İdarəetmə Qrupunun rəhbəri: Dövlət Proqramı çərçivəsində hər il 500 dək gəncin xaricdə təhsil alması nəzərdə tutulub MÜSAHİBƏ
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti mühüm təşəbbüslərdən biri “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova AZƏRTAC-a müsahibəsində proqramın məqsədləri, qəbul qaydaları və təqdim etdiyi imkanlar barədə ətraflı danışıb. Müsahibəni təqdim edirik.
- Turan xanım, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi və prioritet istiqamətləri nələrdir?
- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının ali məqsədi ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması prosesini dəstəkləməkdir. Proqramın fəlsəfəsi gənclərimizə dünyanın ən qabaqcıl universitetlərində akademik biliklərə yiyələnmək imkanı yaratmaqla, onları müasir dövrün çağırışlarına cavab verən, innovativ düşüncəli və yüksəkixtisaslı kadrlar kimi yetişdirməkdir.
Əsas prioritetimiz əldə olunan bilik və təcrübənin ölkəmizin dayanıqlı inkişafına transformasiyasını təmin etməkdir. Bu çərçivədə, strateji əhəmiyyət kəsb edən sahələr üzrə müasir texnologiyaları mənimsəmiş mütəxəssislərin hazırlanması həm iqtisadiyyatımızın şaxələndirilməsi, həm də gələcək inkişaf strategiyalarının reallaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.
- Proqramın icrasına başlanıldığı dövrdən indiyədək neçə gənc bu imkandan faydalanıb?
- Dövlət Proqramının icra edildiyi müddət ərzində 1752 tələbə seçim turlarında uğur qazanaraq xaricdə təhsil almaq hüququ əldə edib. Bununla yanaşı, 2025/2026-cı tədris ili üzrə proqram çərçivəsində 500 nəfər proqram iştirakçısı seçilib. Hazırda Dövlət Proqramı çərçivəsində təhsil alan 406 nəfər məzun artıq təhsillərini uğurla başa vuraraq ölkəmizə qayıdıb. Onlar dövlət və özəl sektor, eləcə də akademik və tədqiqat müəssisələrində əmək fəaliyyətinə başlayıblar.
- 2026/2027-ci tədris ili üçün proqram çərçivəsində neçə tələbənin xaricdə təhsil alması planlaşdırılır?
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə təhsil alması nəzərdə tutulub. Bu kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
- Proqrama qəbul üçün əsas meyarlar hansılardır?
- Müraciət prosesi müvafiq seçim qaydalarına uyğun şəkildə tənzimlənir. Əsas meyarlar sırasında 2026/2027-ci tədris ili üzrə təhsil üçün prioritet ixtisas sahələrinə uyğun olaraq müəyyən edilmiş proqramlar çərçivəsində Dövlət Proqramının siyahısında yer alan nüfuzlu xarici ali təhsil müəssisələri və ixtisaslar üzrə qəbul sənədinin təqdim edilməsi mühüm şərt hesab olunur. Bununla yanaşı, tədris dilini CEFR üzrə minimum C1 səviyyəsində bildiyini təsdiq edən beynəlxalq dil sertifikatının təqdim edilməsi tələb edilir.
Eyni zamanda, müvafiq seçim qaydalarına əsasən hər bir təhsil səviyyəsi üzrə əlavə tələb olunan sənədlər də mövcuddur. Belə ki, bakalavriat səviyyəsi üzrə müraciət edən namizədlər üçün Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri olmadığı hallarda beynəlxalq SAT və ya ACT imtahan nəticələri əsas götürülür. Magistratura səviyyəsi üzrə müraciətlər zamanı isə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin minimum 81 bal olması əsas tələblərdən biridir.
- Dövlət Proqramında prioritet ixtisaslar necə müəyyənləşdirilib?
- Prioritet ixtisaslar ölkəmizin inkişaf strategiyasına və əmək bazarının gələcək tələblərinə uyğun olaraq seçilir. Bura informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlər analizi, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat-logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı kimi strateji sahələr daxildir. Prioritet ixtisas sahələri ilə yanaşı, “mədəniyyət və incəsənət” sahəsi üzrə ayrıca əlavə olunmuş siyahıya uyğun nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər dövlət proqramına müraciət edə bilərlər.
Bununla belə, 2026/2027-ci tədris ilində “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız “universitetlər üzrə top 10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına müraciət edə bilərlər. Ötən illərdə University College London (UCL) üzrə göndərilən namizədlərin sayını nəzərə alaraq bu yanaşma 2026/2027-ci tədris ilində UCL üçün tətbiq olunmayacaq və yalnız siyahıda olan proqramlar üzrə müraciətlər qəbul olunacaq.
- Proqramın coğrafiyası hansı ölkələri və universitetləri əhatə edir?
- Proqramın coğrafiyası kifayət qədər genişdir və dünyanın akademik reytinqlərində ilk sıralarda yer alan təhsil ocaqlarını əhatə edir. Hazırda siyahıda 33 ölkəni təmsil edən 231 universitet və ümumilikdə 4121 təhsil proqramı yer alır. Tələbələrimiz əsasən Böyük Britaniya, ABŞ, Türkiyə, Almaniya, Avstraliya, Çin və digər inkişaf etmiş ölkələrin qabaqcıl universitetlərində təhsil alırlar.
- Dövlət Proqramı tələbələrin hansı xərclərini qarşılayır?
- Dövlət Proqramı iştirakçılarının təhsillə bağlı bütün zəruri xərcləri dövlət tərəfindən tam maliyyələşdirilir. Buraya təhsil haqqı, viza rüsumları, təhsil aldığı ölkədə qeydiyyat, beynəlxalq nəqliyyat (təyyarə bileti), tibbi sığorta, bank xərcləri və ən əsası, aylıq yaşayış xərcləri daxildir.
Bununla yanaşı, maliyyələşmə qaydalarının 5.2-ci bəndinə əsasən təsdiq edilmiş normativlər əsasında həyata keçirilir. Aylıq yaşayış xərcləri tələbənin təhsil aldığı ölkə və şəhərin yaşayış səviyyəsinə uyğun olaraq diferensial qaydada müəyyən edilir.
- Bu il proqrama müraciət etmək istəyən gənclərə tövsiyələriniz nələrdir? Ən çox rast gəlinən səhvlər hansılardır?
- Müvafiq seçim Qaydanın 3.1-ci yarımbəndinə əsasən proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə, hər tədris ilinin başlanmasına azı altı ay qalmış Nazirliyin rəsmi internet saytında və sosial media hesabları üzərindən verilir.
Müraciət prosesi portal.edu.az platforması üzərindən onlayn şəkildə həyata keçirilir. Namizədlər şəxsi kabinet yaradaraq müvafiq siyahıya uyğun universitet və ixtisas seçimini etməlidirlər.
Ən çox rast gəlinən hallar sənədlərin səhv və ya natamam yüklənməsi, eləcə də müraciətin son günlərə saxlanılmasıdır. Tövsiyəmiz odur ki, namizədlər müraciət prosesi açılan kimi sənədlərini vaxtında və seçim qaydalarının tələblərinə uyğun şəkildə, hər təhsil səviyyəsi üzrə dolğun formada təqdim etsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Yanvar 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















