Zəlimxan Yaqubu bəyənməyənlərdən də razıyam… Zəlimxan Yaqubun oğlu
Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 9 il keçir.
21 yanvar 1950-ci ildə anadan olan şair, 9 yanvar 2016-cı ildə xəstəlik səbəbilə dünyasını dəyişib.
Gununsesi.info Xalq şairinin oğlu, prokuror Bəhlul Yaqubovla müsahibəni təqdim edir:
-Bəhlul bəy, bu gün Zəlimxan Yaqubun yoxluğundan 9 il keçir. Siz onun böyük oğlusunuz, həm də övladları içində ən yaxın sizinlə dost olub. Ümumiyyətlə, onu şair kimi də, ata kimi də necə xatırlayırsınız?
-Hər dəfə, hər yerdə deyirəm ki, Zəlimxan Yaqubu məhz köhnə kişi kimi xatırlayıram. O, ağır oturub batman gələn, sözün yerini bilən adam idi. Lazımsız yerdə danışmağı sevməzdi və ciddiyətini həmişə qoruyardı. Yaxşı ata və ailə başçısı idi. Üstəlik, mənim üçün də yaxın dost idi. Müxtəlif mövzularda mən ona ərklə ürək sözlərimi deyirdim. O da müdrikcəsinə qəbul edirdi, sözümü ciddiyə alırdı, əməl edirdi. Təpədən dırnağa şair idi, anadan şair doğulmuşdu. Allah onu elə yaratmışdı ki, Azərbaycan və dünya ədəbiyyatının seçmə şeirlərini əzbər bilən adam, bir telefon nömrəsini belə yadda saxlaya bilmirdi.
-Necə yəni, yaddaşı zəif idi?
-Yox. Sadəcə, deyirdi ki, Allah məni bu istiqamətə yaradıb. Onun yanında nədən danışsan, poeziya çevirirdi. Cəmi bir söz bəs idi ki, şeirə gətirə bilsin. Şeirdən başqa əhəmiyyətli çox da bir şey yox idi onun üçün.
-Konkret deyək, şair Zəlimxan yaxşıdır, ya ata Zəlimxan?
-Tam səmimi, ikisi də. Bəlkə də, mən fərq qoya bilmirəm. O, evdə klassik kişi idi, bu obraz daha ağır basırdı. Səhərlər qəzet oxumaq şakəri idi. Bir də görürsən, çağırırdı ki, Bəhlul, təzə anekdot çıxıb, eşitmisən? Deyirdim, yox. Danışırdı, gülürdüm, qəfil deyirdi, yaxşı tay, qəmişini çək, işinlə məşğul ol.(gülür) Hər şeyi yerində sevirdi. Əsl xalq adamı idi.
-Belə bir söz var ki, “atanın quru nəfəsi də bəsdir, övlad üçün hansı yaşda olursa olsun, mütləq ata dayağı lazımdır”. Bu gün sizin də müəyyən yaşınız, statusunuz var. Ölümündən sonra hansısa stiuasiya olubmu, məsələn, düşünmüsünüz ki, atam sağ olsaydı, həll olunardı?
-Nə yalan deyim, Zəlimxan Yaqub kimi atanın olması həyatımda loteraya idi. Nəinki zamanla belə anlar, hər dəqiqə deyirəm ki, atam olsa, filan şey filan cür olardı. Bir dəfə bir mədəniyyət sahəsinə başçılıq edənlərdən biri dedi ki, mən bura başçılıq etsəm də, əsl başçı Zəlimxandır. Mən deyirdim ki, belə olmalıdı, o deyirdi, belə olmalıdı və elə axırda o deyən olurdu. Atamın həm ilhamından, yaradıcılığından, həm də şəxsiyyətindən irəli gələn bir statusu var idi. O nüfuz bu gün də davam edir.
-Kömək olur sizə?
-Əlbəttə.
-Narahat olmursunuz?
-Əksinə, xoşdur. Üç övladım var. İki oğlan, bir qız. İkisinin adını özü qoyub, birinə öz adını verib. Oğlum universitetdə oxuyur. Müəllimi bir dəfə deyib ki, bir şeir de, bütün illik qiymətini yazım.(gülür)Sözü nəyə gətirirəm, nəvəsidir, adı Zəlimxan Yaqublu gedir. Təkcə bu adla hara getsə, onun həyatında müsbət rol oynayacaq.
-Oğlunuz şeiri deyib?
-Deyib.(Gülür)
-Ümumiyyətlə, atanızın adı, statusu sizə işlərinizdə kömək olmayıb, istifadə etməmisiniz heç?
-İstifadəm olmayıb, özü də sağlığında istifadə etməyə imkan verməzdi heç. Amma kömək, təbii ki, olub. Bu, özümdən asılı deyildi ki. Zəlimxan Yaqubun oğlu olduğumu bilən hamı daha çox hörmət bəsləyirdi.
–Azərbaycan ədəbiyyatında atası da, özü də şair olanlar var. Amma siz deyəsən, yazmırsınız.
-Hə, bizdə o istedad olmadı. Zəlimxan Yaqubdan sonra nə yazım axı?
-Bəlkə olub, şairə göstərmisiniz, deyib, sənlik deyil?
-Olmayıb. Olsaydı da, ondan sonra yazmazdım heç. Yaxın ətrafımızda da yoxdur. Bir bacısı oğlu var, ara-sıra o yazır, vəssalam. Gərək ondan sonra elə şey yazasan ki, ortaya urvatlı bir şey çıxardasan.
-Heç istəyərdiniz məmur yox, yaxşı şair olasınız?
-Əlbəttə, məhz o cür ola bilsəydim, niyə də yox? Fərqli sahəyə getmək də buna görə deyil. Atam həmişə deyirdi ki, poeziya ona ana tərəfdən gəlib. Babası Qurban kişi 1937-ci ilə repressiya qurbanı olub. Bizdə bu istedad olmadı.
-Adətən, atası məşhur olan oğullar həyatda hər şeydə ehtiyatla davranır ki, birdən deyərlər, bu da filankəsin oğlu. Olub sizdə də belə?
-Hər an, hər dəqiqə, yerişimdə də, duruşumda da, danışığımda, duruşumda da. Hər saniyə bu fikri gəzdirmişəm ki, Zəlimxanın oğluyam.
-Özü deyirdi ki, Zəlimxan Yaqubun oğlusan, özünü ağıllı apar?
-Yox, deməzdi heç vaxt. Gözümüzü açandan evimdə, ev də deyirəm, “Qanlı göl” tərəfdə olan daxmamızda Hüseyn Arifi, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı görmüşəm. Rəhmətlik Hüseyn Arif gəlirdi, mən də balacaydım. Süfrəyə yaxınlaşırdım, anama deyirdi, uşağı süfrəyə qoyma, uşağı süfrəyə qoyma(Gülür). Mühit elə idi ki, özün başa düşürdün artıq. Həyatım boyu çalışdım ki, adına ləkə gətirməyim. Rəhmətlik Vaqif Səmədoğlunun bir sözü var. Bir dəfə yubileyində çıxış edənlərin hamısı deyib ki, arzu edirik, atanın adını uca edəsən. O da deyib, əşi, tay mən nə edim ki, onun adını uca edim? Onsuz da, ucadır da. Deyin, ləkə gətirmə, o başqa məsələ.
-Atanız sərt adam idi, deyəsən, siz də qorxurdunuz. Hələ sizi bu yaşlarınızda da evə gec gəlmək üstündə danlayır, hətta vurubmuş.
-Hə, danlayırdı. Yaşın müəyyən dövrü var da. Məktəbi bitirəndə də deyirdim, yekə kişiyəm, deyir, evə tez gəl. Təbii məsələ idi.
-Döyüb sizi?
-Ata şilləsi vurub bir dəfə.
-Nəyə görə?
-Evə gec gəldiyim üçün. (gülür)
-Deyilənə görə, şair mühafizəkar adam idi. Yəqin, seçimlərinizə də qarışıb: Onu belə et, bunu elə et, o yaxşıdır, bu pisdir filan…
-Qarışıb, amma çox yox, hər şeydə yox. Axı dostluğumuz var idi. Çərçivəyə salmazdı. Maraqlı tələbləri var idi. Deyirdi, məsələn, filan toyda niyə yox idin? O yasda harada idin? Tapşırırdı ki, həmişə xeyirdə-şərdə boyunuzu göstərin, camaatın içində olun.
-Xüsusi qadağaları yox idi?
-Yox idi. Ciddi iradları olmayıb. Mühafizəkarlıq da kökümüzdən gələn məsələdir. Mən indi də ona haqq qazandırıram. Müasirlik adı altında indi nə qədər dəyərlər dağılıb, ailə institu pozulub.
-Bəs digər övladlarına necə?
-Olub. Atamın sözü söz idi. O dedisə, məsələ bitdi. İkinci bir söz olmazdı. İndi nəinki belə kişilər, heç belə uşaqlar da yoxdur.
-Siz övladlarınıza qarşı necəsiniz, atanız sizə olan kimi?
-Müəyyən məsələlərdə atam kimiyəm elə.
-Bir dəfə demişdiniz ki, sevgi şeirlərinin heç biri ananıza yazılmayıb. Ümumiyyətlə, ananız qısqanmırdı atanızı? Heç problemlər olmurdu?
-Qətiyyən. Anam atama inanıb həmişə. Mühafizəkarlıq qoymurdu nəsə deməyə. Ömrü boyu görməmişəm ki, bu barədə söz-söhbət olsun. Olsaydı, onlar gözümdə primitivləşirdi. Atam cavanlıqla səhərədək rayonlarda, məclislərdə olub, anam da öyrəşmişdi. Bir sözlə, belə söhbətlər olmurdu heç. Qohum idilər həm də, xalaqızı-xalaoğlu.
-Zəlimxan Yaquba münasibət, əslində, birmənalı olmayıb. Belə ki, o, deputat da olub, Xalq şairi adını da alıb, bir sözlə, imkanlı adam olub, vəzifələrdə yer tutub. Onu xeyli tənqid də ediblər, saray şairi deyiblər. Reaksiyanız necə olurdu?
-Əlbəttə, müəyyən qədər təsir edirdi, edir də. Ona görə ki, axı o, elə deyildi. Bir şey deyim, təsəvvür edin, 45 yaşınız var, yaradıcı adamsınız, Respublikanın rəhbəri deyir ki, görüşək. Nə desin, desin ki, görüşmürəm? Deyirdi, səfərə gedirik, gedək. Getməsin? Rəhbər gəlib üç saatdan çox oturub sarayda səni dinləyir, qulaq asır. Bunu qiymətləndirməmək hansı kişiliyə sığan məsələdir? Üstəlik, hansı saraydan söhbət gedir? Özgə deyil e, öz vətəni, öz ölkəsidir. Adi adam da deyildi e, Heydər Əliyev idi. Başqası Əbülfəz Elçibəylə dost olanda ona heç nə demirlər, atamın Heydər Əliyevlə münasibəti olanda saray şairi olur? Axı bu nə ifadədir belə? Mən həm də ona görə rahatam ki, tale də onun uzaq görən adam olduğunu göstərdi. Atamın haqqında belə danışan adamların dünyagörüşünə müəyyən qədər şübhəm var. Məncə, bu da bir yaşdan sonra keçir, anlayırsan ki, əvvəl düşündüyün kimi deyil.
-Atanız sağlığında həm də səxavətinə görə sevilirdi. Bu gün onun köməklik etdiyi adamlar yada salırmı sizi? Ya elə Zəlimxan Yaqubun özünü?
-Mən realist adamam. İnsanın dünyadakı varlığı ilə yoxluğu arasında fərq var. Bütün hallarda isə münasibətlərdən razıyam. Xalq həmişə gözəl münasibət göstərib.
-Atanızın, sizcə, ən yaxşı xüsusiyyəti hansıdır?
-Xeyirxahlığı. Dəfələrlə adamlar görmüşəm, gəlib, atam cəmi iki sual verirdi: Kimdən asılıdır və nömrəsini bilirsənmi?
-Kimdənsə xahiş edəndə sözünü geri çevirən olub?
-Olmayıb, görməmişəm. Adam olub, gəliblər, problemləri bir zəngə həll olub deyə sevincdən kövrəliblər. Ya məsələn, biri deyirdi, filan qədər pul lazımdır. Tutaq ki, min manat. Əl atıb cibində nə qədər varsa verərdi hamısını. Saymırdı. Çox da olsa verirdi, az da.
-Sizə qarşı necə, səxavətli idi?
-Gərək özüm istəyəydim. İstəməsəm, yadına düşmürdü. (gülür).
-Çox verirdi? Demirdi, qənaət et?
-Arada deyirdi. Deyəndəki çox pul vermirsən, deyirdi, xərcim çoxdur, ay bala. Kasıb cavan yazıçı, şair, jurnalistlər var. Deyirdim, ay bava, jurnalistin biri də mən. (Gülür)
-Deyəsən, “Bu yaşıl ağacın altı bizimdir” şeirini də bəyənmirdiniz…
-Mən aşıq şeirinə o qədər öyrəşmişəm, qoşmaları daha çox doğma idi mənə. Bir dəfə müzakirə edəndə dedim, mənim aləmimdə bu zəif şeirdi.
-Nə dedi?
-Dedi, sən bilmərsən.(gülür)
-Siz özünüz Zəlimxan Yaquba ustad deyənlərdən, ədəbi mühit adamlarından narazı deyilsiniz ki?
-Qətiyyən. Hər kəsdən razıyam. Müəyyən məsələlərə görə Zəlimxan Yaqubu bəyənməyənlərdən də razıyam. Çünki mənə elə gəlir, müəyyən yaşdan sonra başa düşəcəklər. Həyatla zarafat etmək olmaz. Həmişə cavanlıqda düşündüyün kimi olmur.
-Maraqlıdır, Zəlimxan Yaqubdan sizə heç mülklər qalıbmı?
-Ancaq gözəl əsərlər qalıb, bir də özünün yaşadığı evi qalıb.
-Son olaraq, Zəlimxan Yaqub deyəndə ağlınıza ilk hansı şeir gəlir?
Aldanmışam sərvətinə dünyanın
Ömrüm-günüm, yalan mənim, puç mənim
Nahaq yerə yaxasından yapışdım
Taqsır mənim, günah mənim, suç mənim.
Beş-altı gün yas paltarı geyəllər
Hərdən yaxşı, hərdən yaman deyəllər
Ehsanımı şirin-şirin yeyəllər
Qırxa qədər yeddi mənim, üç mənim.
Qələm alsın başdaşımı yazanlar
Bel götürsün məzarımı qazanlar
Ay Zəlimxan, ağı desin ozanlar
Kəfən mənim, karvan mənim, köç mənim.
Orxan Saffari