Icma.az
close
up
RU
İlham Əliyev arqumentlər əsasında Qərbin mahiyyətini aydın təsvir etdi Ramid Namazov

İlham Əliyev arqumentlər əsasında Qərbin mahiyyətini aydın təsvir etdi Ramid Namazov

Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına üç saata yaxın davam edən müsahibəsində regionda və dünyada sürətlə dəyişən proseslərlə və hadisələrin gedişatı ilə bağlı vacib məqamlara toxundu.

O bir çox məsələləri obyektiv dəyərləndirməklə əsl mənzərəni geniş auditoriya üçün canlandırdı. Dövlət başçısının yerləşdiyimiz regionun və ətraf bölgələrin gələcək inkişafı ilə bağlı uzaqgörən strateji baxışlarını, habelə qlobal təhlükəsizliyə dair optimist düşüncələrini dinləmək həddindən çox maraqlı idi.

Onun fikirləri beynəlxalq və yerli mediada geniş müzakirə olundu, Ermənistan və erməni lobbisinə bağlı olan KİV-lərdə isə xüsusi həyacanla qarşılandı.

Prezident İlham Əliyev ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq 2024-cü ildə ölkəmizin sarsılmaz qətiyyətinin nəticəsində Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal olunmuş dörd kəndinin azad edilməsinə diqqət çəkdi. Bəyan edildiyi kimi, bu, Azərbaycanın bölgədə qəbul etdirdiyi yeni şərtlərdən doğan reallıqdır, ölkəmizin yaratdığı müasir siyasi-hərbi gerçəkliklərdir.

Çünki Ermənistan heç vaxt könüllü şəkildə, öz xoşu ilə işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində olmayıb. Onilliklər ərzində bu ölkənin işğalçı siyasəti və mahiyyəti hər hansı dialoqu nəzərdə tutmayıb, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə ediblər. Azərbaycanın dövlət başçısı 2004-cü ildən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və saysız görüşlər zamanı bu reallığı daha dəqiq və incəliklərinə qədər izləyə bilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dövlət suverenliyini bütün ərazilərində bərqərar etməsi Cənubi Qafqazda yaranmış yeni reallıqları daha yeni müstəviyə keçirdi. Ölkəmiz dünyada regional aktor kimi həm də sülh və əməkdaşlıq üçün yeni məkan olaraq qəbul edildi.

Prezident İlham Əliyev Ermənistanın silahlanması və xarici havadarlarının təhriki ilə bölgədə yenidən təhdid ocağına çevrilməsinə toxunarkən qeyd edib ki, bu ölkənin kütləvi surətdə silahlanması bizim də hərbi büdcəmizi artırmağa məcbur edir. Mövcud vəziyyəti nəzərə alan Azərbaycan hərbi xərcləri 8,4 milyard manat səviyyəsinə qaldırıb. Əgər bu silahlanma yarışı olmasaydı həmin vəsaitin ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi, Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsi, vətəndaşların sosial problemlərinin həlli və sair.

Azərbaycan Prezidenti təmkin və müdrikliklə mesaj verərək İrəvanı və havadarlarını qurduqları siyasi oyunların fiaskoya uğradığını başa düşməyə, aktiv silahlanmanın Ermənistanın əleyhinə işləyən zərərli proses olduğunu anlamağa çağırdı.

Bu, Cənubi Qafqazda sülhə mane olmaqla yanaşı, həm də İrəvanın müstəqil inkişaf yolunun məhz özü tərəfindən tam şəkildə qapadılmasına zəmin hazırlayır. Ermənistanı açıq silahlandıran və ya dolayısı ilə silah üçün maliyyə ayıran dairələr bu və ya digər şəkildə bir-biri ilə əlaqəlidir. Fransa tərəfindən və ya Avropa Sülh Fondunun xətti ilə Ermənistana verilən hərbi dəstək ya pulsuz çatdırılır, ya da kredit şəklində. Bu vəsaiti ödəməyə Ermənistanın imkanı yoxdur. Bu prosesdə fəallıq edən Avropa İttifaqının “sülh fondu”nun məramı isə anlaşılan deyil. Aİ bununla sülhə yox, bölgədə qarşıdurmaya dəstək verir.

Azərbaycan Prezidenti digər arqumentlər əsasında Qərbin mahiyyətini aydın təsvir etdi, dünyanın aparıcı güclərinin beynəlxalq aləmdə sülh proseslərinə hansı təhlükə yaratdığını özünəməxsus peşəkarlıqla çatdırdı.

Ermənistan mövcud gerçəkliklərlə barışmaq istəmədiyi təqdirdə, onu hansı acı nəticələrin gözlədiyini təxmin etməli, öz anti-Azərbaycan siyasətində bundan sonra korrektələr etməlidir.

Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları, qətiyyətlə “Cənubi Qafqazda sülhə, bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur” fikri də bölgədə marağı olan güclərə mühüm xəbərdarlıq kimi qəbul edilə bilər.

Eyni zamanda Ermənistan hökumətinə Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etmək mesajı da çox ciddi siyasi siqnaldır.

“Hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər” bəyanatı onu deməyə əsas verir ki, Azərbaycan öz geriçəkilməz mövqeyi ilə bütün şərtlərinin gerçəkləşməsində qətiyyətlidir.

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına geniş müsahibəsi artıq qeyd edildiyi kimi, Ermənistan mətbuatının da diqqətindən qaçmayıb və geniş rezonans doğurub. “News.am”, “1in.am”, “Arminfo.info”, “Armeniatoday.news”, “Armenpress.am”, “Hetq.am”, “Panorama.am”, “Aysor.am” və digər media orqanlarında Azərbaycanın dövlət başçısının fikirləri geniş işıqlandırılıb.

Azərbaycan coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Hazırda ölkəmiz Orta Dəhlizin orta nöqtəsi kimi Çindən Qərbə doğru fokuslanan böyük iqtisadi-ticari potensialın axınları və tranzit daşımalarının strateji qovşağı kimi ötürücülük zəncirində öz imkanlarını daha da artırır.

Eyni zamanda Azərbaycan öz geosiyasi imkanlarını nümayiş etdirərək beynəlxalq tərəfdaşları ilə müttəfiqliyi dərinləşdirir, yeni beynəlxalq və regional əməkdaşlıq əlaqələrini daha da gücləndirir. Ötən ilin sonunda Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi də mühüm hadisə olmaqla, dövlət başçısının yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür.

Bu baxımdan, D-8 təşkilatı Azərbaycanın qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq, bu ailənin üzvü olmasını yeni şans və fürsət kimi dəyərləndirir. D-8-də təmsil olunmaq Azərbaycanın yaxın tərəfdaşları ilə iqtisadi əlaqələri yeni mərhələyə qaldırmaq, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasları artırmaq, mübadilələri intensivləşdirmək üçün dərin zəminlər yaradır.

Cənab Prezidentin də vurğuladığı kimi, bu təşkilata üzvlük bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu həm böyük şərəf və məsuliyyətdir. Azərbaycan bu təşkilatda fəal rol oynamaq, öz töhfəsini vermək üçün üzv ölkələrlə daha sıx təmasda olacaq, D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olmasında bütün potensialını nümayiş etdirəcək.

Ölkəmiz indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün təsisatlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərə enerji və qeyri-enerji ixraclarında iqtisadi həmrəyliyə əsaslanan müsbət dinamikalar gətirib. Həmçinin, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına hər zaman nümunəvi addımları ilə yeni baxış və məzmun gətirib, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə töhfə verib.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi digər mühüm məqamlar bölgədə və dünyada formalaşan yeni geosiaysi düzənin landşaftını müəyyən etməyə imkan verir.

Ramid Namazov,

Milli Məclisin deputatı

seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri