“Gənclərin Liderlik Akademiyası 4” düşərgəsinin açılışı olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 sentyabr, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsinin açlış mərasimi keçirlib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbirin açılışı olub, Dövlət Himni səsləndirilib.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gənclər Fondunun nümayəndəsi Rüfət Qazızadə çıxış edərək iştirakçılara uğurlar arzulayıb, layihənin gənclər üçün əhəmiyyətini vurğulayıblar.
Sonra gənc istedadlar “Yaşa, Azərbaycan” və “Şən Azərbaycan” mahnılarını ifa ediblər, “Naz eləmə” və “Qaytağı” rəqsləri səslənib.
Qeyd edək ki, bu il “Konstitusiya və Suverenlik ili”nə həsr olunan düşərgə gənclərin liderlik bacarıqlarının inkişafına, dövlətçilik dəyərlərinə sadiq, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.
Tədbir çərçivəsində gənclər müxtəlif təlimlər, interaktiv oyunlar, komanda işləri və görüşlər vasitəsilə nəzəri biliklər və praktiki bacarıqlar qazanacaqlar.
Təcrübəli təlimçilər və vəkillərin iştirakı ilə keçiriləcək sessiyalar gənclərin gələcək fəaliyyətində mühüm rol oynayacaq.
Düşərgə beş gün davam edəcək.


