Hökumə Əliyevanın atası: O mənim üçün ölməzlik qazanan bir qəhrəmandır
Icma.az, News24 saytına istinadən bildirir.
Milli Qəhrəmanın atası qızının onun üçün ölməzlik qazanan bir qəhrəman olduğunu bildirib.
News24.az xəbər verir ki, bunu “Report”un Qərb bürosuna açıqlamasında avqustun 8-də doğum günü qeyd olunan Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.
O, qızının həlak olduğu təyyarə qəzasının səbəbkarlarının qanun qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb:
“Qızım Hökümənin mənim ürəyimdə yeri əbədidir. Hökümənin onsuz keçirdiyimiz bu doğum gününü ürəyimdə qeyd edirəm. O mənim üçün ölməzlik qazanan bir qəhrəmandır.
Məlum hadisənin səbəbkarlarının qanun qarşısında cavab vermələrini istəyirik və inanıram ki, dövlətimiz buna nail olacaq. Başda Prezidentimiz olmaqla, bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.
Milli Qəhrəman Hökümə Əliyevanın xatirəsinə göstərilən hörmətə görə hamıya minnətdaram”.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.


