Güclü Dövlət, güclü Lider : Azərbaycanın uğur fəlsəfəsi ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edən uğurlarımızın əsas şərti Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdir. Prezident İlham Əliyev hər zaman xalqına arxalanır, xalqından güc alır və bunun üçün daim xalqının yanındadır. Bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük müharibədə tarixi Zəfərimizə yol açdı. “Dəmir yumruq” müharibənin rəmzinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Cənab İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu tarixi müraciətdən 22 ildən artıq vaxt keçməsinə baxmayaraq bu illərin Azərbaycanın həyatında hansı yeniliklərə imza atdığını, hansı mühüm hadisələri çoxəsrlik tariximizə yazdığını görürük. Bu illər ərzində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın qüdrətinə çevrildi. Məhz güclü xalq, güclü dövlət, güclü lider vəhdətinin nəticəsidir ki, 30 il düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.
Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: "On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir".
Göründüyü kimi, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımız cənnətə çevrilir. Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən beş il müddətdə işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan Liderdir!
Və dövlət başçımızın dediyi kimi: "Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik».
Bir sözlə, deyilənlərin təsdiqi olaraq müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərində baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyasət, əsrarəngiz model olaraq, təqdim olunmaqdadır. Bu gün planetimizin son mənzərəsinə nəzər yetirsək, görərik ki, mövcud vəziyyət heç də ürəkaçan deyil. Yeni münaqişə ocaqlarının yaranması, miqrant probleminin meydana çıxması, iqtisadi böhranlar, ayrı-ayrı qütblərdə dayanan dövlətlər arasında müharibə riskinin artması ötən illərin reallıqlarıdır. Lakin Azərbaycanın bu 22 ildə keçdiyi yol tamamilə fərqlidir. Belə ki, bu dövrdə yürüdülən düşünülmüş və qətiyyətli siyasətin nəticəsi olaraq, Azərbaycan özünün milli mənafelərini və dövlətçilik maraqlarını layiqincə qorumağı bacarıb. Ölkəmiz müstəqil siyasəti nəticəsində, bütün beynəlxalq siyasi avantüralardan uzaq durub, hansısa dövlətə qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Elə buna görə də, ötən 22 il Azərbaycan üçün dinamik inkişaf, beynəlxalq imicinin yüksəlməsi, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi dövrü kimi xarakterizə olunur. Sözsüz ki, möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə və modernləşməyə aparır. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi isə həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasətin nəticəsidir. Son 22 ildə Azərbaycanın sosial və iqtisadi inkişaf göstəricilərini artırması, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi mövqelərini gücləndirməsi, müstəqil xarici siyasət kursu yürütməsi və Ermənistanla sülh danışıqlarında özünün üstün mövqeyini daha da möhkəmləndirməsi ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Çünki Azərbaycan dövlətin beynəlxalq imicini şərtləndirən ən vacib amil ölkədə siyasi-ictimai sabitliyin olmasıdır. Azərbaycanda vaxtilə ulu öndər Heydər Əliyevin təmin etdiyi sabitlik bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə son 22 ildə qazanılan uğurların da, əsas səbəblərindən biri kimi, məhz bütün sahələrdə təmin olunan sabitlikdir. Azərbaycan son 22 ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb və əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Bütün bu uğurların mərkəzində Prezident İlham Əliyevin XALQ-İQTİDAR BİRLİYİNİN olmasıdır. Bu faktoru ayrı-ayrı tanınmış beynəlxalq şirkət və təşkilatların apardıqları sorğuların nəticələri də təsdiqləyir.
Hazırda möhtəşəm tarixi qələbənin 5-ci ildönümü sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyə vəsaitinin ayrılması bir daha sübut edir ki, Qalib Liderimiz, Prezident İlham Əliyev cənabları Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə daha çox diqqət yetirir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.
"Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir",-deyən Prezident İlham Əliyev düzgün qurulan siyasətin daim uğurların davamlılığına yol açdığını təsdiqləyir. Və bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun təhlil edərkən "Biz nə etdik" sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Bir də tarixi inkar etməklə, öz maraqları naminə ədaləti və beynəlxalq hüququ arxa plana keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra da Azərbaycan qərəzli yanaşmalarla, qeyri-ciddi təbliğatla üz-üzə qaldı. Bunun da səbəb bəllidir. Cənab İlham Əliyev bu cəhdləri belə əsaslandırır ki, Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı: "Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar."
İşğalçı Ermənistana havadarlıq edən dövlətlər indi də belə bir ittiham səsləndirirlər ki, guya Azərbaycan Ermənistana hücum etmək istəyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, lap axıra qədər gedərdik: "Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik… Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən."
Bir sözlə bu gün ölkəmizin demokratik inkişafı göz qabağındadır. Yeni dövrə qədəm qoyan Azərbaycanın bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 2024-cü il 7 fevral növbədənkənar prezident seçkilərində nümayiş etdirdiyi demokratiya təcrübəsi ölkəmizə qarşı aparılan qərəzli təbliğatlara tutarlı cavabdır və Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin isə şərin, işğalçı dövlətin yanında olduğu bir daha təsdiqləndi. Dövlətimizin başçısı yüksək tribunalarda çıxışlarındı, müsahibələrində qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən "Dəmir yumruq" öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq. Məhz haqqın, ədalətin tərəfdarı olan Azərbaycan Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Və bu gün sirr deyil ki, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Və bu gün haqlı və güclü Azərbaycan beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır və Güclü Liderlə yeni uğurlara doğru addımlayır və addımlayacaq, yolun açıq olsun, Azərbaycan!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri


