Icma.az
close
up
RU
Həyat bəxş edən qərar

Həyat bəxş edən qərar

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Orqan donorluğu haqqında bilmədiklərimiz...

Azərbaycanda proses necə həyata keçirilir?

Bəzən bir insanın həyatı başa çatarkən başqa bir insan üçün həyat yenidən başlayır. Bir ailənin yaşadığı ən ağır itki başqa bir ailənin illərlə gözlədiyi möcüzəyə çevrilə bilir. Müasir tibbin ən böyük nailiyyətlərindən biri hesab olunan orqan transplantasiyası ağır xəstəliklərdən əziyyət çəkən, həyatını yalnız donor orqanına bağlayan insanlar üçün yeni ümid qapısı açır. Lakin bu proses təkcə tibbi əməliyyat deyil. Burada insanın iradəsi, ailənin qərarı, həkimlərin məsuliyyəti, hüquqi normalar, etik prinsiplər və cəmiyyətin məlumatlılığı bir nöqtədə birləşir.

Azərbaycanda son illər orqan donorluğu və transplantasiya sahəsində mühüm dəyişikliklər baş verib. Bu istiqamətdə vahid sistemin formalaşdırılması, donor və resipiyentlərin qeydiyyatı, gözləmə siyahılarının yaradılması və transplantasiya prosesinin koordinasiyası üçün Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəz 2022-ci ildə yaradılıb. Hazırda ölkədə donor orqanına ehtiyacı olan şəxslərin gözləmə siyahısının formalaşdırılması, uyğun donorun müəyyənləşdirilməsi və transplantasiya proseslərinin əlaqələndirilməsi kimi mühüm funksiyaları həyata keçirir.

Bir donor - bir neçə həyata ümid

Orqan donorluğu deyəndə, ilk növbədə, ölümündən sonra orqanların bağışlanması təsəvvür edilir. Lakin donorluğun canlı donorla bağlı forması da mövcuddur. Xüsusilə, böyrək və qaraciyərin müəyyən hissəsinin transplantasiyası kimi hallarda canlı şəxslər donor ola bilirlər. Bununla belə, bu proses sadə qərardan ibarət deyil və ciddi tibbi, hüquqi və etik yoxlamalardan keçir.

Azərbaycanda canlı donor məsələsində yaxın qohumluq mühüm meyarlardan biridir. Ata, ana, bacı, qardaş, ər, arvad, baba, nənə, nəvə və övlad yaxın qohumlar sırasında göstərilir. Donor və resipiyentin sənədləri hazırlanır, tibbi müayinələr aparılır və uyğunluq müəyyənləşdirilir. Yaxın qohum olmayan şəxsin donor olmaq istəməsi halında isə məsələ Etika Komissiyasının müzakirəsinə təqdim edilir və qərar həmin komissiyanın səlahiyyətində olur.

Burada əsas məqsədlərdən biri orqan donorluğunun könüllülük prinsipinə əsaslanmasını təmin etmək və insan orqanlarının alverinin qarşısını almaqdır. Məhz buna görə canlı donorlarla bağlı prosesdə tibbi yoxlama ilə yanaşı, hüquqi və etik nəzarət mexanizmləri də tətbiq edilir.

Ölümdən sonra donor olmaq necə mümkündür?

İnsan sağlığında ölümündən sonra orqanlarını bağışlamaq qərarına gəlibsə, bunu rəsmiləşdirə bilər. Hazırda bunun üçün iki əsas yol var. Şəxs Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə (ODTKM) müraciət edərək təsdiqlənmiş ərizə formasını doldura bilər. Bundan başqa, elektron qaydada da donor kimi qeydiyyatdan keçmək mümkündür. Səhiyyə Nazirliyinin məlumatına görə, donor olmaq istəyən şəxslər ODTKM-nin rəsmi internet səhifəsində “Donor ol” bölməsindən elektron formanı doldura bilirlər.

Daha bir mühüm məqam isə ondan ibarətdir ki, insan verdiyi qərardan sonradan imtina edə bilər. Yəni donor olmaq barədə razılıq ömürlük məcburiyyət yaratmır. Şəxs öz qərarını dəyişdiyi halda razılığını geri götürə bilər.

Əgər şəxs sağlığında donor olmaq barədə rəsmi yazılı razılıq veribsə, onun ölümündən sonra ailənin əlavə razılığı tələb olunmur. Əgər belə bir irad bildirilməyibsə, qanunvericiliyə uyğun olaraq yaxınlarının yazılı razılığı məsələsi gündəmə gəlir.

Beyin ölümü nədir və niyə vacibdir?

Orqan transplantasiyası ilə bağlı cəmiyyətdə ən çox yanlış anlaşılmalardan biri “beyin ölümü” anlayışı ilə bağlıdır. Beyin ölümü insanın beyninin, o cümlədən beyin kötüyünün bütün funksiyalarının tam və geridönməz şəkildə dayanması deməkdir. Bu vəziyyət tibbi və hüquqi baxımdan ölüm kimi qəbul edilir. Lakin süni tənəffüs və digər tibbi vasitələrin köməyi ilə ürək döyüntüsü və qan dövranı müəyyən müddət davam edə bildiyindən orqanların transplantasiya üçün yararlı vəziyyətdə saxlanılması mümkün olur.

Başqa sözlə, burada söhbət komada olan və ya ağır vəziyyətdə yaşayan xəstədən getmir. Beyin ölümü geridönməz haldır və onun müəyyənləşdirilməsi xüsusi tibbi prosedurlarla həyata keçirilir.

Bu səbəbdən reanimasiya şöbələrinin və intensiv terapiya komandalarının rolu olduqca böyükdür. Məhz burada potensial donorun vəziyyəti qiymətləndirilir, beyin ölümü diaqnozu təsdiqlənir və bundan sonra transplantasiya prosesi üzrə aidiyyəti qurum məlumatlandırılır.

Azərbaycan səhiyyəsində tarixi dönüş

2025-ci il Azərbaycan transplantasiya tarixində xüsusi yer tutur. Oktyabrın 31-də ölkədə və Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyinin transplantasiyası həyata keçirilib. Beyin ölümü diaqnozu təsdiqlənən şəxsin ailəsi orqanların bağışlanmasına razılıq verib və donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

Bu hadisə yalnız bir tibbi əməliyyat kimi qiymətləndirilə bilməz. Çünki burada transplantasiya imkanlarının genişlənməsi ilə yanaşı, cəmiyyətin orqan donorluğuna münasibətində də yeni mərhələnin başlanğıcı görünür.

Anonimlik qorunur

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən transplantoloq-cərrah Bəxtiyar Şəfiyev orqan donorluğunun yalnız tibbi məsələ olmadığını, eyni zamanda böyük humanist məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, ölümündən sonra donor olmaq istəyən şəxslərin müraciətlərinin artması cəmiyyətin mövzuya münasibətinin dəyişdiyini göstərir: “Əvvəllər bu müraciətlər az olsa da, insanların məlumatlandırılması ilə donor olmaq istəyənlərin sayı artmağa başlayıb. Orqan donorluğuna münasibətin dəyişməsi üçün ən vacib amillərdən biri düzgün maarifləndirmədir. İnsan bilməlidir ki, donor orqanının kimə veriləcəyini şəxsi münasibətlər deyil, müəyyən edilmiş tibbi meyarlar və vahid informasiya sistemi müəyyən edir.

Orqan transplantasiyası prosesində anonimlik qorunur və donorla resipiyent arasında məlumatların məxfiliyi əsas prinsiplərdən biridir”.

Donor orqanı kimə çatır?

B.Şəfiyevin sözlərinə görə, ictimaiyyət arasında bəzən belə fikir yaranır ki, donor orqanı kiminsə şəxsi qərarı ilə müəyyən xəstəyə verilə bilər: “Əslində isə sistem bunun qarşısını almaq üçün vahid mexanizm əsasında qurulub.

Meyit donorundan götürülən orqanların hansı resipiyentə köçürüləcəyi vahid informasiya sistemi vasitəsilə müəyyən edilir. Burada qan qrupu, toxuma uyğunluğu, xəstənin tibbi vəziyyəti, orqana ehtiyac səviyyəsi və gözləmə siyahısındakı digər meyarlar nəzərə alınır. Sistem uyğun xəstələri tibbi göstəricilər əsasında sıralayır. Bu mexanizmin əsas məqsədi donor orqanlarının bölüşdürülməsində şəffaflığı və ədalətliliyi təmin etməkdir.

Ən böyük maneə - məlumatsızlıq

Transplantoloq qeyd edib ki, orqan donorluğunun qarşısında yalnız tibbi çətinliklər dayanmır. Bəzən ən böyük maneə cəmiyyətin mövzu haqqında kifayət qədər məlumatlı olmamasıdır: “İnsanlar beyin ölümü ilə koma arasındakı fərqi bilməyə, donor orqanlarının kimə verildiyini, prosesin necə idarə olunduğunu və hüquqi təminatların nədən ibarət olduğunu anlamaya bilərlər. Buna görə də maarifləndirmə transplantasiya sisteminin vacib istiqamətlərindən biridir. İnsanlar bəzən donor olmaqla bağlı qərarın tibbi prosesdə necə aparılmasından tutmuş, ölümün müəyyənləşdirilməsinə qədər müxtəlif mərhələləri tam bilmirlər. Halbuki orqan transplantasiyasında hər bir mərhələ ciddi tibbi protokollar əsasında həyata keçirilir. Xüsusilə, vəfat etmiş şəxsdən orqan götürülməsi məsələsində ölüm faktı müvafiq tibbi meyarlar əsasında müəyyən edilməli və transplantasiya prosesində iştirak edən mütəxəssislər tərəfindən bütün prosedurlar dəqiq şəkildə icra olunmalıdır.

Canlı donor məsələsində isə donorun sağlamlığı birinci planda dayanır. Donor hərtərəfli tibbi müayinədən keçirilir, onun orqanizm üçün riskləri qiymətləndirilir və yalnız tibbi baxımdan mümkün olduğu halda prosesə yol verilir. Donorun qərarı könüllü olmalı, heç bir təzyiq və ya maddi maraqla bağlı olmamalıdır”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see396

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see270

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see260

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see258

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see251

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see243

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see239

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see235

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see234

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see233

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see231

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see228

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see225

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see225

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see211

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see208

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see208

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see190

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see185

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri