Nigaranlıq məngənəsində Rafael Hüseynov yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rafael HÜSEYNOV
Akademik
Zahirən o, sakit, rəvan həyat yaşamış bir insana bənzəyirdi. Danışığı da, davranışı da aram, arxayınlıqla dolu idi. Üzdən baxarkən heç cürə təsəvvür edə bilməzdin ki, bu insanın içərisi bir zamanlar inqilab havasıyla daşmış ola. Uzun da bir ömür yaşamışdı. İlk baxışdan yaranan təəssürat belə idi ki, bu xoşbəxt kişinin enişsiz-yoxuşsuz, rəvan yollu bir ömrü olub.
Ancaq əslində belə deyildi. O şeir ki lap gəncliyində bu insanın qələmindən çıxmışdı, həmin misralardakı adamı qarsan od-alovla müəllifinin ahıl çağlarındakı görünüşü əsla bir-birinə oxşamırdısa da, bütün bunlar olmuşdu, bu duyğuların hamısı təlatümlü illərin qoynunda yaşanmışdı:
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı, inqilab şairiyəm.
Bu misraları 20 yaşlı bir cavan yazmışdı. Uzaq 1941-ci ildə. 20 yaşı vardı, ancaq artıq onun həyatı məhvərindən çıxmışdı. İyirmi yaşı vardı. Artıq özünə inqilab şairi deyirdi və sözlərində həqiqət də vardı. Onu burulğanlı həyatının özü, təlatümlü vaxt inqilab şairi etmişdi.
Artıq səksənini keçdiyi vaxtlar idi. Azərbaycanın xalq şairi, mənə də qəlbən çox yaxın olan Balaş Azəroğlu təzəcə əməliyyat olunmuşdu. Artıq xəstəxanadan çıxıb evə gəlmişdi. Getmişdim onu yoluxmağa. Xeyli söhbət edəndən sonra mənə masanın üstündəki bir daşı göstərdi. Soruşdum, o daş nə daşdır? Dedi, bəs əməliyyat elə bu daşdan ötrü idi, böyrəyimdən çıxarıblar. Məəttəl qaldım. Çünki həddindən artıq iri idi. Təəccübümü də gizlətmədim. Dedim ki, ay Balaş müəllim, bu daş böyrəyin özündən böyükdür ki, onu bədəninizdə necə daşıyırmışsınız?
Qayıtdı ki, əməliyyatdan iki gün sonra həkim bu daşı mənə göstərəndə mən də heç cürə inana bilmirdim. Ancaq görürsən ki, insan çox dözümlü olarmış. İllərcə bu daşı mən bədənimdə, vücudumda gəzdirmişəm. Sonra da kədərli-kədərli əlavə etdi ki, bu daş nə daşdı ki, mən ömrüm boyu ondan da ağır daşı daşımışam.
Həqiqətən də, düz deyirdi. Balaş müəllimin həyatı elə gətirmişdi ki, ömrü uzunu ürəkdə daş daşımağa bərabərdi.
Dəyişdi əsrlər, döndü fəsillər,
İllərin ardından qalxan nəsillər
Ümman dalğası tək durdu yan-yana,
Dağların zirvəsi şahiddir buna.
Onun bir macəra filminə bənzəyən həyat yolu haqqında həqiqətləri öz dilindən eşitmək istəyim 1994-cü ilin yayında yaranmışdı. Unudulmaz Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası prezidentliyinə yenicə başlayırdı. 1994-cü il iyun ayının 29-u idi. Binə Hava Limanında idik. Azərbaycan Prezidenti ətrafının böyük dəstəsi ilə İran İslam Respublikasına səfərə yola düşürdü. Azərbaycanın bir çox yazıçıları, alimləri, ictimai xadimləri də ölkə prezidentini müşayiət edən dəstənin tərkibində, Balaş Azəroğlu da həmin səfərə çıxacaqların arasındaydı. Gözləyirdik ki, pasportlarımız qeydiyyatdan keçsin və asta-asta təyyarəyə minməyə başlayaq. Ancaq bu ara gördüm ki, Balaş müəllimin əhvalı xeyli dəyişib. Nə baş verdiyini soruşdum. Dilxor-dilxor qayıtdı ki, deyəsən, mən gedə bilməyəcəyəm.
Həqiqətən də, pasportla bağlı hansısa suallar ortaya çıxdığından onun getməsi mümkünsüzləşmişdi. Pasportun müddətimi bitmişdi, ya ayrı bir səbəb vardı, - hər halda Balaş Azəroğlu çox arzuladığı bu səfərə çıxa bilməyəcəkdi.
Bu səfərə hamımız çox böyük həvəslə yollanırdıq. Çünki irəlicədən eşitmişdik ki, ölkə prezidenti Tehranda, İsfahanda olacaq, həm də Təbrizə səfər edəcək.
Təbrizə getmək, Təbrizi görmək hamımızın arzusu idi.
Balaş Azəroğlu isə Güneydən olduğundan, təbii ki, bu səfər onu bizdən də artıq sevindirirdi. Çünki uzun onillərdi, təxminən yarım əsrə yaxın bir zaman idi ki, o, Təbriz, Güney həsrəti ilə yaşayırdı. Ancaq indi də iş elə gətirmişdi ki, hamı gedə biləcəkdi, o qalırdı. Təbii ki, nümayəndə heyəti içərisindən bircə Balaş Azəroğlunun gedə bilməməsi xəbəri Heydər Əliyevə çatmışdı.
Təyyarəyə qalxmazdan əvvəl hava limanında onu əhatələmiş jurnalistlərə müsahibə verən Heydər Əliyev sonra nümayəndə heyətinə yaxınlaşdı. Balaş Azəroğluya üz tutaraq gülə-gülə, zarafatla dedi ki, deyəsən, getməyin baş tutmur. Balaş Azəroğlu dodaqaltı pasportu ilə bağlı nəsə dedi. Heydər Əliyev yenə gülərək dedi ki, təyyarə bizimkidir, mən səni götürərəm. Ancaq oradakı dostların buraxmazlar. Amma narahat olma. Hər kəs asta-asta təyyarəyə qalxmağa başladı. Çox pərişan olmuş Balaş müəllimə yaxınlaşdım ki, qəm yeməyin, belə şeylər hərdən olur, cənab prezident də sizə söz verdi, yaxın zamanlarda, yəqin ki, bir başqa səfərə çıxarsınız.
Balaş müəllim qayıtdı ki, elə mənim taleyim əvvəldən belədir. Heç vaxt istəklərimə, niyyətlərimə rahatca çatmamışam. Həmişə qarşıma nəsə bir maneə çıxıb.
Aradan sayılı günlər keçdi. İyulun 2-də İrandan qayıdıb gəldik. Düz bir həftə sonra, 1994-cü il iyulun 9-da ölkə prezidentinin təyyarəsi rəsmi səfərlə Səudiyyə Ərəbistanına uçurdu və nümayəndə heyətində Balaş Azəroğlu da vardı. Prezident vədinə əməl etmişdi və Balaş Azəroğlu çox xoşbəxt idi. Söyləyirdi ki, buna Heydər Əliyev deyərlər, İrana səfərim baş tutmadı, əvəzində gedib Məkkəni, Mədinəni görəcəyəm.
Səfərimiz boyunca hər gün Balaş müəllimlə birgə idik. Çoxdan arzusunda olduğu Məkkəni, Mədinəni də gördü və o müqəddəs şəhərləri gəzib dolaşarkən mənimlə ürəyindəki bir duyğusunu da bölüşdü. Söylədi ki, taleyim elə gətirib ki, ömrüm boyu həsrət çəkmişəm. Vaxt olub ki, Bakı mənim üçün Məkkə, Mədinə kimi əlçatmaz, ünyetməz olub. Ancaq zaman elə dövran etdi ki, onillər boyu Təbriz mənim üçün elə Məkkə, Mədinə qədər ünyetməz, əlçatmaz oldu. Ancaq ömrün bu yaşına çatandan, bütün keçmişlər gözümün önündən ötürkən hər halda onu görürəm ki, Allah mənə xoşbəxt bir tale qismət eləyibmiş. Çətinliklərlə də olsa, daşlı-kəsəkli, mübarizəli yollardan keçməklə də olsa, hər halda ürəyimdə bəslədiyim bütün arzularıma yetişdim.
...Balaş Abizadə əslən Ərdəbildən idi. Ancaq Bakıda doğulmuşdu, 1921-ci ildə. Söyləyirdi ki, atası da, anası da Ərdəbildən az aralıda yerləşən Səlimqışlağı kəndindən olublar. Atası ilə anasının qovuşması da təsadüf nəticəsində baş vermişdi. Atası çovdarlıq edərmiş. Gedər, uzaq kəndlərdən, yaylaqlardan ayrı-ayrı çobanlardan qoyun-quzu alar, gətirib qəssablara satarmış. Balaşın ana babası da qəssabmış. Atasının qoyunları gətirib satdığı qəssablardan biri də elə bu Haşım kişi imiş.
Günlərin birində növbəti gəlişində Haşım kişinin evində onun çox göyçək qızını görür. Görüncə də vurulur. Çox keçmədən atası vəfat edir. Atasının ölümündən sonra qardaşlarının soyuq münasibətini hiss edincə güzəranını gələcəkdə daha rahat qurmaq üçün bir çarə axtarır. Qərara alır ki, ümumən buralardan aralansın, çörək dalınca Bakıya gedən digər həmyerlilərinə qoşulsun. Gözaltı etdiyi qızın hər axşam səhəngi ilə bulaq başına su aparmağa gəldiyindən xəbərdarmış. Bir-iki gün müşahidə aparır. İstəklisinin bulaq başına gələndə tək olduğu anlarda ona yaxınlaşır, ürəyini açır və qızı götürüb qaçır.
Çox keçmədənsə onlar artıq Bakıdaydılar. Hələlik nə yaşayacaq yerləri vardı, nə də həyatlarını qurmaq üçün vəsaitləri. Balaca bir mənzil kirayələyir, fəhləliyə başlayır. Azacıq pul yığandan sonra bir araba alır, indi şəxsi maşınını taksi edib dolananlar sayaq, arabaçılıq edib balaca külfətini dolandırmağa başlayır. Balaş müəllim danışırdı ki, Dağlı məhəlləsində kiçik bir otaqda yaşayırlarmış. Otağın nə qazı, nə elektriki varmış, buranı güc bəla ilə isindirən üstündə çay dəmlədikləri, xörək bişirdikləri balaca neft pilətəsi imiş.
Balaş müəllim özü çoxdanın babası idi, amma anasını xatırlayanda həmişə qüssələnərdi. Deyərdi ki, zavallı anam bir gün görmədi - həmin balaca otaqda, payızın, qışın soyuğunda, sazağında xəstəliyə düşdü, ona görə də məndən sonra daha övladı olmadı, tək qaldum.
Ancaq Balaş uşaqlığından oxumağa, kitaba meyilli olmuşdu. 1928-ci ildə 7 yaşı tamam olunca atası onu Süleyman Sani Axundov adına məktəbə aparmışdı.
Yada salırdı ki, çatdıq məktəbə, sənədlərimi qəbul etdilər, bir əlimdə çanta vardı, dərsliklərimi yığmışdım, digər əlimdə şüşə mürəkkəbqabı; demişdilər ki, gərək hər uşağın iki mürəkkəbqabısı ola, birini gətirib məktəbdə saxlamalı, o birisi ilə evdə yazısını yazmalıdır, mən də məktəbə ilk dəfə gəldiyimdən həmin mürəkkəbqabını bərk-bərk əlimdə saxlamışdım ki, çatan kimi müəllimə təhvil verəm. Ancaq bir az gecikmişdik, ikinci dərs bitib, üçüncü başlanmışdı, ona görə müəllim söylədi ki, daha dərsləri pozmayın, gedin, sabah gələrsiniz.
Məktəbdən qayıdanda yolda necəsə ayağı büdrəyibmiş, mürəkkəb dağılıb əlini bulayıbmış.
Deyir, evə çatanda artıq əlimdəki mürəkkəb qurumuş, ləkəsi qalmışdı. Anam dedi ki, əlini yu, yumadım. Həyətdə tay-tuşlarım, uşaqlar oynayırdı. Getdim onların yanına. Çalışırdım ki, əlimi də görsünlər, şahid olsunlar ki, əlimdə mürəkkəb ləkəsi var, yəni məktəbə getdiyimdən, oxumağımdan agah olsunlar.
7 yaşında olanda, hələ bütün həyatı qarşıdaykən əlinə mürəkkəbin ləkəsi düşmüşdü və o ləkənin əlindən getməsini istəmirdi, həmin ləkəni qoruyurdu. Çünki bu ləkə nə qədər tünd olsa da, işıqlı, sevimli ləkə idi, çünki bu ləkənin arxasında bilik ziyası vardı.
Sonra uzun bir ömür yaşadı. Qətiyyən sadə olmayan bir ömür. Elə bir ömür ki, hər anı sınaqlarla dolu idi. İradənin, mətinliyin, mərdanəliyin, kişiliyin sınaqlarından ibarət bir ömür. 90 il ömür sürdü.
Və iftixar edə bilirdi ki, uzun və çətin ömür içərisində, taleyində, keçdiyi yolda, tərcümeyi-halında zərrəcə də ləkə olmadı. Elə bir ömür yaşamışdı ki, dünyadan gedəndə arxayın idi. Ürəyi sakit idi ki, bu ləkəsiz ömrünə görə milləti də, yurdu da həmişə onu minnətdarlıqla, ehtiramla yad eləyəcək. Oğul-uşağı, nəvə-nəticələri də heç vaxt onun keçdiyi ömür yoluna görə gözükölgəli olmayacaqlar. Çünki bu həyat - Balaş Azəroğlunun ömrü başdan-sonacan şərəflə, ləyaqətlə yaşanmış bir ömür idi.
...Balaş Azəroğlu farscanı gözəl bilirdi. Klassik farsdilli ədəbiyyatımızın da cikinə-bikinə bələd idi. Saib Təbrizi haqqında dəyərli bir kitab yazmışdı. Bununla yanaşı, Saib Təbrizinin şeirlərini farscadan ana dilimizə çevirmişdi. Elə tərcümə edib ki, sanasan, Saib Təbrizi həmin şeirləri elə azərbaycanca yazıb. Ancaq yolunun başlanğıcında, uşaqkən, yeniyetməykən, baxmayaraq ki, əsli Ərdəbildən idi, ata-babası orada doğulub ömür sürmüşdü, Balaş farsca bilmirdi. Nəinki farsca bilmirdi, hətta ərəb əlifbasında yazıb-oxumağı bacarmırdı. Bakıda doğulmuşdu, buralı digər uşaqlar kimi məktəbə getmişdi, yazı-pozu öyrənmişdi. Evdə də nə atası, nə anası farsca danışmışdılar ki, onlardan nəsə öyrənə.
Söyləyirdi ki, məndə şeirə, ədəbiyyata, əski sözümüzə, klassik ədəbiyyatın incilərinə ilk sevgini oyadan müəllimim Cəfər İsmayılzadə olmuşdu.
Cəfər Rəmzi İsmayılzadə onlara orta məktəbdə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirmiş. Balaş Azəroğlu söyləyirdi ki, Cəfər İsmayılzadə dərslərində şeirlərdə rast gəlinən ayrı-ayrı fars-ərəb kəlmələrinin yalnız mənasını xırdalamırmış, onların mənşəyi, tarixi ilə bağlı hansısa əhvalatları da nağıl edirmiş. Beləcə, uşaqların könlündə şeirə, klassik ədəbiyyata marağı durmadan coşdururmuş.
Bunu da həmişə yada salırdı ki, bizə Cəfər müəllimin klassik ədəbiyyatla bağlı aşıladığı vacib bir məqam da vardı. Deyirdi ki, heç vaxt şeirin, bədii mətnin sadəcə gözəlliyindən, səsləniş şirinliyindən ləzzət almayın. Çalışın ki, onun daxilinə nüfuz edə, dərinliyinə girəsiniz ki, orada hər kəsin tutmadığı incəlikləri duyub daha artıq zövq ala biləsiniz.
Cəfər Rəmzinin müəllimliyinin necəliyi və dərsaparma özünəməxsusluğu ilə əlaqədar bir əhvalat danışırdı. Deyirdi, sinfimizdə əslən Gürcüstandan olan bir uşaq da vardı, ona zarafatla öz aramızda "Qatso" deyərdik. Bir gün dərsə gəlməmişdi. Ertəsi gün Cəfər müəllim ona dedi ki, bax, ötən səfər dərsdə yox idin. Odəfəki şeiri də, bu gün öyrəndiyimiz hekayəni də gərək mənə yaxşı danışasan. Ancaq bu gün vaxtım yoxdur, sabah gələn kimi dərsdə birinci səndən xəbər alacam.
Balaş müəllim söyləyirdi ki, bizim o şagird yoldaşımızın - "Qatso"nun çox möhkəm hafizəsi vardı. Səhər dərsdən qabaq sinifdə qürrələnirdi ki, bax indi müəllim gələcək, şeiri də, hekayəni də məndən soruşacaq. Şeir heç, hekayəni mən danışanda siz kitaba baxın, sözbəsöz əzbər deyəcəm.
Ötmüş onillərin də soyuda bilmədiyi heyranlıqla xatırlayırdı ki, adətən biz əzbərlənməsi tapşırılan şeirləri öyrənərdik. Amma hekayələrin, nəsrlə olan mətnlərin məzmununu danışardıq.
Zəng çalınır, Cəfər müəllim girir sinfə. Birinci bizim elə bu "Qatso" deyilən uşağı qaldırır: "Buyur, şeiri söylə, hekayəni nağıl elə".
Balaş müəllim anırdı: "Qatso" gəldi lövhənin qabağına, şəstlə şeiri əvvəldən-axıracan söylədi. İnsafən də çox yaxşı, bir yerdə də çaşmadan söylədi. Sonra isə başladı hekayəni danışmağa. Ancaq hekayəni dilə gətirməzdən əvvəl öncə şəstlə bizə baxdı. Yəni ki, açın kitablarınızı yoxlayın, baxın nə dərəcədə düz deyirəm. Biz də açdıq dərsliyimizi, başladıq qulaq asmağa, onun söylədiyini mətnlə tutuşdurmağa. Həqiqətən də, kitabda necə yazılmışdısa, sözbəsöz əvvəldən-axıracan əzbər dedi. Özü də hekayə balaca da deyildi. Bir neçə səhifəlik uzun hekayə idi. Gözləyirdik ki, indi Cəfər müəllim bunu tərifləyəcək, "əla" yazacaq. Ancaq Cəfər müəllim qalxdı ayağa, dedi ki, şeiri yaxşı söylədin, əslində "beş" düşür. Ancaq o gün dərsə gəlmədiyinə görə mən sənə şeirə görə "dörd" verirəm. Hekayəyə görə isə "bir" alırsan. "Qatso" da məəttəl qaldı, biz də hamımız təəccübləndik ki, axı nəyə görə belə? Hekayəni gözəl söyləmişdi axı".
Cəfər Rəmzi qayıdır ki, hekayəni söyləyirdin, ancaq hiss olunurdu ki, sən onun məzmununu dərk eləməmisən, tutuquşu kimi əvvəldən-axıracan əzbərləmisən. Bir mətni öyrənəndə, bir şeiri, bir hekayəni oxuyanda çalış ki, onun içərisinə girəsən. Məzmununu hiss edincə hekayə olacaq səninki. Ancaq bu cür sadəcə əzbərləsən, hekayə sənin ürəyinə daxil olmayacaq. Söylədiyin də dinləyənin bir qulağından girib o biri qulağından çıxacaq.
Balaş müəllim etiraf edirdi ki, Cəfər müəllimin bu sözləri qulağımızda sırğa oldu, sonralar ömrüm boyu hansı mətni oxudumsa, çalışdım ki, dərinlərinə baş vurum, yalnız mətnlər də yox, nə ilə məşğul oldumsa, səy etdim ki, o işə kamil şəkildə vaqif olum.
Lakin Balaş Azəroğlu bunu da ağrılı-ağrılı yada salırdı ki, 6-cı sinifdə oxuduğumuz vaxtlarda bir gün səhər baxdıq ki, Cəfər müəllimin əvəzinə içəri başqa müəllim girdi. 1935-ci il idi. Belə düşündük ki, yəqin, müəllimimiz xəstələnib, ya hansısa bir işi olub, ona görə bu müəllim bir dərsi əvəz etməyə gəlib.
Lakin bir neçə gün sonra məlum olur ki, Cəfər İsmayılzadəni həbs ediblər. Hamı mütəəssir olur. Onun yerinə həmin gün gələn müəllim sonra sinifdə ədəbiyyat dərslərini aparmağa başlayır. İş ondadır ki, bu müəllim də İsmayılzadənin adaşı imiş, sadəcə soyadı başqaymış - Cəfər Hacıyev.
İllər keçəcək, həyatın yolları Balaşı ona orta məktəbdə ədəbiyyat dərsi demiş Cəfər Hacıyevlə yenidən görüşdürəcək. Artıq Bakıda yox, İranda, Təbrizdə.
Və həmin vaxt Cəfərin keçmiş müəllimi Cəfər daha keçmişlərdə olan təhər "Hacıyev" kimi yox, artıq Cəfər Xəndan olaraq tanınırmış.
Bunlar sonrakı söhbətlərdir və sabiq müəllimi ilə Balaşın Təbrizdəki görüşünə də səbəb şeir olmuşdu.
Şeirə aludəliyi isə artıq məktəb illərindən başlamışdı. İçərisindəki şeir şövqünü coşduran da müəllimi Cəfər Hacıyev - həmin gələcəyin Cəfər Xəndanı olmuşdu.
Dərslərdən birində inşa yazacaqlarmış. Mövzu bəlli imiş. Ancaq kim istəsə, inşasını sərbəst mövzuda da yazıb təhvil verə bilərmiş. Balaş qərara alır ki, inşası üçün sərbəst mövzu seçsin.
Yazır, ancaq adətən başqa şagird yoldaşlarının etdiyi kimi inşasını nəsrlə yox, şeirlə yazır.
İki qırx beş dəqiqə tamamlanır, dərs bitir. Müəllim uşaqların dəftərlərini toplayıb gedir.
Ertəsi gün sinif otağına gəlincə başlayır uşaqların qiymətlərini elan etməyə. Bir-bir hamının adını çəkir, Balaşdan savayı. Uşaqlardan biri qayıdır ki, müəllim, Balaş Abizadənin adı çıxmadı.
Müəllim Cəfər Hacıyev qalxır ayağa. Əlindəki vərəqdən bir şeir oxumağa başlayır.
Balaş müəllim məmnunluqla yada salırdı ki, boyum uca olduğuna görə mən arxa sırada otururdum. Müəllim şeiri oxuduqca rəng verib, rəng alırdım. Başımı salmışdım aşağı. Çünki oxuduğu mənim inşam, mənim şeirim idi.
Cəfər Hacıyev şeiri oxuyub bitirir, sonra da soruşur ki, uşaqlar, bilirsiniz bu şeir kimindir? Haradan biləydilər! Kimsə dillənmir. Özü deyir ki, bu şeiri sizin şagird yoldaşınız Balaş Abizadə yazıb. Əlbəttə ki, onun da qiyməti əladı. Bu şeiri göndərəcəm qəzetə ki, çap etsinlər.
Sonra da çevrilir Balaşa tərəf, onu zənlə süzüb, mehribanlıqla deyir ki, sənin yaxşı şairlik qabiliyyətin var, amma gərək çox oxuyasan, çox öyrənəsən.
Və beləcə, həmin dərsdən sonra Balaşın ayağı şeir dərnəklərinə açılır.
Şeir dərnəklərindən birinə İsmayıl Soltan rəhbərlik edirmiş.
1930-cu illərdə, məktəbli çağlarında onunla birgə şeir dərnəyinə gedib-gələnlərin hamısı Balaş müəllimin yaddaşında idi, adlarını sadalayırdı, hətta bəzilərinin şeirlərini də unutmamışdı.
Hər dəfə o xatirələrin cığırı məni də xəyalən həmin günlərə aparanda təsəvvür edirdim ki, nə qədər parlaq bir gənclik böyüyürmüş.
Həmin şeir dərnəyinə gedib-gələnlər kimlərmiş? Şıxəli Qurbanov, Teymur Əliyev (sonraların məşhur Teymur Elçini), Bəxtiyar Vahabzadə, İsmixan Rəhimov, elə Balaşın özü.
Onların sağında-solunda canlı klassiklər yazırdılar, yaradırdılar, böyük istedad sahiblərinə, artıq şöhrətli olan qələm sahiblərinə baxaraq uşaqlar, yeniyetmələr də daha çox həvəslənirdi, içərilərindəki sənət eşqi bir az da şiddətlə qaynayırdı.
Fəqət sonradan vaxtın sərt küləkləri əsməyə başlayacaq, qara yellər çoxlarını perik salacaq, çox çıraqları söndürəcək.
Allah əyləşmişdi göydəki taxtında, heç kəsə bəlli olmayan senarilərini yazırdı.
"Allah əyləşmişdi" yazıram, amma öz qələtimi də dərhal tuturam - Nur əyləşə bilərmi?!
Dildir, söyləyirik, insan xislətidir, Pərvərdigarı da adətən sevərək özünə oxşadır, özünün keyfiyyətlərini, xüsusiyyətlərini Ona da aid edir.
İntəhasız ucalıqlardakı Tanrıya hər şey bəlli idi, bütün gələcəkləri görürdü, tale yazırdı. Yerdəki insanlardı ki, gələcəkdən, nəinki uzaq gələcəkdən, elə bir an sonradan xəbərsizdilər.
Ədəbiyyat dərnəyinin növbəti məşğələsi idi. İsmayıl Soltan Balaşın təzə yazıb gətirdiyi şeirləri oxumuşdu, bəyənmişdi və söyləmişdi ki, dur gedək. Əlindən yapışıb onu gətirmişdi təzəcə nəşr olunmağa başlayan "Pioner" jurnalının redaksiyasına. O zaman bu dərgiyə günün tanınmış uşaq yazıçısı və adıbəlli müəllim Abdulla Şaiq rəhbərlik edirmiş.
Abdulla Şaiq şeirləri alıb gözucu baxınca "Yaxşı, gedin" deyir. Üstündən lap az sovuşur. İsmayıl Soltan ədəbiyyat dərnəyinin növbəti məşğələsinə gələrkən "Pioner" jurnalının yeni nömrəsinin bir neçə nüsxəsini gətirir. Nüsxələrdən birini də bağışlayır Balaş Abizadəyə. Deyir: sənin şeirlərin burada çap olunub.
Balaş sevinməyinə sevinir, uçmağa qanadı olmur, ancaq şeiri dərc olunmuş "Pioner" jurnalını evdə göstərməyə cəsarəti çatmır, çəkinir ki, onun oxumağının üstündə çox əsən, hətta həyətdə uşaqlarla oynamağa getməyinə belə icazə verməyən ata-anası şeir yazmağından xəbər tutsalar, rəncidə olarlar, deyərlər ki, belə məşğuliyyətlər səni dərslərindən aralı salar, yazma.
Hələ jurnalda şeirinin çıxması azmış kimi, üstəlik, bir neçə gün sonra İsmayıl Soltan Balaşı bir neçə başqa şagirdlə bərabər radioya da aparır. Balaş təzə şeirlərindən orada, radioda da oxuyur.
Radioda məktəbli Balaşın şeirlərini də, şeir oxumasını da bəyənirlər və sonradan bir neçə dəfə də dəvət edirlər, yenə radioda çıxışları olur.
Balaş bu yeniliyi də ata-anasından gizlədir. Ancaq yuxarı məhəllədə ortaq bir həyətdə yaşayırdılar, hamısı birevli kimi idi. İllər də elə illərdi ki, hamının qulağı radioda idi. Bir gün qonşuları Narınc xala Balaşın anasını muştuluqlayır ki, bəs, səni təbrik eləyirəm, oğlunun jurnalda şeiri çıxıb, maşallah, səsi radiodan gəlir.
Balaşın anası təəccüblənir ki, bizim xəbərimiz yoxdu, elə şey olmaz, olsaydı, bilərdik. Narınc eləmir tənbəllik, gətirib jurnalı da göstərir.
Axşam evdə söhbət açılır. Valideynləri məzəmmətlə gileylənirlər ki, a bala, biz ikimiz də oxumamış adamıq, ümidimiz sənədir. Məktəbə gedirsən, savad alırsan, arzulayırıq ki, sonra ali məktəbə də girəsən, əlin çörəyə çata, böyük adam olasan. Biz nə hayda, sən nə hayda. Dərsdən kənar olan belə-belə işlər - şeir yazmaq, radioya getmək səni əsas məsələdən ayırar, məktəbdə geriləyərsən. Ağıllı bala, bugündən etibarən nə şeir yaz, nə radioya get.
Ertəsi gün hər halda dünən axşam dedikləri ilə ürəyi soyumayan atası yollanır məktəbə, müəllimlərlə söhbət edir, hamısı Balaşdan çox razı olduğunu bildirir.
Ata təəccüblənir ki, axı biz evdə narahat olduq ki, Balaş şeir yazır, radioya gedib-gəlir, nigaran qaldıq ki, bu cür əlavə məşğuliyyətlər onun vaxtını alar, məktəbdən, dərslərdən yayındırar, oxumağı zəifləyər.
Müəllimlər etiraz edirlər ki, nə danışırsınız, uşağa mane olmayın, əksinə, nə qədər çox yazsa, oxusa, öyrənsə, radioda çıxış etsə, bir az da inkişaf edər, daha gözüaçıq olar, bunların hamısı onun gələcəyi üçün lazımdır.
Allahın qurduğu və hələ heç kəsin heç yatanda yuxusuna da girə bilməyəcək senari nədən ibarət idi?
Yeddinci-səkkizinci sinif şagirdi idi Balaş, Azərbaycan radiosu da yenicə səslənməyə başlayırdı, bunun da 9-10 yaşı vardı. Hələ insanların əksəriyyəti radioya qeyri-adi bir hadisə, möcüzə kimi baxırdı. Ancaq bu balaca uşağın səsi o möcüzəli qutudan gəlirdi. Bu səs hamıya eşidilirdi. Allahın qurduğu, o dibsiz ucalıqlarda yazdığı senari elə bu imiş. Gün gələcək, Güneydə, Təbrizdə yaranan Azərbaycan Milli Radiosunun rəhbərlərindən biri elə Balaş Azəroğlu olacaq, həmin radiodan səsi hər gün bütün Güney Azərbaycan boyu eşidiləcək.
"Pionerlər evi açıldı. Bizim məktəbdən də bir neçə nəfəri apardılar pioner evinə. Özü də kim apardı? Məmmədsəlim müəllim - Sabirin oğlu, ədəbiyyat müəllimimiz. Başqa dərnəklər də vardı, mən ədəbiyyat dərnəyinə getdim. O pionerlər evi bilirsiz haradaydı? İndi türklərin səfarəti var ha, Yazıçılar İttifaqının yapışığında, orada pionerlər evi vardı (Balaş müəllim bu söhbətləri edəndə 1990-cı illər başlanırdı, o vaxtlar Bakıdakı Türkiyə səfirliyi Xaqanı küçəsində yerləşirdi. Sonralarsa qardaş ölkənin səfirliyinə Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişəcəyində geniş yer ayrıldı - R.H.). Getdik, orada məşğul olmağa başladıq. İsmayıl Soltan yazdığımız şeirlərə qiymət verirdi, ayda bir dəfə, iki dəfə də bizi yığıb radioya aparırdı".
Vaxt axarındaydı. Sabahlara ümidlərlə dolu günləri yaşayırdılar. Növbəti bir şeir gecəsi keçirilirmiş. Təbii ki, digər şeir həvəskarları kimi, Balaş da həmin məclisdə imiş. Söyləyirdi ki, o, şeir məclisini həmin gün Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim Tahirli aparırdı. Qonaqlarımız da irəlicədən elan edilmişdi. Bəbir Məmmədzadə, Ələkbər Ziyatay, Böyükağa Qasımzadə, bir də Mikayıl Müşfiq gəlməli idilər. O birilər hamısı gəlib çıxmışdı. Bircə Müşfiq yox idi. Ədəbi gecə başlandı. Məmmədsəlim Tahirli açılış nitqindən sonra bildirdi ki, bəs Mikayıl Müşfiq ayrı bir şeir məclisindədir, oradan çıxıb özünü bu məclisə çatdıracaq. Elə sözünü qurtarmamış astaca bir nəfər gələrək qalxdı rəyasət heyətinə, digər qonaqların yanında əyləşdi. Tanımayanlar da bildilər ki, bu gələn Müşfiqdir. Həmin gün Müşfiq yenə adəti üzrə çox alovlu çıxış etdi, yeni şeirlərindən də oxudu.
Balaş müəllim bunu da qüssə ilə söyləyirdi ki, günlərin hər biri bizim üçün nağıl kimi yaşanırdı. Ancaq haradan biləydik ki, bu nağılların çox faciəli sabahı da var. Sonra bizim üçün əziz olan müəllimlərimizin, sevdiyimiz şairlərin neçəsi bircə-bircə yox olmağa başladı. Onları həbs edirdilər, güllələnmə xəbərlərini, sürgünə göndərilməsi haqda söhbətləri eşidirdik, inana bilmirdik. Deyirdilər, "xalq düşməni" çıxıblar, heyrətə düşürdük ki, axı bu necə ola bilər? "Xalq düşməni" kəlməsi ilə bu adları heç cür yan-yanaşı qoya, birləşdirə bilmirdik. Anlaya bilmirdik, axı necə ola bilər ki, yaratdıqlarının içərisi xalqa məhəbbətlə dolu belə şairlər, yazıçılar xalqın düşməni ola?!
Ancaq gün ötdükcə, bu faciələrin əhatə dairəsi genişləndikcə, ayrı-ayrı insanların özlərinin də yaxınlarının, qohumlarının ömründə bu acıların əks-sədası duyulduqca, hər kəs anlayırdı ki, yox, onlar "xalq düşməni" deyillər, səmum dalğasıdır ki, gəlir, qarşısına çıxan hər safı da, düzü də, dürüstü də aparır.
Nə idi bu dalğanın sirri, mahiyyəti? Heç kəs anlamırdı, o sual qarşısında mat qalmışdılar.
Və günlərin birində həmin amansız vaxt zərbəsi Abizadələr ailəsini də haqlayır.
Balaşın atası sadə bir adamdı, fəhlə baba idi. 1938-ci ildə gecələrdən birində onların qapısı döyülür, açırlar, görürlər vaxtsız qonaqlar milis işçiləridir.
Gecələr evlərə təşrif gətirən hökumət adamları hər ailədə artıq vahimə oyadırdı. Çünki bilirdilər həmin gəlişlərin ardında gedərgəlməzlər dayanır, kimi aparırlarsa, o gedən olur.
Balaşın atasını da sorğusuz-sualsız aparırlar.
1938-ci ilin fevralı bitir, martı gəlir. Günlər ötür, ancaq kişidən heç bir xəbər yoxdur. Hara müraciət edirlərsə də, gördüm, eşitdim deyən olmur.
Eşitmişdilər ki, belə qəfil gecə qonaqları çox zaman şairləri, yazıçıları, alimləri, dövlət adamlarını, hərbçiləri, bəzən məşhur din xadimlərini aparır, bu zavallınınsa nə savadı vardı, nə vəzifəsi, ondan nə istəyirdilər?
1938-ci ilin qışının bitər-bitməzində, yazının astanasında aparılanların əksəri əslən İrandan olanlardı. Balaşın atası da İran təbəəsi idi. Ancaq onu niyə aparmışdılar? Tam məchulluq idi.
Qulaqlarına söz dəyir ki, bəs həmin adamları Bayılda saxlayırlar.
Balaş da qoşulur əzizləri aparılmış başqalarına, əynində isti geyimi də yox, qışın zəlo-zəlo soyuğunda onlarla bərabər hər gün yollanır Bayıl həbsxanası səmtinə, gecədən-səhərəcən, səhərdən-gecəyəcən gözləyir.
Bir gün, üç gün, beş gün - heç bir xəbər-ətər olmur. Onları niyə aparıblar sorğusuna da cavab verilmir. Camaat arasında danışırlarmış ki, bu həbs edilənlərin hamısını Sibirə göndərəcəklər, ya da elə buradan aparacaqlar Nargin adasına, orada güllələyəcəklər.
Artıq iki aydan çox vaxt keçirdi. Ancaq bu dərd azmış kimi, növbəti gecələrdən birində Balaşgilin qapısı yenə döyülür. Yenə milis işçiləri gəlir.
Balaşa hökmlə deyirlər ki, pasportunu gətir. Balaş qayıdır ki, axı mənim pasportum yoxdur, 18 yaşına çatmamışam, məktəbliyəm, yalnız şəhadətnaməm var. Deyirlər, sən də İran təbəəsisən, getməlisən. Deyir, axı mən necə İran təbəəsi ola bilərəm? İran vətəndaşı olmağım üçün gərək məndə oranın pasportu ola, mənsə heç İranın üzünü görməmişəm, burada doğulmuşam. Hirslə qayıdırlar ki, dəxli yoxdur, isti bir şey götür, bir bağlama düzəlt, gedirsən bizimlə.
Aparırlar. Anası başlayır yalvarıb-yaxarmağa. Düşür milis işçilərinin ayağına ki, axı mənim gözümün ağı-qarası bircə madar oğlum var. Ərimi aparmısınız, bu da olmasa, bunu da aparsanız, mən necə yaşayacam?
Onun nə ah-naləsinə, nə göz yaşına məhəl qoyurlar, Balaşı da aparırlar.
O qəziyyədən onillər ötəndən sonra Balaş müəllim söyləyirdi ki, həmin gecədən əvvəl həftələrlə, günlərlə Bayıl həbsxanasının dəmir darvazasının yanında dayanıb gözləyərdim. O darvaza mənim üzümə qapalı idi. Ancaq bu gecə həmin darvazanı üzümə taybatay açdılar. Məni çatan kimi içəri qəbul etdilər - ancaq dustaq kimi.
Qazamata atılandan sonra Balaş bunun şahidi olur ki, içəri elə onun kimi cavanlı, yaşlı, ağsaqqal məhbuslarla doludur. Əksəriyyəti də əslən İrandan olan adamlar. Hələ heç kəs də nəyin baş verdiyini, niyə həbs olunduğunu bilmir. Həftələr sonra mətləb aydınlaşır.
Bu, Balaş müəllimin maqnitofon lentindən gələn yorğun səsidir: "Sovet hökuməti müharibə gözləyirdi. Ona görə iranlıları, xarici ölkə adamlarını ölkədən çıxarırdılar. Apardılar. Mən də üç ay Bakının müxtəlif həbsxanalarında - Bayıldan başlayıb Mərdəkana qədər qaldım. Sonra may ayında apardılar bizi gəmiyə mindirməyə".
Onillərcə gizli, mübhəm qalan o sirlərin bir çoxundan mən vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinin, sonralar Milli Təhlükəsizlik Nazirliyinin arxivində apardığım axtarışlardan sonra agah oldum. Xalq dilində bu tutatutlar sonralar "İran yığdı" deyimi ilə məşhurlaşıbmış. Hələ 1938-ci il idi. Hələ İkinci Dünya müharibəsi başlanmamışdı. Ancaq dövlətlərin kəşfiyyatları işləyirdi. Əlbəttə ki, bir il sonra başlanacaq müharibə haqqında ayrı-ayrı dövlətlərin xüsusi xidmətlərinin məlumatları olmamış deyildi. Başlana biləcək müharibənin yaradacağı dəyişikliklər haqqında da hər dövlətin öz mülahizələri, qənaətləri vardı, buna uyğun da addımlar atır, tədarüklər, tədbirlər görürdülər. "İran yığdı" deyilən bu tərpənişlər də Sovetin heç kəsə bəlli olmayan, sonrakı onillər boyunca da məxfi qalacaq dərin siyasəti ilə birbaşa bağlı idi.
XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən etibarən inkişaf edən neft Bakısına Güney Azərbaycandan, İrandan çörəkpulu dalınca gələnlər çox idi. Gəlmişdilər, bir çoxları burada münasib iş də tapmışdı, ailə də qurmuşdular, ev-eşik sahibi də olmuşdular, yalnız Bakıda deyil, artıq Azərbaycanın müxtəlif rayonlarında da yerləşmişdilər, olmuşdular yerli adam. Ancaq 1938-ci ildə qəfildən gələn qasırğa onların birindən də yan keçməmişdi. Qarşılarında şərt qoymuşdular: kim sovet vətəndaşlığını qəbul edirsə, burada qalmaq istəyirsə, qalsın. Digərləri isə təxirə salınmadan İrana göndəriləcək.
Təbii ki, gələcəkdə cərəyan edəcək siyasətləri nəzərə alaraq sovet xüsusi xidmət orqanları buradan İrana göndərilənlərin bir çoxu ilə də işləmişdi, illər sonra onlardan mümkün istifadə üçün təməllər də hazırlamışdı. Amma bir başqa nöqteyi-nəzərdən də Sovetin hələ heç kəsə bəlli olmayan, yalnız özlərinin çox dərin qatlarda müəyyənləşdirdiyi xəttə uyğun olaraq dövlətə Bakı məktəblərində, Azərbaycanın müxtəlif rayonlarında təhsil almış, müasir savada yiyələnmiş insanlar sabah orada lazım ola bilərdi.
Gün gələcək, həmin mərhələ də yetişəcək. Bəlli olacaq ki, bu gedişatda baş verənlərin heç biri təsadüfi, səbəbsiz deyilmiş. Hər bir addımın arxasında çox uzaqgörən hədəflər varmış. Ancaq hələ bunlar sabahkı həqiqətlər idi. Onlarca, yüzlərcə İran təbəəsi olan insan sabahından nagüman halda sovet həbsxanalarındaydı. Hamısı sabah başlarına nə gələcəyindən bixəbər idi. Özləri həbsxanada namüəyyənlik içərisində, evdə dörd divar arasında ailələri nigaranlıq məngənəsində.
6 noyabr 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 01 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















