Icma.az
close
up
RU
Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil Çernobıl hadisələrinin iştirakçısı danışır...

Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil Çernobıl hadisələrinin iştirakçısı danışır...

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 aprel, Göyçək Mahmudlu, AZƏRTAC

Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil... Bəli, bura cənnət Şuşa deyildi, bura əsl cəhənnəmi xatırladırdı. Bura XX əsrin ən dəhşətli texnogen qəzasının baş verdiyi Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl ərazisi idi...

Bunu AZƏRTAC-a müsahibəsində 39 il əvvəl baş verən ötən əsrin ən müəmmalı faciəsinin ağır nəticələrinin aradan qaldırılmasında iştirak edən “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri, ikinci qrup Çernobıl əlili Mirhəsən Həsənov deyib.

O, fikirlərinə belə davam edib: "39 ildir həmin cümlə qulaqlarımda səslənir. O zaman 18 yaşım var idi, Kiveydə həqiqi hərbi xidmətə yollandığımdan heç bir ay keçməmişdi. Faciə baş verəndə bizi avtobuslara yığıb əraziyə apardılar. Maraq xatirinə pəncərənin pərdəsini çəkib ətrafa nəzər yetirdim. Gördüklərim məni dəhşətə gətirdi. Şəhər xarabalığı xatırladır, vahiməli vəziyyət hökm sürürdü. Dəhşət və təəccüb dolu baxışlarımı pəncərədən çəkə bilməsəm də, əslən rus olan komandirimin zəhmli səsi məni özümə qaytardı: "Həsənov, pəncərəni bağla. Bura sənin üçün Şuşa deyil". O, həqiqi hərbi xidməti Şuşada keçmişdi. Qarabağın incisinin cənnətə bənzər təbiətinə vaxtilə o da şahid olmuşdu...

Bir il altı ay ərzində mən Çernobıl qəzasının ləğvi və onun ağır nəticələrinin aradan qaldırılmasında iştirak etdim. Məndən başqa da burada xeyli azərbaycanlı var idi. 8 mindən çox azərbaycanlı öz sağlamlığını Çernobılda qoyub geri döndü... İndi onlardan cəmi 3800-ü həyatdadır...

Burada həqiqi hərbi xidmətdən qoşulanlarla yanaşı, hərbi toplanış adı ilə gətirilən ehtiyatda olan hərbi qulluqçular da var idi".

M.Həsənovun bildirib ki, qəzanın ləğvində iştirak edənlər əvvəlcə əhalinin təxliyəsi, o cümlədən Çernobıl AES-in dördüncü blokunda baş verən qəzanın ləğvinə yönəlsələr də, sonradan əraziyə kiminsə daxil olmasının qarşısını almaqdan ötrü Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda yaradılan "təcrid zonası"nda keşik çəkirmişlər: "Yadımdadır, yanğını söndürməyə və şüalanmanı dayandırmağa cəhd edən ordu qüvvələri, radiasiya fonunu ölçən maşınlar, səmadan xüsusi maddə səpən helikopterlər... Şəhərin havası çox ağır, vəziyyət isə olduqca qarışıq idi. Üçüncü blokun üzərinə çıxır, 3 dəqiqə ərzində üzərimizə düşəni yerinə yetirir və dərhal ərazidən uzaqlaşırdıq. Çünki şüalanma o qədər çox idi ki, üç dəqiqədən artıq qalmaq bizim üçün həyati risk demək idi. Çernobıl AES-in dördüncü blokunda baş verən qəzanın ləğvi yalnız elə həmin ilin payızında, yəni 1986-cı il noyabrın 30-da tam mümkün oldu.

Bizə tapşırıq verilmişdi ki, əhalini təxliyə edəndən sonra evlərdəki əşyaları, qapı-bacanı sındırmaq lazımdır. Çünki fəlakətin miqyasını dərk etməyən sakinlər gizli yollarla evlərinə dönməyə, oradan müxtəlif əşyalar götürməyə cəhd edə bilərdi ki, bu da çox təhlükəli idi. Artıq bütün əşyalar radiasiyaya məruz qalmışdı. Ən maraqlısı odur ki, əhali qısa müddətdə ərazidən çıxarılsa da, qəzanın ləğvində iştirak edən 650 min nəfərin həyatı gözardı edilirdi. Biz sanki laboratoriya təcrübəsi üçün mənbəyə çevrilmişdik.

Hadisənin ləğvində iştirak edənlərə bir müddətdən sonra qorxulu məlumatlarla dolu broşürlər paylandı. Orada radiasiya şüalarının fəsadlarından, gələcəkdə bizi nələrin gözlədiyindən bəhs edilirdi.

Əvvəllər biz səhhətimizdə baş verən dəyişiklikləri hiss etməsək də, çox keçmədən artıq güclü şüalanmanın nəticələri üzə çıxırdı. Şüalanma çoxumuza nəinki fiziki, hətta mənəvi cəhətdən də təsir etmişdi. O zaman bizimlə xidmət edən nə qədər hərbi qulluqçu psixoloji sarsıntı səbəbindən intihar etdi. Broşürlərdəki məlumatlar getdikcə əksini tapırdı. Tez-tez qan analizləri götürülür, nəticələri yoxlanılırdı. Elə hərbçi yoldaşlarımız var idi ki, onları analizin nəticələri çıxandan sonra aparırdılar və bir daha həmin şəxslərdən xəbər ala bilmirdik.

Qısa müddətdən sonra mənim də səhhətimdə ciddi problemlər yaranmağa başlamışdı. Tibbi müayinə nəticəsində hərbi xidmətə yararsız kimi tərxis olunmağımı məsləhət görsələr də, buna ciddi etiraz etdim. Sözün əsl mənasında dişimi sıxaraq xidməti son gününə kimi davam etdirdim. Bir azərbaycanlı olaraq hərbi xidmətə yararsız kimi tərxis olunmağı özümə yaraşdırmırdım. Çünki mən bir gənc kimi ölkəmi təmsil edirdim..."

Təşkilat sədrinin sözlərinə görə, Çernobıl hadisələri, onun nəticələri barədə məlumatlar o qədər gizlin saxlanılırdı ki, qəzanın ləğvində iştirak edənlərin sağlamlıq problemləri nəzərə alınmırdı. Yoxlanışdan keçənləri "sağlamlığı qənaətbəxşdir" diaqnozu ilə yola salırdılar. Çoxsaylı etirazlardan sonra 1990-cı ildə Çernobıl qəzasının ləğvində iştirak edənlərə dair qərar qəbul olundu. 1993-cü ilə qədər onlara hər il bir il müddətinə əlillik dərəcələri verilirdi. Çernobıl əlillərinin hüquqları 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bərpa olundu. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edildi. Həmin Qanunun qəbulu ilə Çernobıl əlillərinin ən böyük problemi həll olundu. Belə ki, qanunda Çernobılçılara ömürlük əlillik dərəcəsinin müəyyənləşdirilməsi konkret olaraq əksini tapdı. Ulu Öndər tərəfindən əsası qoyulan həmin siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə son dörd il ərzində 448 Çernobıl əlili mənzillə təmin olunub. Dövlətimiz tərəfindən onlara pensiya və mənzil təminatı, Prezident təqaüdünün təyini aparılıb, digər sosial hüquqlarının qorunması istiqamətində çox vacib addımlar atılıb və bu gün də davam etdirilir.

"Çox təəssüf ki, Çernobıl əlilləri şüalanmanın mənfi təsirlərini ömürlərinin sonuna kimi daşımağa məcbur oldular. İştirakçıların çoxunda bədxassəli şişlər, qan xəstəlikləri meydana gəldi, bəziləri hadisədən bir neçə il sonra dünyasını dəyişdi. Əfsuslar olsun ki, onların sağlamlıq problemləri özləri ilə yekunlaşmadı. Çernobılçıların sonradan dünyaya gələn övladları da həmin dəhşətli faciənin əzablarını daşımağa düçar oldular. Xeyli sayda uşaqlar tələf oldu, bəziləri, müəyyən yaş həddinə çatanda bədxassəli şişlərdən dünyasını dəyişdi, yaşayanların əksəriyyətinin isə müxtəlif dərəcəli əlillik dərəcələri var. Bəzi Çernobılçılar övadlarının əlil doğulma ehtimalına, bəziləri isə psixoloji olaraq özlərini lazımsız hiss etdiklərinə görə ailə həyatı qurmadı, təkliyə qapandılar.

Güclü radiasiyanın təsirindən məndə də şiş xəstəliyi yarandı. Belə ki, qalxanabənzər vəzinin şişinə görə cərrahi əməliyyat olundum. Lakin heç bir fəsad, heç bir xəstəlik bizim içimizdəki qürurdan üstün olmadı. Biz bəşəriyyətin xilası üçün özümüzü qurban vermişik. Faciənin hər ildönümündə, Çernobıl hadisələri hər yada düşdükcə adımız bilinməsə də, minlərlə iştirakçı arasında azərbaycanlı Çernobılçılar kimi xatırlanacağıq. Onu da qeyd edim ki, uzun illərdən sonra mənim Çernobıla səyahət etmək imkanım oldu. Çernobıl AES-in üçüncü blokunun bağlanış mərasimində iştirak edərkən 1986-cı ildə yaşadıqlarım gözlərimin önündən film kadrları kimi keçdi. Çünki orada heç nə dəyişilməmişdi, yüksək radiasiya fonu da, ölü sükutun hökm sürdüyü, tərk edilmiş və xarabalığa bənzəyən şəhər də olduğu kimi qalmışdı... " - deyə M.Həsənov fikirlərinə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Manatla bağlı acınacaqlı vəziyyət Bahalaşma qapıda…

25 Aprel 2025 06:30see137

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see129

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see128

CapCut un rəqibi var

25 Aprel 2025 04:01see126

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see124

Bavariya Qalatasaray dan aldığı futbolçunu satacaq

25 Aprel 2025 01:00see121

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see119

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see118

“Bakı Abadlıq Xidməti” rəhbəri və müavini şəhid övladını belə incidir

25 Aprel 2025 10:12see118

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see117

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

25 Aprel 2025 09:46see116

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see113

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see113

Tanınmış blogerin həri si olub

24 Aprel 2025 22:54see112

Qlobal tədqiqat ağrı üçün ən effektiv müalicə yanaşmalarını açıqlayır

25 Aprel 2025 03:21see109

Zəlzələni öncədən bilmək olar Android telefonlarda var, qurmaq lazımdır

25 Aprel 2025 12:14see109

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20% dən çox artıb

25 Aprel 2025 16:37see109

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

24 Aprel 2025 19:11see109

Gəncədə motosiklet maşınla toqquşub, xəsarət alan var

25 Aprel 2025 11:49see109

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

25 Aprel 2025 19:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri