Icma.az
close
up
RU
Heydər Əliyev elə etdi ki, Azərbaycanda bircə nəfər də dissident peyda olmadı

Heydər Əliyev elə etdi ki, Azərbaycanda bircə nəfər də dissident peyda olmadı

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

Mart ayından başlayaraq başlayaraq söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - Siz 5 avqust 1969-cu ilədək Heydər Əliyevi tanıyırdınızmı?

Maqsud İbrahimbəyov - Bəli, şəxsən tanış idik. Təsəvvür edin ki, biz ilk dəfə restoranda qarşılaşmışıq. O zaman Heydər Əliyev hələ DTK sədri idi və bir neçə nəfəri dəvət etmişdi. Masa arxasındakılardan yalnız Tahir Salahov yadımdadır. Restorana gedəndə artıq Heydər Əliyevin kim olduğunu bilirdim. Bu, ucaboy bir azərbaycanlı idi, özü də əfsanələr dolaşırdı ki, o, qoltuğunun altında tapança gəzdirir. Heydər Əliyev zövqlə tikilmiş qəhvəyi kostyumda idi. Zahirən çox xoş təsir bağışlayırdı.

Bu adamla bağlı yaddaşımda ömürlük qalan nədir? Heydər Əliyevin öz müsahibinə, onun danışdıqlarına səmimi marağı. O, çox gülürdü, özü də Heydər Əliyevi güldürən lətifələr DTK sədrinin qulağı üçün deyildi. O, dostyana ünsiyyətdən həzz alırdı. Heydər Əliyev belə idi. Yeri gəlmişkən, o, elə uzun illər keçəndən sonra da dəyişmədi.

E.A. - O zaman sizin neçə yaşınız vardı?

M.İ. - Mən gənc idim. Yeri gəlmişkən, yaş məsələsi ilə bağlı bir şeyi də deyim: o, Naxçıvandan Bakıya qayıdanda 70 yaşı vardı. Yetmiş yaşlı bu adam, Gəncəyə, qiyamın içərisinə getdi ki, o yaramazları sakitləşdirsin. Onlar hamısı Heydər Əliyevin qarşısında mil dayanmışdılar.

Mən Kremldə də onun yanında olmuşam, Naxçıvanda da. Pəncərədən o tərəfdə baş verənləri nəzərə almasaq, eyni adam idi, yəni o, dəyişməmişdi, Naxçıvanda da özünü Kremldəki kimi aparırdı. Naxçıvanda onunla işləyənlər Moskva məmurlarından yalnız simaca fərqlənirdilər - Naxçıvanda azərbaycanlılar idi, lakin Kremldə olduğu kimi, bu adamların da hamısı ütülü köynək geyinir, qalstuk bağlayırdı, burada da eyni intizam vardı. Buna onun necə nail olduğunu bilmirəm.

Mən Naxçıvanda olarkən Azərbaycanı tərk edən iki rusiyalı general onun yanına gəldi. Heydər Əliyev onlara dedi:

- Yeri gəlmişkən, sizdə yüzdən artıq yük maşını var. Onları neyləyəcəksiniz?

- Aparacağıq, Heydər Əliyeviç.

Özü də söhbət belə gedir: Heydər Əliyev əyləşib, mən əyləşmişəm, iki general isə ayaq üstə dayanıb. O, generallara əyləşməyi heç təklif də etmədi.

- Onlar sizin nəyinizə lazımdır? Köhnə yük maşınlarını Rusiya neynir axı? Bizə isə onlar çox lazımdır. Özünüz görürsünüz, burada demək olar ki, heç bir texnika yoxdur. Yük maşınlarını qoyun Naxçıvanda qalsın.  

- Baş üstə, - dedilər.

Heydər Əliyev belə adam idi. Harada olmasından asılı olmayaraq, ondan hakimiyyət impulsları gəlirdi. O, sanki hakimiyyət üçün doğulmuşdu.

Axı bu adamlar Rusiya ordusunun nümayəndələri idi, amma Heydər Əliyevə tabe oldular. Ona görə yox ki, ondan qorxurdular. Ona görə ki, hörmət edirdilər. Onun buna xüsusi cəhd göstərməsinə ehtiyac qalmadı, sadəcə xahiş etməsi kifayət idi...

E.A. - Yeri gəlmişkən, DTK sədrinin respublikaya birinci katib təyin olunması Azərbaycan ziyalıları üçün gözlənilməz olmadı ki?

M.İ. - Oldu, bu, heç kimin gözləmədiyi xəbər idi. Ancaq şok doğurmadı.

E.A. - Siz necə fikirləşirsiniz, onun respublikaya rəhbər qoyulmasının əsas səbəbi nədir? Bu işdə əsas rolu nə oynayıb?

M.İ. - O, şəxsiyyət idi.

E.A. - Həmin vaxt Azərbaycanda nə baş verirdi?

M.İ. - Əvvəla, yuxarı dairələrdə bir-birinin "ətini yeyirdilər". Mən bunun şahidiyəm. Axundovun heç bir sözü keçmirdi. İsgəndərov yekəxanalıqla deyirdi: "Mən isə hesab edirəm ki, belə olmalıdır". Əlixanov da öz tərəfinə çəkirdi. Onlar açıq-açığına Axundova zidd gedirdilər. Onun isə bu təzyiqə müqavimət göstərməyə gücü çatmırdı. Ancaq bu, "Axundov niyə vəzifədən getdi" sualına cavabdır.

E.A. - Bəs nə üçün seçim Heydər Əliyevin üzərinə düşdü?

M.İ. - Mən belə düşünürəm ki, SSRİ imperiya idi, Azərbaycan isə onun bir hissəsi. Həm də qeyd edək ki, bərabərhüquqlu hissəsi. Ona görə də imperiya rəhbərliyi, əlbəttə ki, respublikanı əsl rəhbərin idarə etməsində maraqlı idi.

E.A. - Hər şey bir yana, bəs onlar respublikada millətçiliyin baş qaldıracağından narahat deyildilər?

M.İ. - O zaman SSRİ o qədər güclü idi ki, belə fikirlər heç kəsin ağlına da gəlmirdi. Heydər Əliyev hamıda çox güclü təəssürat oyadırdı. İkincisi, o, tamamilə dürüst adam idi və Moskvada bunu bilirdilər. İnanırdılar ki, o, heç vaxt xoşagəlməz işlərlə məşğul olmaz, o, iradəli şəxsiyyətdir, dövlət idarəetmə strukturuna daxildən bələddir. Ümumiyyətlə, onunla söhbətdən sonra hər kəsdə belə bir təəssürat oyanırdı ki, bu insan hər şeydən xəbərdardır.

Buna görə də onun DTK sədri olması onun birinci katib təyin olunmasına həlledici təsir göstərə bilməzdi.

E.A. - Buna qədər belə bir presedent olmamışdı...

M.İ. - Buna qədər heç Heydər Əliyev də olmamışdı. Əsas o idi ki, Əliyev kommunist idi və onlar bilirdilər ki, bu adam, onların təsəvvüründəki kimi, əsl kommunist idi.

Heydər Əliyev ilk dəfə avqust plenumunda çıxış edəndə, mən Siyasi Maarif evində mərkəzi radio və televiziyanın xüsusi müxbiri kimi iştirak edirdim. Zal ağzınadək dolu idi.

Plenumda çıxışı zamanı o, elə məqamlara toxundu ki, əvvəllər bu barədə pıçıltı ilə yalnız mətbəxlərdə danışırdılar. Zaldakılar özlərini itirmişdilər. Respublikanın rəhbəri çıxışında, hamının yaralı yeri olan məsələlərdən danışaraq, cəmiyyətin həyatındakı çatışmazlıqları açıq-açığına tənqidə məruz qoydu. O vaxtlar, həqiqətən də, korrupsiya respublikanı dəhşətli vəziyyətə salmışdı.

O, bir çox mafiozların ipini yığsa da, elə şeylər var ki, onların qarşısında Heydər Əliyev də, Yuli Sezar da, Napoleon da acizdirlər...

E.A. - Heydər Əliyevin gəlişi ilə ədəbiyyatda, ümumiyyətlə mədəniyyətdə nə baş verdi?

M.İ. - Liberal adam olan Vəli Axundovun dövründə senzura tüğyan eləyirdi. Bir pyesdə əlli düzəliş etməyincə səhnəyə yol tapmaq mümkün deyildi. Bir dəfə teatra zərərsiz-ziyansız "Gecəyarısı kim gələcək" pyesimi gətirmişdim, mənə dedilər: "Bilirsiniz, pyesinizi nəzərdən keçirtdik, burada filan şey əlavə edilməli, filan şey də çıxarılmalıdır". Mən əvvəl üzüyolalıqla hər şeyi cızıb qaralayırdım, axır-axırda: "Dayanın, - dedim. - Siz neyləyirsiniz?" Sonralar bütün pozulanları səhnədə bərpa etdik. Hər hansı əsərini Moskvada çap etdirməyincə Azərbaycanda üzə çıxarmaq müşkül olurdu. Heydər Əliyev isə dahi insan idi. O, elə etdi ki, Azərbaycanda bircə nəfər də dissident peyda olmadı.

E.A. - Bunu nə ilə izah eləmək olar?

M.İ. - Ağılla. Onun ağlı ilə. O dedi: - Uşaqlar, çap olunmaq istəyirsiniz, buyurun. Heydər Əliyev Rüstəmlə məni qəbuluna çağırdı. Mən o vaxt Moskvadaydım və Bakıya gəlməyə qorxurdum.

E.A. - Bu, ideoloji məsələlərlə bağlı oktyabr plenumundan sonra olmuşdu? O zaman Heydər Əliyev demişdi ki, Maqsud İbrahimbəyov "Günlərin bir günündə" adlı hekayəsində namuslu rəhbər işçilərin üstünə kölgə salmağa cəhd göstərmişdir".

M.İ. - Mən cəhd göstərməmiş, elə həqiqətən də kölgə salmışdım.

E.A. - Bunun sizin üçün hansısa mənfi nəticələri oldumu?

M.İ. - Oldu... İş ondadır ki, Danil Quliyev "Malıy teatr"a, "Molodaya qvardiya", "Sovetski pisatel" nəşriyyatına, daha harasa məktub yazmışdı, üst-üstə altı məktub. Yazmışdı ki, bizdə təxribatçılıq fəaliyyətilə məşğul olan antisovetçi Maqsud İbrahimbəyov var, siz isə orada onu təbliğ edirsiniz. Yadımdadır, "Molodaya qvardiya"dan Qaniçev ona cavab vermişdi: "Hörmətli Danil Quliyev, biz nədən söhbət getdiyini bilmirik, amma İbrahimbəyovun "Molodaya qvardiya"ya təqdim olunmuş əsərlərində sizin yazdıqlarınızdan əsər-əlamət də yoxdur". Və "Malıy teatr"dan Saryov da cavab vermişdi ki, hazırda üzərində işlədikləri pyesdə heç bir ziyanlı fikir onların gözünə dəyməyib. Amma pyesi saxladılar. Tamaşaya sonralar qoydular.

"Sovetski pisatel"də də kitabımın nəşri dayandırıldı.

Onda Heydər Əliyevə teleqram göndərdim. Teleqramın məğzi ondan ibarət idi ki, bizə yaşamağa və işləməyə imkan yaradın, məmurlarınızın hədsiz canfəşanlıq etməsinə imkan verməyin. Az sonra mənə Moskvaya zəng vurub dedilər ki, Azərbaycana gəlim, Birinci bizimlə söhbət etmək istəyir... Rüstəmlə mən Heydər Əliyevin yanına axşam saat səkkizdə gəldik, onun yanından isə on ikinin yarısında çıxdıq. Özü də onun işlərinin aşıb-daşdığı zaman. Söhbətləşdik, danışdıq. Özümüzdən yox. Bildiyimiz nə vardısa, ona söyləyirdik, o da cavab olaraq planlarını bizimlə bölüşür, nə qədər zir-zibili kürüyüb atmalı olduğunu dilə gətirirdi. Axırda mənə dedi: "Bilirsən, mən sənin povestlərini oxumamışam. Mənə elə sizin yazıçılarınız əsəri altından cızıqlanmış yerlərlə gətirib vermişdilər". Hekayəm haqqında isə Dövlət Televiziya və Radio Verilişlərı Komitəsinin sədri onun "qulağını doldurmuşdu". Mən sədri hekayədə "Qurban dayday" adlandırmışdım. Bir il sonra Heydər Əliyev özü də onu belə çağırırdı... "Bütün bunlar, - dedi, - yəni Moskvada oturub qalmağın, nədənsə qorxmağın düzgün deyil. Gəlin, qayıdın, sizinçün əlimizdən gələni eləyərik, işləyin ürəyinizcə". Bax belə...

E.A. - Deməli, dissident axtarışında onun ətrafında mühiti gərginləşdirməyə çalışanlar həmin bu "xeyirxahlar" imiş?

M.İ. - Axı elə Yazıçılar İttifaqının özündə də xəbis, paxıl adamlar az deyildi. Onlar ona (Heydər Əliyevə - E.A.) hekayələrimizi aparır, haqqımızda qulağına hansısa iyrənc uydurmaları pıçıldayırdılar. Nəbi Xəzri "Ondan yaxşı qardaş yox idi" povesti haqqında Bakı şəhər partiya komitəsi plenumunda çıxış edərək demişdi ki, bizim öz Soljenitsınımız - Maqsud İbrahimbəyov var, o, sevimli vətənimizi ləkələyir. Başqa bir nəfər, o da yazıçı idi, Heydər Əliyevin yanına gedə bilirdi, hansısa əsərimi ona aparıb demişdi: "Bir baxın görün bu yaramaz nələr yazır!" Bütün bunları Heydər Əliyev o axşam görüşündə danışdı. "Gəlin, işləyin. Problem ortaya çıxarsa, zəng vurun". Beləliklə, o, ətrafımızda gedən fitnə-fəsadlara bir yağlı nöqtə qoydu.

E.A. - Bəs o sizə demədi ki, elə yox, belə yazın? Tövsiyə vermədi?

M.İ. - Heydər Əliyev ömründə belə söz deməzdi. Bu, onun üslubu deyildi. O, mətləbdən danışırdı. Bu söhbət mənim teleqramımdan sonra olmuşdu. Rüstəmə qarşı təqiblər az idi, əsasən də filmə görə.

E.A. - Yenə də düşünürəm ki, plenumlarda o, çox şeyi mərkəzi nəzərə alaraq danışıb. Axı ikili standart var idi, sonradan bu barədə bizə özü demişdi.

M.İ. - Bu, qismən doğrudur. O, fəaliyyətini ortaya qoymalı və bu fəaliyyət də ona təqdim olunanlara əsaslanırdı. Heydər Əliyev ədəbiyyat tənqidçisi deyildi axı. Bir məqam var ki, onu deməyə bilmərəm. Moskvada ideoloji vəziyyət Azərbaycanda və ya başqa yerdə olduğundan qat-qat yaxşı idi. Orada daha çox azadlıq və sərbəstlik vardı. Həm Əliyevdən əvvəl, həm də Əliyev dövründə. Moskvada yazılan bir çox şeylər burada qiyama, üsyana çağırış kimi sayılırdı.

E.A. - Amma həmkarlarınız - Anar, Vaqif Səmədoğlu, əksinə, deyirdilər ki, burada Moskvadan yaxşı idi. Çox şeylər əvvəlcə burada, sonra isə Moskvada çap olunurdu.

M.İ. - Əvvəla, o zaman təhkimçilik mövcud idi. Bu, ondan ibarət idi ki, bir adam Moskvada nəşr olunmazdan əvvəl burada çap olunmalı idi. Mənimlə bağlı məsələ başqa idi, mən rusca yazırdım. Azərbaycan dilində yazanlar isə əvvəlcə Bakıda nəşr olunmalı idilər. Bakıda nəşr olunana qədər heç bir mərkəzi nəşriyyat əsəri çap etməzdi.

Heydər Əliyev öz təkrarsız, orijinal "oyununu" aparırdı. O, heç kimi təqlid etmirdi. Heydər Əliyevin sayəsində yenidənqurmadan sonra Azərbaycanda, ideologiya sahəsində bunca ağrılı, kəskin keçid baş vermədi. Çünki onun vaxtında hər şeyə icazə verilmişdi. Siz mənə heç bir adamın adını çəkə bilməzsiniz ki, şeirdə, yaxud nəsrdə yol verdiyi hansısa sərbəstliyə görə təqiblərə məruz qaldığını deyə bilsin. Heydər Əliyev ədəbiyyat və incəsənət xadimlərinə misilsiz hörmət nümayiş etdirdi və biz buna görə ona minnətdar olmalıyıq.

90-cı illərin ortalarında Moskvada Sütunlu salonda Füzulinin yubileyi qeyd ediləndə o mənə dedi: "Mən yazıçılar üçün ordenlər "qoparırdım", onlara fəxri adlar verirdim. Sən elə bilirsən, onların bəzilərinin bu mükafatlara tam halalca layiq olmadıqlarını anlamırdım? Amma yenə də mən bunları ürəklə verirdim ki, onlarda (yəni "bəziləri"ndə - E.A.) ləyaqətlilik nəşət tapsın..." O, yaradıcı işlə məşğul olanların hamısına həmişə ardıcıl diqqət nümayiş etdirirdi...

E.A - Bəlkə mədəniyyət xadimlərinə Heydər Əliyevin münasibəti - öz həyatında realizə edə bilmədiklərinin əks-sədasıdır?

M.İ. - Ola bilər. Sənə bir maraqlı epizod danışım. Bilirsən ki, Heydər Əliyev rayonlara gedəndə özü ilə yazıçıları da aparardı. Bir dəfə məni də belə səfərə aparmışdı. Bərdəyə gedirdik. Cəmisi üç vaqon idi. Birinci vaqonda o özü və ikinci katib, ya Puqaçov, ya da başqa kimsə, ikinci vaqonda MK-nın ideologiya, kənd təsərrüfatı üzrə katibləri, DTK-nın sədri, daxili işlər naziri, yerli "Aeroflot"un rəhbəri Nuru Əliyev, yazıçı İmran Qasımov və mən idik. Üçüncü vaqonda isə jurnalistlər gedirdi. Yolda Azərbaycanın Lenin ordeni ilə təltif edilməsi münasibətilə "kiçik banket" təşkil etdik. Heydər Əliyevlə ikinci katib bizimlə deyildilər, qonaqlıqda təkcə ikinci vaqonun sakinləri idi.

MK katibi ayağa qalxıb dedi ki, müharibə vaxtı neftin 80 faizə qədərini Azərbaycan verirdi, bunun hesabına Sovet İttifaqı Hitler Almaniyası üzərində qələbə çaldı. Ona görə də respublikamız yüksək dövlət mükafatına layiq görülüb. Sonra DTK-nın sədri, daxili işlər naziri çıxış etdilər və hamısı da demək olar ki, eyni sözü dedilər.

Növbə mənə çatdı. Mən özümdən əvvəl çıxış edənlərlə razı olduğumu bildirdim, ancaq əlavə etdim: "Əgər Allah eləməsin, bir də müharibə olsa, gərək Azərbaycanı düşmənə təslim edək. Çünki almanlara təslim olan şəhərlər Qəhrəman Şəhər adı aldılar, bizə isə Lenin ordeni verdilər". Bu sözlərdən sonra həmsöhbətlərimin qanı qaraldı. Bir dəqiqəlik sükutdan sonra bir-birinin ardınca "gəmini tərk etməyə" başladılar. MK-nın kənd təsərrüfatı üzrə katibi dedi ki, "mənim işim var" və öz kupesinə keçdi, daxili işlər naziri də kənarlaşdı, bir sözlə, hamı qaçıb getdi. İmran Qasımovla Nuru Əliyev qaldı. Yeri gəlmişkən, mənimlə yeganə razılaşan da Nuru Əliyev oldu: "Maqsud haqlıdır. Doğrudan da, onlara Qəhrəman Şəhər adı verdilər, bizə isə Lenin ordeni". Hamı öz kupesinə yatmağa getdi.

Səhər hamımız sıraya düzüldük, Heydər Əliyev gəlib bizimlə görüşməyə başladı. Mənə növbə çatanda gördüm ki, çox acıqlıdır. Narazı halda mənə dedi: "Sən yenə də zarafatından qalmırsan?!" Vəssalam. Biz Bərdəyə getdik. Hamı məndən vəba xəstəliyinə tutulmuş adamdan qaçan kimi uzaq gəzirdi. Hansısa kolxoza gəldik, tarlaları gəzdik. Mənsə yeməkxanaya baş çəkib, qayğanaq götürdüm, qüssədən bir stəkan araq içdim, sonra isə ağac altında oturub mürgülədim.

Məni oyadıb dedilər ki, Heydər Əliyev səni görmək istəyir. O, yüz metrlik məsafədə pambıq tarlasında tək dayanmışdı. Mən ona yaxınlaşdım. O, pambıq qozasını əzdi, orada soxulcan vardı. "Görürsən, - dedi, - bu, sovkadır, pambığın qənimi". - "Bəli, murdar, iyrənc heyvandır", - dedim. O, mənə də ikrahla baxdı və mən anladım ki, söhbətimiz bununla bitdi. Geri qayıdanda, gördüm ki, mənə münasibət dəyişib. Hamı yenidən mənə yaxınlaşıb, heç nə olmayıbmış kimi söhbət eləməyə başladı. Yəni ki, Heydər Əliyev heç bir şeyi nəzərdən qaçırmırdı, o, hiss eləmişdi ki, ona yaxın adamlar məndən üz döndəriblər, onlara göstərdi ki, biz həmişəki kimi həmsöhbətik.

Anlaşılmazlıq aradan qalxmışdı. Axşam yenə də biz onunla bir stol ətrafında oturmuşduq.

E.A. - Bəli, çox maraqlı və ibrətamiz epizoddur. Bəs o, nə vaxtsa - sovet dövründə və ya sonralar sizdə və ya başqa yazıçılarda nəyisə bəyənmədiyini söyləyibmi?

M.İ. - Ömrü boyu belə şey olmayıb. Heydər Əliyev heç kimlə belə söhbət etməyib. O, çox nəzakətli adam idi. Ən pis halda o, yazıçılara ərköyün uşaqlar kimi baxırdı, amma adətən maraq və rəğbətlə yanaşardı.

Vəfatından təxminən ilyarım əvvəl o öz bağında bir masa arxasında Polad Bülbüloğlunu, Rauf Abdullayevi, Müslüm Maqomayevi, Eldar Quliyevi, Rüstəmi, Anarı, məni topladı. "Bu gündən mən sizdən xahiş edirəm: heç bir intriqa olmasın. Siz - dostsunuz, bizim bir vətənimiz var, siz bunu yadınızda saxlamalısınız". O hamıya ev, pensiya, ad, nə istəyirdilər, verdi. Heç bir başqa respublikada belə şey olmamışdı.

...70-ci illərin əvvəllərində Heydər Əliyev bizi - məni və qardaşımı "xilas etdi" demək olmasa da, qorudu, yalnız Əliyevin sayəsində biz vətəndə qala bildik.

Əlbəttə, Əliyev olmasaydı, formal olaraq bizi dissident adlandıra bilərdilər. Amma onunla söhbətdən sonra mənim bu sözü deməyə dilim gəlməz. O, hər şeyi dəyişdi... Heydər Əliyev yazıçılara deyirdi: "İdeologiya sizin öz işinizdir, özünüz də məşğul olun". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see188

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see180

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see166

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see152

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see144

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see137

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see134

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see134

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see128

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see125

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see124

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see123

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see122

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see120

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see119

Zədələnən qapıçının beyni silkələnib

03 May 2025 16:15see117

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see115

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see115

Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

03 May 2025 16:47see113

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri