Icma.az
close
up
RU
Güvənsiz toplum ölümə məhkumdur

Güvənsiz toplum ölümə məhkumdur

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial kapital maddi sərvət deyil, amma maddi və mənəvi sonuc doğuran görünməz gücdür

Səhər telefona baxmadan günə başlamaq çətindir. Axşam isə eyni ekranın işığında yorğun gözlərimizi dincəldirik. Gün boyu axan xəbərlər, görüntülər, yorumlar, çəkişmələr – hamısı bir fikir axını yaradır.

Amma bu axın bizi zənginləşdirirmi, yoxsa tədricən içimizi boşaldır? Toplumun görünməz dayağı olan sosial kapital bu sualın içində gizlidir. Çünki sosial kapital yalnız insanlar arasındakı bağ deyil, həm də ortaq düşüncə mühiti, ortaq dəyər sahəsidir. Bu sahə çirklənəndə güvən azalır. Güvən azalanda isə toplum səssiz şəkildə dağılmağa başlayır.

Sosial kapital – bir toplumun bir-birinə güvənmək bacarığıdır. Qohumluqdan, dostluqdan, qonşuluqdan, birgə işdən doğan qarşılıqlı dayanıqlılıqdır. Fransız fikir adamı Pierre Bourdieu bunu insanın daxil olduğu çevrədən qazandığı imkan kimi yorumlayır. Amerikalı Ceyms Kolman (James Coleman) sosial bağların məqsədə çatmağa yardım etdiyini göstərirdi. Robert Putnam isə sübut edirdi ki, insanlar birgə hərəkət etməyi dayandıranda toplum gücsüzləşir.

Onların hamısının gəldikləri ortaq sonuc budur: sosial kapital maddi sərvət deyil, amma maddi və mənəvi sonuc doğuran görünməz gücdür.

Dünya Dəyərlər Araşdırmasının nəticələri göstərir ki, yüksək güvən olan ölkələrdə insanlar “başqasına güvənmək olar” deyə bilir. Şimal ölkələrində bu göstərici 60–70 faizdir. Bir çox keçmiş sovet ölkələrində isə 20–30 faiz. Bu fərq təsadüfi deyil. OECD məlumatları da göstərir ki, etimad artdıqca idarəçilik güclənir, qaydaya əməl könüllü olur, iqtisadi fəaliyyət genişlənir. Yəni sosial kapital görünməz olsa da, nəticəsi açıqdır.

Azərbaycanın mənzərəsi isə ikili xarakter daşıyır. Ailə içində, yaxın çevrədə bağ güclüdür. Amma ümumi ictimai güvən zəifdir. İnsan daha çox özünə bənzəyənə güvənir. Fərqli düşünənə, uzaq çevrəyə, quruma qarşı şübhə var. Bu, sosial kapitalın bağlayıcı tərəfinin güclü, körpü yaradan tərəfinin zəif olduğunu göstərir. Toplum kiçik adacıqlara bölünür, amma bu adacıqlar arasında keçid zəifdir.

Son illər isə başqa bir təhlükə üzə çıxıb: aydın çirklənməsi. Aydın – yol göstərən, fikir yaradan, dəyər daşıyan şəxs deməkdir. Amma bu gün fikir sahəsində gur səs çoxdur, dərinlik azdır. Söz çoxalır, anlam azalır. Sosial şəbəkələrdə hər kəs danışır, amma az adam düşünür. Qərbyönlü qlobal media şirkətlərinin yaratdığı axın, yerli dəyər qatını sarsıdır. Onların əsas məqsədi diqqət toplamaqdır, dəyər qurmaq yox. Qalmaqal daha tez yayılır, sakit və dərin söz isə kölgədə qalır.

Bu axın içində yerli düşüncə zəifləyəndə sosial kapital da zərər görür. Çünki ortaq dəyər zəmini itəndə güvən də itir. İnsan öz mədəni dayağından uzaqlaşdıqca qərarsızlıq artır. İdeya boşluğu yaranır. Bu boşluğu isə ya təsadüfi söz doldurur, ya da məqsədli yönləndirmə.

Dəyər yaradıcılığı burada əsas anlayışdır. Toplum yalnız istehlakçı olanda deyil, yaradan olduqda güclənir. Bizim toplumda uzun illər ərzində dəyər istehsal edən fikir adamı ilə gündəlik populyar sima arasında sərhəd bulanıqlaşıb. Halbuki sosial kapital dəyər yaradan ağıl üzərində qurulur. Əgər fikir meydanı səthi sözlərlə dolursa, sosial bağlar zəifləyir. Çünki insanlar ortaq dərinlik tapmır.

Sosial kapitalın zəifləməsinin ilk göstəricisi güvənsizlikdir. İnsan quruma inanmır, sözə inanmır, sabaha inanmır. Bu isə atomlaşma yaradır. Hər kəs özünə çəkilir. Ortaq iş çətinləşir. Bu boşluq artdıqca qayda çoxalır, amma qaydaya könüllü əməl azalır.

Çıxış yolu haradadır? Mənim yanaşmam aydındır: aydınların birləşməsində. Fikir adamı fərdi çıxışdan çox, ortaq düşüncə qurmalıdır. Aydın yalnız tənqid edən deyil, yol göstərən olmalıdır. Fikir meydanı şəxsi şöhrət yarışından çıxıb, dəyər qurma meydanına çevrilməlidir.

Bununla yanaşı, Ağsaqqallar şuralarının işinin gücləndirilməsi zəruridir. Bu qurum sadəcə yaşlı nəslin simvolu deyil. Onlar toplum yaddaşının daşıyıcısıdır. Nəsillərarası körpü rolunu oynayırlar. Onların nüfuzu artdıqca sosial kapital möhkəmlənir. Çünki ağsaqqal sözü güvən yaradır.

Törəyə qayıdış da bu baxımdan böyük önəm daşıyır. Törə – yalnız qədim adət deyil, davranış ölçüsüdür. Ədalət, sözə sədaqət, böyüyə sayğı, zəifə dayaq – bunlar sosial kapitalın milli ifadəsidir. Törə itəndə toplum qaydasızlaşmı, amma ruhsuzlaşır. Ruhsuz toplum isə dayanıqlı olmur.

Qlobal media axınına qarşı qapalı qalmaq çıxış yolu deyil. Amma öz dəyər qatını gücləndirmək mümkündür. Öz sözünü yaradan, öz aydınını dinləyən, öz ağsaqqalına dəyər verən toplum xarici təsirdən qorxmaz. Çünki möhkəm kökü olan ağacı külək yıxa bilməz.

Sosial kapital pul kimi yığılmır, amma davranış kimi artır. Bir ədalətli qərar, bir dürüst söz, bir vəfalı davranış – bunlar kiçik görünür. Amma toplumun görünməz sərvətini artırır. Əksinə, bir haqsızlıq, bir riyakarlıq, bir saxta nümunə – sosial kapitalı azaldır.

Toplumun gələcəyi yolların, binaların sayında deyil. O, bir-birinə güvənən insanların çoxluğundadır. Aydın çirklənməsi dağıdıcıdır, amma dəyər yaradıcılığı qurucudur. Qlobal səs gur ola bilər, amma milli söz dərin olmalıdır.

Unutmayaq: sosial kapital görünməzdir, amma dağılması dərhal hiss olunur. Onu qorumaq üçün aydın birləşməli, ağsaqqal danışmalı, toplum törəyə söykənməlidir. Çünki güclü dövlət əvvəlcə güclü güvən üzərində qurulur. Güvən isə nə alınır, nə zorla qurulur – o, yalnız dəyər üzərində yetişir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Mart 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri