Hövsanda açılacaq 3 yeni stansiya nəyə təsir edəcək? DEPUTAT
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası paytaxtın nəqliyyat infrastrukturunda mühüm dəyişikliklərdən biri ola bilər. Layihənin həyata keçirilməsi həmin ərazilərdə yaşayan sakinlərin Bakı şəhərinə gediş-gəlişini asanlaşdırmaqla yanaşı, avtomobil yollarında nəqliyyat sıxlığının azalmasına da təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, dəmir yolu xəttinin bərpasının sərnişindaşımada hansı yeniliklərə səbəb olacağı və ictimai nəqliyyatın yükünü nə dərəcədə azaldacağı maraq doğurur. Bəs layihənin səmərəli fəaliyyəti üçün hansı əlavə infrastruktur tədbirlərinə ehtiyac var?
Mövzu ilə bağlı Milli Məclisin Deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası paytaxtın nəqliyyat yükünün azaldılması, xüsusilə Bakıətrafı qəsəbələrdə yaşayan sakinlərin ictimai nəqliyyata çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu ərazilərdə yaşayan insanların gündəlik olaraq paytaxtın mərkəzinə gediş-gəlişi zamanı qarşılaşdıqları əsas problemlərdən biri yollarda yaranan sıxlıq və vaxt itkisidir. Dəmir yolu xəttinin bərpası alternativ nəqliyyat imkanları yaradaraq sakinlərin mənzil başına daha rahat və vaxtında çatmasına şərait yarada bilər. Eyni zamanda, sərnişinlərin müəyyən hissəsinin avtomobil və avtobus nəqliyyatından dəmir yoluna yönəlməsi Bakı yollarında nəqliyyat sıxlığının azalmasına da müsbət təsir göstərə bilər. Lakin bunun real nəticə verməsi üçün qatarların hərəkət intervalı, sürəti və sərnişindaşıma imkanları əhalinin gündəlik tələbatına uyğun təşkil edilməlidir. Bu layihənin səmərəliliyi yalnız dəmir yolu xəttinin bərpasından asılı deyil. Sərnişinlərin yaşadıqları ərazilərdən stansiyalara rahat və maneəsiz çatması üçün avtobus marşrutlarının dəmir yolu qrafiki ilə uzlaşdırılması vacibdir. Xüsusilə stansiyalara birbaşa çıxışı olmayan yaşayış massivlərindən əlavə avtobus marşrutlarının təşkili, mövcud marşrutların hərəkət intervalının optimallaşdırılması və nəqliyyat vasitələri arasında rahat keçidin təmin edilməsi nəzərə alınmalıdır. Sərnişin dəmir yolundan istifadə etmək üçün əlavə vaxt və məsafə sərf etməməlidir. Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə dörd stansiyanın inşası və ya bərpası nəzərdə tutulur. Onlardan üçünün Hövsan ərazisində yerləşməsi bu istiqamətdə yaşayan əhalinin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Stansiyalarda piyada keçidlərinin, avtomobil yolları ilə kəsişmələrdə müxtəlif səviyyəli körpülərin inşası da təhlükəsizlik və əlçatanlıq baxımından vacibdir. Bununla yanaşı, stansiyaların ətrafında dayanacaqların, parklanma yerlərinin, işıqlandırma sistemlərinin və əlilliyi olan şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılması da diqqətdə saxlanılmalıdır. Ümumilikdə, dəmir yolu, avtobus və digər ictimai nəqliyyat növləri vahid sistem kimi fəaliyyət göstərməlidir. Məqsədimiz yalnız yeni nəqliyyat xətti yaratmaq deyil, insanların gündəlik həyatını asanlaşdıran, vaxt itkisini azaldan və paytaxtın nəqliyyat yükünü yüngülləşdirən davamlı nəqliyyat sisteminin formalaşdırılması olmalıdır".
Fatimə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















