Icma.az
close
up
RU
Həqiqətsonrası çağda intellektual media Taleh Şahsuvarlı yazır

Həqiqətsonrası çağda intellektual media Taleh Şahsuvarlı yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Taleh ŞAHSUVARLI
AzNews.az portalının baş redaktoru

"Müasir media mədəniyyətinin formalaşdırılmasında məsuliyyətli, yaradıcı, intellektual və peşəkar jurnalistikanın aparıcı rolu danılmazdır". Bu sitatın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısı Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə media nümayəndələrinə ünvanladığı məktubda, gördüyünüz kimi, intellektual jurnalistikaya xüsusi önəm verir. İlham Əliyev həm Azərbaycan siyasətçiləri, həm də dünyadakı dövlət başçıları arasında öz dərin intellekti ilə xüsusi seçilir və sözün açığı, hər kəsi qabaqlayır. Dəfələrlə şahid olmuşuq ki, onun hər hansı bir çıxışda, bəyanatda, müraciətdə işlətdiyi, ümumi kontent içərində bəzən dərhal nəzərə çarpmayan ifadələr, əslində, böyük və taleyüklü bir paradiqma kimi cəmiyyətimizin qarşısında dayanan əsas vəzifələri ifadə edir. Başqa sözlə, İlham Əliyev öz dərin intellekti ilə çoxdan çözdüyü, sadələşdirdiyi və sistemli bir mətndə istifadə etdiyi anlayışlarla lideri olduğu cəmiyyəti öz arxasınca aparmaq üçün yeni baxış bucağı yaradır. Cənab Prezidentin peşə bayramımızda bizlərə ünvanladığı müraciətində təqdim olunan rakurs xüsusilə önəmlidir ona görə ki, biz azərbaycanlılar dünyanın qalan bütün xalqları ilə birgə "həqiqətsonrası çağda" yaşayırıq.

"Həqiqətsonrası" - "Post-truth" termini ilk dəfə 1992-ci ildə amerikalı yazar Stiv Tesiç tərəfindən işlədilmişdi. Tesiçin fikrincə, "Watergate" qalmaqalı, "Körfəz müharibəsi" kimi hadisələr Amerika xalqının həqiqətlə olan münasibətinə dərin təsir göstərib. Bu hadisələrdən sonra insanlar həqiqəti pis xəbərlə eyni dərəcədə dəyərləndirməyə başlamış və həqiqətdən çəkindimişlər. Daha sonra bu termin intellektual çevrələrdə xeyli populyarlaşdı, beynəlxalq ictimai rəyin formalaşmasında yalanın necə normaya çevrildiyi geniş təhlil olundu. 2016-cı ildən sonra - "Brexit" referendumu və ABŞ-dakı prezident seçkiləri ərəfəsində bu termin daha geniş diskurs qazandı. Oksford Lüğəti həmin il bu ifadəni "obyektiv faktların ictimai rəyə təsirinin, duyğular və şəxsi inanclarla müqayisədə azaldığı şərait" kimi təqdim etdi.

Tədqiqatçılara görə, bu dövrün əsas xüsusiyyətləri:

* Fakt və fikrin bir-birinə qarışması, fərdi inancın faktı əvəz etməsi;

* Emosiyaların rasional düşüncəni üstələməsi, yəni informasiya qəbulunda hisslərin dominantlıq qazanması;

* Sosial media alqoritmlərinin informasiya qəbulu üzərində hegemonluğu;

* Dezinformasiyanın və manipulyativ məzmunların sürətlə yayılmasıdır.

Belə bir şəraitdə, cəmiyyətlərdə həqiqət devalvasiyaya uğrayır, intellektual böhran yaranır, epistomoloji suverenlik təhdid altına düşür. Bu tendensiyaları incələməyə keçməzdən öncə bir vacib məqama toxunmağa xüsusi lüzum var. Azərbaycan cəmiyyəti üçün HƏQİQƏT uzun on illiklər ərzində neqativ, təhlükəli, ədalətsiz olub.

Bu yanaşma birmənalı olaraq tarixi asılılıqlarımızdan irəli gəlir.

Məsələn, 1992-ci ilin mayında Şuşanın və Laçının işğal altına düşməsi həqiqət idi, "kaş bu xəbər yalan olaydı" dediyimiz gerçəklik idi, amma acı, məyusedici, depressiv bir gerçək.

Məsələn, 20 yanvar qətliamı, Xocalı soyqırımı, ötən ilin sonlarında AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması həqiqət idi, amma qanlı həqiqət.

Məsələn, biz 30 il boyunca dünyaya torpaqlarımızın işğalı faktını və suverenlik haqqımızdan doğan digər həqiqətləri təqdim etdik, eşitmək, görmək, nəticə çıxarmaq istəmədilər. Müstəqil bir dövlətin ərazisinin işğal edilməsinə, yüzminlərlə insanın malının-mülkünün talan olunmasına, öz evlərindən, öz lokal mühitlərindən didərgin salınmasına "müzakirə predmeti" kimi yanaşdılar. Həqiqətin beynəlxalq səviyyədə heçə sayılması Azərbaycan cəmiyyətinin ədalət gözləntisini puç etdi.

Prezident İlham Əliyevin sərkərdəliyi ilə gerçəkləşən İkinci Qarabağ savaşında qazanılan tarixi zəfərlə Azərbaycan neqativ tarixi asılılıqlarını böyük ölçüdə məhv etməklə bərabər, həqiqət diskursunu da dəyişdi. İşğal faktının aradan qaldırılması və işğal faktına bağlı həqiqətin Azərbaycan ictimai şüuru üçün qorxulu, məyusedici və ədalətsiz çalarları Prezident Əliyevin "Qarabağ Azərbaycandır!" nidasının ifadə etdiyi epistemoloji hökmlə tənəzzülə uğradı. Bu şüarı bir qədər təhlil etməyə ehtiyac var. Ona görə ki, hamımızın yaxşı bildiyi kimi, Çar müstəmləçiliyi və totalitar sovet ideologiyası Azərbaycan cəmiyyətini yalanla yaşamağa alışdırmaq istəyib, müstəqillikdən sonrakı dövrdə Qərb və Rusiya informasiya sistemləri arasında cəmiyyətimizin epistemoloji asılılıqları davam edib, Qarabağ münaqişəsi müstəvisində haqlı tərəf olduğumuz halda, beynəlxalq "həqiqət istehsalı" prosesindəki iştirakımız təzyiq altında saxlanılıb. Çar dövründə o qədər də böyük tirajı olmayan Azərbaycan nəşrlərinə senzura tətbiq edilir, bolşeviklər ictimai şüura öz "partiya həqiqətləri"ni diktə edir, Qərb mediası ən yaxşı halda (!), işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanının mövqeyini balanslaşdırır, Rusiya kütləvi informasiya vasitələri dövlət müstəqilliyimizə hörmət hissini özünə yaxın buraxmırdılar. Bu gün də belədirlər, sadəcə, Azərbaycan bayrağının Xankəndidə dalğalanması ilə, belə demək olarsa, həqiqətin məsələsi kökündən dəyişib.

Əvvəla, cəmiyyətimiz üçün tam aydın olub ki, həqiqət həm fakt, həm də milli maraqlarla müəyyənləşir. Bu yanaşma özü-özlüyündə "obyektivlik" anlayışını dekonstruksiya edir və onun yerinə milli strateji obyektivliyi qoyur.

Yaranan yeni reallıq, eyni zamanda, epistemoloji suverenliyimizi - cəmiyyətin həqiqətin nə olduğunu müəyyənləşdirmək və onu öz daxili idrak resursları ilə dəyərləndirmək, yəni məlumatlara öz intellektual müstəqilliyi ilə reaksiya vermək ixtiyarını yenidən strukturlaşdırır. Mənim anlamımda, əgər siyasi suverenlik dövlətin öz sərhədləri və idarəetməsi üzərində tam hakimiyyətini ifadə edirsə, epistemoloji suverenlik cəmiyyətin öz informasiya mühitinə, bilik sisteminə və həqiqətə münasibətinə sahib çıxması deməkdir. Fəqət məhz bu epistemoloji suverenliyimizə tam mənada sahib çıxa bilməyimiz üçün bizə yeni bir anlayış lazımdır. Bakı Dövlət Universitetinin "fəlsəfə" və "fəlsəfə tarixi" ixtisaslarının bakalavr və magistr pillələrindən məzun olmuş, həmçinin həmin universitetdə ali hüquq təhsili almış və nəhayət Azərbaycan mətbuatında 30 illik təcrübəsi olan bir analitik kimi, icazənizlə, öz üzərimə böyük bir məsuliyyət götürüb, həmin anlayışı təqdim edim.

Bu anlayış, zənnimcə, nisbətən qısa şəkildə "Həqiqətsonrası bərpa olunmuş həqiqət" ("Post-truth restored truth"), daha konseptual formada isə, "Yenidən məzmunlaşdırılmış həqiqətsonrası həqiqət" ("Recontextualized Post-truth Truth") şəklində təqdim edə bilərik.

Həqiqətsonrası çağda informasiya ilə emosiya arasındakı arasında dəyişən münasibətə, mənanın zamanla necə fərqləndiyinə çox sadə bir misal çəkmək istəyirəm. Bir zamanlar Bakıdan Bərdəyə gedəndə Şuşaya, Kəlbəcərə, Laçına olan məsafəni əks etdirən məlumat lövhələrinə rast gələr, kədərlənərdik. Amma bu gün - torpaqlarımız azadlığa qovuşandan sonra eyni lövhələrdəki eyni məlumatların həqiqət olduğunu bilirik, - dünən də bilirdik - amma ona, DİQQƏT EDİN, bərpa olunmuş ədalətin göstəricisi kimi baxırıq. Ki, yazının əvvəllərində Azərbaycan cəmiyyətinin həqiqətə baxışındakı neqativ səciyyənin kökündə məhz ədalətlə bağlı "universal problemlər"in dayandığını açıqlamışdıq.

Odur ki, Azərbaycan mediasının dünyanın qalan heç bir ölkəsi üçün spesifik olmayan və bizim üçün ən başlıca sayılan milli bir missiyası var - "Həqiqətsonrası bərpa olunmuş həqiqətləri" yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq!

Bu missiyanı daha məhsuldar və daha səmərəli şəkildə necə yerinə yetirə bilərik?

Suala cavab arayarkən istər-istəməz Prezident İlham Əliyevin söz açdığı "intellektual media" məfhumunu yada salmalı oluruq.

Terminin məğzinə nəzər salmazdan öncə deyim ki, jurnalistika cəmiyyətin informasiya ehtiyaclarını qarşılamaqla yanaşı, onun intellektual potensialından qidalanır. Başqa sözlə, media cəmiyyətin ideyalarını, biliklərini və düşüncə məhsullarını mənimsəyərək onları kütləvi auditoriyaya yenidən təqdim edir. Bu səbəbdən jurnalistikanın əsasını təşkil edən informasiya daim yenilənməli, zənginləşməli, cəmiyyətin intellektual səviyyəsini əks və inkişaf etdirməlidir.

Rusiyanın sosial fəlsəfə sahəsində tanınmış isimlərindən olan Vladislav Kelle "intellektual potensial" anlayışını yalnız elm və təhsillə deyil, həm də texnologiya, ümumilikdə isə, bütün düşüncə fəaliyyətləri ilə əlaqələndirirdi. Alimin fikrincə, cəmiyyətin intellektual potensialı - cəmiyyətin yenilik yarada bilmək qabiliyyətidir. Məhz bu qabiliyyətlər sayəsində mövcud problemləri həll etmək, tarixi inkişaf prosesinə yeni dinamikalar əlavə etmək və gələcəyə doğru irəliləyişə zəmin yaratmaq mümkündür. Onun yanaşması bir də buna görə aktualdır ki, qloballaşma dövründə informasiyanın həcmi kəskin artıb, ictimai məzmunundan və bilik səviyyəsindən asılı olmayaraq, hər bir fərd özünün yaratdığı xəbəri tirajlamaq imkanı əldə edib. Bəli, bu, bir reallıqdır və bu reallıqda, zənnimcə, jurnalistikanın əsas vəzifəsi odur ki, kütləvi auditoriya ilə cəmiyyətin yenilənən intellektual potensialına söykənən innovativ resurslar arasındakı ziddiyyəti aradan qaldırsın.

Bəs bu ziddiyyəti - yəni real informasiya ilə intellektual ehtiyaclar arasında olan boşluğu - necə aradan qaldırmaq olar?

Bunun üçün ilk növbədə jurnalistikanın öz funksiyalarını genişləndirməsi vacibdir. Öz funksiyalarını genişləndirmiş jurnalistika - bax, bu artıq intellektual mediadır. Ənənəvi xəbərçilik görəvi ilə kütləyə yönəlmiş informasiya istehsalının fövqünə qalxan, ictimaiyyət yaradan, milli düşüncə sahəsində ciddi bir transformasiya vasitəsinə çevrilən media. Eyni zamanda həm Kütləvi İnformasiya Vasitəsi, həm də Kütləvi Transformasiya Vasitəsi olan intellektual media - zəkaya, analitik düşüncəyə söykənən, dərin və səviyyəli məzmun təqdim edən, faktlara və arqumentlərə əsaslanan bir ictimai fikir müəssisəsidir. Analitika üzərində qurulmuş ictimai və milli fikir müəssisəsi, ötən yazımızda da vurğuladığımız kimi, həqiqətsonrası çağda həqiqəti yenidən kontekstləşdirməlidir.

Analitik media üçün xəbər - kontekst - interpretasiya - nəticə zənciri vacibdir. Bunu hamımız bilirik. İntellektual media bu ardıcıllıqda hər bir mərhələni intellektual emal prosesi kimi qəbul edir. Bu emal Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyır. Post-konflikt dövrünün problemləri, tarixi transformasiyanın məsuliyyəti, milli təhlükəsizlik çağırışları qarşımıza Azərbaycan auditoriyasını, sadəcə, xəbərlə təmin etmək vəzifəsi qoymur. Məsələlərin arxa planını, əsaslarını və məntiqini, mümkün nəticələrini izah etməyə tələbat var. İntellektual media bu tələbatı qarşılayaraq cəmiyyətin strateji düşüncə bacarığını gücləndirir.

Bütün bunlar həm media sistemində, həm də cəmiyyətdə pozitiv elmi düşüncəyə arxalanmağı zəruri edir. İntellektual media və pozitiv elmi düşüncə məhz bu nöqtədə bir-birini tamamlayan iki mühüm dayağa çevrilir. İntellektual media - ənənəvi informasiya istehsalçısı deyil, ictimai şüurda bilik sistemləri yaradan, fərdlərin və kollektivin təhlil bacarıqlarını gücləndirən bir platformadır. Onun məzmununu yalnız pozitiv elmi düşüncə ilə yaratmaq mümkündür. Pozitiv elmi düşüncə - mühakimələrin şəxsi intuisiya və emosiyalardan deyil, sınaqdan keçmiş, ölçülə, yoxlanıla bilən biliklərdən qaynaqlandığı mühakimə sistemidir. İntellektual medianın bu düşüncə tərzini ictimai informasiya məkanında yayması - cəmiyyətin informasiya mədəniyyətini yüksəltməklə yanaşı, kritik təfəkkürün, rasional debatın və uzunmüddətli strateji yanaşmanın bərqərar olmasına da xidmət edir. Belə olan halda, intellektual media hadisələrin strukturunu və mümkün inkişaf trayektoriyasını analiz edən bir "düşüncə laboratoriyası"na çevrilir. Nəticədə media həm özü etibarlı informasiya institutu kimi formalaşır, həm də cəmiyyətin epistemoloji suverenliyinə zəmin yaradır.

Qlobal səviyyədə dominant informasiya mərkəzləri həqiqət yaymaqla məşğul olmurlar, daha çox faktları manipulyasiya edirlər. Heç bir azərbaycanlıya bunu sübut etməyə lüzum yoxdur. Belə bir şəraitdə bizim kimi cəmiyyətlərin öz düşüncə arxitekturasını qurmaqdan, informasiya təhlükəsizliyini təmin etməkdən və nəticədə epistemoloji suverenliyini qorumaqdan başqa yol qalmır. Bu yol həm də jurnalist olmayanların boynuna ən azı jurnalistlər qədər mənəvi borc qoyur.

Cəmiyyət qarşısında intellektual öhdəlik daşımaq - yəni həm ümumi, həm də savadlı auditoriyaya xitab etmək, konkret şəxsi maraqlardan kənar şəkildə yazmaq, ictimai məsələlər haqqında xalqla birbaşa ünsiyyət qurmaq, ideyalar yaymaq intellektual tipologiyanın əsas xüsusiyyətləridir. Cəmiyyətimizin həqiqətlə olan mürəkkəb və yeniləşmiş münasibətlərini ifadə etmək həm də fərqli şəxsiyyət modeli olaraq bu tipləri üzə çıxarır. Bir insanın öz laboratoriyasında və ya emalatxanasında ustad olması azdır, elm adamları, yazıçılar, incəsənət xadimləri, hüquqşünaslar və digər peşə sahibləri "ictimai intellektual" olmağı bacarmalıdırlar.

İctimai ziyalının nüfuzunu və gücünü onun həqiqətə, daha doğrusu, həqiqətsonrası çağda bərpa olunmuş həqiqətə sahib çıxmaq əzmi yaradır. Həqiqəti kim söyləyir? Sualı daha da inkişaf etdirək: həqiqəti kim daşıyır, kim kontekstləşdirir və kim sosial gerçəkliyə çevirir? Bu suala verilə biləcək müsbət cavabın içində yer almaq üçün mütləq siyasi hakimiyyəti, yaxud müxalifəti dəstəkləməyə gərək yoxdur. Plüralist cəmiyyətdə həqiqətə gedən yol heç zaman bir siyasi məhəllədən keçmir. Əsas şərt Azərbaycanı azərbaycanlı kimi düşünməkdir. 1992-ci ilin qarlı fevralında Xocalıda güllənən, əsir düşən, təcavüzə məruz qalan soydaşımızın harayı ilə Süni İntellektin yeni era yaratmaq ərəfəsində olduğu günümüzün çağırışı eyni deyil. Amma hər iki həyəcanı siqnal kimi yenidən eşitməliyik. Mülki əhalini təşviş içində Kəlbəcərdən təxliyə edən helikopterin səsini bir qulağımızdan çıxarmadan o biri qulağımızı Şuşada keçirilən Beynəlxalq Media Forumda səslənən datalaşma zərurətinə verməliyik. Azərbaycan müstəqillik tarixində iki gerçəklik yaşayıb. Həqiqətdən qorxduğumuz və həqiqətlə qürur duyduğumuz gerçəklik içində. Həqiqət də elə əslində, gerçəkliklər arasındakı fərqdir. Bu fərqi yaradan, ona yeni məzmun verən Prezident İlham Əliyevdir. İctimai intellektualın mənəvi borcu həqiqətin yanında olmaq deyil, onu daşımaqdır. Deməli, ictimai intellektual özü-özlüyündə abstrakt məfhum olan həqiqəti İlham Əliyevin fəaliyyətini əks etdirən informasiyaların məcmusu kimi ictimai rəyə daşıdığı qədər faydalıdır. Odur ki, intellektual medianın və milli fikir müəssisəsinin bir təmsilçisi olaraq çəkinmədən, qətiyyətlə və səmimiyyətlə deyirəm: Doğruları yazan, göstərən, danışan bizik!!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see697

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see168

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see134

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see122

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see121

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see120

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see120

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see119

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see118

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see117

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see117

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see117

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see116

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see114

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see112

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri