı, bir neçə nəşriyyat, bir televiziya və bir xəbər agentliyi vardı. Jurnalistika fakültəsini isə hər il 75 nəfər bitirirdi (50 nəfər əyani, 25 nəfər qiyabi). Bəziləri Bakıda qalmaq, mərkəzi mətbuata təyinat almaq üçün, necə deyərlər, özlərini oda-közə vururdular. Aslan Aslanov isə bu barədə heç düşünmürdü. Həm doğma yurda qayıtmaq, həm də valideynlərinə həyan olmaq istəyirdi. Lakin təyinatını iri pambıqçılıq rayonlarından birinə verdilər. Hər halda, evlərinə yaxın yer idi.

…Beləcə illər keçdi. Artıq zəmanə dəyişmiş, əyalət qəzetlərinin başı üzərini qara buludlar almışdı, gələcək sual altında idi, yəni qarşıda heç bir perspektiv görünmürdü. Bu səbəbdən Aslan Aslanov qələmini respublika mətbuatında sınamaq qərarına gəldi, çox keçmədən imzası “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində görünməyə başladı.

Yeri gəlmişkən, biz bir-birimizi tələbəlik illərindən tanıyırdıq. Yollarımız təxminən 15 il sonra o vaxt respublikanın bir nömrəli qəzeti olan “Kommunist”də yenidən kəsişdi. 1992-ci ildə hər ikimizi eyni vaxtda AZƏRTAC-a işə dəvət etdilər. O vaxtlar burada işləmək çox çətin və üzücü idi. Respublika rəhbərliyi agentliyə ögey övlad kimi baxırdı. Maaş azlığı bir tərəfdən, şəraitsizlik digər tərəfdən adamı sıxırdı. Çoxları dözmədi, çıxıb getdi. Yəqin bu da tale işi idi – o, dözüb dayandı. Bəlkə də karyerasındakı sonrakı yüksəliş həmin dözüm və mətanət üçün mükafat oldu, sıravi müxbirlikdən baş direktor vəzifəsinədək yüksəldi.

Azərbaycan o illərdə qaynar qazana bənzəyirdi, ölkədə ağır siyasi-iqtisadi böhran yaşanır, Ermənistanın hərbi təcavüzü dayanmaq bilmir, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Xalqın yeganə ümid yeri o vaxt Naxçıvanda yaşayan Heydər Əliyev idi. Mövcud iqtidar isə onu yaxına buraxmaq istəmirdi. Dövlət mətbuatında, xüsusən də AZƏRTAC-da bu böyük siyasətçinin adının çəkilməsi yasaq edilmişdi.

Aslan Aslanovun xatirələrindən: “1993-cü il iyunun 10-da bizi AZƏRTAC rəhbərinin yanında iclasa dəvət etdilər. Mən işə yenicə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum oldu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyası Rəyasət Heyətinin binasında görüş keçirəcək. İclasda qərara aldılar ki, həmin görüşə məni göndərsinlər”.

Agentliyin yeni müxbirinin gələcək taleyini müəyyənləşdirən məhz bu qərar oldu. O, ertəsi gün səhər tezdən görüş yeri olan İsmailiyyə binasının önünə gəldi. Heydər Əliyev burada ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi. Aslan Aslanov görüşlərin hamısında iştirak edir, yaddaş kitabçasında qeydlər aparırdı. Təbii ki, diqqət çəkdiyini hiss etmədən.

Sonra Heydər Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə yollandı. Səfirlə görüşdən əvvəl foyedə jurnalistlərlə qısa söhbəti oldu.

Aradan 34 il keçsə də, həmin anlar Aslan Aslanovun yaddaşından silinməyib: “Heydər Əliyev gözlənilmədən üzünü mənə tutub soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanla kitabçanı ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. O, başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Azərbaycanın taleyinin həll olunduğu həmin mürəkkəb və tarixi günlərdə yaşananlar Aslan Aslanovun da həyatında dönüş nöqtəsi oldu.

Ulu öndərin hakimiyyətə qayıdışından bir müddət sonra o, dövlət başçısının keçirdiyi tədbirləri, eləcə də xarici səfərlərini işıqlandıran müxbirlər qrupuna daxil edildi. Bu səfərlər zamanı bəzən saatlarla davam edən görüşlər və danışıqlar barədə geniş informasiyalar hazırlamaq, uzaq ölkələrdən Bakıya göndərmək bəlkə indi bəzilərinə adi görünə bilər. O vaxtlar isə ilk cığırlar açılırdı: nə bu sahədə bir təcrübə vardı, nə də indiki texniki imkanlar. Görüşlərin gedişi, danışıqlar diktofona yazılır, yaxud qələmlə kağız üzərində qeydlər aparılırdı. Xəbərlər isə gecə hazırlanır, sübh tezdən Bakıya yola salınırdı. İşin çətinliyi, yuxusuzluq və gərginlik adamı yorub əldən salırdı. Bir tərəfdən də məsuliyyət yükü. Heydər Əliyev mətbu sözə böyük önəm verirdi, informasiyalardakı bircə yersiz cümlə və söz diqqətindən yayınmırdı. Onun yüksək tələblərini ödəmək sözün əsil mənasında oğul istəyirdi. Aslan Aslanov çiynini belə bir ağır yükün altına vermiş, hazırladığı dolğun informasiyalarla ilk günlərdən Ulu öndərin etibarını və etimadını qazana bilmişdi.

1993-cü il dekabrın 19-da Heydər Əliyev prezident kimi ilk səfərini Fransaya etdi. Üç günlük səfərin qrafiki çox sıx idi və hər gün bir neçə görüş keçirilirdi. Hər görüşlə bağlı informasiya hazırlamaq üçün gecələr səhərədək çalışmaq lazım gəlirdi. Bu gərginlik Aslan Aslanovun səhhətində problem yaranmasına gətirib çıxardı, səfərin sonuncu günü özünü narahat hiss etməyə başladı, lakin buna məhəl qoymadan işinə davam edirdi. Parisdən havaya qalxan təyyarə Bakıya enəndə huşunu itirdi.

Aslan Aslanovun xatirələrindən: “Özümə gələndə əvvəlcə nə baş verdiyini anlamadım. Məlum oldu ki, həkim mənə bir neçə iynə vurub. Fransada mənimlə eyni otaqda qalan mərhum fotomüxbirimiz Yaşar Xəlilov hamıya mənim düz 3 gecə yatmadığımı deyirdi”.

Hər halda, çəkilən zəhmət əvəzsiz qalmadı. Bakıya qayıtdığı günün axşamı televiziyada xəbərlər proqramına baxarkən eşitdi ki, dövlət başçısının Fransaya səfərini yüksək peşəkarlıqla işıqlandırdığına görə Azərbaycan Jurnalistlər İttifaqının “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb. Bu, informasiya agentliyində çalışmağın nə dərəcədə fədakarlıq tələb etdiyini əyani surətdə göstərən azsaylı nümunələrdən biridir. Həm də bir həqiqətin təsdiqidir ki, informasiya sahəsi özünü bütünlüklə bu çətin və gərəkli peşəyə həsr edə bilən, şəxsi həyatını ikinci plana keçirməyə hazır olan insanların yeridir.

Səfərlər bir birini əvəz edirdi. Çoxsaylı səfərlərin təfərrüatına varmaq istəməzdik. Bu barədə Aslan Aslanovun yenicə çapdan çıxmış “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” kitabında ətraflı söhbət açılıb.

O, ulu öndər Heydər Əliyev məktəbini keçdiyi üçün özünü son dərəcə şanslı və xoşbəxt sayır, qazandığı uğurlara görə bu məktəbə borclu olduğunu deyir: “Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə görüşlərinin demək olar, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin 10 il, 1993-2003-cü illər ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim”.

Aslan Aslanovun AZƏRTAC-a rəhbərlik etdiyi 20 ildə agentlik önəmli inkişaf yolu keçdi. Milli informasiya agentliyimiz dünyanın tanınmış media qurumları sırasında özünəməxsus yer tuta bildi.

Heydər Əliyevin jurnalistlər qarşısında qoyduğu zəruri vəzifə beynəlxalq informasiya platformalarına çıxmaq, Azərbaycan həqiqətlərini dünyada mümkün qədər çox yaymaq idi – yəni özümüz deyib özümüz eşitdiyimiz yetər. Deyirdi ki, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) üzv olun, dünyanın aparıcı informasiya agentlikləri ilə əlaqələr qurun. Bu sözlərin deyildiyi dövrdə belə bir beynəlxalq media qurumunun mövcudluğundan hətta respublikanın media sahəsində çox az insan xəbərdar idi. 2004-cü ildə AZƏRTAC OANA-ya üzv oldu.

AZƏRTAC-ın dünya informasiya məkanına çıxışı ilə bağlı atılan addımlar sırasında ən yaddaqalan hadisə 2016-cı ilin noyabrında baş verdi. Prezident İlham Əliyevin himayəsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə dəstəyi ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi və açılış mərasimində Prezident İlham Əliyevin çıxışı əlamətdar hadisə oldu.

...Bu yaxınlarda Prezident Kitabxanasında Milli Məclisin deputatlarının və ictimai-siyasi xadimlərin iştirakı ilə Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri - I kitab” kitabının təqdimatı keçirildi. Onu bir növ yubiley hesabatı da adlandırmaq olar. Hazırda müəllif “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” kitabının ikinci hissəsi üzərində işləyir.

Aslan Aslanov ömrünün 50 ilindən çoxunu mətbuata həsr edib, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. “Tərəqqi” medalı, “Vətənə xidmətə görə” ordenləri, “Şöhrət” ordeni, Həsən bəy Zərdabi, “Qızıl qələm” mükafatları...

O, heç vaxt yubiley yaşının təmtəraqla qeyd olunmasına can atmayıb, bir kəlmə sözü də yetərli sayıb. İllər ötüb keçir, söz və imza isə yaşamaqda və yaşatmaqda davam edir. Jurnalist dostumuza yaradıcılıq yolunda yeni uğurlar, tükənməz həyat eşqi arzulayırıq.

Elman QƏDİRLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see290

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see256

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see236

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see235

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see234

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see220

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see215

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see206

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see203

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see202

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see202

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see202

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see200

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see200

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see189

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see189

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see188

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see185

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see184

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri