Icma.az
close
up
RU
ULDUZ AZƏRBAYCANLILAR Rafael Hüseynov yazır

ULDUZ AZƏRBAYCANLILAR Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rafael HÜSEYNOV
Akademik

Köhnə şairlər böyük şəxsiyyətləri, tarixdə izi qalan müstəsna insanları ulduzlara oxşadıblar və bu bənzətmədə haqq da var. Səyyarələr kimi, azman yaradıcılar da nuruyla hansısa zaman parçasını dolduraraq içəridən böyüdür. Ancaq ulduzlar sönsə də, bəzən yüzillər, minillər sonra da onların işığı insanlara çatmaqda və çoxdan sönmüş həmin səyyarələr elə indi də diri olan, nurunu saçmaqda davam edən kimi qavranılır.

Parlaq zəka sahibləri, nadir simalar da elə haçansa nurlanaraq bir gün sönmüş, amma işığı insanlarla qalmaqda davam edən ulduzlar kimidir. Özləri müəyyən bir tarix parçasında ömürlərini yaşayıb getsələr də, yaşamaqda davam edən irsləri onları yaşadır, yeni-yeni nəsillərlə çağdaş edir.

Əbu Nəsr ibn Tarxan ibn Uzlaq Farabi ət-Türki (870-950), Əbu Reyhan Biruni (973-1048), Əbu Əli İbn Sina (980-1037)... tarixin uzaq dünənlərində qalıblar, aramızda uzun əsrlər var. Ancaq bu əsrlər bir an içərisində yox ola bilir. Çünki kitablarını açdıqca onlar yaratdıqlarıyla işıq sürətindən də yeyin bir halda bizə gəlib çatır, bizdən də çox uzaq sabahlara yönəlirlər. İnsan düşüncəsi və ilhamının işığı nə sərhəd tanıyır, nə zaman bilir.

Azərbaycan nə xoşbəxtdir ki, onun tarixin bütün dövrlərində beləcə ulduz olan şəxsiyyətləri yaşayıb-yaradıb.

Azərbaycandan ərazicə də, əhalicə də çox-çox böyük və geniş olan ölkələr keçmişlərdə də olub, bu gün də var. Ancaq Azərbaycan məhz seçkin dühalarıyla dünən də, bu gün də, bütün gələcəkdə də, əhalicə də, ərazicə də, bütün digər imkanlarıyla da ondan qat-qat üstün olan çox-çox ölkələrdən və xalqlardan həmişə öndə, ən azı bərabər dayanıb, qüdrətlə sözünü deməyə qadir olub və həmişə də belə qalacaq.

Azərbaycanın silsilə dağlar kimi söykəndiyi güc onun balalarıdır, tarix içərisində bu millətin adını ucaltmış ulu övladlarıdır.

Keçmişlərdə müsəlman Şərqində bəlli vərdişlə yaradıcı insanların, ünlü simaların adlarının yanında nisbə də yer alardı. Onların hansı yurddan, hansı şəhərdən, hansı kənddən olmasını nişan verən söz, soyad kimi bu şəxsiyyətlərin adının ayrılmaz parçasına çevrilərdi. Birinin adının yanında Şirvani, digərininkində Bakuvi, birininkində Ərdəbili, obirininkində Marağayi, birində Gəncəvi, bir ayrısında Təbrizi, Naxçıvani, Beyləqani...

Fəqət min ilə yaxın uzaqlardan surəti bizə gülümsəyən bir böyük övladımız da var - Əbülhəsən ibn Mərzban Bəhmənyar (993-1067).

Bəhmənyarın adının yanında nisbə olaraq, başqa şairlər kimi, doğulduğu, böyüyüb boya-başa çatdığı, həyatının böyük mərhələsinin bağlı olduğu hansısa şəhər, kənd, vilayət deyil, hamımız üçün əziz olan bir söz dayanır. O, Bəhmənyar Azərbaycanidir.

Əslində bu doğma kəlmə Şirvanilərin də, Təbrizilərin də, Beyləqanilərin də, Gəncəvilərin də və adının yanında nisbə olan bütün digər azərbaycanlıların da hamısına aiddir, onlar hamısı, orta çağın üslubunda ifadə edərsək, "Azərbaycani"dir, azərbaycanlıdır.

Və Azərbaycanı da tarix içərisində bir xalq və məmləkət olaraq uca edən ən əvvəl məhz övladları, belə misilsiz yetirmələri olub!

Əski ədəbiyyatımızı, köhnə "Divan"ları səhifə-səhifə çevirdikcə hər şeirdən misra-misra ulduz işığı axmaqdadır.

Bu, yalnız həmin mirası doğurmuş vergili balalarımızın, məcazi mənada ulduz olanların yox, elə sözün birbaşa mənasında da həmin "Divan"larda, o qoşqularda təsvir olunan gerçək səyyarələrin işığıdır.

Göydəki ulduzlarla ruhən bənzər və qohum olan yerdəki ulduzların qovuşan cazibəsindəndir ki, yüzillər boyu yaradılmış əski şeirimizdə dəmadəm ulduzlar bərq vurmaqdadır.

Nizaminin "Xəmsə"sini açırsan, onun misralarında ulduzlu səma var. Füzulinin qəzəllərindən tutmuş məsnəvilərinəcən hansını qaldırsan, gözünə ulduz işığı dolur. O ulduzlar Xaqanidə də var, Məhsətidə də, Zülfüqar Şirvanidə də, Nəsimidə də, Xətaidə də və ədəbiyyatımız boyu yazıb-yaratmış şairlərin əksərində. Amma elə söz ustalarımız da var ki, onlar səmayla yalnız qələmlə deyil, daha sıx, daha dərindən və birbaşa bağlı olublar.

Digər şairlərimizin yaradıcılığında ulduzların həmişə olmasının əsas səbəblərindən biri bu idi ki, onlar hamısı çoxşaxəli biliklər sahibi idilər, mükəmməl təhsil görmüşdülər. Onlar yalnız ədəbiyyat əhli, söz adamı deyildilər. Orta çağın əsas elm sahələrinin çoxunu ehtiva edən təhsil şəbəkəsi onlara şeir nəzəriyyəsindən tutmuş islam hüququna - fiqhə qədər, riyaziyyatdan tutmuş nücuma - o çağın astronomiyasınacan çox biliklər vermişdi. Odur ki, bu şairlərin misralarında ulduzlar və ulduzlu səma - kəvakib həm məcazi, həm də gerçək mənasında sayrışmaqdadır. Ancaq elə şairlərimiz də var ki, onlar elə birbaşa ulduzşünas idilər. Fələki Şirvani (1107-1157) elə təxəllüsündən, səmaya bağlı "Fələki" sözündən bəlli olduğu kimi, nücumçu idi. Təzkirələr Fələki Şirvaninin göy elmi ilə bağlı və hələ ki, əlyazması tapılmamış ayrıca risaləsinin olmasından da xəbər verir. Xacə Nəsirəddin Tusi (1201-1274) isə şeirşünas, əruzşünas, məntiq alimi, filosof, riyaziyyatçı, mineroloq olmaqdan daha əvvəl məhz nücum alimi idi. Səbəbsiz deyil ki, o, Marağada qurduğu akademiyanın əsas hissəsini məhz rəsədxanaya ayırmış, oçağkı mədəni dünyanın dörd bucağından ən məşhur alimləri öz yaratdığı Elm Mərkəzinə dəvət etmişdi.

Xacə Nəsirəddinin qurduğu Marağa rəsədxanası Yaxın və Orta Şərqin, əslində oçağkı mədəni dünyanın ilk böyük rəsədxanası idi. O, bilavasitə ulduzşünas idi, amma həm də zərif ruhlu, incə ifadəli gözəl şair. Bir qatar rübaisi, qəzəlləri, məsnəviləri qalıb. Həmin şeirlərdə də ulduzlu göylər var və Xacə Nəsirəddin şeirlərindəki səma, sayrışan ulduzlar uzaqlara uzaqdan baxan digər şairlərinkindən seçilir. Nəsirəddin Tusinin bir ulduzşünas alim olaraq apardığı araşdırmaların nəticəsi kimi ortaya çıxmış nücum risalələrindəki ulduzlar göyün xəritəsində hər birinin bəlli yeri olan səma cisimləridirsə, şeirlərindəki səyyarələr də həmin dəqiqliyi mahiyyəti dəyişmədən peşəkarcasına saxlayır, amma fəzanın ənginliklərindəki o cisimləri bədii don geydirərək şairanə tərzdə vəsf edir.

 Və Nəsirəddin Tusinin digər çoxqanadlı qabiliyyətlərinin cərgəsində onun rəssamlığı da var, bizə Ustadın çəkdiyi rəsmlər də gəlib çatıb. O şəkillər də Xacənin valehi və bilicisi olduğu göylərlə bağlıdır - hamısı ulduzlu səma rəsmləridir.

Özü ulduz olan insanların hamısının ulduzlara bunca məftunluğu, ulduzlar haqqında kəlmə kəsmədən yan keçə bilməmələri həm rəmzi, həm də çox məntiqidir. Qan çəkirdi!

Yalnız bizdə yox ki, dünyanın hər guşəsində və bütün əyyamlarda yerdəki ulduzlarla göydəki ulduzlar arasında daimi səsləşmə olub.

Və Nəsirəddin Tusinin məşhur sözləridir ki, yerdə rahat yaşaya bilməkçün göyləri yaxşı bilmək gərəkdir.

 Göyü də, yeri də bilən, üstəlik, insanın içərisindəki çox dərin qatlara da vaqif olan alim-şairlərin arasında Nəsirəddin Tusinin bir nadirliyi də budur ki, o, təkcə sözün dolayı anlamında deyil, elə birbaşa mənasında yerin altına da dərindən bələd idi. Xacə minerallara aid ayrıca bir elmi risalə də yazıb və həmin elmi risaləni şeirləşdirərək bir məsnəviyə də döndərib. Ən qəliz elmi həqiqətləri də şeirin sadə dili ilə insanlara çatdırmağı bacarmaqçünsə sadəcə o sahəni bilmək azdır, gərək həm də vurğun olasan, aşiq gözü ilə baxa biləsən.

Nəsirəddin Tusi kimi dahiləri belə addımları atmağa sövq edən daxili ehtiyac olub. Bu müstəsnalar ilahi fəhmlə yurddaşlarını, soydaşlarını, əslində bütün insanlığı bir boy yuxarı qaldırmağa, işıqlarını artırmağa kökləniblər. Amalı, məqsədi, mahiyyəti və bütün varlığı işıqdan ibarət bu insanlar nə yaradıblarsa, hamısından vaxtın söndürə bilmədiyi əbədi işıq gəlməkdədir.

Məğrur səsi səkkiz-doqquz əsr uzaqlardan gələn Şəhabəddin Yəhya Sührəvərdi (1155-1191) kimi böyük filosofumuz var - işraqiyyə təliminin banilərindən biri. Onun neçə risaləsi işıq elminə aiddir, nurlarla bağlıdır. Məhz İŞIQ olan bunca bənzərsiz yavrularının varlığı ilə Azərbaycanın özünün də işığı ən qaranlıq dövrlərdə də sozalmayıb və bu ulular yaşadıqca, millətin işığı da heç zaman kəsilməyəcək!

XX yüzil yenicə başlanırdı və bəsirətli Hüseyn Cavid arxada qalan bütün zamanların dəyişməz gerçəyini ifadə edən misraları qələmə aldı:

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Bu sətirləri yazan Hüseyn Cavid keçmişlərdən yaxşı xəbərdar idi və arxada qalan tarixin qələmdən daha əvvəl qılıncın meydanı olduğundan agahdı.

Kimin qılıncı daha qüvvətlidirsə, kimin gücü daha çoxdursa, onun sözü keçib, haqq da onun tərəfində tutulub. Ancaq müdrik Cavid qılıncla qələmin üz-üzə dayandığı ötmüş zamanı göz önündən bir də keçirərkən onu da görürdü ki, hər halda qılıncın zəfəri müvəqqəti, qələmin qalibiyyəti əbədi olub.

Və Turan deyirkən də o, ilk növbədə öz Vətənini, Turanın ürəyi olan Azərbaycanı düşünüb. Azərbaycandasa, istisnasız olaraq, bütün tarix dönəmlərində qələm qılıncdan qüvvətli olub, Azərbaycan türkünün qələmlə çatdırdığı həqiqətin kəsəri həmişə qılıncın tiyəsindən qat-qat iti olub.

Ulduz ulduza bənzər, amma ulduzdan ulduza da fərq var. Göylərə səpilmiş və görə bildiyimiz minlərlə, onminlərlə, yüzminlərlə və görə bilmədiyimiz milyardlarla ulduz arasında bir çoxları Kainatın dibsizliyində saralan işıq nöqtələridir. Ancaq elələri də var ki, yalnız iriliyi-xırdalığı ilə seçilmir, həm də sanki səyyarələr arasında qabağa düşəndir, bələdçi, yolgöstərəndir. Dan ulduzu kimi!

Və yaradıcı, ilham adamı olub "ulduz" adlananların arasında da elələri yaşayıb ki, onlar sadəcə parlaq olmayıblar, sadəcə əsdərləri ilə nur saçmayıblar, həm də cığır açan, səmt göstərən kimi qəbul ediliblər. Onların işığı o qədər gur gəlib ki, yalnız sadə insanların, onları oxuyanların, yaratdıqlarını dinləyənlərin, seyr edənlərin könlünü nurlandırmayıb, onların işığı yüzlərlə ayrı ulduzları da öz ardınca çəkib, onlara da işıq payı ötürüb.

Bəxtli Azərbaycana hər əsrdə bir yüzilin içərisinə sığacaqdan daha çox ulduzlar qismət olmaqdan savayı, o ulduzların arasında da elə möhtəşəmləri nəsib olub ki, ardınca Azərbaycanın və digər məmləkətlərin çox-çox ulduzları gedib. Ulduza dönmək bir şərəfdirsə, parlayaraq ardınca ulduzları aparmaq ikiqat hünərdir. Tale azərbaycanlılardan bu səadəti də əsirgəməyib.

Və Cavid böyük Turana və Azərbaycana mədəniyyətin, ədəbiyyatın, sənətin qılıncdan qat-qat üstün olduğunu təsdiqləyəndə elə bu həqiqəti nəzərdə tuturdu.

Qaynaqlar - salnamə, təzkirələr, mənqibələr son min ildən artıq müddətdə sənət meydanında cəngavərlik göstərən kimlər olubsa, üstünlərinin hamısını qeydiyyatdan keçirib. Etibarlı məxəzlər sayəsində onların adlarını bilirik, nələr yazdıqlarından xəbərdarıq. "Hamısı" təyini, olsun ki, bir az şişirdilmiş çıxır. Söz yox, tarixin kinayəsindən, ya insafsızlığından yaşamalı olduğu halda haqsız unudulanlar, tarix yaddaşının alt qatında qalanlar da olmamış deyil. Ancaq tarixin bu qanunauyğunluğu da var ki, hansısa səbəbdən vaxtın küncünə sıxılıb qalmışları da geci-tezi zaman özü gün işığına çıxarır. Xəzinələr, dəfinələr heç vaxt sonacan yer altında, qapalı qalmadığı kimi, istedadın işığını da zülmət əsla birdəfəlik udmaq gücündə deyil. Bu əsrarəngiz tablonu xəyaldan keçirərkən iftixar etməyə bilmirsən. Son min ildən sürəkli bir zaman boyunca qələm çalmış, zəka və ilham şücaətləri göstərmişləri sıralayanda həmin qafilədə azərbaycanlıların həmişə bir boy ucada olduğunu görürük. Hansı məmləkətdə yaşayırlar-yaşasınlar, kölgədə qalmayıblar, irəli çıxıblar, onların sözü eşidilib, səsi bərkdən gəlib, onların yolunu tutub gediblər. Azərbaycanın o böyük övladları yalnız vulkan kimi püskürən istedadlarıyla seçilməyiblər, həm də onunla fərqləniblər ki, ülgülər veriblər, qəliblər doğurublar, məktəblər yaradıblar. Ona görə də birinci minilliyin son əsrlərindən etibarən ərəb ellərindən Altaylaradək, Hindistandan tutmuş Mavərənnəhrə qədər, Qafqazdan İrana və Anadoluyacan nəhəng ərazidə yüzlərcə xalqın bəhrəsi olaraq yaranmış böyük elm, mədəniyyət, ədəbiyyat ümmanında azərbaycanlıların yeri məxsusi, imzası çox yüksəklərdədir!

Əngin coğrafiyadakı bu əzəmətli yaradıcılıq okeanının tən ortasından qovuşdurucu və ötürücü bir Azərbaycan nəhri keçir.

Ayrı-ayrı xalqların məşhurlarının zehni və ruhi mirasını bu gün vərəq-vərəq çevirib dərindən-dərinə öyrənəndə buna da şahid kəsilirik ki, həmin yaradıcılıqlara arxlar, cığırlar, saysız yollar məhz Azərbaycan nəhrindən ayrılıb gedir.

Ona görə də müqəddəs "Azərbaycan" kəlməsi, yenilməz Azərbaycan ruhu, "yoluxucu" Azərbaycan üslubu yalnız bizim - öz millətimizin övladlarında deyil, bizimlə oturub-durmuş, bizimlə təmasda olmuş çox xalqların böyük övladlarının da adının yanında, elə Bəhmənyarın adının yanında olduğu kimi, tam hüquqla dayana bilər. Çünki bu ruh - Azərbaycan xisləti onların əksəriyyətinin içərisindən keçib...

Diqqətin XI əsrə yönəlir, oradan Xətib Təbrizi (1030-1108) boylanır.

XII əsrə göz dikirsən, Nizami Gəncəvi yüksəlir, yanında Əbu Bəkr Xosrov ibn əl-Ustad, sağında Xaqani, solunda Məhsəti, bir böyründə Mücirəddin, digər tərəfində İzzəddin, Qiyasəddin, Fələki Şirvanilər.

Onlar hər biri ayrı-ayrılıqda güclü yaradıcılardır. Amma hər biri həm də xətdir, örnəkdir, həvəslə izlənilən Yoldur.

Xətib, Təbrizindən ayrılaraq bilik ardınca qürbətlərə gedib. Ərəbcədə elə kamillik zirvəsinə yetişib ki, bu dilin incəliklərindən ərəbin özünə dərs verib. Azərbaycandan çıxıb ərəb mühitinə elm qazanmaq eşqi ilə yollanmışdı, çox keçmədən onlarca və yüzlərcə ərəb və ərəb dilində yazan onun cazibəsinə düşərək ardıcılına çevrilib.

XIII yüzilə gəlirsən, Zülfiqar Şirvani, Səfiəddin Urməvi həmin cür, ardınca Hümam Təbrizi, ondan sonra Əbdülqadir Marağayi, bir az ötüncə Nəsimi, az keçməmiş Xətai, daha sonra Füzuli və digər böyüklərimiz həmin təhər!

Hər biri yaradıcı olaraq təkrarsız, sevimli, doyulmaz, amma həm də hərəsi bir məktəb, hər biri meyar, yolaçan! Elə məktəb, elə yol ki, öyrənciləri yalnız öz vətənlərində yox, bütün Şərq boyuncadır.

Yəni Azərbaycan səsinin əks-sədası yaxın ətrafdakı qonşu xalqların ədəbiyyatından, mənəviyyatından da gəlməkdədir, sərhədlərimizdən çox uzaqlardan da dikəlməkdədir.

Bunlarla sadəcə fəxr etmək yox, əhatəsi və dərinliyi ilə daim öyrənmək, bilmək, gələcəkdəkilərə də ötürmək lazımdır ki, indiki və gələcək nəsillər babalarını bütün aliliyi ilə tanısın.

İnsan əcdadını tanıdıqca, əslini-kökünü yaxşı bildikcə qüvvətli olur.

İnsan keçmişindən hali olduqca məğrurluqdan əlavə ona cavabdehlik və məsuliyyət hissi də gəlir: mən bu irsin sahibiyəmsə, bu babaların nəvəsiyəmsə, o irsə və o babalara layiq olmalıyam!

Layiq ola bilməksə yaxşı tanımaqdan başlanır!

Məhəmməd Peyğəmbər tövsiyə edirdi ki, lap Çində olsa da, elmin ardınca gedin!

At-dəvə çağlarının yolçularından ötrü Çinlə Maçin - yeni dövrün Çini ilə Mancuriyası ən uzaqlıq məntəqələr rəmzi idi. Bilik ardınca ən uzaqlardakı məmləkətlərə yollanmağı rəva görən Peyğəmbərimizin arzusu idi ki, insanlar çox oxusun, çox öyrənsin.

Və bu azərbaycanlı cavanın təqribən 970 il bundan əvvəl vaqe olmuş hekayəti həmin Peyğəmbər öyüdünə riayətin ən bariz nümunəsidir.

Bir gənc çiynində ağır xurcun payi-piyada uzaq mənzilə üz tutmuşdu. Çinə getmirdi, amma onun getməyi elə Çinə getmək timsalında idi. Təbrizdən çıxmışdı və çatmaq istədiyi ünvan Şam diyarının Məərrə ən-Numan şəhəri idi. O xurcundakılar da yemək-içmək deyildi. Xurcunu dolduran müxtəlif əlyazmalardı. Təbrizdən Suriyaya piyada ona görə gedirdi ki, həmin kitablarda rast gəlib sonacan anlaya bilmədiklərini o yerin alimlərindən, bu kitabları yazmışların özlərindən soruşsun.

Elm və müəllim ardınca gedən həmin azərbaycanlı balası Xətib Təbrizinin bu hərəkətinin mənasını nə o, nə indiki dövrdə həyata yemək-içmək, əylənmək, mal-dövlət toplamaq fürsəti kimi baxanlar heç vəchlə anlaya bilməz.

Bu əhvalat XI əsrdə baş verib, indi XXI yüzildir, nəinki yüzilliklər, minilliklər dəyişib. Xətib Təbrizi də, onun müasirləri də, ondan neçə yüzil sonra yaşamış insanlar, o fövqəladə alim və ədibin yetirmələri də çoxdan külə çevriliblər, torpağa qarışıblar. Nəinki insanlar, şahanə imarətlər, dəbdəbəli saraylar, topdağıtmaz qalalar bu dövr ərzində məhv olub gedib. Ancaq o əlyazmalar ki o xurcunun içərisində, Xətibin çiynində Təbrizdən Şama qədər yol getmişdi, tarix onları hifz edib. Bəlkə də təlatümlü vaxt gedişində İlahi bunları məqsədlə - gələcək insanlara ibrət, görk olsun deyə saxlayıb.

Yollar uzun, yolçu inadkarmış, Xətib qızmara baxmadan, sazağa məhəl qoymadan gedirmiş, təri dabanından çıxırmış. Mənzil başına yetişib əlyazmaları xurcunundan çıxaranda görür ki, hətta qalın cildli kitabları da tərin şiddətindən qoruya bilməyib, əlyazmaların ilk səhifələri islanaraq oxunmaz hala düşüb.

Xətib dövründə də, sonrakı yüzillərdə də başlanğıc səhifələrindəki yazıları oxunmaz kökdə olan həmin əlyazmaları öyrəncilərə göstərər, əhvalatı nağıl edər, "elmə belə sadiq olarlar" nəsihəti verərmişlər.

İndi muzeydə həmin səhifələri açıq saxlanan o əlyazmalar yenə köhnə dərsini verməkdədir.

Beləcə, azərbaycanlı zəka sahibi nəinki əsrdən-əsrə oxunan, hətta yüzildən-yüzilə oxuna bilməyən əsəri - əməli ilə də dərs verməyi, müəllimliyini davam etdirməyi bacara bilir...

Heç bir məqsədə alın təri tökmədən çatmaq olmur. Hansısa sol yollarla çatsan da, bu yetişəbilmədən duyulmalı olan ləzzəti heç bir halda ala bilməzsən.

Xətib Təbrizi - bir azərbaycanlı balası, bir türk övladı gedib Şama çatmışdı. O çağlar idi ki, Suriya, Dəməşq, Misir oçağkı mədəni dünyada elmin, sənətin, maarifin paytaxtları sayılırdı. Oralarda dünyanın böyük alimləri toplaşmışdı. Ömrünün qalan hissəsini orta çağ intibahının mərkəzi sayılan o ərəb ellərində keçirən, 40 il Nizamiyyə mədrəsəsində dərs deyən, elmin ən müxtəlif sahələri ilə məşğul olaraq bir-birindən qiymətli risalələr yazan, özü də bir məktəbə dönən Xətib Təbrizinin ulduzluğu, müəllimliyi, məktəbliyi ölümündən sonra da bitmədi. Nizamiyyə mədrəsəsində dərs verdiyi çox tələbələr olmuşdu, özü gedəndən sonra da onu müəllimi hesab edən çox tələbələri yarandı - səbəbkar kitabları idi. Zəmanəsinin də, sonrakı neçə yüzilin də xeyli ərəb alimi etiraf edib ki, Xətib Təbrizi leksikoqrafiyada, qrammatikada, əruzşünaslıqda elmin zirvələrini fəth edib. Xətib Təbrizi - bu azərbaycanlı balası elə yol açdı, elə məktəb yaratdı ki, sonralar həmin yoldan və məktəbdən keçərək silsilə şöhrətli alimlər yetişdi. Xətib Təbrizi vətənindən - doğma Təbrizindən Şama piyada getmişdi. Ancaq dünyaya kitablar, məktəb, elm yadigar qoyub getdi ki, ardıcılları bu qarmaqarışıq dünyada piyada olmasınlar.

...Dahi Nizami Gəncəvi məsnəvilərindən birini - "Leyli və Məcnun"u gözlərini sonsuz səmalara zilləyərək, Allaha müraciətlə başlayırdı:

Ey adı ən gözəl başlanğıc olan!

Adınsız sözümü necə başlaram?

Və ulduz olub ulduzlar üçün də ulduza çevrilən, onlara yol açan, bələdçiyə dönən böyük azərbaycanlılardan söz açanda bu qatarın ən əvvəlində məhz Nizami Gəncəvi gəlir. Nizami Gəncəvi o sözləri Pərvərdigara deyirdi. Amma həmin kəlmələri Nizaminin özünə də aid etmək mümkündür. Axı Nizaminin də adını tutmadan böyük mətləblərdən bəhs etmək olmur.

Nizaminin məktəbi, onun yolu Yaxın-Orta Şərqə sığmayıb, bütün dünyanı əhatə edib, Nizami ulduzu hətta bələdçi ulduzlar arasında da elə parlaq olub ki, yolgöstərən ulduzların içərisində də ən ucaya qalxıb.

Nizamidən sonra Cəlaləddin Rumi "Məsnəvi" yazdı. Neyin sədaları ilə başlanan bu füsunkar kitaba "Mənəviyyat məsnəvisi", hətta "Mənzum Quran" deyiblər. Mövlananın yolunu tutub gedən, onun ardıcılına çevrilən yüzlər, minlər olub. Ancaq nə onun özünü, nə "Mənəviyyat məsnəvisi"ni Nizami və "Xəmsə"si ilə eyni tərəziyə qoymaq mümkün deyil. Bunu hamıdan əvvəl etiraf edən, Nizaminin ən sıravi şagirdlərindən biri olduğunu dilə gətirən də elə Mövlana Cəlaləddin Ruminin özü olmuşdu. O da özünü Nizami ülgüsünün, Nizami yolunun, Nizami məktəbinin davamçısı saymışdı. Ancaq Cəlaləddin Rumidən, onun "Məsnəvi"sindən və azərbaycanlının ulduzluğundan bəhs edərkən bir başqa ad da gərək unudulmaya. Axı Cəlaləddin Rumini Mövlanaya çevirən də azərbaycanlı Şəms Təbrizi olub!

Şəms günəşi parladı və Təbriz türkünün işığı Bəlx türkü Cəlaləddin Ruminin varlığına qondu ki, "Məsnəvi" möcüzəsi yarandı. Cəlaləddin Rumi ulduzunu da səmalara dikəldən digər azərbaycanlı ulduz - Şəms Təbrizi oldu.

...Nizami Gəncəvi hansı zirvə olduğunu hər kəsdən əvvəl özü yaxşı bilirdi, "Mənə bol şəh-i məani ki, fəzilətim əyandır", - söyləyirdi.

Onun özünü "mənalar sultanı" adlandırmasının bəzəkli şair sözü deyil, danılmaz gerçək olduğunu da ədalətli tarix, nəhayətdə, sübuta yetirdi.

Bu, bir fəxriyyə idi və klassik Şərq ədəbiyyatında şairlərin özünü bu qəbil şeirlərlə öymək ənənəsi olduğundan heç bir oxucu belə özünüvəsfetmələri təkəbbür, döşünədöymək kimi qavramırdı. Ancaq "fəxriyyə" fəxriyyəliyində, tarix də öz yerində.

Tarixin isbata yetirdiyi budur ki, Nizami parlaqlıqda ikinci ulduz yoxdur. Aristotelə "Müəllim-i əvvəl" deyiblər - "Birinci Ustad". İslam aləmində ikinci, üçüncü, dördüncü müəllim adlandırılanlar olub. Ancaq Nizamiyə nə ikinci, nə üçüncü, nə dördüncü, nə beşinci müəllim demək olar. Hətta birinci demək olmaz. O, birinci müəllimlərin də fövqündə dayanan müəllimlər müəllimidir. Səbəbsiz deyil ki, Nizami həm də müqəddəslər zümrəsinə qatılaraq "Şeyx" çağırılıb.

Və bu qutsallıq dinin, şəriətin, təriqətçiliyin bəyan etdiyi müqəddəslik deyil. Bu, sözün meraca ucaldığı, fikrin, hissin müqəddəsliyidir.

Nizami uğrunda mübarizələr keçmişdə də gedib, bu gün bəlkə keçmişdəkindən daha artıq ortadadır. Azərbaycanın farsca yazmış başqa xeyli qüdrətli şairləri də var, ancaq niyə hərdən gah ordan, gah burdan cürbəcür sədalar qalxır və Nizamini Azərbaycandan ayırmağa çalışırlar? Məqsəd heç də həmişə bu ulu ədəbi şəxsiyyəti özününküləşdirmək deyil. İrinli söyləyişlərin arxasında məkrli siyasi hədəflər var. Nizami ilə Azərbaycan olduğundan da böyük görünür. Nizami ilə Azərbaycan varlığından da qüdrətli təsir bağışlayır. Nizami ulduzu Azərbaycanı dünya içərisində bir ulduz kimi daha ucalara qaldırır, daha parlaq edir. Gözü götürməyənlər, düşməncə baxanlar istəmir belə olsun. Ona görə Nizamini Azərbaycandan ayırmağa can atır, o ulduzun işığını Azərbaycan ulduzunun işığından cüda salmaqçün çabalayır, işığımızı tükətməyi qəsd edirlər.

Söz yox, xam xəyaldır. Lakin dünyanın ən qadir sərkərdələrindən olmuş Çingiz xanın da hikmətli sözləri qalır. Deyib ki, vətənin sərhədi insanın yuxarı kirpikləri ilə aşağı kirpiklərinin arasındadır. Yəni azacıq uyusan, sayıqlığını ani qeyb etsən, kirpiklərin qovuşsa, vətənin sərhədini kimsə poza bilər, vətənin sərhədinə kimsə xələl gətirə bilər.

Nizami Gəncəvi, onun adı, bu ulduzun işığı Azərbaycançün vətən sərhədi məqamındadır. Vətənin sərhədini necə qorumağın dərsini Azərbaycan insanı bütün dünyaya artıq göstərib. Gərək elə o qətiyyət, o ləyaqət, o şərəflə də hər an Nizami Ulduzumuzun sərhədlərinin keşiyində dayanaq!

...Bizə hamısı gendən bir boyda, bir biçimdə görünsə də, ulduzların da irisi, xırdası, qocası-cavanı, sönmüşü-yananı var və əslində Günəşin özü də bir ulduzdur. Ona görə də Nizamini "ulduz" deyə təqdim edənlər, onu səyyarəyə oxşadanlar həmişə burada da fərqləndirməyə çalışaraq Gəncəli Dahini Günəşə bənzər tutublar.

Nizami Azərbaycanınkı, hətta Şərqinki olmaq çərçivəsindən lap çoxdan çıxıb. Dünya boyunca yalnız ədəbiyyatda deyil, sənətin, mədəniyyətin ən müxtəlif sahələrində hər kəs Nizamiyə cavab verməyi özünə bir şərəf sayıb, ona ulduzların ulduzu kimi baxılıb.

Ona görə də Azərbaycanın son min ili ərzində yaranmış bu cür ulduz övladları, bu sayaq yolaçıcı balaları arasında Nizami ən zirvədədir.

Bir insan üçün öz ailəsinin, nəslinin, şəcərəsinin məqbul adətlərini, xoş vərdişlərini, nəcib ənənələrini davam etdirmək, atdığı hansısa addımdan nəslinə, ailəsinə, şəcərəsinə kölgə düşməməsinin qeydinə qalmaq həmişə ləyaqət məsələsi olub. Soyunun, dədə-babanın təmiz adının, şanının üstünə şöhrət, şərəf artıra bilirsənsə, əlbəttə ki, bu, sənin yalnız öz ailənə, nəslinə, şəcərənə deyil, həm də millətinə xidmətindir.

Ulduz azərbaycanlıların hər biri əslində Azərbaycanın hər nəslinə, hər ailəsinə mənsub övlad, hər ailənin, hər nəslin babası sayıla biləcək şəxsiyyətdir. Çünki varlığıyla, buraxdığı izlə, açdığı yolla, saçdığı işıqla bu millətin hər balasına və hər nəslə bu gün də başucalığı, alın açıqlığı gətirməkdədir.

Nizami Gəncəvi XII yüzildə yaşadı, bir az da XIII əsrə keçdi. Amma XIII əsr büsbütün yeni bir zaman idi, ayrı şərtləri, ayrı tələbləri olan dövr idi və yeni zamanın umacaqları sırasında yeni müəllim istəyi də vardı. Həmin burulğanlı, köklü dəyişikliklər əsrində də elmin, sənətin, ədəbiyyatın ən müxtəlif sahələrində parlayan çoxlu ulduzlar olsa da, yenə yolgöstərici ulduzlar olmaq xoşbəxtliyi azərbaycanlılara nəsib oldu.

Bu əsri işığa qərq edən ən seçkin ulduz Səfiəddin Urməvi (1216-1294) idi.

O, mahir çalğıçı, tayı-bərabəri olmayan ud ifaçısı, qiymətli risalələr qələmə alan musiqişünas, bir neçə yeni musiqi aləti düzəltmiş ixtiraçı, göz oxşayan yazısı olan xəttat idi. Ancaq elə həmin dövrdə də, ondan əvvəlki və sonrakı zamanlarda da məşhur xəttatlar da oldu, bəyənilən musiqiçilər də, səriştəli musiqişünaslar da. Ancaq Səfiəddin Urməvi onların hamısından seçildi. O, "Şərəfiyyə", "Kitab ül-ədvar" risalələrini yazdı və bunlar da, doğurduğu digər əsərlər də elə üzə çıxdığı vaxtdan dərslikləşdi, hamınınkılaşdı. Elə kitablar ki, nə o əsrə, nə Şərqə yerləşdi. Muğamdan bəhs edə-edə Qərbə də məhrəm göründülər, XVI-XVII-XVIII yüzillərdə Avropa musiqişünaslarının öyrəndiyi, araşdırdığı, dərs götürdüyü qaynaqlara çevrildilər.

Nəinki Şərq, elə Qərb mədəni aləmi də musiqini əbədiləşdirməyin, kağızlaşdırmağın, yazıya köçürməyin çox gizlincini onun əsərlərindən mənimsədi, Səfiəddin Urməvinin tapdığı çəmdən yararlandı.

Və bütün misilsiz əməlləri müqabilində sağkən dönüb oldu hamının müəllim, yolgöstərən, mayak kimi qəbul etdiyi, ardınca düşdüyü elm, sənət mürşidi.

Ancaq bunun üstündən az keçməmiş bir başqa azərbaycanlı yetişdi - Əbdülqadir Marağayi (1353-1435). O da, elə Səfiəddin Urməvi kimi, həm şair idi, həm xəttat, həm əfsanəvi udçalan, həm musiqişünas, amma üstəlik həm də bihuşedici ləhnə malik xanəndə, heyrət doğuracaq qədər sürətlə sənət inciləri doğurmağı bacaran bədahətçi idi...

Arxada Səfiəddin Urməvi örnəyi var idi və o əzəmətdəki ulduzdan sonra parlamaq, bir yolgöstərici ulduzdan sonra növbəti yolgöstəriciyə çevrilə bilmək mümkünsüz qədər çətin idi. Zəmanəsinin bolluca musiqiçi və musiqişünasları arasında Səfiəddin Urməvi yolaçana, bələdçi ulduza çevrilməyi necə bacarmışdısa, eyni hünərə Əbdülqadir Marağayi də qadir oldu. Ancaq o ulduzla bu ulduzun, Əbdülqadir Marağayi ilə Səfiəddin Urməvinin mühüm bir fərqi də vardı. Səfiəddinin bütün yazdıqları ərəbcə idi, lakin Əbdülqadir həm ərəbcə, həm farsca yazdı, həm də ana dilində - türkcə. Əbdülqadir əməklərinin ən diqqətəlayiq və canayatan tərəfi isə bu oldu ki, türkcə yazdığı şeirlərinə musiqilər bəstələyərək onları ud çala-çala oxudu.

Risalələrindən biri başdan-başa öz bəstələrindən ibarət nəğmələr toplusudur. Dünyanın harasında, hansı xalqında, hansı ölkəsində belə bir şair, bəstəkar, musiqiçi olub ki, XIV-XV əsrlərdə yaşasın, o dövrdə sözünü də, musiqisini də özünün yazmış olduğu və nota köçürdüyü, bu günə yetişən əsərləri qalsın?

Axtarmayın, yoxdur, bu baxımdan ulduzumuz Əbdülqadir Marağayi təkdir!

Səfiəddin Urməvi də, Əbdülqadir Marağayi də, onlaradək ömür sürmüş, sözünü demiş digər ulduzlarımız da çox parlaq idilər, fitri istedad sahibi idilər. Ancaq onların əsl fövqəladəliyi ondan ibarət idi ki, sıravilər arasında deyil, parlaqların, üstünlərin, misilsizlərin arasında parlamağa, ulduzlaşmağa, yolgöstərənliyə müvəffəq olmuşdular və bəxtiyarıq ki, bu cür yolgöstərən ulduza çevrilmənin, bunca müstəsnalığın, bunca parlaqlığın ünvanı birdir - Azərbaycan!

4 sentyabr 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see206

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see126

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see126

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri