Icma.az
close
up
RU
“Güzgüyə baxıb deyirdi, ay Zəlimxan, gör nə günlərə qaldın?” Zəlimxan Yaqubun oğlu

“Güzgüyə baxıb deyirdi, ay Zəlimxan, gör nə günlərə qaldın?” Zəlimxan Yaqubun oğlu

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.

Lent.az Kulis.az-a istinadla "Atamın xatirəsi" layihəsindən onun oğlu Bəhlul Yaqubovla müsahibəsini təqdim edir.

- Biz Zəlimxan bəyi həmişə deyib-gülən, şən, şux görmüşük. Bəs evdə necə idi?

- Çox yaxşı ata, çox yaxşı dost idi. Köhnə kişilər necə idisə elə. Elə evdə də efirdəki kimi idi. Saza-sözə, folklora bağlı adam idi. Müasirliyə yox, xalqımızın adət-ənənələri ilə yaşamağa meyilli idi.

- Yəni mühafizəkar idi.

- Bəli. Amma çox qadağalar qoymaz, bizi sıxmazdı. Bu mühafizəkarlıq dədə-babalarımızdan gördüyümüz mühafizəkarlıq idi. Əlbəttə, biz özümüz də bilirdik ki, nə olar, nə olmaz. İki qardaş, iki bacı - hamımız onun dediklərini qanun kimi qəbul eləyirdik. Məsələn, mən klassik tərzdə geyinməyəndə acığı tuturdu. Deyirdi ki, camaat arasına çıxırsan, bir az səliqəli ol, bu nə geyimdi geyinmisən? Özü də elə geyinirdi, istəyirdi ki, biz də onun kimi səliqəli olaq. Həmişə səmimi idi. Tək bizə yox, hamıya qarşı. Şair səmimi olmasa, yaza bilməz.

- Hansınızla arası yaxşı idi?

- Böyük oğlu mən olduğuma görə mənimlə arası daha yaxşı idi. 2009-cu ildə səhhətində problemlər yaranmağa başladı. Biz altı il həm də yol yoldaşı olduq. O vaxt bir-birimizi sanki yenidən tanıdıq.

- Valideynləriniz necə tanış olub?

- El-oba qaydası ilə. Deyiblər ki, Novruz kişinin qızı var, gedib istəyiblər.

- Heç şair evliliyinə oxşamır.

- Bizdə evliliklərin hamısı bu qaydada olub. Qohum-əqrəba da belə evlənib. Baxmayaraq ki, atamla dost idik, ancaq belə məsələlərdən çox danışmazdıq. Özünü biləndən onun yarı da, sevgilisi də saz-söz olub.

- O, ölkənin ən populyar şairi idi. Ətrafında qadınlar çox idi. Ananız qısqanmırdı onu?

- Qətiyyən! Anam o baxımdan çox böyük qadındır. Heç vaxt görməmişəm ki, belə məsələləri problem eləsin, evdə dava salsın. Heç atamda da olmayıb.

- Hansısa mövzunu rahat müzakirə eləyə bilirdiniz, yoxsa çəkinirdiniz?

- O mənə çox sərbəstlik vermişdi. Ancaq mən də qaydalara riayət eləyirdim. Müzakirələr eləyirdik, əlbəttə. Ancaq mən cümlələrimi elə seçirdim ki, sərhədi keçməyim.

- Ən yaxın dostları kimlər idi?

- Qəzənfər Paşayev, Nizami Cəfərov, Azər Turan, Elşad Həsənov və başqaları. Bizim evimiz həmişə qonaqlı-qaralı olub.

- Çox məşhur idi. Özü narahat olmurdu buna görə?

- Xeyr. Məşhurluq iki cür olur: süni və təbii. Qəfildən məşhur olan adamlar narahat olurlar. Mərhələ-mərhələ məşhur olan adamlarda o narahatlıq olmur.

- Yolunu davam etdirən oldu?

- Yox, olmadı. Özü istəyərdi, əlbəttə. Ancaq Zəlimxan Yaqubdan sonra onun yolu ilə getmək çox çətindir.

Onu, həqiqətən, çox sevirdilər. Ta gəncliyindən. Bu da ailədən gəlirdi. Müəllim ailəsində böyüyüb. Onun toy məclisində Borçalının azman sənətkarları iştirak eləmişdi.

İnanın, şöhrət qazanandan sonra kəndə gedirdi, orada bir-bir hamının qapısını döyürdü. Ölüsü olanlara başsağlığı verirdi.

- O sevildiyi qədər də tənqid olunurdu. Tənqidlərə münasibəti necə idi?

- Sağlam tənqidə normal yanaşırdı. Bilirsiniz, bir adam çox populyar olanda istər-istəməz böhtan atanlar, ayağının altını qazmağa çalışanlar da çox olur. Onun yaradıcılığını tənqid eləyənlərə rast gəlməmişəm. Daha çox tutduğu vəzifəyə görə tənqid oluna bilərdi. Deyirdilər ki, villaları, bağ evləri var. Hamısı böhtan idi. Halbuki o villaların, bağ evlərinin heç biri atamın deyildi. Bunlar da onu çox incidirdi. Atam on il Sabunçu rayonunun deputatı olub. Bizim orada yaşadığımız evdən başqa heç nəyimiz yoxdur.

- Şeirlərini necə, harada yazırdı?

- Gecələr yazırdı. Ya şam, ya da lampa işığında. Əvvəlcə gecə yazırdı, sonra şamı söndürüb yatırdı. Səhər durub başqa yerə köçürürdü şeirləri, sonra da maşinkaya keçirdi. O, beş-on bəndlik şeiri bir neçə günə yox, bir saata yazırdı.

- Heç çap eləmədiyi şeirlər var?

- Yox. Şeirlərinə çox həssas yanaşırdı. Şeirlərini yazdığı dəftərlərin hamısını saxlayıb. Haqqında yazılan yazıların olduğu qəzetlər, jurnallar hamısı durur. Çox planlı adam idi. Həftəlik, aylıq və illik plan tuturdu. Bilirdi ki, hansı gün nə etməlidir. Yaradıcılığına da belə yanaşırdı.

İlhamı gələndə özünü saxlaya bilmirdi. Almaniyada xəstəxanada yatanda dəftər-qələmi göstərib mənə dedi ki, götür bunları, ağrıyıram, dözə bilmirəm. Götürüb qapıdan çıxanda dedi ki, yox, qoy qalsın. Səhər gələndə dedi ki, ay bala, bu gecə iyirmi dənə şeir yazmışam. Həmişə deyirdi ki, yaradıcılıq yollarında ləngimək olmaz.

Kənddə iki böyük ağsaqqalımız olub: Rəşid müəllim və Hacımurad müəllim. Bunlar atamla bağlı bir-biri ilə mübahisə eləyirlərmiş. Hacımurad müəllim deyirmiş ki, az yaz, keyfiyyətli yaz. Rəşid müəllim isə deyirmiş ki, sən yaz, onların içindən keyfiyyətlisi çıxacaq.

Bizim heç vaxt kompüterimiz olmayıb. Həmişə dəftərə yazırdı.

- Hamı tanıyır, hörmət eləyirdi ona. Sizə görə kiməsə ağız açıb?

- Təbii ki, bizə görə çox adama ağız açıb. Ancaq gərək çox ciddi məsələ olaydı ki, ağız açaydı. Heç çox vaxt ehtiyac olmurdu. Biləndə ki, Zəlimxan Yaqubun oğluyam, məsələ həll olunurdu.

- Biz onu həmişə deyib-gülən görmüşük. Onu nə özündən çıxara bilərdi?

- Mənasız söhbətlər. O əsəbiləşəndə şir kimi kükrəyərdi. Deyirdi ki, kişi gərək güləndə şaqqanaq çəksin, ağlayanda hönkürüb ağlasın. Çox çılğın adam idi.

O deyirlər ee, bir baxışı bəs eləyir, bax, Zəlimxan Yaqub elə adam idi. Bir qıyqacı baxışı var idi, başqa nəyəsə ehtiyac olmurdu.

- Heç vurub sizi?

- Hə. Bir dəfə evə gec gəlmişdi. Ona görə mənə bir şillə vurdu. Şiddətə meyilli adam deyildi, yəqin, çox bezdirmişdim. Mübahisələrimiz olmurdu, çünki o, nə deyirdisə, bizim üçün əsas idi. Düzdü, bəzən etiraz eləyirdim, ancaq sonra görürdüm ki, düz deyir. Hə, bəzən mən haqlı olanda razılaşırdı, deyirdi ki, düz deyirsən, nahaq elədim o hərəkəti.

O, sakit təbiətli adam olmayıb. Xəstələnəndən sonra səssizləşmişdi. Səssizliklə də razılaşa bilmirdi. Güzgüyə baxıb, saçına sığal çəkib deyirdi ki, bax, ay Zəlimxan, gör nə günlərə qaldın?

Cəmi iki dəfə həyəcanlandığını görmüşəm. Bir dəfə Dövlət Təhlükəsizlik Xidmətinin 80 illiyində. O tədbirdə Heydər Əliyev iştirak eləyirdi. Mənə dedi ki, dəvət eləyiblər, ancaq bilmirəm, orada nə danışacam. Bir dəfə də bir universitetin yubileyinə şeir yazmışdı. Gördüm ki, evdə o şeiri əzbərləyir. O vaxta qədər mən onun hansısa tədbirə hazırlaşdığını görməmişdim.

- Gördüyümüz qədərilə çox hazırcavab adam idi. Heç cavab verə bilmədiyi vaxtlar olub?

- Yox. O, heç vaxt heç nəyi cavabsız qoymayıb. Fitrəti, yaradılışı belə idi. Həm də çox mütliəli adam idi. Eşidirdim, deyirdilər ki, bəs Zəlimxan Yaqub mütaliəli adam deyil. Ancaq mən onun gecə üçə, dördə qədər kitab oxuduğunu görmüşəm.

- Qarabağ problemi onun yaradıcılığında qırmızı xətt kimi keçir. Nələr danışırdı Qarabağdan?

- Ona çox pis təsir eləyirdi. Yazdıqları da bunun sübutudur. Son dövrlərdə ümidini üzmüşdü. Heyif ki, bu günləri görmədi. Yaşasaydı, qələbəmizlə bağlı gözəl əsərlər yazardı.

- Heydər Əliyevlə necə tanış olmuşdu?

- Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra filarmoniyada tədbir keçirilmişdi. Atam da o tədbirdə çıxış eləmişdi. Heydər Əliyev də öz çıxışında atamın adını çəkmişdi. O görüşdən sonra aralarında bir doğmalıq yarandı.

48 yaşında heç bir titulu olmamasına baxmayaraq, Heydər Əliyevlə görüşündə Filarmoniyada tədbir təşkil eləmək, xalqa hesabat vermək arzusunu dilə gətirmişdi. Heydər Əliyev də demişdi ki, gözəl düşünmüsən, ancaq sən ora sığışmazsan, sarayda elə. Atam, əlbəttə, razılaşıb: "Tədbiri özüm açacam, özüm aparacam, özüm də bağlayacam. Axırda da bir saz – “Ruhani” havası olacaq."

Ulu Öndər cavab verib ki, saz Azərbaycan tarixində iki ictimai xadimin sinəsinə qalxıb: bir Xətainin, bir də sənin. Get, təşkil elə, mən də gələcəm.
Və doğrudan da, gəldi, indiki kimi yadımdadı, üç saat iyirmi dəqiqə oturub qulaq asdı...


- Son vaxtlar çox çökmüşdü, səssizləşmişdi. Necə oldu ki, səhhəti pisləşdi?

- Xalq şairləri iki dəfə Mərkəzi Klinik Xəstəxanda müayinədən keçməlidirlər. Bununla bağlı da Prezident aparatına məlumat verilməlidir. 2019-cu ildə atama dedilər ki, gəl sən də müayinə olun. Onda bir böyrəyində şiş aşkarlanmışdı. Kəskinləşəndən sonra böyrəyi cərrahi yolla götürüldü. Sonra biz müalicələrlə onu altı il yaşada bildik. Almaniyada həkim ona dedi ki, səndəki şiş tibb elmində nadir rast gəlinən şişdir. İcazə verirsənsə, biz bu şişi götürüb beynəlxalq simpoziumlarda, konfransla müzakirə edək, görək bu necə şişdir, necə aradan qaldırıla bilər. Atam razı olmadı.

Altı il ildə dörd dəfə Almaniyaya gedib-gəldik. Qəriblik ona çox pis təsir eləyirdi. Çünki dövlətinə, millətinə bağlı adam idi. Azərbaycanda ötrü burnunun ucu göynəyirdi.

- Axırıncı dəfə Almaniyadan qayıdanda bilirdiniz ki, hər şey bitib?

- Mən bilirdim. Professor mənə dedi ki, 4-6 ay arası yaşayacaq. Ta gəlməyin. Atam əlil arabasından qalxıb həkimlə görüşmək istəyəndə gördüm ki, həkimin gözündən yaş gəlir. Qucaqlaşdılar, sağollaşdıq və beş ay sonra dünyasını dəyişdi.

Son dəfə dedi ki, vətənim üçün layiqli ömür yaşadım. Siz də belə yaşayın.

- Gələndən sonrakı beş ay necə keçdi? Yataqda idi, yoxsa gəzirdi?

- Son iki aya kimi gəzirdi. Sonra yataqdan qalxa bilmədi. Daim hərəkətdə olan adam üçün dəhşətli idi.

- Özü bilmirdi?

- Yox, öləcəyini son nəfəsinə qədər bilmədi. Mətbuata elə açıqlama verirdim ki, hərlənib-fırlanıb ona informasiya çatmasın. Ancaq yəqin ki, hiss eləmişdi.

- Axırıncı görüşünüz necə oldu?

- Zəng elədilər, gəldim evə. Öskürüdü. Elə bildim, adi öskürəkdi. Sən demə, son nəfəsi imiş. Əlimi başının altına saldım, son nəfəsini qollarımda verdi.

Onun yoxluğunun ağrısını bu gün də çəkirəm. Tək mən yox, hamımız.

- Ən çox sevdiyiniz şeiri hansıdır?

- Hökmü sənə yar ola dəqiqənin, saatın,
Nuruna çevriləsən bu nurlu kainatın.
O qədər şirinləşə ömrün, günün, həyatın,
Nə sən doymaq biləsən, nə səndən doyan ola.

seeBaxış sayı:58
embedMənbə:https://lent.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri