Hüquq sahəsində mühüm qərarlar gözlənilir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda aparılan müzakirələr məhkəmə sisteminə müsbət təsir göstərəcək
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak edirlər. Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.
Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil ediləcək. Assambleya çərçivəsində, həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı, oktyabrın 17-dək “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdiriləcək. Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir. Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.

Tədbirin açılış mərasimində Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub. Müraciətdə vurğulanıb ki, özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilib. Dövlət başçısı qeyd edib ki, bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır: "Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür. Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. 30 il əvvəl – 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir". Ölkə rəhbəri bəyan edib ki, müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir: "Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır. Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir".
Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib ki, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başlayıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı, daha sonra qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edildi: "Bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirildi. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrildi". İ.Kərimov bildirib ki, toplantının bu il ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox önəmlidir: "Çünki bu il biz Konstitusiyamızın 30 illiyini və ərazi bütövlüyümüzün bərpa olunmasının 5 illiyini qeyd edirik. Bu, bir daha bizə xatırladır ki, ədalət yalnız qanunun tələbi deyil, bu, müstəqilliyin, bizim millət olaraq birliyimizin əsasıdır. Bu gün bütün dünyada ədalət mühakiməsi əvvəllər olmadığı qədər bizdən əməkdaşlığı tələb edir. Yalnız biz səylərimizi birləşdirərək, bütün limitləri aşaraq bu amallara töhfə verə bilərik. Buna görə də əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir. Yarım əsrdən artıq olan müddət ərzində Beynəlxalq Hakimlər Assosiasiyası öz toplantılarını keçirir və ədalət mühakiməsinin bütün dünyada daha da təkmilləşdirilməsinə xidmət edir. Bu, o cümlədən hakimlər arasındakı dialoqu daha da genişləndirməyi, məhkəmə hakimiyyətinin müstəqilliyini daha da təmin etməyi və ədalətin, qanunun aliliyinin ən ümdə bir prinsip kimi hər zaman vacib saxlamağı qeyd edir. Bu gün dünya bir tarixi yolayrıcında dayanır. Burada bir tərəfdən yeni, lakin eyni zamanda mürəkkəb çağırışlar dayanır. Biz mövcud reallığa uyğunlaşmalıyıq".
Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa isə düzgün ədalət mühakiməsinin heç zaman diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin səsinin hər tərəfdə eşidilməsi üçün anlaşma və etimadın qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin tarazlı şəkildə həyata keçirilməsi önəmlidir: “Bütün bu dəyərlər çox vacibdir ki, məhkəmə hakimiyyəti müstəqilliyini qoruyub saxlaya bilsin. Bu gün bəzi hallarda siyasətçilər bizə müəyyən mesajlar verirlər. Lakin bu mesajlar birmənalı şəkildə qəbul edilməli deyil. Onlar heç bir şəkildə hər hansı bir siyasi maraqlara qurban verilməli deyil. Nizamnaməmizə gəldikdə, təcrübəmiz göstərir ki, biz daimi şəkildə azad fəaliyyət aparmalıyıq. Həmkarlarımız adından deyil, cəmiyyətimiz adından çıxış etməliyik. Bəzi hallarda onlar bizim mövqeyimizi və mübarizəmizi anlamırlar. Biz heç zaman imkan verməli deyilik ki, qanunlar silaha çevrilsin. Onlar daha çox sipər rolunu oynamalıdır”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu "Şərq"ə açıqlamasında deyib ki, dünya siyasi düzənində, regionun ictimai-siyasi həyatında, daxili dövlət quruculuğu çərçivəsində Beynəlxalq Hakimlər Assosiyasısının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi Azərbaycan hüquq sisteminə, reytinqinə müsbət təsir edəcək ciddi təşəbbüsdür. Ekspert vurğulayıb ki, bu tədbir Azərbaycanın hüquqi dövlət olaraq inkişaf prosesində mühüm mərhələnin tərkib hissəsidir:
"Ötən dövr ərzində həm ədliyyə, həm məhkəmə-hüquq sahəsində bir sıra addımlar atılıb. Təbii ki, müəyyən nöqsanlar, çatışmazlıqlar da var. Amma kifayət qədər əhəmiyyətli nailiyyətlər də əldə olunub. Mərhələli şəkildə atılan addımlar, aparılan islahatlar Azərbaycan ədliyyə və hüquq sistemində inkişafa yol açıb. Bu baxımdan Azərbaycanda ali səviyyədə tədbirin keçirilməsi də mühüm hadisədir. Şübhə etmirəm ki, Bakıda ədliyyə və hüquq sahəsində aparılan müzakirələr, böyük personalın, hakim komandasının, hüquqşünasların orada iştirakı Azərbaycanın ədliyyə və hüquq sisteminə müsbət təsirini mütləq göstərəcək. Tədbirdə mühüm qərarların alınacağı, deklorasiyaların qəbul ediləcəyi gözlənilir ki, bu da hüquq sistemində irəliləyişlərə səbəb olacaq. Hakimlik və məhkəmə sistemi ictimai xarakterli, əhalinin daha çox müraciət etdiyi orqanlardır. Ona görə də bu sahədə aparılan islahatlar, görülən işlər olduqca mühümdür. Hüquqi dövlətin əsasını məhz məhkəmə sistemi, ədliyyə təşkil edir".


