Icma.az
close
up
RU
İki payızın bir yazı...

İki payızın bir yazı...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir ömrü iki payızın arasına sığdırmışdı Uca Tanrım. O ömür ki payızda başlamışdı, payızda da bitdi. Bu payız günlərinin birində müsahib olduğum payızın özü ilə “Yolayrıcında söhbət”imizdə xatırlamışdıq həmin ömrü yenidən. Məmməd Araz yurdu Nursu kəndini üç hissəyə – aşağı, orta və yuxarı məhəllələrə bölən yolayrıcında. Yaşıl yosunu bozarmış dağların, xəzan yelinin taqətini ağaclardan üzdüyü yarpaqları, düzlərin otunu – avarını sovurub bir küncünə topladığı dərələrin soluxmuş rənglərinin müşayiətilə üz tutmuşdum orta məhəlləyə – Məmməd Arazın doğulduğu, uşaqlıq çağları keçən məhəlləyə.

Göz baxdıqca uzanan dərələrin sonsuz dərinliklərində küləyin vıyıldayıb yalçın qayalara çırpılaraq ətrafda əks-səda verən səsində həzin bir ayrılıq nəğməsi duyulur. Bu, ömrünün tamamına sayılı günlər qalan payızın özünə bəstələdiyi ayrılıq nəğməsidirmi, yoxsa illər öncə “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, – deyən Məmməd Arazı yaza qısqanan payızın onu öz ağuşunda yeni bir dünyanın sakininə çevirərkən bu sarsıdıcı ayrılığa həsr etdiyi nəğmədirmi? Yox, bu nəğmə iki payızın arasındakı bir yazın gülünə-çiçəyinə, axarına-baxarına, rənglərinə heyranlıq, çağlamasına, coşmasına qısqanclıq nəğməsidir. İki payızın arasındakı yaza, bahara – Məmməd Araz ömrünə, yaradıcılığına qibtədən yaranan ayrılıq nəğməsidir…

Yolboyu dinlədiyim bu nəğmə zirvəsi buludlarla qonşu olan dağların sinəsinə yayıldıqca şairin “Zirvəsində qanad açdım, ətəyində süfrə açdım, qoyub gəldim gözüyaşlı, dağlar çətin qala mənsiz” misraları da qarışır bu nəğməyə. Yolboyu mənə yoldaşlıq edən bu vüqarlı dağlardan ilham alıb cavab verirəm şairə: – Bu dağlar sənsiz qalmazdı, təsəllisi sən olmasaydın, ey dağlar şairi, dağ vüqarlı şair. Dağı poetikləşdirdikcə, lirikanın, şeiriyyətin baş qəhrəmanına çevirdikcə dağlar səni duydu, əyilmədi, ərimədi, əzəmətdən düşmədi. Dağ ulu baba, dağ ata oldu şeirlərində. Dağ kiçilib övlad oldu, yenidən böyüdü şeirlərində. Bax, beləcə, sənsiz qala bildi.

İkicə addımlığındayam “Atlanam qonşunun qara damından, köhnə daxmamızı görəm yuxuda”, – deyən şairin ata ocağının. Bu ata yurdunda İnfil kişinin qara suvağına əllərinin izi düşən köhnə daxmanın yerində indi ikimərtəbəli yaraşıqlı ev ucalsa da, bu əzəmətli bina mənim gözümdə balacalaşıb Məmməd Arazın doğulduğu, uşaqlığından xatirələr hopan kiçik daxmaya çevrilir. Ətrafında payızın ayrılıq nəğməsi ilə ağaclardan ehmalca enib üst-üstə yığılan, içinə girsən, bəlkə də, dizədək qalxan xəzan yarpaqlarının arasında kəndi qədər kiçik bir daxma. Bu daxmada od var, ocaq var, bir də müqəddəslik var...

Çırpısı tətikdə, odunu dəmdə,

Səhərin gözündən od alıb ocaq,

Yanır aram-aram, onu sinəmdə

Sonra kim söndürüb, kim yandıracaq?

–deyən şair, ata ocağı, onun odu-alovu ilə qovrulan köksündə o odu sənin şeiriyyətin yandırdı. Bu od sönməyəcək ki, kimsə yandırsın. O od sevgidir, bu xalqın şairinə istəyi, məhəbbətidir. O od odluqdan lap çoxdan çıxıb, məşələ dönüb, əbədi bir məşələ...

Payız nə gözəl müsahibdir Məmməd Araz haqqında. O payızdan bu payıza – 91 il əvvəlki oktyabrdan 91 il sonrakı dekabrın arasına bahar yeniliyi, yaradıcılığı, təravəti, qayəsi sığan 71 illik ömürdən söhbət açır.

Əlli il! Bəsimdir, orta bir ömür,

Taleyin hökmü də baxtını bilir.

Ulduzlar qocalır,

Ulduzlar ölür.

Mən nəyəm? Zərrənin milyonda biri.

– deyib 50 yaşla vədələşən, “Vay odu – olasan yataq yorğunu, vay odu – vədinə ölüm gecikə” söyləyən şairin alın yazısı onun vədinə xilaf çıxır. 50 ilin üstünə 21 il də qoyub onu həyatın acılı-şirinli günlərindən keçirərək 71 yaşında bir payız günü ömrün son mənzilinə yolçu edir.

İnfil kişinin, Cahan xanımın nəfəslərinin istisi, bir-birlərinə olan sevgisi ilə qurulan, beş övladlarını böyütdükləri bu kiçik daxmadan çıxan Məmməd İbrahim vurğun olduğu Araz qədər böyüsə də, coşub, kükrəsə də, hələ atasının verdiyi Məmməd adına Araz yükünü yükləsə də, bu daxmanı unutmurdu. Elə unutmurdu ki, yuxularından da çıxmırdı. Məncə, bu, ona görə idi ki, həmin daxmada onun alnına şairlik yazılmışdı. Bu daxmada bir Vətənin, bir millətin ürəkdən yananına çevrilmişdi. Bu daxmada hələ o doğulanda Məmməd Araz doğulmuşdu...

...Mən nəyəm? Zərrənin milyonda biri deyirdin, Məmməd Araz. Xeyr, sən zərrənin milyonda biri yox, milyonda bir zərrə idin. Milyonlarda olmayan Vətən, millət, yurd sevgisi vardı qəlbində. Vətən qələmində ən dəyərli söz, qəlbində “Nəğmə” idi – “Azəri nəğməsi”. Bu dünyadan köçənədək “Millət yolu haqqın yolu, ucal, millət bayrağı, Vətən andı xalqın yolu, yaşa, Vətən torpağı”, – deyib millətini xoş sabah sorağında keşikdə durmağa, qandan, qandaldan uzaq bir dünya qurmağa çağırdın. Araz şeirinin “pərisi” oldu. Ömrün boyu “Araz yadıma düşüb”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları”nda “Yenə Arazı gördüm” dedin, dedin... Sən bir Azərbaycan sevdalısı doğuldun, yaşadın, “Azərbaycan, dünyam mənim” deyə-deyə ana yurdun hər daşına üz qoydun.

Azəri eşqin Vətən hüdudlarını aşıb türk soydaşımız, sənin haqqında söylədiyi sözlərlə ürəyimizi titrədən Salih Okumuşun “Çağdaş Azərbaycan şairi Məmməd Araz” adlı doktorluq dissertasiyasına çevrilib, onu ədəbiyyatşünas-alim də etdi. Müəllif eyniadlı kitabında yazır: “Məmməd Arazın sirri bir insan ömrünün bir şair ömrünə qurban verilməsi bahasına ortaya çıxmışdır. O, olduğu kimi görünən, göründüyü kimi olmağa çalışan bir şairdir. Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan şeirini də Məmməd Arazsız düşünmək mümkün deyil. Məmməd Araz bütün Azərbaycan deməkdir. O Azərbaycan ki şairin ifadəsi ilə “qayalarda bitən bir çiçək, çiçəklərin içində qaya”dır”.

“Məndən bu dünyaya nə qaldı görən?” – deyən şair, sənin dünyan Vətənin, Vətənə qalan isə sözün idi – dəyərli, kəsərli, düşündürən, təsir edən sözün...

Bu dünyam Vətənin xəritəsidir,

O, göz dağlayası, göz örtəsidir.

Şeir, söz səhəri, söz ertəsidir,

Vətənə qaldısa, yada qalmadı.

Milyonlarda olmayan yanğı vardı qəlbində, Məmməd Araz. Lirika, romantika, şeiriyyət fəlsəfəsi vardı içində. Sən torpaq şairi, dağ şairi, təbiəti şeirə gətirən şairsən. Qəlbindəki çırpıntını, hərarəti şeirə çevirən, həqiqəti şeiriyyətə gətirən şairsən. “Məhəbbətin öz yeri var”, – deyib məhəbbəti şeirə gətirən şairsən. “Göy altında, yer üstündə” “Necə yaşadımsa...” söyləyən, “Əgər mən özümlə üz-üzə gəlsəm” “Şair, nə qazandın?” sualına “Hesabat” verən şairsən.

“Yolçu, yolun haradı?” soruşub, “Qoşulum sənə bəlkə, birləşib çıraq olduq, yolu itənə bəlkə” dedin. Yolçu səni yoldaş etməyəndə ürəyinə üz tutub “Mənə biganəlik öyrət, ürəyim!” deyib “Qıvrılım içimdə, yatım içimdə. Yaxşını yamandan seçə bilməyim, büdrəyim, yıxılım, batım içimdə” arzuladın. Lakin biganəlik hara, sən hara, şair. Nə qıvrıla, yata, nə də büdrəyə bilməzdin. Əksinə, yuxusuz gecələrinə özün şam oldun, yandın, əridin. Çünki səni vurğunu olduğun təbiət belə yetirmişdi: millət fədaisi, Vətən sevdalısı, söz cəfakeşi…

Elə bu düşüncələrlə də geri qayıdanda, yolayrıcına çatanda “Nursuya gələsən, Məmməd Arazın ev-muzeyinə baş çəkməmiş geri qayıdasan, həm də şairin anım günü ərəfəsində, doğru olmaz”, – deyib üz tutmuşdum yuxarı məhəlləyə. Gözəlliyinə bir az da payız rənglərinin qatılıb başqa aləm yaratdığı yuxarı məhəlləboyu sənin muzeyinə doğru addımladıqca “Nə bilim” şeirinə bəstələnmiş mahnını dodaqaltı zümzümə edirdim:

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?..

Bu misraların cavabını kəndin ən yüksək və mənzərəli yerində, şairin xatirəsinə yaradılan muzeydə tapıram: Səndən bu dünyaya böyük bir irs qalıb – ədəbi toplu, bənzərsiz poeziya, doyumsuz lirika. Vərəqləndikcə hələ neçə-neçə nəsilləri “qidalandıracaq”, milli-mənəvi ruhuna çökə biləcək, sanki bu gün üçün yazılıbmış kimi təsir edəcək bir irs.

Xalq şairinin adına layiq muzeyi gəzib, şairin həyat və yaradıcılığı ilə bir daha tanış olandan, şəxsi və muzeyə hədiyyə olunan əşyalara, fotoşəkillərə tamaşa edəndən sonra bir daha iki payızın bir yazının – Məmməd Araz baharının əsl xəzinə, hələ də tam aşkarlanmamış bir xəzinə olduğunu düşüncələrinə dalmışdım da...

Bayırda axşamçağının sazağında hələ də ayrılıq nəğməsini oxuyan payızın müşayiətilə geri qayıdarkən “Nə bilim”in növbəti misrası yenə də dilimdə idi:

Bu oyunda kim uduzdu, kim uddu?

Bu oyunda sən uddun, Məmməd Araz. Mənimsə bu misraya cavabım belədir: – Həqiqətən də, oyunlardan ibarət həyata sən poeziyanla, duyğularınla, cəsarətinlə qalib gəldin, Məmməd Araz…

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1082

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see234

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see161

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see156

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see154

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see152

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri