İlahiyyatçı: Cümə gününü mənfi çalara bürüyən hər hansı ifadə İslam dini tərəfindən qəbul olunmur
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada yaxın illərdə “Black Friday” adlı endirim kampaniyalarının geniş yayılması bir çox insanın diqqətini cəlb edib və təbii olaraq suallar doğurub. Xüsusilə, müsəlman cəmiyyətlərində “Black Friday” ifadəsinin “Qara Cümə” kimi tərcümə olunması müəyyən narahatlıq yaradır. Çünki cümə günü bizim dini və mədəni yaddaşımızda xüsusi bir yer tutur. Tarix boyu bu gün ibadətin, birliyin, ruhun yenilənməsinin günü kimi yaşanıb. Peyğəmbərimizin (s) onu “günlərin ağası” kimi səciyyələndirməsi də cümənin dəyərini göstərir.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, insanlar haqlı olaraq soruşurlar: bu qədər mübarək olan bir gün necə “qara” adlandırıla bilər?
“Əslində burada məsələ tərcümənin özündədir. “Black Friday” ifadəsinin cümə gününə mənfi bir mənəvi qiymət vermək kimi dini məzmunu yoxdur və heç vaxt da olmayıb. Bu termin XIX–XX əsrlərdə ABŞ-da yaranıb. Filadelfiya polisinin alış-veriş izdihamından doğan tıxacları, qarışıqlığı, çətin iş gününü təsvir etmək üçün işlətdiyi sırf texniki bir ifadə idi. Sonradan reklam sənayesi bu mənfi ifadəni kommersiya məqsədilə cəlbedici brendə çevirdi. Yəni burada nə dini simvolika, nə də mənəvi məna var — tamamilə bazar fenomenidir”-deyə ilahiyyatçı qeyd edib.
Əkrəm Həsənov vurğulayıb ki, bizim dini ənənəmizdə cümə günü “qara gün” kimi təsvir olunmur: “Əksinə, yüz illər boyunca klassik mənbələrdə cümə “mübarək”, “nurlu”, “xeyirli” gün olaraq qeyd edilib. Cümə azanı və o günün ab-havası xalqımızın mənəviyyatına, ədəbiyyatına, adət-ənənələrinə hopub. Buna görə də cümə gününü mənfi çalara bürüyən hər hansı ifadə dini baxımdan qəbulolunmazdır.
Burada qarışıq salınmalı məqam yoxdur: şirkətlərin “Black Friday” ifadəsini işlətməsi cümə gününü qara rəngə boyamaq niyyəti daşımır. Söhbət sırf beynəlxalq bir terminologiyadan gedir. Sadəcə olaraq ifadəni tərcümə etmədən işlətmək — yəni “Black Friday endirimləri” demək — həm dini baxımdan daha doğrudur, həm də məna dəqiqliyini qoruyur”.
İlahiyyatçı bildirib ki, Cümə gününün ruhani dəyəri Quran ayəsi ilə də açıq şəkildə vurğulanır: “Allah buyurur ki, cümə azanı oxunduqda alış-verişdən ayrılıb ibadətə yönəlmək daha xeyirlidir. Bu ayə bizə cümə gününün mahiyyətini xatırladır: günün müqəddəsliyi ticarət yox, ilahi çağırışla ölçülür. Ona görə də bu günün adını bazardakı bir kampaniyanın təsiri ilə dəyişdirmək doğru olmaz.
Bir sözlə, “Black Friday” ifadəsinin mənşəyi tamamilə dünyəvi və ticarət yönümlüdür. Amma cümə günü bizim inancımızda nurla, birliklə və mənəvi yüksəlişlə bağlıdır. Bu dəyərlər heç bir reklam kampaniyasının təsiri ilə dəyişmir. Sadəcə ifadəni olduğu kimi işlətməklə həm dini həssaslıq qorunur, həm də beynəlxalq terminologiya düzgün başa düşülür”.
Əkrəm Həsənov qeyd edib ki, Cümə günü bizim üçün həmişə mübarək olaraq qalır və bu nur heç bir kommersiya trendinin kölgəsinə düşəcək qədər zəif deyil.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















