Güclü olan haqlıdır: Azərbaycanın hərbi sənaye strategiyası Şərh
Icma.az bildirir, Olke.az portalına istinadən.
“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Ənənəvi beynəlxalq hüquq normaları faktiki olaraq selektiv şəkildə tətbiq olunur, bəzən isə tamamilə gözardı edilir. Müharibələr, silahlı münaqişələr və regional qarşıdurmalar göstərir ki, beynəlxalq sistem artıq qaydalara deyil, güc balansına əsaslanır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq hüquq pozulduğu hallarda “güclü olan haqlıdır”. Bu, Azərbaycanın seçimi deyil, lakin mövcud qlobal reallığın diktə etdiyi acı həqiqətdir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat deyib ki, belə bir şəraitdə dövlətlərin əsas prioriteti milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasıdır. “Azərbaycan da bu reallığı düzgün qiymətləndirərək təhlükəsizlik strategiyasını yeni dövrün tələblərinə uyğun şəkildə formalaşdırır. Bu strategiyanın mərkəzində güclü ordu quruculuğu və müdafiə sənayesinin sistemli inkişafı dayanır”, - o vurğulayıb.
Deputat əlavə edib ki. Azərbaycan son illərdə ordunun modernləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb: “Ordunun döyüş qabiliyyətinin artırılması yalnız silahlanma ilə məhdudlaşmır, eyni zamanda, müasir idarəetmə mexanizmlərinin, peşəkar kadr potensialının və yüksək texnoloji imkanların formalaşdırılmasını da əhatə edir. Bu yanaşma Azərbaycanın regional təhlükəsizlik arxitekturasında mövqelərini daha da gücləndirir.
Müdafiə sənayesinin inkişafı Azərbaycanın təhlükəsizlik siyasətində xüsusi yer tutur. İlkin mərhələdə əsas məqsəd ordunun ehtiyaclarının daxili istehsal hesabına ödənilməsi və xarici asılılığın minimuma endirilməsi idi. Lakin hazırkı mərhələdə bu sahə artıq təkcə təhlükəsizlik aləti deyil, eyni zamanda iqtisadi inkişaf və ixrac potensialı yaradan strateji sektora çevrilib.
Ötən il Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunması və bu məhsulların bir hissəsinin ixrac edilməsi müdafiə sənayesinin real imkanlarını nümayiş etdirir. Hazırda 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsul ixrac edən Azərbaycan bu sahədə regional çərçivəni aşaraq beynəlxalq bazarlarda da öz sözünü deməyə başlayıb.
Prezident İlham Əliyevin Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirakı müdafiə sənayesinin inkişafına verilən strateji əhəmiyyətin bariz göstəricisidir. Müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlarla təchiz olunan bu müəssisə milli hərbi-texniki normalara və beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal imkanları yaradır.
Zavodda müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı nəzərdə tutulur ki, bu da həm ordunun ehtiyaclarının ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Bu cür müəssisələr eyni zamanda regionlarda məşğulluğun artırılmasına və sənaye potensialının güclənməsinə töhfə verir.
Azərbaycanın aparıcı dünya müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr yaratması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Pilotsuz uçuş aparatları, artilleriya qurğuları, silah-sursat və digər hərbi vasitələrin birgə istehsalı texnoloji transferi sürətləndirir, yerli kadrların bilik və bacarıqlarını artırır. Bu yanaşma uzunmüddətli perspektivdə Azərbaycanın müdafiə sənayesini dayanıqlı və rəqabətqabiliyyətli sahəyə çevirir”.
Deputat onu da bildirib ki, dünyada müharibələrin və silahlı qarşıdurmaların artması, hərbi təyinatlı məhsullara olan tələbatın kəskin yüksəlməsi bu sahəni iqtisadi baxımdan da cəlbedici edir. “Prezident İlham Əliyevin ixracı qısamüddətli perspektivdə 1 milyard dollara çatdırmaq hədəfi real və əsaslandırılmışdır. Xarici şirkətlərin artan marağı və yerli istehsalçıların fəallığı bu məqsədin reallaşması üçün möhkəm zəmin yaradır. Qlobal anarxiya və güc faktorunun ön plana çıxdığı bir dövrdə Azərbaycanın seçdiyi yol rasional və praqmatik yanaşmaya əsaslanır. Güclü ordu, inkişaf etmiş müdafiə sənayesi və artan ixrac potensialı ölkənin həm təhlükəsizliyini möhkəmləndirir, həm də iqtisadi dayanıqlığını artırır. Bu baxımdan müdafiə sənayesi Azərbaycanın yalnız bu gününün deyil, həm də gələcək strateji inkişafının əsas dayaqlarından birinə çevrilir”, - o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 14 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















